Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən
məktəblərarası riyaziyyat və təbiət elmləri üzrə fənn
müsabiqələrinin ikinci mərhələsi yekunlaşıb.
Şagirdlərin riyaziyyat, fizika, kimya və biologiya
fənlərinə olan marağının artırılması, istedadlı
şagirdlərin aşkar olunması, məktəblilərin bilik və
bacarıqlarının nümayiş etdirilməsi, eləcə də şagirdlər
arasında müsbət rəqabətin yaradılması məqsədilə təşkil
olunmuş müsabiqələrdə Bakı və Sumqayıt şəhərlərinin
ümumi təhsil məktəblərindən 501 şagird iştirak edib. Hər
bir məktəb VI, VII, VIII və IX siniflər üzrə cəmi 9
şagirddən ibarət komanda ilə təmsil olunub.
Təbiət elmləri üzrə fənn müsabiqələrinin II mərhələsində
komanda hesabında Sumqayıt şəhəri humanitar və
riyaziyyat təmayüllü "İstedad liseyi", təbiət elmləri
təmayüllü gimnaziya, N.Gəncəvi adına texniki-təbiət
elmləri liseyi, paytaxtın 287 nömrəli "Zəkalar" və Bakı
Avropa liseyləri ən yüksək nəticə göstəriblər.
Riyaziyyat üzrə fənn müsabiqəsinin II mərhələsinin
nəticələrinə əsasən, komanda hesabında Sumqayıt şəhəri
təbiət elmləri təmayüllü gimnaziya, Bakıdakı 220 nömrəli
məktəb-lisey, 62 nömrəli tam orta məktəb, akademik
Zərifə Əliyeva adına lisey və 160 nömrəli klassik
gimnaziya ən yüksək nəticə əldə ediblər.
Qeyd edək ki, fənn müsabiqələrinin dekabrın 20-də
keçiriləcək III mərhələsində fərdi və komanda hesabında
fərqlənən şagirdlər qiymətli hədiyyələrlə
mükafatlandırılacaqlar. |