Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Qocanın taleyi"
(hekayə)

 

Ayxan ƏHMƏDZADƏ,
Şuşa şəhər 12 nömrəli tam orta məktəbin X sinif şagirdi

İsmayıl kişi artıq səksən beş yaşına qədəm qoymuşdu. O hamı tərəfindən hörmətlə qarşılanır və bütün söhbətləri diqqətlə dinlənilirdi. Bunun səbəbi yalnız onun yaşıyla bağlı deyil, həm də əzəməti sayəsində idi. Belə ki, leytenant İsmayıl kişi İkinci Dünya müharibəsində öz alayı ilə birlikdə düşmənin bir çox rotasını məhv etmiş,mühüm döyüşlərdə iştirak etmiş və sağ qalmağı bacarmışdı. Onun bu rəşadəti SSRİ ərazisində hər tərəfə yayılmış, nüfuzlu orden və medallarla təltif olunmuşdu. Müharibə bitəndən sonra isə evlənmiş və o vaxtdan Bakıda yaşamağa başlamışdır. İsmayıl kişi xarici görünüşcə enlikürək, hündürboy,seyrək saçları olan birisi idi.

Yubileyində bütün ailə üzvləri-arvadı, qızları, nəvələri, yaxın qohumları və döyüş yoldaşı iştirak edirdi. İsmayıl kişi çox sevincli görünürdü. Hesab edirdi ki, dünyanın ən xoşbəxt adamıdır. Ümumiyyətlə, həmişə zəhmli olan İsmayıl kişi ailədə hmının rəğbətini qazanmışdı. Onun dediyi həmin andan etibarən qanun sayılırdı. İsmayıl kişi həyatı sevirdi, gənclik illərində uğur qazanması, indi isə böyük bir ailəyə başçılıq etməsi onun həyat eşqini daha da artırırdı.

Dövlət səksən beş yaşı münasibətilə İsmayıl kişiyə on min manat pul vermişdi. O bunu heç gözləmirdi. Beləliklə, əmin oldu ki, unudulmayıb.

Yubiley günü o öz bağ evində gözəl məclis qurdu. Leytenantın geniş bağ evi vardı. Giriş qapısından daxil olarkən, sol  tərəfdə alma, armud, alça, gavalı, xurma ağacları görmək mümkün idi. Divar boyunca əkilmiş güllər bağa xüsusi gözəllik verirdi. Bağın qurtaracağında isə qocanın böyük evi yerləşirdi.

Hava sərin olduğundan məclis evin önündəki kiçik çəmənlikdə qurulmuşdu. Ailə üzvləri və keçmiş döyüşçü yoldaşı stol ətrafında oturub deyib-gülürdülər. Baş tərəfdə oturan İsmayıl kişi zəhmliliyini qoruyaraq arabir gülümsünürdü.

Hava getdikcə tutqunlaşırdı. Səmada kiçik ulduzlar sayrışırdı. Bir az əvvəl yağış çiskinləmişdi. İndi isə xəfif külək əsirdi. Həşəratların səsi aləmə yayılmışdı. Bu vaxtlarda həşəratların səsini eşitmək normal hal idi. Böyük elektrik işığı altında iki qoca söhbətləşirdi.

-Yadındadırmı, birlikdə döyüşdüyümüz vaxtlar? - keçmiş döyüşçü yoldaşı soruşdu.

-Əlbəttə, o günlər yadımdanmı çıxar? - deyə qoca cavab verdi.

-Kurskda öz dəstəmizlə düşmənin dəstəsini darmadağın etməyimizi heç vaxt unutmaram.

-Qələbəmizə baxmayaraq,çoxlu itkilər vermişdik, - deyə qoca əlavə etdi.

-Onda qolumdan yaralanmışdım, -döyüşçü yoldaşı dedi.

- Əgər soyuqdursa,içəridə otura bilərik, - qoca söhbəti dəyişdi.

-Yox. Lazım deyil. Axı biz qoca da olsaq, döyüşçülərik.

Gülüşdülər. Sonra isə çaylarını içməyə başladılar.

-Artıq mən gedim.

-Oturardın da, -qoca təkid etdi.

-Yox, gecdir. Hava da qaralıb. Yenidən ad gününü təbrik edirəm.

-Çox sağ ol. Sağ ol ki, yubileyimdə iştirak etdin. Təşəkkür edirəm.

-Dəyməz.

Qonaq ayağa durdu və getməyə hazırlaşdı. Çöl qapısına çatmaq üçün bir qədər məsafə var idi. İsmayıl kişi də öz keçmiş döyüşçü yoldaşı ilə birgə irəliləməyə başladı.

-Səlimin hal-əhvalı necədir? Neçə vaxtdır, görüşmürük, - İsmayıl kişi soruşdu.

-Bir aydır ki, rəhmətə gedib.

-Niyə? -qoca təəccübləndi.

-Ürək xəstəsiydi.

-Heç xəbərim yox idi. - İsmayıl kişi sarsıldı.

-Dəstəmizdən yalnız biz sağ qalmışıq, - qoca sanki xəbərdarlıq edirdi.

-Baxaq, ölüm bizi hansı bəhanəylə bu dünyadan götürüb aparacaq, - İsmayıl kişi dedi.

-Kaş həmin vaxtlar bir neçə saatlıq da olsa, geri gələydi, - qoca fikirli-fikirli dedi.

-Fikrimcə, həmin günlər ya həmişəlik olsun, ya da heç olmasın. İnan ki, arzu ediyin bir-iki saat sənin əleyhinə olar. Ən azından insan heç bir şeydən doya bilməyən varlıqdır.

-Düzdür.

Bu zaman onlar çöl qapısına yaxınlaşmışdılar. İsmayıl kişi qapını açdı.

-Xudahafiz, -qoca sağollaşdı.

-Xudahafiz.

Qonaq çöl qapısından çıxdı və taksiyə oturdu. İsmayıl kişi isə qapını örtdü və evə doğru getməyə başladı. Hər tərəfi səssizlik və qranlıq əhatə etmişdi. Uzaqda görünən cüzi işıq evdə hələ də oyaq olanları bildirirdi. Qocanın ayağı ağrıdığından yavaş-yavaş addımlayırdı. Bu gün ağır gün olduğu üçün xeyli yorulmuşdu. Tezliklə yatmaq istəyirdi. Artıq pillələri qalxırdı. Qapını araladı və içəri daxil oldu. Astaca qapını örtdü. Yalnız qonaq otağının işığı yanırdı və oradan səslər gəlirdi. Qoca yuxarı qalxdı. Yataq otağına daxil olarkən arvadının artıq yatmağa hazırlaşdığını gördü. İşığı yandırmadan sakitcə stulda oturdu. Qoca nəsə fikirləşirdi, fikirlər onu rahat buraxmırdı. Gözləri isə yumulurdu.

-Nə fikirləşirsən? - arvadının səsi onu ayıltdı.

Qoca dedi:

-Qızlarımızın ailələrinin də maddi vəziyyəti yaxşı deyil. Fikirləşirəm ki, aldığım pulu onların arasında bölüşdürüm.

-Qərar sənindi. Amma bil ki, biz də xeyli qocalmışıq. Bizim də pula ehtiyacımız olacaq, - arvadı sakitcə söylədi.

-Min manat özümüzə saxlayacağam, bəsimizdi. Amma onların daha çox ehtiyacları var.

Arvadı heç bir şey söyləmədi. İsmayıl kişi yavaşca pulları götürdü və qapını örtüb pilləkənlərlə aşağı enməyə başladı. Qoca pulları hamı orada ikən bölüşdürmək istəyirdi ki, inciklik düşməsin. Qonaq otağının işıqları hələ də yanırdı, qapı isə bağlı idi. İçəridən səs-küy gəlirdi. Birdən hamı gülüşdü. Qoca qapını azca araladı və kürəkəni Səmədin gur səsini eşitdi:

-Vallah, mən neçə ildi işləyirəm, on min manatı bir yerdə görməmişəm. Kişini isə gəncliyində zorla səngərdə saxlayıblar deyə indi də oturduğu yerdə pul qazanır.

Qoca qulaqlarına inanmadı. Qapını bir qədər də aralayıb içəriyə baxdı. Bəli, onlar idi: qızları və kürəkənləri. Axı niyə qızları özləri olanda ərlərinin belə danışığına icazə verirlər? İndi böyük qızı ərinə tutarlı cavab verməklə onun ağzından vuracaq və danlayacaqdı. Qoca bu anı gözləyərkən birdən hamı gülüşdü. Qızlar daha ürəklə gülürdülər. Qoca donmuşdu. Qapının kənarından tutmasaydı, yıxılacaqdı. Axı niyə qızları heç bir cavab vermirlər, əksinə, qəhqəhə çəkib gülürlər? Qoca öz-özündən şübhələndi, bəlkə gözü zəif görür? Axır vaxtlar gözlərindən narazı idi. Bəlkə qızları gülmürlər, cavab verməyə hazırlaşırlar? Bəlkə də artıq cavab veriblər? Cavab veriblərsə, onda qulaqları da yaxşı eşitmir. Axır zamanlar qulaqlarından da şikayətçi idi. Neçə dəfə qulağının zəif eşitdiyini hiss etmişdi. Qulaqlarının və gözlərinin qocanı eyni anda aldatması böyük bir təsadüf deyidlimi? Amma iki qızının atalarına qarşı belə münasibət bəsləməsi daha böyük bir təsadüf idi.

-İndi yəqin pulları balışının altına qoyub yatıb, - digər kürəkən sükutu pozdu.

-Ya da ki, əmin olmaq üçün pulları yenidən hesablayır, - Səməd dilləndi.

Yenidən hamı qəhqəhə çəkib güldü. Küncdə dayanan nəvələri isə hamının güldüyünü görüb balaca, ağ dişlərini ağartdılar.

Qocanın gözləri bərəlmişdi. Bədənini hiss etmirdi. İçində dərin kədər kök salmışdı. Nə edəcəyini müəyyənləşdirə bilmirdi. Başı hərlənməyə başladı. Tarazlığını güclə saxlayırdı. Bəlkə qapını taybatay açıb hər şeyi eşitdiyimi söyləyim? - qoca düşündü, - Deyim ki, sizin artıq iç üzünüzü gördüm. Amma bunu etmədi, biixtiyar ayaqqabılarını geyinib tələsik çölə atıldı. Çölə çıxdıqda bağ ona kiçik göründü. Çöl qapısı isə onun gözündə xırda hissəciyə çevrilmişdi. Göydəki Ay da sanki öz görkəmini itirmişdi. Hətta insanlar belə kiçilmişdi... Bəlkə bunların hamısı əvvəlcədən belə kiçik idilər? Amma mən bunu  indi sezmişəm, - qoca fikirləşdi.

O, bağından çıxıb sahilə tərəf irəliləməyə başladı. Gəzərkən qocanın ayaqları  bir-birinə mane olurdu. Arabir maşınlar şose yolu ilə sürətlə keçirdilər. Bu zülmət qaranlıqda qoca üzgün şəkildə sahil boyu addımlayırdı. Evdən çxıdığından bəri yalnız indi sağ əlində nəsə hiss etdi. Bu, qızları arasında bölüşdürmək istədiyi pul idi. Qoca bilmirdi ki, yaxınlarının iç üzünü görməkdə kömək etdiyi üçün pula hörmət eləsin, ya da səksən beş yaşında həyatına ağır zərbə vurduğu üçün ona nifrətlə baxsın?

"Gəncliyində zorla səngərdə saxlayıblar deyə, indi də oturduğu yerdə pul qazanır," - kürəkəninin dedikləri qocanın qulaqlarında cingildəyirdi. Bu ifadə qocaya çox toxunmuşdu. Gəncliyində göstərdiyi qəhrəmanlıqlarının ələ salınmasını təhqir kimi başa düşürdü. Niyə içəriyə girib cavabını vermədim? Ona cavab vermək əvəzinə,sakitcə çölə çıxdım? Ən azından bu, mənə yaraşacaq bir hərəkət deyildi. İnsanlar əsəbi olduqları vaxt həmişə yanlış qərarlar verirlər, - qoca düşündü.

Mən nə üçün dörd il vuruşdum? Nə üçün qəhrəmanlıqlar göstərərək, bütün əzab-əziyyətlərə dözüb düşmənlərlə döyüşdüm? Azından mənim bu etdiklərim məsxərəyə qoyulası bir mövzu deyildi, - qoca yenidən fikir dəryasına qərq oldu.

Həyatı boyu o harada səhvə yol vermişdi? Evləndiyi zamanmı və ya uşaq böyütdüyü zamanmı? Yaxud da dəhşətli müharibədə şücaət göstərəndə səhv etmişdi? Qəhrəmanlıq göstərməsəydi, dövlət də ona pul verməyəcəkdi. Beləliklə də, belə bir hadisə olmayacaqdı.

Qoca daxilində acı-acı güldü. Anladı ki, uşaq kimi fikirləşir. Düşündü ki, ən böyük səhv həyatda, həyatın quruluşundadır. Əgər insanın ətrafındakıları onu başa düşsəydi həyat necə də ədalətli olardı. Yaşamaq ölməkdən daha qorxuludur, - qoca yavaşca söylədi. Artıq o, həyatın necə acımasız olduğunu dərk etmişdi...

Sakitlik hökm sürürdü. Dənizdə yaranan kiçik dalğalar özlərində küçə fənərlərinin işıqlarını əks etdirirdi.

İçini yeyən bu əzab-əziyyətlərdən qurtulmaq üçün özünü dənizə atmaq istəyirdi. Fikirləşirdi ki, səksən beş il yaşadığı bu həyatın mənası nə oldu? Sən demə, hər şey saxta imiş! Arvadının taleyinə acıdı. İntihar etsəydi, yazıq arvadın axırı necə olacaqdı? Yox, onun mənim kimi acı çəkməyinə icazə verməyəcəyəm. Qorxaq kimi özünü öldürməsini və arvadını tənha buraxmasını qoca öz hərbçilik qüruruna sığışdıra bilmirdi.

Pul hələ də onun əlində qalmışdı. Başını aşağı salıb baxdıqda, onun sanki toza çevrildiyini hiss etdi. Tozdan yaxa qurtarmaq üçün əlini var-qüvvəsi ilə çırpdı. Suyun şappıltısı zamanı başa düşdü ki, əlindəki bir qədər ağır şey idi.

Xeyli gec olmuşdu. Artıq qoca heç bir şey haqqında  fikirləşmirdi. Bir qədər rahatlaşmışdı...

Evə daxil olub pilləkənlərlə yuxarı qalxdı.Yataq otağına daxil oldu. Arvadını oyatmamaq üçün yavaşca hərəkət eləyirdi.

-Haradaydın? - arvadının qəfil səsi onu diksindirdi.

-Sahildə gəzirdim, - qoca özünü itirmədən cavab verdi.

-Pulu neylədin?

-Dənizə tulladım, - qoca cavab verdi.

-Ən düzünü etmisən.

-Niyə?

-Bunu onların gözlərindən hiss etmək olur.

Qoca yatağına uzandı və sakitcə səhəri gözləməyə başladı. 

Səhifəni hazırladı: Könül NƏHMƏTOVA
[email protected]

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov