Əfqan ABDULLAYEV,
professor, Təhsil Nazirliyi Hüquqi Ekspertiza və
Lisenziyalaşdırma şöbəsinin baş məsləhətçisi,
iki dəfə (1998, 2005) ABŞ-ın Senator Fulbrayt
proqramının mükafatçısı
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr
tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın "Strateji hədəflər və tədbirlər"
bölməsində (bölmə 7) qeyd olunur ki, "Təhsilin
nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə
mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və
dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sistemi
formalaşdırılmalı və beynəlxalq təcrübə əsasında təhsil
müəssisələrinin akkreditasiyası sistemi yaradılmalıdır"
(3.1.3.). Bu sahədə ən çox diqqət çəkən təcrübələrdən
biri də ABŞ akkreditasiya sistemidir. Düşündüm ki, ABŞ
təçrübəsi haqqında müəyyən məlumatın verilməsi
məqsədəuyğun olardı.
Dünyanın ən inkişaf etmiş təhsil sistemlərindən biri də
ABŞ təhsil sistemi, xüsusilə ali təhsil sistemidir. Hələ
ABŞ-da təhsil aldığım illərdə müəllimlərimdən soruşanda
ki, ABŞ təhsil sisteminin özəlliyi nədədir? Onlar
yarızarafat, yarıciddi cavab verərdilər - Bu sistemin
özəlliyi elə onun sistemsizliyindədir.
İlk baxışdan qəribə görünsə də, bu əslində elə reallığı
əks etdirir. ABŞ-da təhsilə ümumilikdə nəzarət edən
federal nazirlik yoxdur. Ştatların özləri ştatdaxili
nisbi nəzarəti həyata keçirir. Təhsil müəssisələri,
xüsusilə də ali təhsil müəssisələri nəzərəçarpaçaq qədər
müstəqil və avtonom fəaliyyət göstərirlər. Bunun da
nəticəsidir ki, ABŞ-da təhsil müəssisələri təqdim
etdikləri proqramların keyfiyyətinə, təhsilin
səviyyəsinə və xüsusiyyətlərinə görə bir-birinə
bənzəmirlər. Əlbəttə, bu heç də o demək deyil ki, təhsil
müəssisələri necə gəldi fəaliyyət göstərə bilərlər.
Onların fəaliyyətini tənzimləyən nizamnamələr, qaydalar,
əsasnamələr və digər normativ sənədlər vardır. Bunlar da
həmişə nəzarət mexanizmi kimi istər daxildən, istərsə də
müəssisədən kənardan yoxlanılır. Belə nəzarət
mexanizmlərindən ən mühüm olanı təhsil müəssisəsinin
akkreditasiyasıdır.
Akkreditasiya nədir? Ümumi götürdükdə akkreditasiya
dəyərdir. Özümüzün ictimai, özəl və peşə həyatımızda
əhəmiyyətli rol oynayan universitet və kolleclərin
proqramlarının rəqabətli, davamlı əmək bazarının
tələblərinə cavab vermək üçün dözümlülük göstərə biləcək
məzunları yetişdirən tədris proqramlarının müəyyən
standartlara cavab verdiyini təsdiqləyən bir prosesdir.
Akkreditasiya olunmuş, özünə "yaşamaq" hüququ almış
proqramlarla oxuyub qurtaran məzunlar əmək bazarında,
lisenziyalaşmada, qeydiyyatda və sertifikasiyada,
magistratura və doktoranturada təhsilini davam
etdirməkdə, eyni zamanda qlobal mobillikdə geniş
imkanlara malik olurlar.
Akkreditasiyanın əsas funksiyalarına nələr daxildir?
1) Təhsil müəssisəsinin və onun ixtisaslarının müasir
standartlara cavab verdiyini təsdiqləmək.
2) Tələbələrin universitet seçməkdə qərar verməklərinə
"köməklik" göstərmək, onları "ayıltmaq ."
3) Universitetlərə kənardan gələn tələbələrin
kreditlərini transfer etməkdə köməklik göstərmək.
4) Müəssisəni istər daxili, istərsə də xarici zərərli
təsirlərdən, təzyiqlərdən qorumaq.
5) Keyfiyyəti aşağı olan tədris proqramlarının keyfiyyət
standartlarının artırılmasına stimul vermək.
6) Təhsildə iştirak edənlərin (müəllim, tələbə, yardımçı
heyət) hamısının müəssisənin qiymətləndirilməsi,
planlaşdırılması və strateji inkişafi məsələlərinə
yaxından cəlb olunmasına şərait yaratmaq.
7) Dövlət və beynəlxalq təşkilatlardan maliyyə dəstəyi
almaq üçün təhsil müəssisəsinə əsas vermək.
Bəs akkreditasiya kimlərə lazımdır? Birinci növbətə
tələbələrə. Sonra təhsil müəssisələrinə və onların
təklif etdikləri proqram-ixtisaslara lazımdır. Nəhayət,
geniş ictimaiyyətə, biznes, sənaye qurumlarına və
əlbəttə, dövlətə lazımdır.
ABŞ-ın akkreditasiya sisteminin yüz ildən çox tarixi
vardır. 100 ildir ki, bu keyfiyyətə nəzarət sistemi
amerikalıların səhiyyəsinin, intellektual inkişafının,
təhlükəsizliyinin və ictimai maraqlarının qorunmasına
xidmət edir. ABŞ-da təhsilin keyfiyyətinə nəzarət, kənar
nəzarət bir qayda olaraq özəl, müstəqil təşkilatlar
tərəfindən aparılır. Ümumilikdə ABŞ ali təhsil sistemi
(bu hardasa 4635 təhsil müəssisəsi deməkdir) 25
milyondan çox tələbə kontingentini, 3,5 milyon tam -
yarım ştatlı müəllim heyətini əhatə edən, 420 milyard
maliyyəsi olan strateji bir sahədir (2010-2011-ci ilin
göstəriciləri). ABŞ akkreditasiya təşkilatları 50 ştatda
və 113 xarici ölkədə kollec və universitetləri
akkreditasiyadan keçirirlər.
ABŞ-da akkreditasiya orqanlarının fəaliyyətinə nəzarət
iki təşkilat tərəfindən həyata keçirilir. Biri Ali
Təhsilin Akkreditasiya Şurası (CHEA, 17 nəfərdən ibarət
Direktorlar Şurası var), digəri isə ABŞ Təhsil
Departamentidir (yəni Təhsil Nazirliyi). Hazırda Ali
Təhsilin Akkreditasiyası Şurası və ABŞ Təhsil
Departamenti tərəfindən tanınmış 80-dən çox
akkreditasiya qurumu fəaliyyət göstərir.
ABŞ-da (demək olar ki başqa ölkələrdə də) akademik
akkreditasiyanın iki forması vardır: 1) tədris
müəssisəsinin tam akkreditasiyası, 2)
ixtisasların-proqramların akkreditasiyası.
Təhsil müəssisəsinin akkreditasiyası regional və milli
akkreditasiya agentlikləri tərəfindən həyata keçirilir
və bütövlükdə təhsil müəssisəsinin akkreditasiyası
nəzərdə tutulur, ayrı-ayrı ixtisas-proqramlara diqqət
yetirilmir.
Xüsusiləşmiş, yaxud proqram-ixtisasların akkreditasiyası
isə ayrı-ayrı proqram-ixtisasların akkreditasiyasını
nəzərdə tutur.
Akkreditasiya prosesi:
1) Təhsildə keyfiyyətin təminatıdır - bu proses zamanı
müəyyən edilməlidir ki, kollecin, universitetin, yaxud
ixtisasın-proqramın məzmunu keyfiyyətli kadr
yetişdirməyə zəmin yaradır, ya yox. Akkreditasiyanın
nəticəsi cəmiyyətə, gələcək tələbələrə, dövlət
qurumlarına, beynəlxalq arenaya bir mesajdır
(akkreditasiyanın nəticəsi müsbətdirsə, yaxşı mesaj,
mənfidirsə pis mesaj).
2) Dövlət, özəl, beynəlxalq maliyyə institutlarından
maliyyə dəstəyi almaq üçün müraciət etməkdə bir
imtiyazdır.
3) Müəssisə, təşkilat və əmək bazarı üçün bir inamın
yaranmasıdır. Alınan müsbət qərar kollec və
universitetin nüfuzunun artma göstəricisidir. Mənfi
qərar isə onlara inamın aşağı düşməsinə gətirib çıxarmaq
deməkdir.
4) Tələbə mobilliyinin etibarlılıq mənbəyidir. Bir
tədris müəssisəsindən digərinə transfer olunan tələbənin
aldığı kreditlərə inam deməkdir, onların keçərliliyi
deməkdir.
ABŞ akkreditasiya qurumları fəaliyyət göstərmək üçün
maliyyəni haradan alırlar? İki mənbədən. Ən mühüm mənbə
akkreditasiyadan keçmək üçün müraciət edən tədris
müəssisələrinin verdiyi üzvlük haqlarından və bir də
sponsorlardan. Onlar bəzən dövlətin və özəl fondların da
maliyyə dəstəyindən yararlanırlar.
Təhsil müəssisələrinin akkreditasiyası müddəti, bir
qayda olaraq, bir neçə il fasilədən tutmuş 10 il
fasiləyə qədər ola bilər, çünki akkreditasiya davamlı
bir prosesdir. ABŞ-da akkreditasiya prosesi (təhsil
müəssisəsinin özünü təhlili, sənədlərin yoxlanması,
akkreditasiya təşkilatının komissiyasının təhsil
müəssisəsinə göndərilməsi, nəticələrin təhlili və yekun
qərarın verilməsi) demək olar əksər ölkələrdə olduğu
kimidir. Akkreditasiya qurumları akkreditasiya
elədikləri tədris müəssisələri qarşısında, cəmiyyət və
dövlət qarşısında çox böyük cavabdehlik, məsuliyyət
daşıyırlar.
ABŞ-da ali təhsil müəssisələri üç istiqamətdə
akkreditasiyadan keçirilir. 1) Dini yönümlü
akkreditasiya təşkilatları ancaq dini qurumların
nəzdində olan tədris müəssisələrini akkreditasiyadan
keçirirlər. Bu müəssisələr, adətən, akademik dərəcə
verən və gəlirlə işləməyən təhsil müəssisələridir. 2)
Ümumamerika karyera yönümlu akkreditasiya təşkilatları.
Bunlar ancaq əsasən gəlirlə işləyən, dərəcə verən və
verməyən tədris müəssisələrini akkreditə edir. 3)
Regional akkreditasiya təşkilatları. Bu akkreditasiya
qurumları bir qayda olaraq, gəlirlə işləməyən, dərəcə
proqramları təklif edən təhsil müəssisələrini
akkreditasiya edirlər.
2011-2012-ci illərdə 18 tanınmış akkreditasiya qurumu
7818 təhsil müəssisəsini (ümumilikdə 30400 ixtisas və
proqram) akkreditasiyadan keçirmişdir. O cumlədən,
bunların 3050-si regional akkreditasiya qurumu
tərəfindən, 4298-i Milli karyera yönümlü akkreditasiya
qurumu və 470-i isə dini yönümlü akkreditasiya qurumları
tərəfindən akkreditasiya olunmuşdur. Bütövlükdə bu
akkreditə olunmuş təhsil müəssisələrində 28 milyona
yaxın tələbə təhsil alır.
Akkreditorların bəziləri ilə tanış olaq. Məsələn,
ABET(1932-ci ildə yaranıb) 1997-ci ildə Amerika Ali
Təhsilin Akkreditasiyası Şurası tərəfindən tanınıb və
tətbiqi elmlər, kompüter elmləri, mühəndislik və
mühəndislik texnologiyaları ixtisaslarını akkreditə edən
qurumdur. 2011-2012-ci illərdə 3259 təhsil müəssisəsini
və ya proqramları akkreditasiyadan keçirmişdir. Tibbi
Təhsil Proqramlarını akkreditasiya edən Komissiya
(1994-cü ildə yaradılmışdır) həmin müddətdə
(2011-2012-ci illər) 1980 proqram və təhsil müəssisəsini
(70000 tələbə) akkreditasiyadan keçirmişdir. Amerika
Stomatoloji Assosiasiyasının Stomatologiya
Akkreditasiyası Komissiyası (1975-ci ildə yaranıb) 1449
proqram-ixtisası və fakültəni (52985 tələbə)
akkreditasiya edib.
Akkreditasiya qurumlarında 2011-2012-ci illərdə
bütövlükdə 850 tam ştatlı (o cümlədən 102 yarımştatlı)
işçi olmuşdur. Bu qurumların büdcəsi 115 milyon dollar
olmuşdur. Bundan başqa akkreditasiya işində 20 mindən
çox könüllü iştirak etmişdir ki, onlara da 21 milyon
dollardan çox pul ödənilmişdir.
Bəs aparılan akkreditasiyalar zamanı hansı nəticələr
əldə olunmuşdur?
1) İlkin akkreditasiya qabağı müraciət edən təhsil
müəssisələrinin 545-i bəyənilmişdir, ilkin
akkreditasiyaya üçün müraciət edənlərin isə 26-na rədd
cavabı verilmişdir.
2) İlkin akkreditasiyanın nəticələrinə görə 1108
müəsssisə və proqrama müsbət cavab verilmişdir, 49-na
isə rədd cavabı verilmişdir.
3) Yenidən akkreditasiya üçün müracət edənlərin 3280-nə
müsbət rəy verilmiş, 1556-na müəyyən müddət verilmiş,
161-nə xəbərdarlıq edilmiş, 131-nə sınaq müddəti
verilmiş, 603-nə şərti cəza verilmiş və 94 müəssisə isə
bağlanmışdır.
Göründüyü kimi, ABŞ akkreditasiya qurumlarının işi çox
əhatəlidır, eyni zamanda bu mürəkkəb bir prosesin həyata
keçiririlməsini tələb edir.
Bundan başqa ABŞ akkreditasiya qurumları beynəlxalq
akkreditasiya proqramlarında da çox fəal iştirak
edirlər. Göstərilən müddətdə bu qurumlar tərəfindən 122
ölkədə 720 təhsil müəssisəsı və proqramı akkreditasiya
olunmuşdur.
Akkreditasiya aparan təşkilatlar bir qayda olaraq,
hesablılıq prinsipi ilə işləyirlər. Onlar akkreditə
etdikləri universitetlərə, akkreditə etdikləri
proqramlara görə təhsilə investisiya eləyən dövlət və
cəmiyyət qarşısında böyük məsuliyyət daşıyırlar. Çünki
keyfiyyətli təhsil hamının arzu elədiyi və görmək
istədiyi təhsildir.
Akkreditasiyaya cavabdeh olan qurumların özləri də
fəaliyyət göstərmələri üçün "Tanınma (lisensiya
verilmə)" prosesini keçməlidirlər. Onların tanınması,
fəaliyyətlərinin hüquqi müstəviyə keçməsi özəl təşkilat
olan Ali Təhsilin Akkreditasiyası Şurası (CHEA), ya da
ABŞ Təhsil Departamenti (Təhsil Nazirliyi) tərəfindən
tanındıqdan sonra baş verir. Akkreditasiya prosesi
birmənalı şəkildə qeyri-hökumət təşkilatının işi olsa
da, bunu onların tanınması prosesinə aid etmək olmaz.
Onda belə bir sual ortaya çıxır - Tanınma (fəaliyyətə
lisenziya verilmə) prosesi necə baş verir?
Bunun üçün bir neçə prosedur qaydadan keçmək lazımdır:
1) Ali Təhsilin Akkreditasiyası Şurası və ABŞ Təhsil
Departamenti tanınmaq-lisensiya qazanmaq istəyən
akkreditasiya təşkilatlarının birmənalı surətdə yerinə
yetirməli olduqları standartlar hazırlayırlar.
2) Akkreditasiya təşkilatı tanınma standartları əsasında
özünü qiymətləndirmə mərhələsini keçirlər.
3) ATAŞ və ya ATD öz nümayəndə heyətlərin
i həmin akkreditasiya təşkilatlarına göndərə bilər və
sonra da onların hesabatlarını tələb edə bilərlər.
4) Təhlillər əsasında tanınma-lisenziya üçün müraciət
edən akkreditasiya təşkilatına ya müsbət, ya da mənfi
cavab verilə bilər.
5) Müsbət cavab almış akkreditasiya təşkilatları öz
lisenziyalarını saxlamaq üçün müntəzəm olaraq nəzarətdən
keçirilirlər.
Ali Təhsilin Akkreditasiyası Şurası akkreditasiya ilə
məşğul olmaq istəyən qurumların professionallığını
yoxlamaq üçün 6 cür standartlardan istifadə edir. Bu
standartlar əsasən akademik keyfiyyətin təminatına və
təhsil müəssisəsinin və proqramların inkişafına daha çox
diqqət yetirir.
Akkreditasiya ilə məşğul olan qurumlardan bir mənalı
surətdə tələb olunur ki, akademik keyfiyyəti yoxlama
prinsiplərini, hesabatlılıq-məsuliyyət prinsiplərini
daim inkişaf etdirsinlər, müasirləşdirsinlər,
fəaliyyətlərində məqsədyönlü dəyişikliklər aparsınlar,
düzgün, ədalətli qərarların verilməsi prosesində
şəffaflığı təmin etsinlər, müntəzəm olaraq akkreditasiya
təcrübələrini daim yenidən qiymətləndirsinlər və maliyyə
dayanıqlıqlarını saxlasınlar.
Ali Təhsilin Akkreditasiyası Şurasınin akkreditorları 10
illik müddətə (iki aralıq hesabatlar verilməklə)
lisenziya alırlar. Qeyd etdiyimiz 6 yoxlama standartları
hansılardır?
1) Müasir akademik keyfiyyət - Akkreditorların özlərinin
akademik keyfiyyəti nümayiş etdirən aydın kriteriyaları
və gözləntiləri olmalıdır ki, akkreditasiya etdikləri
təhsil müəssisəsinin və proqramların keyfiyyət
standartlarını təmin edib-etməmələrini müəyyən edə
bilsinlər.
2) Hesabatlılıq və cavabdehlik - Akkreditorlar təhsil
müəssisələri və proqramların müasirliyini,
yararlılığını, akademik keyfiyyətini, keyfiyyətli kadr
hazırlığı ilə cəmiyyətdə və təhsilə investisiya
edənlərdə inamın artırılmasını təmin edən akkreditasiya
prosesinin formalaşdırılmasını nümayiş etdirsinlər.
3) Müasirləşmə və təkmilləşmə üçün özünütəhlil və
planlaşdırma - Akkreditorlar təhsil müəssisələri və
proqramların akkreditasiyası zamanı davamlı olaraq
yeniləşdirilmiş və təkmilləşdirilmış özünüdəyərləndimənı
həyata keçirməlidir.
4) Qərarların qəbul olunmasında uyğun və ədalətli
prosedurların tətbiqi - Akkreditorlar uyğun və ədalətli
qərarların qəbulu üçün müvafiq təşkilati siyasətə və
prosedurlara malik olmalıdırlar ki, effektiv yoxlama və
balansı qoruya bilsinlər.
5) Akkreditasiya təcrübəsinin davamlı olaraq icmalını,
xülasəsini nümayiş etdirmək - Akkreditorlar özlərinin
akkreditasiya fəaliyyətlərinin təhlilini verməlidirlər.
6) Kifayət qədər resurslara malik olmaq - Akkreditorlar
stabil və kifayət qədər resurslarını (birinci növbədə,
maliyyə resurslarını) qoruyub saxlamalıdırlar.
ABŞ Təhsil Departamentinin də akkreditorları tanımaq (lisenziya
vermək) prosesi üçün öz standartları vardır. Təhsil
Departamentindən lisenziya almaq təhsil müəssisələrinə
federal hökumətdən tələbələrə maliyyə dəstəyi və digər
məqsədlər üçün qrantlar, təqaüdlər almaq imkanı verir.
ABŞ Təhsil Departamentinin lisenziyasının müddəti bir
qayda olaraq, 5 illik müddətədir. Təhsil Departamenti
10-a yaxın standart əsasında akkreditorların tanınması
(eləcə də tanınmaması) haqqında tövsiyə seçilmış təhsil
ekspertlərinin və ictimaiyyət nümayəndələrinin təmsil
olunduğu "Təhsil Müəssisəsinin Keyfiyyəti və
İnteqrasiyası üzrə Milli Məşvərət Komitəsi"nə təqdim
edilir. Bu komitə isə öz növbəsində ABŞ Təhsil Katibinə
(təhsil nazirinə) öz tövsiyəsini verir. Son qərar məhz
burda qəbul edilir.
ABŞ Təhsil Departamentinin isə əsaslandığı standartlar
bunlardır:
1) Dövlət lisenziya (buraxılış) imtahanının nəticələri,
eləcə də məzunların işə qəbul olma reytinqi.
2) Tədris proqramlarının keyfiyyəti.
3) Professor-müəllim heyətinin hazırlığı.
4) Təhsil üçün əlverişli şərait, avadanlıq və digər
təchizatın lazımi normada, səviyyədə olması.
5) Maliyyə və administrativ gücün olması.
6) Tələbəyə dəstək (yataqxana, yeməkxana, kitabxana,
tələbə təşkilatları, təqaüd proqramları və s.) məsələsi.
7) İnsan resursları, akademik nəşrlərin olması.
8) Professional peşə hazırlığı standartlarının olması.
9) Tələbələrin ərizə və şikayətlərinin qeydiyyatı,
akademik göstəricilərinin qeydiyyatının olması və s.
Təhlillərdən də göründüyü kimi, ABŞ akkreditasiya
sistemi kifayət qədər mürəkkəb bir proses olsa da,
keyifyyətin təmin olunmasına və artırılmasına birbaşa
məsuliyyət daşıyır. Akkreditasiya təhsil icmasının
həyata keçirdiyi özəl (qeyri-hökumət) və gəliri olmayan
bir prosesdir. Eyni zamanda akkreditasiya dövlətlə
qarşılıqlı münasibət, əlaqə deməkdir, xüsusilə ali
təhsilin maliyyələşməsi istiqamətində.
(Materialın hazırlanmasında ABŞ Dövlət Departamentinin
və digər akkreditasiya qurumlarının akkreditasiya
haqqında sənədlərinə istinad edilmişdir) |