Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

"Vaterloo Universitetində Azərbaycanı yaxşı tanıyırlar"

 

Kanadada təhsil alan Orxan Fətullayevlə söhbət 

Orxan  Əbülfət oğlu Fətullayev 1994-cü il aprelin 10-da Bakı şəhərində anadan olub. 2011-ci   ildə Bakı şəhərindəki  279 nömrəli  orta  ümumtəhsil məktəbini  uğurla başa vurub.  Həmin ildə ali məktəblərə keçirilən  qəbul imtahanında  685 bal toplayaraq Bakı  Dövlət Universitetinin  tətbiqi riyaziyyat və kibernetika fakültəsinə kompüter elmləri ixtisası üzrə  qəbul olub.  Yüksək  göstəriciyə   görə  Prezident təqaüdünə layiq görülüb. Maraqlıdır ki, Azərbaycanda ilk dəfə olaraq bu  ailənin iki üzvü - Orxan və Rauf Fətullayev qardaşları  Prezident təqaüdünə layiq görülüblər.  Rubrikamızın budəfəki qonağı olan  Orxan hazırda  təhsilini   "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Kanadanın Vaterloo  Universitetində davam etdirir.

Orxanla söhbətimizə ilk təhsil illərindən başladıq.  

- Orta məktəbdə daha çox riyaziyyat, fizika və kimya fənlərinə üstünlük vermişəm.  Ən çox  sevdiyim  fənlər  isə  fizika və  riyaziyyat  idi. İbtidai sinifdən  başlayraq  bütün  dərslərimi əla qiymətlərlə oxuyurdum, buna görə ilk müəllimlərim mənə qarşı  çox  diqqətcil idilər.

- Sizdə xaricdə təhsilə necə maraq yarandı?

- Bakı Dövlət Universitetinə qəbul olduqdan sonra kompüter elmlərinə marağım daha da artdı.  Sonra fikirləşdim ki, mən bu sahədə ölkəmə fayda verəcək  işlərlə  məşğul  olmaq üçün kompüter elmləri sahəsində ən müasir texnologiyaları öyrənməliyəm.  Xaricdə təhsil  isə  bunun ən ideal  yoludur.  Məhz bundan  sonra  xaricdə  təhsil  almaq istəyi məndə qətiyyətə çevrildi.  Digər tərəfdən, Vaterloo  Universitetinin kompüter elmləri sahəsində  dünyanın ən qabaqcıl universitetlərindən olduğunu   öyrənmişdim. Ailəm mənim xaricdə oxumaq istəyimi nəinki dəstəklədi, əslində   elə onlar  məni bu işə həvəsləndirdi. Xüsusilə atam,  Əbülfət Fətullayev, mənə bu işdə çox böyük dəstək verdi.  İxtisas seçimində böyük qardaşım Raufun rolu böyükdür, çünki o mənə digər ixtisaslardan fərqli olaraq, kompüter elmləri ilə məşğul olanların istənilən ixtisas sahəsinə kömək edəcəyini izah etdi.  Məhz  bundan sonra mən kompüter elmləri ixtisasını  seçəcəyimə qərar verdim.

- Dövlət Proqramı barədə təəssüratlarınız necədir?

- Dövlət Proqramına seçim mərhələsində xoşuma gələn xüsusiyyət  odur ki, tələbələrin həm  danışıq qabiliyyətinə,  həm də sosiallığına da fikir verilir.  Mənim fikrim budur ki, xaricə oxumağa gedən tələbə daima yüksək əhvali-ruhiyyədə olmalıdır,  sakit  və könülsüz  görsənməməlidir.  Dövlət Proqramına  qəbul  olduğumu  böyük  sevinclə qarşılamışdım, çünki bu, həyatımda mənə açılmış ən böyük qapı idi. Yəni,  bu addımı atmaqla mən həyatımda çox şeyləri dəyişəcəyimi fikirləşirdim.   Xaricdə təhsil proqramı təhsil sahəsində atılmış çox böyük addımdır. Düşünürəm ki, xaricdə təhsil almış kadrlar öz ixtisaslarına uyğun olaraq elmdə ölkəmizə çox böyük faydalar verəcəkdir.

- Təhsilimizdə gedən dəyişikliklərə münasibətiniz?

-  Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında təhsilin  inkişafı  üzrə Dövlət  Strategiyası" və bu  sənəddən irəli gələn vəzifələrin həyata keçirilməsində Təhsil Nazirliyinin gördüyü işləri çox yüksək qiymətləndirirəm.  Hesab edirəm ki, ölkəmizin təhsil sahəsindəki yeniliklər bu sahədə ciddi irəliləyişlərə səbəb olacaqdır.  Hazırda  dünya təhsilində sürətli dəyişikliklər gedir.  Düşünürəm ki,  ölkəmizdə  də  aparılan  yeniliklər təhsilimizin, ali məktəblərimizin rəqabət qabiliyyətinin  güclənməsinə gətirib çıxaracaq.

- Dərsləriniz necə keçir?

- Kanadada tələbə olmaq təhsilə güclü fikir vermək və vaxtın çox hissəsini dərslərə ayırmaq deməkdir. Mən də tələbə həyatımı faydalı keçirməyə çalışıram. Burada kompüter elmləri ixtisası üzrə təhsil alıram.  Boş vaxtımda əlavə proqramlaşdırma ilə məşğul oluram, çünki proqramlaşdırmanı sevirəm. Kitab oxumağı da sevirəm, xüsusilə ixtisasımla bağlı kitabları.

- Yaşadığınız şəhər,  oxuduğunuz universitet barədə nə deyə bilərsiniz?

- Yaşadığım  Vaterloo -Kitçener regionu çox gözəl təbiətə malikdir. Torontodan fərqli olaraq burada insanlar azdır  və  evlərin  çoxu  birmərtəbəli və  ya  ikimərtəbəlidir. Adaptasiya prosesi çox rahat və tez oldu, çünki burada bütün işləri görmək daha rahatdır. Vaterloo  şəhərində əcnəbilər  çox olduğu üçün mədəniyyətlər və davranışlar da müxtəlifdir.

Vaterloo  Universiteti Kanadanın Ontario əyalətində yerləşir.  Universitetin əsası  1957-ci ildə qoyulub. Hazırda  burada 25000 tələbə təhsil alır.  Ölkənin aparıcı universitetlərindən hesab olunur. Bütün dünya üzrə isə ən yaxşı informasiya texnologiyaları sahəsində  bilik verən  ali məktəblərdən biridir.  Təhsil müəssisəsinin 34 tədqiqat mərkəzi və institutlarında geniş səviyyədə tədqiqatlar aparılır. Burada 90-dan artıq tələbə klubu və qrupları var. Təhsil ocağında dünyaca məşhur olan professorlar çalışır.  Universitet tələbələrin öz təhsillərini əmək fəaliyyəti ilə əlaqələndirməyə imkan verir ki, bu da təhsilalanlara praktik biliklər əldə etməyi təmin edir. Universitet xüsusi istedadı ilə seçilən birinci kurs tələbələri üçün təqaüdlər də  təklif edir.

- Universitetdə tədris prosesi necə təşkil olunur?

- İlk əsas məqam odur ki, burada çox məsələlər tələbənin öz  ixtiyarındadır.  Məsələn, tələbə istədiyi vaxt  dərsə  getməyə  bilər, qiymət almaq  üçün  həftəlik  tapşırıqları  həll edib müvafiq yerlərə təqdim edirik və s. Əksər fənlərdən  semestr ərzində iki dəfə imtahan olur. İlk imtahan (midterm) təxminən semestrin ortasında keçirilir.  Burada əsas  məqsəd  tələbələrin  fənnin əsaslarını  necə başa  düşmələrini yoxlamaqdır.  Ona görə  də  bu,  ümumi qiymətə  elə də ciddi təsir etmir.  Final imtahan  isə  semestr  qurtardıqdan  sonra  sessiya  zamanı verilir.  İmtahan  sualları  isə  çoxseçimli  testlərdən  və  qısa  cavab  tələb  edən suallardan  ibarətdir.

- Müəllimlərinizdən razısınızmı?

- Vaterloo Universitetində müəllimlər və tələbələr arasında  münasibətlər çox yüksəkdir. Əgər tələbə semestr zamanı hansısa çətinliklə qarşılaşsa, çəkinmədən dərs deyən müəllimlərə, həmçinin əlavə servislərə müraciət edib öz probleminə həll yolu tapa bilər.  Müəllimlər  tələbələrə  qarşı  həmişə  mehribandırlar. Kanadada təhsil məni ali təhsilə daha da həvəsləndirdi. Çünki universitetdə təhsil sistemi elə qurulub ki, burada oxuyan istənilən tələbə bu cür mühiti görüb oxumağa həvəslənəcəkdir. Tələbəyə xidmət edəcək hər cür servislər təşkil olunub və bu da yarana biləcək problemlərimizi  tez  həll etməyə imkan verir.

- Xaricdə təhsil almaq istəyən gənclərimizə tövsiyən nə olardı?

 - Gələcəkdə xaricdə təhsil almaq istəyən tələbələrə tövsiyəm odur ki, onlar  ilk öncə xaricdə təhsil almağı məqsəd yox, məqsədə çatmaq üçün vasitə kimi istifadə etsinlər. Çünki məqsəd xaricdə təhsil almaqdırsa, xaricdə təhsili bitirdikdən sonra o, nə edəcək? Ən yaxşı halda yaxşı maaş alıb rahat həyat yaşayacaq. Amma o tələbənin ki, gələcəkdə hansısa böyük məqsədi var, o, xaricdə təhsilini sırf öz məqsədi üçün yönləndirər və  bu təhsil onun üçün böyük fundament yaradar. Təhsilini bitirdikdə o öz məqsədinə daha da yaxınlaşmış olar. Nəticədə o, nəinki özünə, həmçinin ölkəyə də çoxlu fayda verə bilər.

- Kanadada ölkəmizi təmsil edə bilirsinizmi?

-  Bacardığım qədər ölkəmizi təmsil etməyə çalışıram.  Burada, xüsusilə  də oxuduğum Vaterloo Universitetində Azərbaycanı  çox yaxşı tanıyırlar və azərbaycanlılara hörmət edirlər, çünki bu universitetdə  kifayət  qədər  azərbaycanlı  tələbə təhsil alır.  Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılmasında, mədəniyyətimizin, adət-ənənələrimizin təbliği istiqamətində keçirilən bütün tədbirlər azərbaycanlı tələbələrin yüksək fəallığı ilə təşkil olunur.   Hətta universitetin saytında təhsil müəssisəsinə qəbul olmaq istəyən azərbaycanlılar üçün ayrıca kömək səhifəsi də  var. 

- Xaricdə təhsil sizə nə verdi?

-  Xarici universitetdə təhsil almaq, ilk öncə öz ölkəni təmsil etmək, yenilikləri öyrənmək və onları lazımi şəkildə tətbiq etməkdir.   İlk öncə, xaricdə təhsil tələbəyə müasir elm və texnologiya öyrənmək imkanı yaradır. Həmçinin, xaricdə təhsil tələbənin dünyagörüşünün  ciddi  olaraq  artmasına təsir edir, çünki  bu  zaman  müxtəlif  ölkələrdən,  müxtəlif  mədəniyyətlərdən  olan  insanları görmək və onlarla ünsiyyət qurmaq mümkündür.  Digər  tərəfdən, tamamilə fərqli təhsil sistemi  səciyyəvidir.

- Gələcək barədə hansı planlarınız var?

- Gələcəkdə magistr və PhD üzrə təhsil almağı, sonra isə Azərbaycana qayıdıb məqsədimi həyata keçirərək ölkəmə fayda verməyi planlaşdırıram.  Kompüter elmləri ixtisası Azərbaycanda çox önəmli yeniliklər etmək üçün əsas sahələrdən biridir. Kompüter elmlərinin istənilən sahədə tez bir zamanda zəruri informasiyanı  əldə etməkdə (məsələn, tərcümə sistemləri, çoxlu elmi elektron kitablar və s.)  çox  böyük rolu vardır.  

Oru/c MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov