Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Şərəfli ömrün səksəninci baharında

 

Könül NƏHMƏTOVA
[email protected]

Hər bir uğurlu həyat salnaməsinin ən şərəfli səhifələrində elə müəllim adları var ki, qırmızı xətlə yazılır. Həmçinin, adı bu səhifələrə düşən müəllimlərin ömür tarixçəsində böyük şəxsiyyətlərin adları yer alır. Müəllim ömrü haqqında yazmaqla söz tükənmir. Çünki sözün dəyərini müəllim müəyyənləşdirir bizim üçün. Sevimli müəllimlərin fəaliyyətinin mükafatı olaraq da gözəl sözlərdən dəyərli heç nə tapmaq olmur. Belə dəyərli müəllimlərimizdən biri də mənalı ömür sahibi 80 yaşlı əməkdar müəllim Fatma Şahbaz qızı Şahmərdanovadır.  

Həyat tarixçəsi

 Fatma Şahmərdanova 1934-cü il noyabrın 23-də Naxçıvan şəhərində qulluqçu ailəsində dünyaya gəlib. Altı qız övladı olan ailənin ilkidir. 1953-cü ildə Naxçıvan şəhərindəki 2 nömrəli qızlar məktəbini fərqlənmə attestatı ilə bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, 1957-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Nümunəvi davranışı və çalışqanlığı ilə universitet kollektivinin diqqətini çəkən Fatma müəllim orada qalıb dərs demək təklif olunsa da, ailənin maddi sıxıntılarını nəzərə alaraq Naxçıvana qayıtmağı tərcih edib. Ailənin sıxıntısı atası Şahbaz Şahmərdanovun vaxtsız vəfatı ilə bağlı idi. Fatma müəllim evin ilk övladı olduğundan özündən kiçik bacılarının qayğısı onun üzərinə düşüb.

1957-ci ildə təhsil aldığı Cəlil Məmmədquluzadə adına 2 nömrəli orta məktəbə müəllim kimi qayıdan Fatma Şahmərdanovanın keyfiyyətli ömür tarixçəsi sinif otaqlarından başlayıb. Fatma müəllim elə ilk günlərdən mülayim təbiəti, səmimiyyəti, qayğıkeşliyi, gülərüzlüyü ilə şagirdlərinin, həmçinin məktəbin müəllim kollektivinin sevimlisinə çevrilir. O, məktəbdə göstərdiyi zəngin fəaliyyəti ilə yanaşı, Naxçıvanın  ictimai işlərində də fəal iştirak edir.

1973-cü ildə peşəyönümlü orta təhsilli kadrlar hazırlayan 32 nömrəli texniki peşə məktəbinin fəaliyyət dairəsi genişləndiyindən və bu zaman təcrübəli müəllimlərə ehtiyac duyulduğundan Fatma müəllim həmin məktəbə göndərilir. O, burada da kollektivin sevgisini qazanaraq öz fənninin nümunəvi təlimçisinə çevrilir. Fatma müəllim fizikanın adi həyat tərzində də əhəmiyyətini şagirdlərinə anlatmaqla bu fənnə maraq yaratmaq qabiliyyətində olan bir pedaqoq  kimi təhsil işçilərini daim diqqətində olub.

Fatma Şahmərdanova müəllimlik fəaliyyəti ilə  705 saylı hərbi hissə məktəbinin də inkişaf tarixinə öz töhfələrini verib. Belə ki, 1992-ci ildən 2004-cü ilə qədər Azərbaycan hərbiçilərinin yetişdirilməsinə sərf olunan fəaliyyət illəri onun ömür tarixçəsinin ən şərəfli illərindəndir.Böyütmək üçün şəkili seçin

2004-cü ildə F.Şahmərdanovanın 70 illik yubileyi və 50 illik müəllimlik fəaliyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikası səviyyəsində təntənəli tədbir keçirilib.

70 yaşında təqaüdə çıxan Fatma Şahmərdanovanın bu il noyabr ayının 23-də 80 yaşı tamam olur. Təqaüdə çıxsa da, Fatma müəllimin əməlləri şagirdlərinin fəaliyyətində öz ömrünü davam etdirir.

 Həyatının ən unudulmaz anı 

Fatma müəllim daşıdığı adı qürur, sədaqət və səxavət kimi həyat prinsipləri ilə daim doğrultduğu üçün fəaliyyəti də yüksək qiymətləndirilib, xidmətləri unudulmayıb. Azərbaycan Respublikası və Naxçıvan MR Təhsil nazirliklərinin, Naxçıvan MR Ali Məclisinin fəxri fərmanları ilə təltif edilib, M.Mehdizadə adına diploma, "Əmək veteranı" və III dərəcəli "Əmək şöhrəti" ordenlərinə layiq görülüb. Fatma Şahmərdanovanın həyatında ən unudulmaz anlardan biri də 1978-ci ildə respublika müəllimlərinin VI qurultayında xalqımızın ümummilli lideri Heydər Əliyevin ona "Əməkdar müəllim" fəxri adının  vəsiqəsini və döş nişanını şəxsən təqdim etməsidir. Təcrübəli pedaqoq Fatma Şahmərdanova  müəllimlik fəaliyyəti boyunca 30-dan çox mükafat, orden və medallarla təltif edilib. 

Ulu öndər Heydər Əliyev haqqında xatirələr 

"Azərbaycan müəllimi" qəzetinin 19 noyabr 2004-cü il tarixli 47-ci nömrəsində  H.Şəkərəliyevin "Özü kimi əməkdar müəllimlər yetişdirən müəllim" məqaləsi ümummilli lider Heydər Əliyev haqqında Fatma müəllimin kövrək xatirələri ilə diqqətimizi çəkdi. Fatma müəllim dahi rəhbəri hələ orta məktəbdə oxuduğu illərdən tanıması barədə maraqla söhbət açır:

- Heydər Əliyevlə eyni məhəllədə yaşasaq da, döngələrimiz ayrı idi. Tez-tez oxuduğum 2 nömrəli məktəbə gələr, müəllimlərlə, xüsusən, xarici dil müəllimləri ilə görüşərdi. İlk görüşümüz isə Naxçıvan MR-in 50 illiyində oldu. İncəsənət Muzeyinin açılışında iştirak edən qabaqcıl müəllimlərdən biri də mən idim. O dahi şəxsiyyətin maarifə, təhsilə, müəllimlərinə göstərdiyi ehtiramın şahidi oldum. Bir vaxtlar möhtərəm Heydər Əliyevə dərs demiş Mir Cəfər Mirişli və Əli Əliyev ön cərgədə əyləşmişdilər. Heydər Əliyevin gəlişi münasibətilə onlar da ayağa qalxanda o, cəld onlara yaxınlaşdı və bildirdi ki, mən sizin əllərinizdən öpəcəyəm. Müəllim əlləri buna layiqdir.

Heydər Əliyev o vaxt hamımızla səmimi görüşdü, təhsildən söz açdı və daha savadlı gənclər yetişdirməyi tövsiyə etdi.

 1990-cı ildə Heydər Əliyevin Naxçıvana qayıdışı insanlarda bir oyanış, sabaha inam hissi yaratdı. Qaldığı kasıb koma ziyarətgaha çevrilmişdi. Bacılarım Həqiqə və Tərifə də onu görmək üçün Bakıdan gəlmişdilər. Birlikdə onun görüşünə getdik. Ənvər və Məmmədqulu müəllim də onun yanında əyləşmişdilər.  Məmmədqulu müəllim mənə dərs demişdi. Bizi onunla tanış edəndə Heydər Əliyev yaşadığımız ünvanı soruşdu. Döngəmizi bildikdə orada yaşayan və hamının hörmət bəslədiyi poçtalyon Kərim ağanın və tibb bacısı Leylanın adlarını çəkdi. Gülə-gülə dedi ki, biz qonşuyuq ki...

H.Şəkərəliyev Fatma müəllimin kövrək duyğularının yaratdığı göz yaşlarının şahidi kimi yazır: "Xatirələr yada düşdükcə Fatma müəllimin kövrək duyğuları baxışlarında da sezilirdi. Sonuncu görüşünü isə dolmuş gözlərindən kədərli çöhrəsinə süzülən göz yaşlarını silməklə xatırladı. 2002-ci ildə Şahbuzdakı hərbi hissənin açılış tədbirində iştirak edən möhtərəm Heydər Əliyev hamı ilə bir-bir görüşürdü. Mənim qarşımda ayaq saxladı. Hiss olunurdu ki, görülmüş işlərdən çox razıdır.

- Görürsən, necə ordumuz var, müəllim, - dedi.

Nəzərlərini "Əməkdar müəllim" nişanına yönəltdiyini görüb dedim:

- Qüdrətli ordumuzun təməlini yaratdığınız kimi, bizlərin də əməyini həmişə layiqincə qiymətləndirmisiniz. Ona görə də həmişə Sizə borcluyuq.

Gülümsündü. Köhnə qonşu kimi hal-əhval tutub, işimlə maraqlandı".

Xatirələrdən göründüyü kimi, keyfiyyətli müəllim ömrü tariximizin bir parçasıdır. Müəllim öz yetişdirmələri ilə tarixin yazılmasında önəmli rol oynayan ictimai xadimdir.  

Yetirmələri ilə fəxr edir 

Fatma Şahmərdanovanın 50 illik müəllimlik həyatı tarixçəsində bir sıra görkəmli şəxsiyyətlərin adı yer alır. Onun keçmiş şagirdləri sırasında yüzlərlə elmlər namizədi, elmlər doktoru, məktəb direktoru, qabaqcıl müəllimlər, tanınmış sənət adamları var. Fatma müəllimin yetişdirmələri arasında özündən on dörd yaş kiçik olan bacısı Bəsti İsmayılova da var. Bəsti xanım hazırda "Azərbaycan" nəşriyyatı direktorunun istehsalat üzrə müavinidir. 48 illik iş təcrübəsi var. Fatma xanımın müəllimlik səriştəsi bir şagird kimi öz bacısını da qane etmiş, mülayimliyi, qayğıkeşliyi ilə yaddaşında yalnız xoş təəssüratlar buraxmışdır. Bəsti xanımdan aldığımız məlumata görə, Farma müəllim şagird tərbiyəsində cəza və qəzəbdən istifadə etməyi sevməz, öz təmkinli davranışı, həmçinin tələbkar və ciddi xarakteri ilə sinfi ələ almaq qabiliyyətinə malik idi. Çox qəzəbləndiyi anlarda şagirdlərə tapşırıqlar verməklə sinfi bir neçə dəqiqəlik tərk edib, sakitləşdikdən sonra qayıdarmış.

Fatma müəllimin şagirdi, əməkdar müəllim Nazim Bayramov sonra da öz müəllimi ilə həmkar olub. O, 705 saylı hərbi hissə  məktəbinə direktor təyin olunanda öz müəllimini məktəbə əməkdaşlığa cəlb edir.  Keçmiş şagirdinin diqqətini çəkən Fatma müəllimin yalnız fizika fənnini tədris etmək yox, şagirdlərə ana qayğısı ilə yanaşıb vətənpərvər, insansevər, həyata inamlı şəxsiyyətlər yetişdirmək kimi səriştəsi çəkmişdir. Bu səbəbdən də rəhbərlik etdiyi məktəbdə  sevimli müəllimini əməkdaşlığa cəlb etməyi özünə şərəf bilmişdir. N.Bayramovun yadında Fatma müəllim gözəl insan, qayğıkeş ana, müəllim, vətənpərvər bir insan kimi qalıb. İnanırıq ki, şagirdlərindən daha kimləri dindirsək, onun haqqında eyni fikirləri eşidəcəyik. 

Müəllimin şəxsi həyatı da cəmiyyətə nümunə olmalıdır 

Müəyyən bir peşə sahibi ilə ünsiyyətdə olarkən ondan aldığımız ilk təəssürat, haqqında eşitdiyimiz fikirlər maraq doğurur. Bu səbəbdən valideynlərə də öz övladlarının təlim və tərbiyəsini etibar etdikləri müəllimlərin şəxsiyyəti və hətta şəxsi həyatı ilə maraqlanmaq duyğusu yad deyildir. Müəllimin övladları təhsilli və intizamlıdırlarsa, onun etimadı cəmiyyətdə artıq olur. Fatma müəllim də bu etimadı qazanan pedaqoqlardandır. Öz nümunəvi müəllimlik etikası ilə örnək olduğu kimi, ailəsi və övladlarının da uğurlu təlim və tərbiyəsi ilə cəmiyyətdə hörmət qazanıb. Fatma Şahmərdanova böyük ailə başçısıdır, dörd övladı, səkkiz nəvəsi, üç nəticəsi var. Övladlarının dördü də ali təhsillidir və cəmiyyətdə müəyyən bir mövqe qazanıb.

Fatma Şahbaz qızı Şahmərdanova öz mənalı ömrü ilə bu gün də ailəsi, şagirdləri, müəllim yoldaşları tərəfindən sevilir, qiymətləndirilir. 50 illik müəllimlik təcrübəsi olan Fatma müəllimi biz də redaksiyamız adından 80 illik yubileyi münasibəti ilə təbrik edirik, ona uzun ömür, cansağlığı diləyirik.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov