Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Paytaxt məktəblilərinin sağlamlığının monitorinqi aparılır

 

Böyüyən nəslin sağlamlığının qorunması və möhkəmləndirilməsi dövlətin çox əhəmiyyətli vəzifələrindən biridir və məhz bu səbəbdən təhsilalanların sağlamlığının qorunması məsələlərinə xüsusi diqqət ayrılır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan vəzifələrin icrasına nail olunmasında şagirdlərin psixi-fiziki və mənəvi sağlamlıq vəziyyəti müstəsna əhəmiyyət daşıyır. Bununla əlaqədar olaraq Təhsil Nazirliyinin 11 dekabr 2013-cü il tarixli, 913 saylı əmri ilə təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupu  yaradılmışdır. Qarşıda duran vəzifələrin həyata keçirilməsi məqsədi ilə  Milli Təhsil Texnologiyaları Mərkəzi ilə birgə "Sağlam təhsil - sağlam millət" layihəsinə start verilmişdir. Layihənin məqsədi təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması və tətbiqi, təhsilalanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı bir formada mənfi təsir göstərən amillərin araşdırılması və onların aradan qaldırılmasına  yönəlmiş tədbirlər planının hazırlanıb həyata keçirilməsidir.

2014-2015-ci tədris ilindən başlayaraq Bakıdakı 5 və Sumqayıt şəhərindəki 1 tam orta məktəbdə 15 pilot "Sağlam təhsil sinfi" fəaliyyətə başlamışdır. Pilot siniflərin yaradılmasında məqsəd şagirdlərin sağlamlığına mənfi təsir göstərən amillərin aradan qaldırılması, hərəki fəallığının artırılması, təhsilalanların sağlamlığının qorunması baxımından əlverişli mühitin yaradılmasıdır. Pilot siniflərdə tədrisin qismən ayaqüstə keçirilməsi nəzərdə tutulur. Belə tədris uşaqlarda hipodinamiyanın profilaktikası məqsədi daşıyır və uzun müddət oturaq vəziyyətlə əlaqəli orqanizmdə baş verən müxtəlif patalogiyaların qarşısının alınmasında böyük rol oynayır. Bu məqsədlə "Sağlam təhsil sinfi" uşaqların boy göstəriciləri nəzərə alınmaqla təlim üçün əlverişli xüsusi mebellə: oturaq və ayaqüstə iş üçün masalarla təchiz edilmişdir. Şagirdlər dərsin bir hissəsində ayaqüstə, digər hissəsində isə oturmuş vəziyyətdə işləyirlər. Pilot siniflərdəki şagirdlər də həmçinin tibbi monitorinqə cəlb edilmiş və onların sağlamlıq vəziyyəti, fiziki-psixi inkişafı öyrənilərək müqayisəli təhlil ediləcək.

Bununla əlaqədar olaraq layihə çərçivəsində bir neçə istiqamətdə işlər planlaşdırılmışdır. Məktəblilərin mövcud sağlamlıq vəziyyətini və təlim-tərbiyə şəraitini araşdırmaq üçün keçən tədris ilindən Bakı şəhəri məktəblilərinin sağlamlığının monitorinqi aparılır. Monitorinqlər Coca-Cola şirkətinin dəstəyi ilə həyata keçirilir. Monitorinq zamanı 10 min şagirdin fiziki, sinir-psixi inkişafı, sağlamlıq səviyyəsinin öyrənilməsi nəzərdə tutulmuşdur. Müayinələrdə pediatr, gigiyenist, oftalmoloq, nevropatoloq və psixiatrlar iştirak edirlər. 2014-cü ilin may-iyun aylarında Bakı şəhərinin beş tam orta təhsil müəssisəsində 2600-ə yaxın şagird tibbi müayinədən keçirilmişdir. Hazırda monitorinq davam etdirilir.

Aparılan araşdırmalar əsasında Təhsil Nazirliyinin təşəbbüsü ilə   təhsilalanların sağlamlığı baxımından əhəmiyyətli normativ sənədlər hazırlanır. Həmin normativ sənədlər ümumi təhsil müəssisələrinin maddi-texniki bazası, mebellər, sinif tərtibatı, avadanlıqlar, ləvazimatlar, otaqların işıqlandırılması, mikroiqlimi, habelə qida məhsullarına verilən tələbləri əks etdirir. Bu normativ sənədlərin  vasitəsilə ümumtəhsil məktəblərində sağlam təhsil mühiti yaradılacaqdır.  

Şəhla BALAYEVA,
Azərbaycan Tibb Universitetinin uşaq və yeniyetmələrin gigiyenası kafedrasının dosenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov