Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Orta ixtisas təhsilimizin flaqmanı

 

Azərbaycan Dövlət Pedaqoji Kollecinin 95 yaşı tamam oldu 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"
[email protected]

Böyütmək üçün seçinTəhsil tariximizə şərəfli səhifələr yazmış, "Azərbaycanın ən qocaman maarif ocaqlarından biri kimi milli təhsil sistemimizin inkişafında böyük rol oynamış" (Heydər Əliyev), yetirmələrinin sədası ölkəmizin hər bir şəhər və kəndindən gələn, təhsilimizə verdiyi böyük töhfələrə görə çox vaxt haqlı olaraq Qori Seminariyası ilə müqayisə edilən Azərbaycan Dövlət Pedaqoji Kollecinin 95 yaşı tamam olur. Bu yaşında müdrik bir qocaya bənzəyən kollec fəaliyyət göstərdiyi bütün dövrlərdə ölkəmizin orta ixtisas təhsili müəssisələrinin ən sayılıb-seçilənlərindən biri kimi şöhrətinin zirvəsində olmuş, fəaliyyəti, ənənələrə sadiqliyi, dövrlə, zamanla ayaqlaşmaq qabiliyyəti, innovasiya beşiyi olması, uğurları ilə həmişə örnək göstərilmişdir. Bu baxımdan kollecdə fəxr edilməli, təqdir edilməli, ibrət götürülməli və öyrənilməli cəhətlər çoxdur. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev şərəfli tarixinin  ən çətin zamanlarında belə öz böyük amalından - xalqa xidmət, onun maariflənməsinə kömək yolundan dönməyən, öz missiyasını həmişə məsuliyyətlə yerinə yetirən bu zəka və ülviyyət məbədinin, bilik və mənəviyyat ocağının fəaliyyətini yüksək qiymətləndirmiş, 80 illik yubileyi münasibəti ilə kollecə ünvanladığı təbrik məktubunda yazmışdır: "Bakı Pedaqoji Texnikumu respublikanın maarif ocaqlarını yüksək səviyyəli pedaqoji kadrlarla təmin emək sahəsindəki uzunillik fəaliyyəti ilə Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətlər göstərmişdir". 

Cümhuriyyətin yadigarı 

1919-cu ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Pedaqoji Kollecini tam əsasla Azərbaycan Demokratik Cümhuriyyətinin yadigarı saymaq olar. Çünki kollec məhz fəaliyyət göstərdiyi qısa müddət ərzində ölkədə təhsilin inkişafına, yeni təhsil müəssisələrinin yaradılmasına, maarif və mədəniyyətin yayılmasına böyük önəm verən, bu istiqamətdə bir sıra mühüm addımlar atan Azərbaycan Demokratik Cümhuriyyətinin  diqqət və qayğısı nəticəsində tarix meydanına atılmışdır.

Məlum olduğu kimi, ötən əsrin əvvəllərində cəmiyyətdə meydana gələn milli  oyanış, ölkənin yaşadığı çətin durumdan çıxış yolunun təhsildə, xalqın maarifləndirilməsində olmasının dərk edilməsi təhsilə tələbatı artırmış, təhsil hərəkatını genişləndirmiş, yeni-yeni məktəblərin açılmasını, mövcud təhsil ocaqlarının getdikcə daha sürətlə tərəqqi etməsini şərtləndirmişdi.

1918-ci il mayın 28-də özünün müstəqilliyini elan etmiş Azərbaycanda təhsili milli zəmində, yeni əsasda qurmaq və inkişaf etdirmək önəmli bir vəzifə kimi qarşıda dururdu. Xalqın maarifləndirilməsi, təhsilin inkişafı pedaqoji kadrlara da tələbatı artırırdı. 

Kollecin sələfləri

 Təhsil tariximizin o dövr tədqiqatçılarından biri olan tanınmış pedaqoq-alim Əjdər Ağayevin yazdığına görə, hələ 1916-cı ildə Bakıda Qızlar Seminariyası açılmış, lakin o,  cəmi iki dərs ili ərzində fəaliyyət göstərə bilmiş, 1918-ci ilin yay tətilindən sonra müvafiq kontingent toplanmadığından fəaliyyəti çətin duruma düşmüşdür. 1919-cu ilin yanvarında ADR hökumətinin qərarı ilə Qızlar Seminariyasının əvəzinə Bakı Kişi Müəllimlər Seminariyası (Darülmüəllimin) yaradılmışdır. Azərbaycan Dövlət Pedaqoji Kollecinin bilavasitə sələfi olan və ilk vaxtlar kiçik və böyük hazırlıq qrupları, I sinifləri fəaliyyət göstərən seminariyaya  məşhur pedaqoq Rəşid bəy Əfəndiyev rəhbərlik etmişdir.

1920-ci ildə Qori Müəllimlər Seminariyasının məzunu, tanınmış pedaqoq və maarifçi Pənah Qasımov Darülmüəlliminə direktor təyin olunmuşdur. 1921-ci ildə yenidən təşkil olunmuş bu məktəbə Pənah Qasımov dövrünün ən görkəmli, tanınmış müəllimlərindən Soltan Məcid Qənizadəni, Hüseyn Cavidi, Abdulla Şaiqi, Azad bəy Əmirovu, Səməd bəy Acalovu, Əli bəy  Qasımzadəni və başqalarını işə dəvət etmişdir. Seminariyanın ilk buraxılışı 1922-1923-cü tədris ilində olmuş, onu 9 nəfər azərbaycanlı gənc bitirmişdir. İkinci buraxılışda 24, üçüncü buraxılışda 28, dördüncü buraxılışda 56 gənc müəllim məzun olmuşdur.

1920-ci ildə Bakıda köhnə Marinskaya Qız Gimnaziyasının binasında ilk Darülmüəllimat - qızlar üçün seminariya da fəaliyyətə başlamışdır. Onun müdiri Azərbaycan xalqının fədakar maarifçi qadınlarından Mədinə Qiyasbəyli idi.

1926-cı ildə Maarif Komissarlığının sərəncamı ilə bu iki təhsil ocağı - Darülmüəllimin  və Darülmüəllimat birləşdirilərək Bakı Müttəhid (Birləşmiş) Pedaqoji Texnikumu kimi fəaliyyət göstərməyə başlamış və tezliklə respublikanın təhsil ocaqları arasında  görkəmli yer tutmuşdur. Birləşmiş məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini Qori Seminariyasının məzunu Cəmo Cəbrayılbəyli idi. 1927-ci ildə məktəbin birinci buraxılışı olmuş və onu 105 gənc bitirmişdir. O illərdə texnikum təkcə Azərbaycan üçün deyil, Orta Asiya və Dağıstan respublikaları üçün də pedaqoji kadrlar hazırlayırdı.

1930-cu ildə texnikumun adı dəyişdirilərək Beynəlmiləl Pedaqoji Texnikum adlandırılmışdır. Buna səbəb 1930-1931-ci dərs ilində məktəbdə rus və erməni şöbələrinin açılması olmuşdur.

1936-cı ildə texnikuma xalqımızın böyük satirik şairi və pedaqoqu Mirzə Ələkbər Sabirin adı verilmişdir.

1938-1939-cu dərs ilindən etibarən texnikum ümumtəhsil məktəblərinin ibtidai sinidləri üçün rus dili müəllimləri hazırlığına başlamış, bununla əlaqədar adı da dəyişdirilərək M.Ə.Sabir adına Rus Pedaqoji Məktəbi olmuşdur. Məktəb bu adla 1968-ci ilədək fəaliyyət göstərmiş, 1968-ci ildən isə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbi adlandırılmışdır.

1991-ci ilin dekabrında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən texnikum statusu verilən pedaqoji məktəb müstəqilliyimizin ilk 9 ili ərzində (1991-1999-cu illərdə) M.Ə.Sabir adına Bakı Pedaqoji  Texnikumu adı ilə fəaliyyətini davam etdirmişdir.

1999-cu ildə texnikumun 80 illik yubileyi ölkə miqyasında geniş qeyd edilmiş, ulu öndərimiz,  Azərbaycanın Prezidenti Heydər Əliyev yubilyar texnikuma təbrik məktubu ünvanlamışdır. Tədris ocağı özünün 80 illiyi ərəfəsində kollec statusunu almış və Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmışdır. İndiyədək bu adla fəaliyyət göstərən kollecin 90 illik yubileyi də 2009-cu ildə təntənəli mərasimlə xüsusi qeyd olunmuş, bu münasibətlə kollecin bir qrup müəllimi ölkə başçısı İlham Əliyevin sərəncamlarına əsasən "Əməkdar müəllim" fəxri adına və "Tərəqqi" medalına  layiq görülmüşdür.

Budur,  kollec artıq  95 yaşındadır. Bir əsrə yaxın ömrün zirvəsindən arxaya baxdıqda kollecin bu illər ərzində necə böyük, eyni zamanda uğurlu inkişaf yolu keçdiyini, adı tez-tez dəyişsə də xalqın təfəkküründə indi də  M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbi kimi yaşadığını, böyük Sabirin xalqının maariflənməsi, təhsillənməsi ilə bağlı arzularını necə gerçəkləşdirdiyini, yeniləşən, müasirləşən, dünyaya inteqrasiya edən təhsil sistemimizin nə kimi öncül bir tədris müəssisəsinə çevrildiyini  aydın görmək olar.  

Xalq üçün ürəyini şama çevirənlər 

Əlbəttə, ucalıq zirvəsinə çatmaq üçün ilk növbədə möhkəm bünövrə lazımdır. Pedaqoji kollecin də bünövrəsi məhz möhkəm qoyulduğundan bu gün o təməl üzərində öz ənənələrini yaşadaraq və zənginləşdirərək ucala bilir. Bu təməli qoyanlar isə Azərbaycanımızın ən say-seçmə oğulları, maarif və mədəniyyət xadimlərinin böyük bir dəstəsi olmuşdur. Ölkə, xalq üçün ürəyini şama çevirən, müqəddəs amallı, zəka qüdrətli, yaradıcılıq ehtiraslı həmin insanlara xalqımızın dahi oğulları  Üzeyir Hacıbəyovu, Hüseyn Cavidi, görkəmli maarif və mədəniyyət xadimləri Müslüm Maqomayev, Abdulla Şaiq, Sultan Məcid Qənizadə, tanınmış müəllimlər Səməd bəy Acalov, Şəfiqə xanım Əfəndizadə, Badsəba Köçərli, Kövsər xanım Yusibova, Nurməmməd Şahsuvarov, Cabbar Əfəndizadə, Atabala Musaxanlı, Sara xanım Xuramoviç, Qafur Rəşad, Sultanmurad Əliyev, sonralar görkəmli psixoloq və filosof kimi tanınan Əhməd Kərədi, həkim və  hüquqşünas Azad bəy Əmirov və başqalarını misal göstərmək olar. Onlar müxtəlif illərdə, xüsusən də kollecin fəaliyyətinin ilk dövrlərində burada dərs deyərək yüksək təhsil mühitinin formalaşmasına, ölkə üçün dəyərli pedaqoji kadrlar hazırlanmasına, bu tədris ocağının şöhrət çələnginin hörülməsinə öz böyük töhfələrini vermişlər.

Kollecin ilk direktorlarından olmuş Pənah Qasımovun xidmətləri isə xüsusi qeyd olunmalıdır. Onun digər fəaliyyətləri ilə müqayisəyə gəlməyən ən böyük xidməti isə məhz adları qeyd olunan böyük sənətkar və müəllimləri bu təhsil ocağına cəlb edə bilməsi, yüksək səviyyəli pedaqoji kollektiv formalaşdırmasıdır. Belə yüksək təhsilli, əqidəli, hazırlıqlı insanlar məhz özləri kimi dərin bilikli, yüksək peşə hazırlıqlı və vətənpərvər ruhlu müəllimlər hazırlamışlar. 

Kollecin adını ucaldan məzunlar 

Fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan Dövlət Pedaqoji Kollecini on minlərlə müəllim bitirərək ölkəmizin təhsil müəssisələrinə göndərilmişlər. Bu baxımdan kollec ölkənin çox az sayda elə ixtisas təhsili müəssisələrindəndir ki, onun məzunları bütün ölkəyə yayılmışdır.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, pedaqoji kollecin sələfi olan Darülmüəllimini ilk buraxılışda 9 nəfər bitirmişdir. Onların demək olar ki, hamısı sonralar ölkəmizin nüfuzlu mütəxəssis insanları olmuşlar. Respublikamızın tanınmış alimlərindən Mirəli Axundov, Məmməd Şıxlı və başqaları həmin məzunlardan idi.

Ümumiyyətlə, sonralar Azərbaycan elm və mədəniyyətinin, təhsilinin görkəmli simaları  kimi tanınmış bir çox insanlar müxtəlif illərdə kollecdən məzun olmuşlar. Onlara misal olaraq XX əsr Azərbaycan ədəbiyyatı, elm və mədəniyyətinin görkəmli nümayəndələri Mehdi Hüseyni, Mikayıl Müşfiqi, Mirvarid Dilbazini, Sabit Rəhmanı, Səid Rüstəmovu, Əfrasiyab Bədəlbəylini, maestro Niyazini, Salam Qədirzadəni, Məmmədhüseyn Təhmasibi, Əlisöhbət Sumbatzadəni, Əkrəm Cəfəri, Mərdan Muradxanovu, Fatma Süleymanovanı, Əli Sultanlını, Cabir Novruzu, Əzizə Cəfərzadəni və onlarca başqalarını göstərmək olar. Onlar bu elm və ülviyyət məbədindən biliklər və mənəviyyat əxz etmiş, özlərini həsr etdikləri müəllim peşəsinin, bu peşənin incəliklərini onlara aşılamış Pedaqoji Kollecin, buradakı zəhmətkeş,  yüksək peşəkarlığa malik mənəvi keyfiyyətlər daşıyıcısı olan müəllimlərinin adlarını ucaltmış, şöhrətlərini artırmışlar.

Kollecin nüfuzu cəmiyyətimizdə, xüsusən də pedaqoji ictimaiyyət arasında həmişə yüksək olmuş, bu ad onun məzunlarının ölkənin orta təhsil müəssisələrinə işə qəbulu üçün sanki bir brend rolunu oynamışdır. Çox vaxt "Sabir adına texnikumu bitirmişəm" demək kifayət edib ki, ən yüksək müsabiqədə belə seçilmək şansı qazanasan və işə qəbul olasan. Kollecin müasir məzunları da öz sələflərindən geri qalmayaraq getdikləri hər bir yerə kollecin adını, ruhunu, ənənələrini, ən əsası isə burada əxz etdikləri bilik, bacarıq və vərdişləri, interaktiv təlim mühitini, yüksək əhvali-ruhiyyəni aparırlar. Ən tələbkar təhsil müəssisələri müəllim seçimində məhz pedaqoji kollecin məzunlarına üstünlük verirlər. Məzunlar arasında neçə-neçə məktəb rəhbəri, əməkdar müəllim vardır. 

Hər zaman diqqət mərkəzində duran məsələ - keyfiyyət 

Hər yerdə, hər sahədə olduğu kimi Pedaqoji Kollecdə də qarşıya qoyulan  əsas məqsəd, fəth olunması nəzərdə tutulan hədəf dəyişməzdir. Bir əsrə yaxın müddətlik fəaliyyəti dövründə adı, öyrədilən ixtisasların sayı, çeşidi bir neçə dəfə dəyişsə də dövrün tələblərinə cavab verən müəllim hazırlamaq hədəfi dəyişməz qalıb. Dəyişən kontingenti olub - yeni tələbələr gəlib, məzunlar gedib. Müəssisədəki pedaqoji mühit dəyişib. Hər dövrün tələblərinə uyğun mühit formalaşdırılıb. Ənənələr dəyişib, keçmişin mütərəqqi ənənələri qorunub saxlanmaqla yeniləri yaradılıb. Bir də  dəyişən, özü də artıma, inkişafa doğru dəyişən təhsilin keyfiyyətidir.

İllərlə yaranmış və təhsilin keyfiyyətinin yüksəldilməsinə istiqamətlənmiş ənənələr kollecdə bu gün də yaşadılır və zənginləşdirilir.

Doğma Azərbaycanımızı inkişaf etdirmək, onun qüdrətini artırmaq, dünya dövlətləri arasında layiqli yer tutmasını təmin etmək üçün hazırda ölkəmizin bütün sahələrində irimiqyaslı işlər görülür, proqramlar, layihələr reallaşdırılır. İndi təhsilimizin qarşısında maddi sərvətləri insan kapitalına çevirmək, ölkənin gələcək inkişafını təmin edən yüksək ixtisaslı, vətənpərvər insanlar yetişdirmək kimi böyük vəzifələr durur. Ölkədə bu vəzifələrin yerinə yetirilməsini hədəfə alan təhsil islahatlarının konturları, əsas  strateji hədəfləri  2013-cü ildə qəbul olunmuş "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini tapıb. Belə bir şəraitdə kollecin qarşısında duran vəzifələr də yeni keyfiyyət qazanır: gələcək təhsilimizin təməlini möhkəm qoya biləcək ibtidai sinif müəllimləri, digər ixtisaslar üzrə pedaqoji kadrlar hazırlamaq, təhsilin keyfiyyətini artırmaq üçün təlim-tərbiyə prosesində  müasir dövrün çağırışlarına imkan verən yeni texnologiyalardan daha geniş və səmərəli istifadə etmək.

Bu vəzifələri həyata keçirmək üçün hazırda kollecdə yüksək təhsil mühiti, hazırlıqlı müəllim kollektivi, ən əsası isə bu kollektivin hər bir üzvündə yaradııcılıq, innovasiyalı çalışmaq əzmi vardır.

Hazırda 3500 nəfərdən çox tələbəsi olan Azərbaycan Dövlət Pedaqoji Kollecində "İbtidai sinif müəllimliyi", "Texnologiya müəllimliyi",  "Ailə və ev təhsili", "Təsviri incəsənət müəllimliyi", "Fiziki tərbiyə müəllimliyi", "İnformatika müəllimliyi", "Məktəbəqədər təlim və tərbiyə" ixtisasları üzrə mütəxəssislər hazırlanır. Bu il 780-dən çox məzun kollecdə aldığı yüksək nəzəri və praktik hazırlıqla həyata atılıb.

Kollecin 95 illik tarixi boyu bu təhsil müəssisəsi üçün həmişə ən önəmli olmuş peşəsinin kamil bilicisini, peşəkarını yetişdirmək məsələsi bu gün də ən aktual məsələ olaraq qalır.

Ölkədə aparılan təhsil islahatlarından, xüsusən də yeni dövrdə bu islahatların əsas strateji istiqamətlərini müəyyənləşdirmiş Dövlət Strategiyasından, eləcə də Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı" və digər aidiyyəti dövlət proqramlarından irəli gələrək kollecin 2010-2015-ci illər üzrə strateji inkişaf planı hazırlanmışdır və hazırda uğurla həyata keçirilməkdədir.

Əsas strateji məqsəd  Azərbaycan Dövlət Pedaqoji Kollecini elmi-innovasiya kollecinə çevirməkdir. Əsas strateji məqsədin reallaşdırılması üçün tədris prosesi, elmi potensialın yüksəldilməsi, elmi innovasiya fəaliyyəti və s. istiqamətlər üzrə strateji proqramlar, hər proqram üzrə tədbirlər müəyyənləşdirilmişdir. Hazırda bu inkişaf proqramını həyata keçirən kollecin pedaqoji kollektivi ən yeni təhsil texnologiyalarına əsaslanan pedaqoji təhsil modelinin yaradılması və inkişaf etdirilməsi, ənənəvi tədris modelindən müasir interaktiv tədris-metodik təhsil modelinə keçilməsi, tələbələrin tədris fəaliyyətinin qiymətləndirilməsi üzrə resursların hazırlanması və s. kimi məsələlər üzərində axtarışlar aparır və əldə olunmuş nəticələri tədris prosesində tətbiq edir.

Cari tədris ilindən kollecdə subbakalavrların hazırlanmasına başlanılmışdır.

Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan Dövlət Pedaqoji Kolleci respublikada pedaqoji  təmayüllü orta ixtisas məktəbləri arasında baza müəssisəsinə, pilot məktəbinə çevrilmişdir. 

Pedaqoji Kollec zəngin maddi-texniki bazaya malikdir 

Son illər ölkəmizdə geniş vüsət almış məktəb tikintisi və təmiri, tədris ocaqlarının zəruri avadanlıq və cihazlarla təmin olunması işləri Pedaqoji Kollecdən də yan keçməyib. Bir neçə il öncə kollec üçün yeni əlavə tədris korpusu tikilərək istifadəyə verilib. Yubilyar təhsil müəssisəsinin 90 illiyi ərəfəsində isə əsas tədris korpusu təmir olunub, auditoriyalar, laboratoriyalar, kitabxana, digər yardımçı otaqlar ən müasir səviyyəyə çatdırılıb.

Yeni tikilən tədris korpusu müasir avadanlıqlarla təmin olunub, mövcud avadanlıqların böyük bir qismi yeniləşdirilib. Burada  texniki avadanlıqlarla təmin olunmuş 45 kabinet, yüksək zövqlə təchiz edilmiş 120 nəfərlik akt zalı, 100 yerlik yeməkxana, 85 min müsxə kitab fonduna malik kitabxana, müasir resurs mərkəzi, həkim otağı, ötən il istifadəyə verilmiş və müasir avadanlıqla təchiz edilmiş  idman kompleksi və s. tələbələrin ixtiyarındadır.

İKT-nin tədris-təlim prosesinə daxil edilməsi son illər pedaqoji kollektivin fəaliyyətində aparıcı yer tutmuş və bu sahədə xeyli uğura imza atılmışdır. Kollecin müasir kompüterlərlə təmin olunmuş kompüter otaqları yeni dövrün bu möcüzəli qurğusundan bütün dərslərdə müəllim və tələbələrin faydalanmasına imkan verir. Tədris ocağı 9 komplekt 1Q-Board, 10 ədəd Mimio qurğusu, 138 ədəd noutbuk, 62 ədəd kompüter, 25 ədəd proyektor, 35 ədəd surətçıxaranla təchiz olunub. Bütün bunlar təlim prosesinin əyaniləşməsinə, keçilən mövzuların tələbələr tərəfindən dərindən mənimsənilməsinə, onlarda gələcək müəllimlər üçün zəruri olan kompüter bilikləri və bacarıqlarının formalaşmasına kömək edir.  Kollecdə yaradılmış məlumat bankından bu təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı istənilən informasiya almaq mümkündür.  

Sələflərinin işini layiqincə davam etdirən müəllimlər 

Kollecdə innovativ təlim mühitinin yaradılmasında, təhsilin və mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsində əsas ağırlıq, şübhəsiz, pedaqoji kollektivin üzərinə düşür. Həmişə təhsildə mühüm rol oynamış müəllim amili bu gün də öyrənmə və öyrətmə prosesində əsas yer tutur.

Kollecdə peşəkarlığın, paklığın, humanizmin, ədalətin təmsilçisi olan müəllimlər tərbiyə etməyi fəaliyyətlərinin hədəfi sayan peşəkar pedaqoqlar çalışır. Onlar sələflərinin yolu ilə gedərək, müəllim adının müqəddəsliyini qoruyan, bu gün cəmiyyətin müəllimdən nə tələb etdiyini gözəl dərk edən və tələbatı ödəmək üçün məsuliyyətlə, daxili borc hissi ilə çalışan mütəxəssislərdir.

Hazırda Pedaqoji Kollecdə 217 müəllim fəaliyyət göstərir. Onların elmi-nəzəri və peşəkarlıq səviyyəsi kifayət qədər yüksəkdir. Belə ki, müəllimlərin 1-i elmlər doktoru, 21-i elmlər namizədi, 16 nəfəri baş müəllim, 30 nəfəri isə dissertantdır.

Azərbaycan Dövlət Pedaqoji Kollecinə 20 ildən çoxdur ki, ölkədə ustad müəllim, mahir pedaqoq, istedadlı alim, müdrik ictimai xadim kimi tanınan bacarıqlı təhsil təşkilatçısı, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, "Şöhrət" ordenli Nurlana Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi altında kollec son illər xeyli inkişaf edərək pedaqoji profilli orta ixtisas məktəbləri arasında lider mövqeyinə çıxmış, idarəçilik sahəsindəki demokratikliyi ilə, tədris prosesində tətbiq olunan  metodların müasirliyi ilə, qeyri-ənənəvi dərs formalarının axtarışı və tətbiqi sahəsində topladığı zəngin təcrübə ilə ölkənin demək olar  ki, bütün orta ixtisas təhsili müəssisələrinə örnək olmuşdur.

Bu şöhrətli tədris müəssisəsinə rəhbərlik etdiyi illərdə Nurlana xanım özünü pedaqoji aləmdə bacarıqlı və işgüzar təhsil işçisi kimi göstərmiş, yenilikçi ideyaların təşəbbüsçüsü və yerinə yetirilməsinin bacarıqlı təşkilatçısı kimi tanıtmışdır.

Yeni tədris metodlarının hazırlanması, eksperimentlərin keçirilməsi, əldə edilən nəticələrin kollec daxilində və respublika orta ixtisas təhsili müəssisələri arasında yayılması sahəsində Nurlana xanımın şəxsi təcrübəsi və təşəbbüsü pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bütün bunların nəticəsidir ki, onun rəhbərlik etdiyi Pedaqoji Kollec təhsil islahatlarının önündə gedir. Özü yaradıcı, bir sıra kitab, dərslik və monoqrafiyanın müəllifi olan N.Əliyeva bu baxımdan kollecdəki müəllimlərə bir nümunədir. Məhz bu nümunənin - direktorun bu sahədə göstərdiyi şəxsi nümunənin müəssisədə yaradıcı mühiti təşviq etməsinin nəticəsidir ki, kollecin müəllimlərinin böyük bir qrupu dərslik, dərs vəsaiti, elmi-metodik məqalə, tövsiyə müəllifidir. Təkcə  son 5 ildə kollecin müəllimləri tərəfindən 23 dərslik, dərs vəsaiti, proqram hazırlanmış, 36 tədris-metodiki tədbir və konfrans keçirilmişdir. İşgüzar, interaktiv-axtarıcılıq, öyrənmə mühitinin hökm sürdüyü kollecdə müəllimlər öz üzərlərində müntəzəm çalışır, yenilikləri öyrənir və tətbiq edirlər. Son 5 ildə kollecin 90-a yaxın müəllimi müxtəlif öyrədici, ixtisasartırma kurslarında, təlimlərdə, seminarlarda iştirak edərək 138 sertifikata sahib olmuşdur.

İnnovasiyalar beşiyi kimi tanınan Pedaqoji Kollecdə müəllimlər təlim prosesinə yaradıcı, qeyri-standart yanaşır, dərsdə yeni texnologiyaların, müasir, interaktiv təlim üsullarının tətbiqinə, müəllim-tələbə əməkdaşlığının ən yüksək səviyyədə qurulmasına, dərsdə optimallaşdırma və interaktivləşdirməyə xüsusi diqqət yetirirlər. 

Təlimin davamı tədbirlər 

Müasir insan, vətəndaş, yüksək ixtisaslı mütəxəssis yetişdirmək üçün şagirddə, tələbədə vətəndaşlıq keyfiyyətlərinin, milli mənəvi dəyərlərin, milli mənlik şüurunun aşılanması lazımdır. Bunun üçünsə sistemli iş aparılmalıdır. Gələcəkdə böyüməkdə olan nəslin mənəvi-əxlaqi keyfiyyətlərə yiyələndirməli olan müəllimlərin hazırlandığı Pedaqoji Kollecdə bu məsələ aydın dərk olunur və ona görə də pedaqoji kollektivin diqqət mərkəzindədir. Burada Ağsaqqallar Şurası, tələbə özünüidarəetmə şurası, müxtəlif tələbə klub və dərnəkləri fəaliyyət göstərir.

Fəaliyyətinə müəllimlərin məsləhətçi qismində istiqamət  verdikləri bu qurumlar təhsil müəssisəsində keçirilən və tələbələrdə mənəvi zənginlik, yüksək estetik zövq formalaşdıran, təşkilatçılıq, birgə fəaliyyət vərdişləri yaradan tədbirlərin mərkəzidir.

Tədbirlərin mövzusu çox zəngindir. Ulu öndərimiz Heydər Əliyevin qiymətli ideya irsinin öyrənilməsindən tutmuş milli tarixi bayram və günlərin qeyd edilməsi, dilimizin qorunması, müasir gəncliyi düşündürən məsələlərə, görkəmli sənətkarlar, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlərədək ən müxtəlif tematikanı əhatə edir. Bütün tədbirlər formaca maraqlı olub tələbənin daxili dünyasının zənginləşməsinə, tələbə vaxtının səmərəli keçməsinə, təlim zamanı deyilməsi, aşılanması mümkün olmayanların mümkünə çevrilməsinə hədəflənib. Son 5 ildə burada 70-dən çox mədəni-kütləvi tədbir - "dəyirmi masa"lar, ədəbi-bədii kompozisiyalar, gecələr, konfranslar, müsabiqələr, müzakirələr keçirilib.

Kollecdə aparılan tərbiyəvi işlərdə tələbə kontingentinin böyük hissəsini qızların təşkil etməsi də nəzərə alınır və gələcək analara, tərbiyəçilərə daha çox lazım olan keyfiyyətlərin aşılanmasına üstünlük verilir. Bu zaman belə bir məlum həqiqət əsas götürülür ki, nəsillərin necə böyüməsi, öz vətəninin, elinin, obasının ləyaqətini necə qoruması müəllimlərdən çox analardan asılıdır. Yalnız bilikli, savadlı, vətənpərvər, ailənin ləyaqətini, namusunu yüksək tutan analar bu keyfiyyətləri öz övladlarında tərbiyə edə bilərlər.

Yubilyar təhsil ocağı 80 yaşında olanda ulu öndərimiz Heydər Əliyev kollektivə ünvanladığı təbrikini bu sözlərlə bitirmişdi. "Əminəm ki, siz texnikumunuzun uzun illər toplamış olduğu zəngin təcrübəni yeni şəraitdə daha da artıracaq və respublikada müasir tələblərə cavab verən müəllimlər hazırlanması işinə bundan sonra da var qüvvənizi sərf edəcəksiniz".

Bu sözlərin deyildiyi vaxtdan keçən 15 il göstərir ki, kollec, onun pedaqoji kollektivi ulu öndərin əminliklə ifadə olunan arzusunu uğurla gerçəkləşdirirlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov