Mən vaxtilə "Azərbaycan müəllimi" qəzetində şöbə müdiri
işləmişəm. Baxın, redaksiyanızdan mənə verilən vəsiqəni
hələ də saxlayıram
Dekabrın 17-də XX əsr Azərbaycan
jurnalistikasının ən böyük simalarından biri, Bakı
Dövlət Universitetinin professoru, Prezident
təqaüdçüsü, əməkdar müəllim Şirməmməd Hüseynovun 90
yaşı tamam olur. Uzun illər Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsində işləmiş, fakültənin dekanı,
kafedra müdiri olmuş Şirməmməd müəllimin Azərbaycan
jurnalistlərinin bir neçə nəslinin yetişməsində böyük
əməyi vardır. Ağsaqqal müəllimimizi şərəfli yubiley yaşı
- anadan olmasının 90 illiyi münasibəti ilə ürəkdən
təbrik edir, ona möhkəm cansağlığı, pedaqoji
fəaliyyətində və elmi araşdırma işlərində uğurlar
arzulayırıq. Professor Şirməmməd Hüseynov vaxtı ilə
qəzetimizin əməkdaşı olmuş, 1948-1950-ci illərdə
"Azərbaycan müəllimi"ndə şöbə müdiri vəzifəsində
çalışmışdır. Qəzetimizin 2013-cü il 6 dekabr tarixli
nömrəsində tanınmış alim və jurnalist Şirməmməd
Hüseynovun geniş müsahibəsi dərc edilmişdir. Həmin
müsahibədən bəzi hissələri təqdim edirik.
- Şirməmməd müəllim, sizi Rəsulzadə irsinin ən böyük və
ilk tədqiqatçısı kimi tanıyırıq. Bu günlərdə cənab
Prezidentimiz Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam
imzaladı. Daha sonra cənab Prezidentlə görüşdə siz də
iştirak etdiniz. O görüş barədəki təəssüratlarınız?
- Orada etdiyim çıxışda mən öz fikrimi demişəm. Yəni,
ölkənin Prezidenti ilə görüşmək hər adama nəsib olmur.
Prezidentin dediyi fikirlər həm də elə mənim
fikirlərimdi. Yəni o, bu mövzuda hər şeyi dedi. Əlavə
eləməyə bir kəlmə yoxdu. Özü də biz jurnalistlərin
yazdığı qanun xarakteri, göstəriş xarakteri daşımır.
Amma Prezidentin dediyi rəhbər göstərişidir, o icra
olunmalıdır. Çox yüksək qiymətləndirdim. 65 ildir
dövlət rəhbərlərinin, rəsmi adamların çıxışlarını
eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub.
Qarşımızda yalnız Prezident şparqalkasız danışdı,
qəlbində olanları, düşündüklərini söylədi. Buradakı
jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs
keçdi. Mən o görüşdə çıxış edəndə öz fikirlərimi
Prezidentə dedim. "Biz camaat tərəqqisindən yazanlarıq.
Bu işləri, Vətənin abadlığı işlərini kim həyata keçirir?
Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Millət
salamatlığını kim təmin edir? Siz və Sizin başçılıq
etdiyiniz iqtidar. Camaat tərəqqisini kim həyata keçirir?
Siz və Sizin başçılıq etdiyiniz iqtidar.
Müstəqilliyimizin qarantı kimdir? Siz! Ona görə əgər Siz
bu işləri görməsəniz biz jurnalistlər nə yazarıq? Bizim
vəzifəmiz nə olar? Ona görə də Sizə "Jurnalistlərin
dostu" adını vermək qanunidir, təbiidir, seçim düzdür.
Sizi təbrik edirik".
Həmçinin, Prezident İlham Əliyevə Rəsulzadə ilə bağlı
sərəncama görə də təşəkkürümü bildirdim: "Təşəkkürüm
var Sizə. Mənim səksən doqquz yaşım var, gələn il 90
olacaqdır. Arzu edirəm mənim qədər yaşayasınız. Mən
ömrümün böyük bir hissəsini Cümhuriyyət tarixini
öyrənmək işinə sərf etmişəm. Çünki 110 il
müstəmləkəçilik rejimindən sonra 1918-ci il mayın 28-də
Azərbaycan öz müstəqilliyini elan etdi. Bu işin
təşkilatçıları var idi. Srağagün Məhəmməd Əmin Rəsulzadə
ilə bağlı sərəncam vermisiniz. Mən Məhəmməd Əmin
Rəsulzadənin bütün irsini öyrənən, çap edən adamam. Dörd
cildini buraxmışam. Beşincini hazırlayıram. Təxminən 15
min səhifə. Mən ərəb əlifbası ilə yazılmış 30-40 qəzetin
səhifələrini axtarmışam, bunları toplamışam. Ürəyimdə
deyirdim ki, bunları mən yazmışam və heç yana da
müraciət edən deyiləm. Srağagün sərəncamınızı oxuyanda
dedim ki, görəsən Prezident haradan bilirdi ki, mənim
ürəyimdən bu keçirdi? Yazmırdım, demirdim. Amma qəzetdə
yazılmışdı ki, Məhəmməd Əmin Rəsulzadənin anadan
olmasının 130 illiyi tamam olur. Məhəmməd Əminlə mənim
aramda cəmisi 40 yaş fərqi vardır".
Türk-islam aləmində ilk demokratik respublikanı
Azərbaycan türkləri yaradıb. Bundan böyük nə ola bilər?
Prezident dedi ki, bizim müstəqillik bayramlarımızın
içərisində ən böyük bayramımız 28 maydır.
Tarix həmişə hər millətə müstəqillik yaratmaq şansını
vermir.
Bizə ikinci şans da verildi. Kim gəldi o ikinci şansda?
Cənab Heydər Əliyev. Kim birinci şansı həyata keçirməyə
müvəffəq olmuşdu - Məhəmməd Əmin Rəsulzadə. Bu
şəxsiyyətlər özləri deməyiblər ki, mən dahiyəm, mən
öndərəm, mən rəhbərəm. Xeyr! Xalq deyib. Türklər o
millətdirlər ki, tarixdə 128 müstəqil dövlət yaradıblar.
O dövlətin altısını Azərbaycan Türkləri yaradıblar.
Azərbaycan Xalq Cümhuriyyəti tarixdə 114-cü Türk
dövlətidir. Bunu türk tarixçiləri yazırlar.
- Gələn il qəzetimizin 80 yaşını qeyd edəcəyik. Sizi də
qəzetimizin yubiley tədbirində görmək istərdik.
- Mən "Azərbaycan müəllimi"ndə 1948-50-ci illərdə
işləmişəm. O dövrdə sizin qəzetdə işləyənlərdən bir adam
qalıb? Deməli, əgər qalmayıbsa, qəzetinizin 80 illik
yubileyinə qalan bir adam lazımdı ya yox? Təkcə qəzetin
komplekti qalmır ki, adamlar da - canlı komplekt də
lazımdır. Sizə bir tövsiyəm var: Qocalar ömürlərini
yaşayıblar, işlərini görüblər, qocalara hörmət yaxşı
şeydir. Amma gərək cavanları işləməyə həvəsləndirəsən,
mükafatlar verəsən. Ən böyük hünər, cavanları işə cəlb
edə bilməkdir. Qəzetinizə kim əla yazı yazırsa, ona
mükafat vermək, həvəsləndirmək lazımdır.
- Uzunömürlülüyün bir açarı varmı?
- Bir hədis var: Deyir ki, insanların xeyirlisi uzun
ömürlü və əməlisaleh adamlardır. Tələbə vaxtı dörd il
Moskvada yaşadım, mənə bir qram belə araq içirə
bilmədilər. Nəfsinə hakim olasan gərək. Bu günə qədər
bir udum belə siqaret çəkməmişəm. Əvvəla ömrü verən
yaradandı. Amma Allah adama ağıl da, baş da verir də.
Yəni insan yaşayış tərzini özü seçir. Ana babam 97
yaşında vəfat edib. Bizim nəslimiz çox yaşayandı,
uzunömürlüdü. İnsanı yaşadan zəhmətdir, əməkdir, həm də
fiziki əməkdi. Yəni hər bir canlı özü üçün yaşayış
vəsaiti əldə etmək qabiliyyətinə malik olmalıdır.
Müstəqil yaşaya bilmək vərdişi adamı zəhmətə alışdırır.
Dünyada ən dəhşətli şey yeməyə aludə olmaqdır. İnsanın
ömrünü qısaldır. Çox yemək insanın başına fəlakətlər
gətirir.
Bu gün gözüm yaxşı görür, qulağım yaxşı eşidir, beynim
yaxşı işləyir, yaddaşım da yerindədir. Yarım saatdan
artıq televizorun qarşısında oturmaram. Gözümü
qoruyuram. Səsinə qulaq asıram. Hər gün ən azı
4000-5000 addım atıram. Axşam saat 11-dən o tərəfə oyaq
qaldığım vaxt yadıma gəlmir. Səhər 7-də dururam.
Kompüterlə məşğul olmuram. Heç mobil telefonu da
yaxınlığıma qoymuram. Arxivə gedəndə yarım saat
işləyirəm, 15 dəqiqə durub gəzirəm, dincəlirəm. Hər bir
insan özü özünə rejim yaratmalıdır. Hər şeyin öz vaxtı
olmalıdır. Gərək hərə öz həkimi ola. Hər gün qan
təzyiqimi ölçürəm, nizama salıram. Xalq təbabətindən də
istifadə edirəm. Mən heç vaxt maşın da sürməmişəm.
"Azərbaycan müəllimi"
6 dekabr, 2013-cü il |