Azərbaycan
Milli Konservatoriyasının tərkibində Musiqi Kollecinin
müəllim və tələbələri strukturuna daxil olduqları ali
məktəbin rəhbər işçiləri, o cümlədən də rektoru ilə
tez-tez görüşürlər.Tanınmış musiqi xadimi,
konservatoriyanın rektoru, Azərbaycan Respublikasının
xalq artisti, "Şöhrət" ordenli, professor Siyavuş Kərimi
də kollecdə keçirilən müxtəlif tədbirdə, xüsusən də
tələbələrin hesabat konsertlərində müntəzəm iştirak
edir, kollecin rəhbərliyi, müəllim və tələbə heyəti ilə
təmasda olur. İşgüzar xarakterli belə görüşlərdə
kollecin fəaliyyəti, inkişaf istiqamətləri, burada
tədrisin keyfiyyətinin yüksəldilməsi yönündə görülən
işlərlə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini
verir, dəvətli olduğu yubiley tədbirlərində yubilyarlara
öz ürək sözlərini çatdırır.
Noyabrın 21-də Musiqi Kollecində Siyavuş Kərimi ilə
keçirilən görüş isə belə tədbirlərdən xeyli fərqlənirdi.
Bu dəfə kollecin müəllim və tələbələri sadəcə
rektorlarının deyil, 60 illik yubileyi qeyd olunan
görkəmli sənətkarın görüşünə toplaşmışdılar.
Musiqi Kollecinin müəllim və tələbələri ilə yanaşı bir
sıra tanınmış mədəniyyət işçilərinin, o cümlədən xalq
artistləri Arif Babayev, Rauf Babayev, Azərpaşa Nemətov
və başqalarının iştirak etdikləri tədbiri kollecin
direktoru, əməkdar incəsənət xadimi, professor Nazim
Kazımov açaraq görüşün səbəbkarı və iştirakçılarını
salamladı, respublikamızın görkəmli incəsənət adamlarını
yenidən kolleclərində görməsindən məmnun olduğunu
söylədi.
115 yaşlı kolleclərində Azərbaycan musiqisi
korifeylərinin yubileylərinin tez-tez keçirildiyini
diqqətə çatdıran N.Kazımov bu dəfə də onlardan birinin -
istedadlı sənətkar, bəstəkar və oranjemançı, bacarıqlı
musiqi təhsili təşkilatçısı və pedaqoq, professor
Siyavuş Kəriminin işığına yığışdıqlarını bildirdi və
yubilyarı 60 yaşının tamam olması, bununla əlaqədar ölkə
Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif
olunması münasibəti ilə təbrik etdi.
Təbrik çıxışında yubilyarın həyat və yaradıcılıq yoluna
nəzər salan professor N.Kazımov S.Kəriminin 1954-cü il
noyabrın 9-da anadan olduğunu, Bülbül adına Orta İxtisas
Musiqi Məktəbində görkəmli sənətkar, muğamlarımızın
gözəl ifaçısı, tarzən Əhsən Dadaşovun sinfində təhsil
aldığını, muğamlarımızın sirlərini ondan öyrənib
mənimsədiyini bildirdi. Nazim müəllim Siyavuş Kərimi ilə
Azərbaycan Dövlət Konservatoriyasında tələbə yoldaşı
olduğunu xatırladaraq onun konservatoriyanın da tar
sinfini bitirdiyini, hələ tələbə ikən öz gözəl ifası ilə
onu dinləyənləri heyran qoyduğunu diqqətə çatdırdı.
Bildirdi ki, Siyavuş Kərimi hərbi xidmətdə olduğu dövrdə
də ifaçılıq bacarığını artırmış, tarla yanaşı bir çox
musiqi alətlərində, o cümlədən trubada, trombonda,
saksafonda çalmağı öyrənmiş və sonralar bu alətlərin də
mahir ifaçısı kimi tanınmışdır.
Çıxışında professor Siyavuş Kərimini yaradıcı bəstəkar,
istedadlı oranjemançı kimi səciyyələndirən N.Kazımov
onun öz yaradıcılığında Azərbaycan musiqisi ilə Qərb
musiqisini məharətlə sintez etdiyini, bir çox xarici
ölkə musiqi kollektivləri ilə birgə yaradıcılıq
fəaliyyəti göstərdiyini, eyni zamanda bir çox tamaşalara
musiqi bəstələdiyini diqqətə çatdırdı.
N.Kazımov Azərbaycanda ali musiqi təhsilinin inkişafında
Siyavuş Kəriminin xüsusi xidmətləri olduğuna diqqəti
yönəldərək onun ulu öndər Heydər Əliyevin sərəncamı ilə
yaradılan Azərbaycan Milli Konservatoriyasına rektor
təyin olunduğunu və uzun illər ona bacarıqla rəhbərlik
etdiyini, bu musiqi məbədinin milli musiqi kadrlarının
yetişməsində mühüm rol oynadığını söylədi.
Yubilyarın apardığı geniş ictimai işlərə də toxunan
kollecin direktoru bildirdi ki, S.Kərimi bir sıra
qurumların işində fəal iştirak edir. O, dövlət mükafatı
və "Humay" mükafatı komissiyalarının, Azərbaycan Teatr
Xadimləri İttifaqı İdarə Heyətinin üzvüdür. Qeyd olundu
ki, S.Kəriminin musiqimiz, musiqi təhsili sahəsindəki
xidmətləri dövlətimiz tərəfindən yüksək
qiymətləndirilmiş, o, Azərbaycan Prezidentinin
sərəncamları ilə "Əməkdar incəsənət xadimi", "Azərbaycan
Respublikasının xalq artisti" fəxri adları və "Şöhrət"
ordeni ilə təltif olunmuşdur.
Nazim Kazımov təbrik çıxışının sonunda sənətkarlar
arasında varislik məsələsi ilə bağlı bir məqamı da görüş
iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki,
Siyavuş Kərimi öz tarını bizim kollecin məzunu, mahir
tarzən, respublikanın əməkdar artisti Elçin Həşimova
bağışlamışdır.
Sonra kollecin direktor müavini, respublikanın əməkdar
müəllimi Gülzar Hətəmzadə kollec adından yubilyara
ünvanlanmış təbriki oxudu. S.Kərimiyə xatirə medalı və
tər çiçək dəstəsi təqdim olundu.
Görüşdə söz alan Azərbaycan Respublikasının xalq artisti
Rauf Babayev, Azərbaycan Teatr Xadimləri İttifaqının
sədri, respublikanın xalq artisti Azərpaşa Nemətov,
respublikanın xalq artisti Ağacəbrayıl Abbasəliyev
Siyavuş Kərimini 60 illik yubileyi münasibəti ilə təbrik
edib ona ürək sözlərini çatdırdılar, xatirələrini
söylədilər.
Tədris ocağının istedadlı tələbələri yubilyara həsr
etdikləri geniş və rəngarəng konsert proqramını təqdim
etdilər. Konsertdə S.Kəriminin əsərləri də ifa olundu.
S.Kərimi görüşə və haqqında deyilən xoş sözlərə görə
kollecin rəhbərliyinə, çıxış edənlərə, maraqlı konsert
proqramı üçün tələbə və müəllimlərə minnətdarlığını
bildirdi.
Konsertin sonunda yubilyar səhnəyə çıxaraq əməkdar
artist Anar Şuşalı ilə birlikdə mahnılarından birini ifa
etdi.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |