Rusiya prezidenti Federal Məclisə təkliflər verib
Rusiya prezidenti Vladimir Putin Federal Məclisə
illik müraciətində ölkədə təhsilin vəziyyətinə də
toxunub. "Uçitelskaya qazeta"nın yazdığına görə,
prezident müraciətində istedadlı şagirdlərin və
tələbələrin dəstəklənməsi zəruriliyinə diqqət çəkib.
V.Putin müəllimlik fəaliyyəti adı ilə imitasiya
olunması hallarının yolverilməzliyini qeyd edib. Onun
sözlərinə görə, konkret məktəbin, universitetin nüfuzu
bütün ölkənin nüfuzu barədə rəy yaradır. Şagirdlərin
biliklərinin keyfiyyətinə görə bütün məsuliyyət
müəllimlərin üzərinə düşür. Hər şeyə rəğmən bu
məsuliyyət artmaqda davam edəcək.
Prezident məktəbdənkənar əlavə təhsilin hər hansı
formada məhdudlaşdırılmasının yolverilməzliyini xüsusi
qeyd edərək əlavə təhsilin əlyetərliyinin
genişləndirilməsi üçün təşkilati və maliyyə
mexanizmlərinin işlənib hazırlanmasının vacibliyini
bildirib. "Texniki, bədii, musiqi yaradıcılığı
mərkəzləri - bunlar şəxsiyyətin ahəngdar inkişafı üçün
böyük resursdur. Hökumət və bölgələrdən bu problemi
həll etməyi, bununla əlaqədar maliyyə və təşkilati
mexanizmləri təklif etməyi xahiş edirəm. Ən başlıcası
odur ki, uşaqların və valideynlərin məktəb bazasında və
ya bələdiyyə nəzdindəki yaradıcılıq mərkəzində əlavə
təhsil almaq üçün seçimi olmalıdır. Bunun üçün
uşaqlarla həqiqətən istedadlı müəllimlər işləməlidir",
-deyə Vladimir Putin bildirib. Dövlət başçısı ali
məktəblərə qəbul olan məktəb məzunları üçün 20 min rubl
həcmində 5 min prezident qrantının təsis olunmasını
təklif edib. Qrantlar bütün təhsil müddəti ərzində
tələbələrə ödənməlidir. Məktəblərdə şagird sıxlığı
məsələsinə toxunan prezident bu problemin həlli üçün
təhsil müəssisələrində əlavə 4, 5 milyon yerin açılması
vacibliyini bildirib. Prezident rusiyalı məmurları
məktəblərin yükünün azaldılması və uşaq bağçalarına
növbələrin aradan qaldırılması üçün kompleks tədbirlər
hazırlamağa, sağlamlıq imkanları məhdud vətəndaşların
təhsil almasının əlyetərliyinə diqqət göstərilməsinə
çağırıb.
Dövlət başçısı peşə təhsili, mühəndis kadrların
hazırlanması məsələsinə toxunaraq qeyd edib ki, bu gün
gələcək mühəndislər çoxdandır real istehsalat
bazasından, öz sahələrində qabaqcıl tədqiqatlardan və
ixtiralardan geridə qalan universitetlərdə oxuyurlar.
Onun sözlərinə görə, 2020-ci ildə Rusiya kolleclərinin
yarısı dünya standartları səviyyəsinə qalxmalıdır.
Kolleclər 50 ən çox tələbat duyulan perspektiv
ixtisaslar üzrə peşə hazırlığını ən yaxşı dünya
standartları və qabaqcıl texnologiyalara uyğun
aparmalıdır. Mühəndis hazırlığı sənaye müəssisələri ilə
bağlı olan ali məktəblərdə təşkil olunmalıdır.
V.Putin müraciətində məktəblilərin buraxılış inşa
yazılarına toxunub və qeyd edib ki, inşa yazıları
biliklərin obyektiv qiymətləndirilməsinə doğru bir
addımdır.
İnkişaf
etməkdə olan ölkələrin universitetlərinin reytinqi
açıqlanıb
Böyük Britaniyanın "Times Higher Education" dərgisi
inkişaf etmiş iqtisadiyyata malik olan ölkələrin ali
məktəblərinin 2014-cü il üzrə reytinq cədvəlini tərtib
edib. "Thomson Reuters" agentliyinin təhlilçiləri
tərəfindən hazırlanmış reytinq "Times Higher Education
World University Rankings "in dünyanın ən yaxşı
universitetlərinin qiymətləndirilməsi üçün istifadə
etdiyi kriteriyalara əsaslanır. Universitetlər
qiymətləndirilərkən tədris, tədqiqat, biliklərin
ötürülməsi və beynəlxalq perspektivlər gözdən keçirilib.
Tədqiqat 22 ölkədə (Braziliya, Rusiya, Hindistan, Çin,
Çili, Kolumbiya, Cənubi Afrika Respublikası, Çexiya
Respublikası, Misir, Macarıstan, İndoneziya, Malayziya,
Meksika, Mərakeş, Pakistan, Peru, Filippin, Polşa,
Tayvan, Tailand, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri)
aparılıb. Cədvəldə 18 dövlətin ali məktəbi yer alıb.
Cədvəldə üstünlük Çinə məxsusdur. Artıq 2 ildir ki,
reytinq sıralamasına liderlik edən Çinin top-100-lükdə
təmsil olunan universitetlərinin sayı ötən ildəki 23-dən
29-a çatıb. Hindistan 11 ali məktəblə reytinqdə təmsil
olunur. CAR reytinqdə 5 ali məktəblə yer alıb. Bu
ölkənin Keyptaun Universiteti 4-cü sırada qərarlaşıb.
İlk dəfə olaraq reytinqdə Çili, Çin, Hindistan,
Malayziya, Pakistan və Türkiyə yer alıb. M.V.Lomonosov
adına MDU reytinqdə 10-cu yerdədir. Ən yaxşı 100 ali
məktəb arasında Türkiyədən 7 universitet yer alıb.
Boğaziçi Universiteti sıralamada 5-ci yerdədir.
Qazaxıstanda Sorbonn Universitetinin filialı açılıb
Qazaxıstanda Fransanın Paris şəhər Sorbonn
Universitetinin (PRES Sorbonne Paris Cite) filialının
açılışı olub. "Qazaxıstan - Sorbonn" İnstitutu
Sorbonn Universitetinin dünyada ikinci, Mərkəzi Asiyada
yeganə elm-təhsil mərkəzidir. Abay adına Milli Pedaqoji
Universitetin bazasında yaradılan "Qazaxıstan - Sorbonn"
İnstitutunun açılışında Qazaxıstan prezidenti Nursultan
Nazarbayev və Fransa dövlət başçısı Fransua Olland
iştirak ediblər. Açılış mərasimindəki çıxışında
prezident N.Nazarbayev bəyan edib ki, dünya təhsil
məkanına cəlb olunmadan Qazaxıstan innovasiyalara və
biliklərə əsaslanan yeni iqtisadiyyat qura bilməz.
"Təhsil bizim ölkədə qeyd-şərtsiz inkişaf prioritetidir.
Ölkəmizdə dünya səviyyəli universitetin filialının
açılması o deməkdir ki, biz düzgün yoldayıq",-deyə
N.Nazarbayev bildirib. Öz növbəsində Fransa prezidenti
F.Olland əmin olduğunu bildirib ki, bu təhsil ocağının
məzunları Qazaxıstanın innovativ inkişafında mühüm
xidmətlər göstərəcəklər. "Qazaxıstan - Sorbonn"
İnstitutunda tədris Bolonya prosesinin tələblərinə
uyğun təşkil olunub. Təhsil ocağında məşğələlər qazax
və fransız professorlar tərəfindən aparılır.
İspaniyada qırx beş min müəllimə ehtiyac var
İşsizlik, vaxtından əvvəl təqaüdə çıxma və digər
faktorlar İspaniyada müəllim heyətinin tərkibinin
qocalmasına səbəb olub. Vəziyyəti nizama salmaq və
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OESD)
tələblərinə cavab vermək üçün İspaniya 30 yaşından
aşağı 45000 müəllim qəbul etməyə hazırlaşır.
Tədqiqatlara əsasən, işləyən müəllimlərin orta yaş
səviyyəsi sürətlə artmaqdadır, 2012-2013-cü tədris
ilində 30 yaşa qədər gənc müəllimlərin sayı
2005-2006-cı tədris ili ilə müqayisədə 38 faiz azalıb.
OESD-nin kriteriyalarına uyğun olaraq gənc və yaşlı
müəllimlər arasında nisbəti tənzimləmək üçün 44448
müəllimə ehtiyac var.
"Hazırda bir çox müəllimlər təqaüdə çıxıb, onların
yerinə isə heç kəs gəlməyib, bu isə kadrların
çatışmazlığı problemini kəskinləşdirir. Bundan başqa,
daha 147000 müəllim, yəni hazırda işləyən müəllimlərin
təxminən 35 faizi yaxın on ildə istefaya
gedəcək,"-deyə OESD-nin məruzəsində qeyd olunur.
Finlandiyada əcnəbi tələbələr üçün pullu təhsil təxirə
salınıb
Finlandiya hökuməti əcnəbi tələbələr üçün təhsil
haqlarının tətbiq olunması barədə qərarı hələlik
təxirə salıb. Məsələ ölkənin Təhsil Nazirliyinin
müzakirəsinə qaytarılıb. Qeyd edək ki, Finlandiyanın
Təhsil Nazirliyi Avropa Birliyinə və Avropa İqtisad
Zonasına daxil olmayan ölkələrdən olan əcnəbilər üçün
təhsil haqlarının tətbiq olunması barədə təkliflə çıxış
edib. Ali məktəblərdə təhsil haqlarının minimal
səviyyəsi illik 4000 avro təşkil edir. Ali təhsil
müəssisələrinin bir qismi əcnəbi tələbələr üçün pullu
təhsilin tətbiq olunmasını dəstəkləyir. Tələbə və
gənclər təşkilatları isə bu təklifə qətiyyətlə etiraz
edirlər.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |