Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Akademik Milli Dram Teatrı ilə Təhsil Nazirliyinin "Məktəb və teatr" adlı birgə layihəsi

 

 Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə birgə "Məktəb və teatr" adlı yeni layihə həyata keçirir. Sözügedən layihə ətrafında müzakirələr aparmaq, əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirmək məqsədi ilə oktyabrın 25-də Bakı məktəblərini təmsil edən valideyn komitələrinin nümayəndələri və təhsil müəssisələrində çalışan məktəbdənkənar iş üzrə mütəxəssislərin iştirakı ilə Akademik Milli Dram Teatrında toplantı keçirilib.

Toplantıda çıxış edən Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov müstəqillik illərində gənc nəslin mənəvi tərbiyəsində təhsilin əhəmiyyətindən danışıb. Dövlət quruculuğu işində təhsil və mədəniyyət işçilərinin üzərinə düşən məsuliyyəti xüsusi qeyd edən İ.İsrafilov "Məktəb və teatr" layihəsinin yeniyetmə və gənclər arasında milli mədəniyyətimizin və incəsənətimizin təbliğində, məktəblilərdə teatr sənətinə marağın artırılmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.  

Layihənin mahiyyəti, məqsəd və vəzifələri haqqında məlumat verən İ.İsrafilov hər məktəbdə açılacaq məktəblinin teatr guşəsində Akademik Milli Dram Teatrının aylıq repertuarı ilə yanaşı, ölkənin teatr həyatında baş verən önəmli yeniliklər, görkəmli teatr xadimləri - dramaturqlar, rejissorlar, aktyorlar haqqında mütəmadi şəkildə məlumatlar yerləşdiriləcəyini bildirib.

Layihədə məktəblərdə fəaliyyət göstərən dram, bədii qiraət, rəqs, pantomim dərnəklərinin işində iştirak edən şagirdlərə teatrda çalışan mütəxəssislər tərəfindən peşəkar yardımın göstərilməsi də nəzərdə tutulur.

Layihəyə əsasən yaradıcı heyətin məktəblilərlə görüşünün təşkili, göstərilən tamaşaların müzakirəsi də nəzərdə tutulur. Əldə olunan razılığa əsasən, tamaşaya baxdıqdan sonra şagirdlərlə birlikdə tamaşanın müzakirəsi aparılacaq. Bu zaman şagirdlər öz təəssüratlarını yaradıcı heyətlə bölüşmək, onları maraqlandıran sənət məsələlərini müzakirə etmək imkanı qazanacaqlar.

İ.İsrafilov çıxışının sonunda bu layihəni dəstəklədiyi üçün təhsil naziri cənab Mikayıl Cabbarova təşəkkürünü bildirib, Akademik Milli Dram Teatrınin təhsil işçiləri ilə hər cür əməkdaşlığa hazır olduğunu, milli mədəniyyət və incəsənətimizin, təhsilimizin inkişafına yönəlmiş hər bir konstruktiv təklifin teatr rəhbərliyi tərəfindən müsbət qarşılanacağını söyləyib.  

Elçin CƏFƏROV,
Akademik Milli Dram Teatrının mətbuat katibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov