Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Qafqaz Universitetində "Nuri paşa və silahdaşları" kitabının təqdimatı olub

 

Noyabrın 19-da Qafqaz Universitetində bu təhsil ocağının nəzdində fəaliyyət göstərən Qafqaz Araşdırmaları İnstitutunun növbəti nəşrinin - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, tarix elmləri doktoru, professor Mehman Süleymanovun "Nuri paşa və silahdaşları" kitabının təqdimatı olub. İnstitutun araşdırıcılarının, tarixçi alimlərin və media mənsublarının iştirak etdiyi təqdimat mərasimini Qafqaz Universitetinin prorektoru, professor Niftalı Qocayev açaraq Qafqaz Araşdırmaları İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və Qafqaz İslam Ordusunun Azərbaycandakı fəaliyyətinə dair son illər sistemli araşdırmalar aparıldığını, bu tədqiqatların nəticəsi olaraq bir sıra nəşrlərin hazırlanıb geniş oxucu kütləsinə çatdırıldığını bildirib. Təqdim olunan kitabın bu silsilədən növbəti nəşr olduğunu söyləyən N.Qocayev kitabın XX əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və ölkənin erməni-daşnak və bolşevik işğalından azad olunmasında müstəsna xidmətlər göstərmiş Nuri paşa və silahdaşları, həmçinin Qafqaz İslam Ordusunun xilaskarlıq fəaliyyətini  ətraflı işıqlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Mərasimdə çıxış edən tarixçi alimlər Solmaz Rüstəmova - Tohidi, Firdovsiyə Əhmədova və başqaları dəyərli əsər ortaya qoymuş müəllifin və naşirlərin zəhmətini yüksək qiymətləndirib, 1918-ci ildə - mürəkkəb hərbi-siyasi bir dövrdə Nuri paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakıda, digər şəhər və rayonlarda xilaskarlıq fəaliyyətindən söhbət açıblar. Bildirilib ki, bu nəşr tariximizin öyrənilməsi üçün dəyərli mənbədir.

"Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən çap olunmuş və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabı nəşrə filologiya elmləri üzrə fəlsəfə doktoru Mehmet Rıhtım və filologiya elmləri doktoru Minəxanım Təkləli hazırlamışlar. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov