Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Uşaqlarımızı xəstəliklərdən necə qoruyaq?

 

Artıq havaların soyuduğu və qışın qapımızı çaldığı ayları yaşayırıq. Soyuq aylar bərabərində bir çox xəstəlikləri də gətirir. Xüsusilə də uşaqlar (məktəblilər) arasında yoluxucu xəstəliklərin sayı artır. Bəs uşaqlarımızı bu xəstəliklərdən qorumaq üçün hansı qabaqlayıcı tədbirlər görməliyik? Türkiyəli pediatr İsmayıl Gönən deyir ki, bunun üçün uşaqların peyvəndini vaxtlı-vaxtında etmək lazımdır:

- Bu aylarda məktəblilər arasında ən çox yayılan xəstəliklərdən biri qripdir. Qrip adətən tənəffüs yolları vasitəsi ilə keçir. Bu xəstəliyin ən çox yayıldığı aylar sentyabr və mart aylarını əhatə edir. Əgər qripin qarşısı vaxtında alınmasa o, ağciyər infeksiyasına, sinusitə (burun və gözətrafı iltihablanma) və orta qulaq infeksiyası kimi xəstəliklərə gətirib çıxara bilər. Bütün bunların qarşısını almaq üçün 6 aydan böyük bütün uşaqlara mövsümə uyğun qrip peyvəndi edilməlidir.

Uşaqların arasında yayılan tək xəstəlik qrip deyil. Sarılıq və su çiçəyi də keçici və çox yayılan xəstəliklərdən biridir. İ.Gönən deyir ki, A tipli sarılıq məktəblilər arasında çox yayılır:

- Uşaqlar arasında yayılan bir başqa xəstəlik hepatitdir (sarılıq). Əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlik məktəblilər arasında çox yayılır. Buna səbəb isə onun ağız yoluyla keçməsidir. Ondan qorunmağın ən əsas vasitələri düzgün qidalanma və əl təmizliyidir. Amma bütün bunlardan da vacib peyvəndlərin vaxtında vurulmasıdır. Hepatit A peyvəndi vurulmayan uşaqlara mütləq 6 aydan bir iki doza peyvənd vurulmalıdır.

Həkim pediatrın sözlərinə görə, suçiçəyinin də qarşısını almaq üçün mütləq peyvənd vacibdir. Təbii ki, bu xəstəlikləri önləmək üçün əl təmizliyinə də diqqət yetirilməldir:

- Yoluxucu xəstəliklər yalnız tənəffüs və hava yolu ilə deyil, həmçinin əl vasitəsiylə də keçir. Buna görə də əl təmizliyinə mütləq diqqət edilməlidir. Əgər uşaqların tualet və əl təmizliyinə kifayət qədər diqqət edilməsə, bu bağırsaq qurdlarının yaranmasına da gətirib çıxara bilər.  Bağırsaq qurdları olan uşaqlarda burun qaşıntısı, ağızdan yastığa su axması, zaman-zaman qarın ağrısı, çəkisinin artmaması kimi hallar yaşanır. Bu halların yaşanmaması üçün qabaqlayıcı tədbirlərin başında əllərin tez-tez sabunla yuyulması, açıq havada satılan qidaların yeyilməməsi, tərəvəz və meyvələrin çox yaxşı yuyulması gəlir. Xəstəliklərdən qorunmaq üçün həmçinin havalandırma yaxşı olmayan, adamların çox olduğu mühitdən qaçmaq lazımdır. Qələm, kitab, kompüter və stəkan kimi əşyalar ortaq istifadə edilməməlidir. Dəsmalın başqalarının istifadə etməsinə yol verilməməlidir. Bol-bol meyvə, tərəvəz yeyilməli və su içilməlidir. Bundan başqa, bu qaydalara təkcə evdə deyil, məktəblərdə də riayət edilməlidir.  Uşaqların təhsil mühitləri gigiyena qaydalarına uyğun olmalıdır. Gigiyena qaydalarını vərdişə çevirmək təhsil proqramlarına daxil edilməlidir.

Əziz valideynlər həkim deyir ki, uşaqlarınız xəstə olanda onları məktəbə göndərməyin. Bu uşağınızın ətrafında olan digər uşaqların sağlamlığı üçün də zərərlidir:

- Yoluxucu xəstəlik diaqnozu qoyulan uşaq həkimin təklif etdiyi müddət boyunca məktəbə göndərilməməlidir. Əgər uşağınızda belə bir xəstəlik varsa, bu barədə məktəbə xəbər verməlisiniz.  Xəstəyə yaxın olan digər uşaqlar da yoxlanılmalıdır ki, qabaqlayıcı tədbirlər görülsün. Həmin uşaq isə sağalana qədər yataq rejimində olmalıdır. 

Hazırladı: Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov