Dekabrın 11-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş
tədbir keçirilmişdir.
Tədbirdə institutun professor-müəllim heyəti,
tanınmış ziyalılar, Gənclər təşkilatının üzvləri,
müdavimlər, tələbələr, təhsil ictimaiyyətinin və KİV-in
nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları
institutun Heydər Əliyev muzey-lektoriyası ilə tanış
olduqdan sonra ümummilli lider Heydər Əliyevin xatirəsi
bir dəqiqəlik sükutla yad edildi. İnstitutun rektoru,
professor Asəf Zamanov tədbiri giriş sözü ilə açaraq
bildirdi ki, on bir il öncə ulu öndər əbədiyyətə
qovuşmuşdur. Lakin bu on bir ilin hər ili Heydər Əliyev
siyasətinin təntənəsi ili olmuşdur. Çünki bu müddət
ərzində Heydər Əliyevin siyasəti uğurla davam
etdirilmişdir. Azərbaycan böyük nailiyyətlərə imza
atmışdır. Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik
Şurasının üzvü seçilməsi və bu təşkilatda uğurlu
fəaliyyəti, 2013-cü ildə kosmik ölkələr qrupuna daxil
olması, Dünya İqtisadi Forumunun hesabatında
göstərildiyi kimi iqtisadi rəqabətlilik qabiliyyətinə
görə dünyanın 146 ölkəsi sırasında 38-ci yerdə olması bu
böyük nailiyyətlərin göstəricisidir.
Vurğulandı ki, məhz Heydər Əliyevin müdrik siyasəti
nəticəsində Azərbaycan sözün əsl mənasında müstəqil
dövlətə çevrilmişdir. Azərbaycanın ən yeni tarixinin hər
bir məqamı ümummilli lider Heydər Əliyevin adı, həyatı
və siyasi fəaliyyəti ilə sıx bağlıdır. İllər ötdükcə biz
onu daha dərindən dərk edirik.
A.Zamanov qeyd etdi ki, Azərbaycanın dövlət
xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider
səviyyəsinə yüksəlmişdir. Ulu öndər milli liderliklə
siyasi liderlik keyfiyyətlərini ehtiva etməklə,
fəaliyyət göstərdiyi bütün sahələrdə də özünü əsl lider
kimi təsdiq etmişdir. Bu dahi insan tarixi yazan və
yaradan, onu yönəltməyi bacaran nadir şəxsiyyətlərdən
idi. Təsadüfi deyil ki, onun həyata keçirdiyi islahatlar,
irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar,
söylədiyi fikirlər öz aktuallığı və obyektivliyi
baxımından ölçülüb biçildiyindən ətrafdakıları
heyrətləndirmiş, ona siyasət aləminin patriarxı adını
qazandırmışdır.
Diqqətə çatdırıldı ki, ümummilli lider Heydər Əliyev
müstəqil Azərbaycanda elmin, təhsilin inkişafına daim
xüsusi diqqət yetirmiş, elmi elitanın formalaşmasında
müstəsna xidmət göstərmişdir. Bu siyasət hazırda
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham
Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə
Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünərək,
ölkədə intellektual potensialın formalaşması üçün
bilikli və savadlı kadrların hazırlanmasına şərait
yaradırdı. Əgər 1969-cu ildə SSRİ-nin aparıcı ali
məktəblərinə təhsil almağa göndərilən gənclərin sayı 50
nəfər idisə, 1981-ci ildə Azərbaycanın elmi-tədqiqat
institutlarından, ali məktəblərindən göndərilən yuxarı
kurs tələbələrini, aspirant və doktorantları da nəzərə
alsaq, onların sayı 1000-dən çox idi. Bütün bunlar, ulu
öndərin uzaqgörən siyasəti, güclü iradəsi, möhkəm əzmi
sayəsində həyata keçirilirdi. Məhz həmin uğurlu
siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək
intellektual potensial formalaşmış, nüfuzlu elmi
məktəblər yaradılmışdır.
Tədbirdə millət vəkili, AMEA-nın müxbir üzvü, BDU-nun
kafedra müdiri, professor Bəxtiyar Əliyev "Əbədiyaşar
lider" , 2014-cü ilin Prezident təqaüdçüsü, tanınmış
şair Yusif Nəğməkar "Heydər Əliyev və Azərbaycan
ədəbiyyatı" mövzularında məruzələrlə çıxış edərək, ulu
öndərin dövlətimiz və dövlətçiliyimiz naminə qurub
yaratdığı müasir Azərbaycanın uğurlarından söz açdılar.
Digər çıxış edənlər də Heydər Əliyev irsinin Azərbaycan
xalqı üçün böyük məktəb olduğunu vurğuladılar.
Tədbir Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli
filmin nümayişi ilə başa çatdı.
Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi |