Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

ADMİU-da görkəmli alimin yubileyi qeyd edilib

 

Noyabrın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  görkəmli alim  Məmməd Arif Dadaşzadənin  anadan olmasının 110 illiyinə həsr olunmuş "Ədəbi fikrimizin korifeyi" adlı yubiley tədbiri keçirilib.  Universitetin foyesində alimin kitablarından ibarət sərgi nümayiş olunub.  ADMİU-nun rektoru, professor Fərəh Əliyeva Məmməd Arif Dadaşzadənin XX əsr Azərbaycan ədəbi tənqidi və nəzəri-estetik fikri tarixindəki mövqeyindən söhbət açıb. 

Professor Nizaməddin Şəmsizadə Prezident İlham Əliyevin M.A.Dadaşzadənin 110 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamını minnətdarlıq hissi ilə qeyd edib. O, "Tənqidçinin şəxsiyyəti və ədəbi proses" mövzusunda məruzəsində M.A.Dadaşzadəni ədəbiyyatımızın beşiyi başında duran qüdrətli alim, yaşadığı dövrün mədəniyyəti, incəsənəti və teatrının inkişafına böyük töhfələr verən ictimai xadim kimi xarakterizə edib.

Professor Məryəm Əlizadə "Məmməd Arif və ədəbi tənqid" mövzusundakı çıxışında alimin zəngin və çoxcəhətli yaradıcılığını müxtəlif aspektlərdən təhlil edib.  Universitetin aktyor sənəti fakültəsinin tələbələrinin ifasında təqdim edilən ədəbi-bədii kompozisiyada zəmanəsinin görkəmli simaları - Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal Paşayev, Cəfər Cəfərov, Kamal Talıbzadə, Abbas Zamanov və başqalarının ədəbiyyatşünas alim haqqında dedikləri dəyərli fikirlər səsləndirilib.  Tədbirdə akademikin bədii yaradıcılığından da bir nümunə - "Tar çalınır" hekayəsi oxunub, alimin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotoslaydlar nümayiş etdirilib.

Sonda alimin nəvəsi, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə babası haqqında xoş xatirələrini bölüşüb. Prezident İlham Əliyevin Məmməd Arif Dadaşzadə irsinə verdiyi qiyməti Azərbaycan elminə göstərilən diqqət və qayğı kimi dəyərləndirən Z.Dadaşzadə ailəsi adından ölkə başçısına minnətdarlığını bildirib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov