Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Böyük itkinin acısı

 

Könül NƏHMƏTOVA
[email protected]
 

Bəzən böyük auditoriyaya daxil olursan, paylaşmağa bir təəsürat belə tapmadan çıxırsan. Kiçik bir auditoriyadan elə təəssüratlarla ayrıldım ki, bilmirəm sözü haradan başlayım. Bu, sadəcə, məktəbdə bir sinif otağı idi...

Noyabrın 11-də "Zəkalar" liseyində mərhum əməkdar riyaziyyat müəllimi, həmçinin liseyin yaradıcısı Rafil İmanovun 65 yaşı qeyd olundu. Bu yubiley tədbiri təsadüfdənmi, ya zərurətdənmi mərhumun vəfatının qırx gününün tamamına təsadüf etdi. Amma bu sadə cümlələr Rafil İmanovun anım gününün doğurduğu təəssüratları ifadə etmək gücündə deyil.

Auditoriyaya daxil olanda içəridəki adam sıxlığı ilə yanaşı diqqətimi baş tərəfdə bir lövhə çəkdi. Üzərində aforizmlər olduğunu gördüm. Bunların Rafil müəllimin təlim və tərbiyə prinsipləri olduğunu anlamaq çətin olmadı. Lövhənin baş tərəfində  ulu öndər Heydər Əliyevin fikri yer alırdı: "Mən dünyada müəllimlikdən yüksək ad tanımıram". Bu fikir elə Rafil İmanovun da müəllim qəlbindən xəbər verirdi. Daha aşağılarda isə riyaziyyat müəlliminin fitrətini ifadə edən öz fikirləri öyrətmək və öyrənmək prinsipləri olaraq şagirdlərinin gözü önündən asılmışdı.

Tədbir şagirdlərin aparıcılığı və çıxışları ilə başladı. Çıxış edən şagirdlər öz həyat yollarında Rafil İmanovun timsalında müəllim zəhmətini yüksək dəyərləndirdilər: Rafil müəllimin ən son sinif rəhbəri olduğu şagirdlər onun xatirəsi önündə söz verdilər ki, bu il qəbul imtahanında ən yaxşı nəticə göstərəcəklər.

Şagirdlərin ifasında Rafil müəllimin ən çox sevdiyi əsər - Şəhriyarın "Heydərbabaya salam" əsərindən bir parça kompozisiya şəklində təqdim edildi. Saz havası dinlənildi. Yeddinci sinif şagirdi Rzazadə Əbülfəzin ifa etdiyi  Bəxtiyar Vahabzadənin "Tələbələrim" şeiri  auditoriyanı kövrəltdi. "Mən sizinlə həmyaşam, hamınıza yoldaşam" sözlərini sanki Rafil müəllimin dilindən dinləyirdik...

Tədbir iştirakçıları liseyin müəllim, şagird kollektivi ilə yanaşı, illər öncəsi məzunlardan, valideynlərdən və həmçinin mərhum müəllimin ailəsi və qohumlarından, dostlarından ibarət idi. Müəllim yoldaşları Şamxal Məmmədov, Malik Vəliyev göz yaşları içərisində öz ürək sözlərini paylaşdılar. Ailə üzvlərindən həyat yoldaşı Gülbəniz xanım, qardaşları Kamil İbrahimov, Kərəm İbrahimov, qohumları, ötən illərin məzunları, ilk şagirdlərindən biri olan Tamilla xanım çıxış edərək bu itkinin ağırlığını dilə gətirdilər. Bütün çıxışlarda müxtəlif epizodlar içərisində eyni fikirlər qırmızı xətlə keçirdi: böyük insan, böyük pedaqoq, böyük riyaziyyatçı və həmçinin böyük ailə başçısı... Həqiqətən də, hər kəlmənin başına yalnız bu böyük sözü yaraşırdı. Vətənpərvər Rafil İmanovun milli duyğuları beş övlad tərbiyəsində də özünü göstərirdi. Övladlarına verdiyi adlar da müəllimin milli ideallarının ifadəsidir.

Tədbirin sonunda "Zəkalar" liseyinin direktoru Aygün Əhmədli təhsil ocağının fəaliyyətində Rafil İmanovun zəhməti haqqında geniş bəhs etdikdən sonra liseyə müəllimin adının verilməsi arzusunu dilə gətirdi. İndi məktəbin bütün kollektivi məhz bu arzu ilə yaşayır ki, "Zəkalar" liseyi yaxın zamanlarda Rafil İmanovun adını daşısın.

Tədbirdən sonra iştirakçılar tərəfindən Rafil İmanovun məzarı ziyarət olundu.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov