Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Rəqqaslıqda, idmanda, dərsdə birinci

 

Cəlal Mehdiyev 2000-ci ildə  Bakıda anadan olub.  Bakıdakı 10 nömrəli  tam orta məktəbin IX sinfində təhsil alır. S.Ələsgərov adına  I  nömrəli musiqi məktəbini əla qiymətlərlə bitirib. 6 yaşından  Nizami rayon Uşaq-Gənclər  Yaradıcılıq Mərkəzinin  "Azəri inciləri" rəqs qrupunun üzvüdür.  2012-ci ildə  mərkəzin mədəni-kütləvi tədbirlərinin, rayon, şəhər, respublika, beynəlxalq müsabiqə  və festivalların fəal iştirakçısı kimi dəfələrlə  fəxri fərmanlara layiq görülüb. Həmin il  Türkiyədə keçirilən "23 Nisan"  Beynəlxalq Uşaq festivalında fəal iştirakına görə mükafatlandırılıb.  Müsabiqədə yeniyetmə rəqqas "Köhnə Bakı rəqsi", "İgidlər", "Məzəli rəqs",  "Cəngi", "Qaval", "Naz eləmə", "Bulaq başı",  "Çobanlar" və sair  rəqsləri ifa etməklə  tamaşaçıların rəğbətini qazanıb. 2013-cü ildə 28 may Respublika günü münasibəti ilə  ölkə üzrə keçirilən 4 turdan ibarət olan rəqs müsaqibəsində birinci yeri tutaraq  qalib adını qazanıb.  Həmin  il "Azəri inciləri" rəqs  dərnəyinin üzvü vətənpərvərlik mövzusunda milli rəqs üzrə respublika müsabiqəsində  birinci yeri tutaraq fəxri fərman və diplomla mükafatlandırılıb. Dünya xalqlarının rəqslərindən ibarət "Dostluq çələngi" kompozisiyasının da fəal iştirakçılarından biri olub. Hər il may ayında  ümummilli lider Heydər Əliyevin anadan olmasının  ildönümü münasibətilə keçirilən Gül bayramının, Heydər Əliyev Fondunun təşkil etdiyi uşaq tədbirlərinin fəal iştirakçısı olan paytaxt məktəblisi Fondun uşaqlar üçün "Buta" Sarayında  təşkil etdiyi Yeni il şənliklərindəki rəqsləri ilə tamaşaçıları heyran qoyub.

Gənc istedad eyni zamanda   idmanın cüdo növü ilə  məşğul olur.  O, dəfələrlə  Nizami rayon   İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində cüdo  üzrə yeniyetmələr arasında keçirilən yarışlarda birincilik qazanaraq  medal və diplomlarla mükafatlandırılıb.

Cəlal Mehdiyev dərslərini əla qiymətlərlə oxuduğuna və məktəbin ictimai işlərində fəal iştirakına görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.

Bütün nailiyyətlərinə görə valideyn və müəllimlərinə, rəqs müəllimi, xalq artisti Rüfət Xəlilzadəyə  minnətdar olduğunu bildirən Cəlal  qazandığı uğurlarla kifayətlənmir, öz üzərində daha səylə çalışır.  

Səhifəni hazırladı: Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov