Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

İbtidai siniflərə müəllim köməkçisi lazımdırmı?

 

Niyazi RƏHİMOV, 
[email protected]

Dünyanın təhsil sahəsində uğur qazanmış  bir çox qabaqcıl ölkələrində ibtidai siniflərdə dərs deyən müəllimlərə köməkçi müəllimlər  təyin olunur. Həmin köməkçi müəllimlər tədris prosesində,  təşkilati işlərdə, zəif qavrayan şagirdlərin yazı və digər bacarıqlarının formalaşmasında həm əsas müəllimə  kömək edir, həm də öz sahələrində təcrübə qazanırlar. Bəzi ölkələrdə ali məktəbi bitirərək müəllim olmaq istəyənlər könüllü olaraq  bu işə cəlb olunur, öyrənmək məqsədi ilə heç bir məvacib almadan çalışırlar. Ötən il Almaniya və Kanadanın ümumtəhsil məktəblərində çalışan azərbaycanlı müəllimlər də qəzetimizə verdikləri müsahibələrdə bu məsələ ilə bağlı maraqlı fikirlər bildirmişlər. Həmyerlilərimizin dediyinə görə, bu ölkələrin orta məktəblərində müəyyən olunmuş müddətdə müəllim köməkçisi kimi çalışmadan birbaşa müəllim vəzifəsinə qəbul edilmək mümkün deyil. Hətta bu ölkələrdə diplomlu mütəxəssisin müəllim vəzifəsinə qəbulu zamanı köməkçisi kimi çalışdığı müəllimin, həmin məktəbin direktorunun verdiyi rəy əsas şərtlərdən biri  kimi qəbul edilir.  Əlbəttə, bu qaydalar həm məktəblərdə çalışan müəllimlərin statusunu artırır, həm də işini yüngülləşdirir.

Digər tərəfdən isə, müəllim diplomu almış gənc mütəxəssislərin yalnız təcrübələrini artırdıqdan sonra sinfə müstəqil daxil olmaq hüququ qazanması,  onların işə məsuliyyətinin daha da artmasına gətirib çıxarır. Ancaq araşdırmalarımız göstərdi ki, bu məsələ bizdə hələ də gündəmdə deyil. Hətta orta mətəblərimizdə şagirdlərin sayının 25-30 nəfər olduğu ibtidai siniflərdə belə, onların təlim-tərbiyəsi ilə yalnız bir müəllim məşğul olur.  Müəllim köməkçilərindən isə  ölkəmizdə fəaliyyət göstərən bir neçə özəl məktəb və liseylər istifadə edir. Bu məsələ ilə bağlı paytaxtın bir sıra orta ümumtəhsil məktəblərində olduq, ibtidai sinif müəllimləri ilə söhbətləşdik. Onların fikirlərini nəzərinizə çatdırırıq. 

Fərqanə Mirzəyeva,

55 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi 

Düşünürəm ki, köməkçi müəllim 1-ci sinifdə mütləq lazımdır. Lakin uşaqları formalaşdırdıqdan sonra, yəni sonrakı illərdə buna ehtiyac görmürəm. Amma birinci sinifdə bununla bağlı bir çox çətinliklərimiz olur. Hətta mən eşitdiyimə görə bəzi müəllimlər bundan istifadə edir. Onlar öz yaxınlarını bu işə cəlb etməklə səmərəliliyi daha da artırırlar. Fikrimcə, birinci sinifdə hər uşağa xüsusi yanaşmaq lazımdır. Çünki onların bünövrələri məhz elə birinci sinifdə qoyulur. Düzdür, biz bu istiqamətdə var gücümüzlə çalışırıq. Amma yenə də köməkçi müəllim olarsa effektivlik daha da artar. Hazırda 4-cü sinfə dərs deyirəm. Sinfimdə 28 uşaq təhsil alır. Mən onların hər biri ilə ayrı-ayrılıqda məşğul olmuşam. Elə uşaqlar olub ki, onlarla saatlarla fərdi dərslər keçmişəm. Çünki həmin şagirdlərdə qavrama və müxtəlif vərdişlərə yiyələnmək bacarıqları zəif idi. Məsələnin digər tərəfi isə birinci sinfə gələn uşaqların çoxunun məktəbə hazırlıq mərhələsindən keçməməsidir. Biz onlarla hər şeyi sıfırdan başlayırıq. Bu da tədrisin keyfiyyətinə müəyyən qədər mənfi təsir göstərir. Lakin köməkçi müəllim olarsa, müəyyən qədər uşaqlara daha çox vaxt ayıra bilərik.  Həm əsas, həm də köməkçi müəllimin səyi nəticəsində zəif uşaqlara daha çox vaxt ayıra bilərik. Bundan başqa, həmin müəllimlər valideynlərlə təmasda onlara uşaqların dərslərinin yerini söyləməkdə də bizə yaxından kömək edə bilər. Bu işə, əsasən gənc müəllimlərin cəlb olunmasının tərəfdarıyam. Onlar köməkçi müəllim kimi yaxşı təcrübə qazanar, əsas müəllim olduqda isə sinfi daha asan idarə edə bilərlər. Sizi inandırım, elə gənc müəllimlər olur ki, ilk dəfə sinfə girəndə həyəcandan ayaqları titrəyir. Müəllim kimi məktəbə və sinfə adaptasiya olmaları müəyyən vaxt aparır. Belə olan təqdirdə də bir çox uşaqlar onların təcrübəsizliyinin qurbanı olur.


Bəsti Mehralıyeva,

194 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, əməkdar müəllim 

20 illik pedaqoji təcrübəm var. Bu illər ərzində bir neçə ibtidai sinfim olub. İşimə həmişə ciddi yanaşmışam. Düşünürəm ki, hər bir müəllim öncə dərs dediyi şagirdlərə vicdanla yanaşmalıdır. Şagirdlər arasında fərq qoymamalıdır. Şagird sıxlığına gəldikdə onu deyə bilərəm ki, ibtidai siniflərdə dərs deyən müəllimlərin ilk ili çox çətin keçir. Şagirdlərdə ilkin yazı və oxu vərdişlərini aşılamaq, onlara hətta qələm tutmağı belə öyrətmək kimi müəyyən çətinliklərlə rastlaşırıq. Lakin buna baxmayaraq, işini düzgün quran və çalışqan müəllim bunun öhdəsindən gələ bilir. Çalışqan müəllimlər metodik vəsaitlərdən və vaxt bölgüsündən səmərəli istifadə etməklə bu çətinliyə sinə gəlir. Məsələnin digər tərəfi isə gənc müəllimlərin təcrübə qazanmasıdır. Düzdür, ali təhsil müəssisələrində tələbələri bir aylıq pedaqoji təcrübəyə göndərirlər. Lakin bu, müəllimin təcrübə qazanması üçün kifayət etmir. Bir çox müəllimlər pedaqoji fəaliyyətə başlayarkən bu kimi problemlərlə qarşılaşır. Bu baxımdan köməkçi müəllimlərin olması gənc müəllimlərin yetərincə təcrübə qazanması üçün  səmərəli ola bilər. Onlar təcrübəli müəllimlərdən bir çox şeylər öyrənə bilərlər. 


Həcər Məmmədova,

Xəzər Universiteti "Dünya Məktəbi"nin ibtidai sinif müəllimi 

Mən pedaqoji fəaliyyətə assistent müəllim (köməkçi müəllim) kimi başlamışam. Bu mənə əsas müəllim olmaq üçün çox kömək etdi. Xəzər Universitetində təhsil alarkən bu məktəbdə pedaqoji təcrübə keçmişəm. Sonra 1 il assistent müəllim işləmişəm. Bundan başqa, 2 il də sinif rəhbəri vəzifəsində çalışmışam. Məktəb rəhbərliyinin etimadını qazandıqdan sonra mənə birinci sinif verildi. Bu proses təxminən 3 il çəkdi. Assistent müəllim olarkən topladığım təcrübə sayəsində ilk sinfim olmasına baxmayaraq heç bir çətinliyim yoxdur. Bundan başqa, hazırda mənimlə çalışan assistent müəllim var. Biz birlikdə dərslərin öhdəsindən daha asanlıqla gəlirik. Dərslərimiz də çox səmərəli keçir. Mən dərs vaxtımın demək olar ki, bütün hissəsini tədrisə sərf edirəm. Assistent müəllim isə əsasən təşkilati işləri yerinə yetirir. Uşaqların gündəliklərinin yazılması, ev tapşırıqlarının verilməsi, valideynlərlə ünsiyyət, cədvəldəki dəyişikliklərlə bağlı bütün işləri assistent müəllim aparır. Bununla yanaşı günün ikinci yarısında keçirilən fiziki-tərbiyə dərslərində şagirdlərin geyinib-soyunması, zəif şagirdlərlə əlavə dərslər və sair məsələlər köməkçi müəllimin üzərinə düşür.


Nüşabə Əliyeva,

328 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi  

İbtidai siniflərdə köməkçi müəllimlərin olması çox vacibdir. Elə siniflər olur ki, 25 nəfərdən artıq şagirdlə işləməli oluruq. Bu bir çox çətinliklərə gətirib çıxarır. Nəzərə çatdıraq ki, ənənəvi təhsildən fərqli olaraq yeni kurikulumlarla işləyərkən bu çətinliklər özünü daha qabarıq şəkildə göstərir. Bildiyimiz kimi yeni kurikulumların əsas prinsiplərindən biri tədrisin şagirdyönümlü olmasıdır. Bu baxımdan şagirdlərin hər birinə müəyyən qədər çox vaxt ayırmalıyıq. Lakin etiraf edək ki, 45 dəqiqə müddətində 25-30 şagirdin hər birinə çox vaxt ayıra bilmirik. Təşkilati işlərə daha çox vaxt sərf etmək məcburiyyətində qalırıq. Unutmayaq ki, birinci sinfə qədəm qoyan şagirdlər məktəbə gec adaptasiya olur.  Onların bir çoxu hətta çantalarını belə açıb bağlaya bilmirlər. Dərs zamanı yeni motivasiyanın qurulması, qruplarla iş, qrup işlərinin yoxlanılması və sair kimi məsələlər mövcuddur. Həmin vaxt şagirdlər qruplara bölünməkdə, hətta yerlərində oturmaqda belə çətinlik çəkirlər. Təbii ki, belə işlərdə biz müəllimlər onlara kömək edirik. Lakin bu da vaxt itkisinə səbəb olur. Bundan başqa, iş dəftərlərinin yoxlanılması, nəticələrin gündəlik valideynlərə çatdırılması və digər məsələlərdə  köməkçi müəllimlərin olmasını vacib hesab edirəm. Düşünürəm ki, müəllimin təşkilati işlərə vaxt ayırması tədrisin keyfiyyətinə mənfi təsir edir.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov