Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №19

 

Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi
QAYDALARI

 

Azərbaycan Respublikası təhsil nazirinin 
15 dekabr 2014-cü il tarixli 1261 nömrəli əmri ilə təsdiq edilib
 

1. Ümumi müddəalar 

1.1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi məqsədi ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında kimya fənni üzrə seçim turları keçirilir.

1.2. Ümumi təhsil müəssisələrinin rəhbərləri, yerli təhsili idarəetmə orqanları istedadlı şagirdlərin müəyyənləşdirilməsi və seçim turlarının bu Qaydalara uyğun keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

1.3. Kimya fənni üzrə seçim turlarına X-XI sinif şagirdləri cəlb edilir.

1.4. Seçim turlarının yekun mərhələnin qalibləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında təşkil olunacaq Beynəlxaq Kimya Olimpiadasına hazırlıq məşğələlərində iştirak edirlər.  

2. Seçim turlarının təşkili 

2.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.06.2014-cü il tarixli 739 nömrəli əmrinə əsasən 47-ci Beynəlxalq Kimya Olimpiadası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi kimya fənni üzrə seçim turlarının şəffaf və obyektiv keçirilməsini təmin edir. Təşkilat Komitəsi seçim turlarının bu Əsasnaməyə uyğun qaydada keçirilməsi üçün lazımi tədbirlər görür.

2.2. Rayon (şəhər) təhsil şöbəsi (idarəsi) rəhbərlərinin vəzifələri:

2.2.1. Seçim turlarının rayon (şəhər) mərhələsinin keçirilməsi üçün sualların və cavab kartlarının müsabiqənin keçiriləcəyi tarixdən 2 gün əvvəl Təhsil Nazirliyindən qəbul edir;

2.2.2. Şagirdlərin rayon (şəhər) mərhələsinin cavab kartlarının Təhsil Nazirliyinə göndərilməsini təmin edir.

2.3. Təşkilat Komitəsinin vəzifələri:

2.3.1. Seçim turlarında tapşırıqların və cavab kartlarının hazırlanmasını, rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) çatdırılmasını, cavab kartlarının oxunmasını təşkil edir;

2.3.2. Seçim turlarının hazırlıq işlərinin vaxtında başa çatdırılmasını təmin edir;

2.3.3. Seçim turlarının son nəticələrini ümümiləşdirərək təhlil edir və yekun hesabatı hazırlayır.  

3. Seçim turlarının keçirilməsi 

3.0.1. Seçim turları 3 (üç)-rayon (şəhər), zona və respublika mərhələlərindən ibarətdir.

3.1. Seçim turlarının rayon (şəhər) mərhələsi

3.1.1. Bu mərhələdə suallar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının mütəxəssisləri tərəfindən siniflər üzrə məktəb proqramına uyğun olaraq qapalı test formatında hazırlanır.

3.1.2. Rayon (şəhər) mərhələsində şagirdlərə 30 (otuz) sual təqdim edilir və cavablandırılması üçün 3 (üç) saat vaxt ayrılır.

3.1.3 Təhsil Nazirliyi tabeliyindəki lisey və gimnaziyaların, özəl məktəblərin şagirdləri rayon (şəhər) mərhələsində ərazi üzrə yerləşdikləri rayonda (şəhərdə) iştirak edirlər.

3.1.4. Ümumi təhsil müəssisələrinin, Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyaların, özəl məktəblərin direktorları rayon (şəhər) mərhələsində iştirak edəcək şagirdlərin adlı siyahısını müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) təqdim edirlər. Bu turda iştirakçıların sayına məhdudiyyət qoyulmur.

3.1.5. Rayon (şəhər) turunda iştirak edən şagirdlərin cavab kartları ən geci imtahan keçirilən tarixdən 1 (bir) gün sonra təhsil şöbəsi (idarəsi) tərəfindən Təhsil Nazirliyinə təqdim olunur.

3.2. Seçim turunun zona mərhələsi

3.2.1. Seçim turunun zona mərhələsi Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilir. Bu mərkəzlər ölkənin müxtəlif bölgələrində yerləşən ümumi təhsil müəssisələrindən seçilir.

3.2.2. Zona mərhələsində iştirak edəcək şagirdlər rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Təşkilat Komitəsinin qərarı ilə müəyyənləşdirilir.

3.2.3. Təşkilat Komitəsi zona mərhələsində iştirak edəcək şagirdlərin adlı siyahısını rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) turun keçiriləcəyi tarixdən 1 (bir) həftə əvvəl göndərir.

3.2.4. Bu mərhələdə suallar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının mütəxəssisləri tərəfindən məktəb proqramına uyğun və nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli suallar formatında hazırlanır.

3.2.5. Zona mərhələsində şagirdlərə 30 (otuz) sual təqdim edilir və cavablandırılması üçün 4 (dörd) saat vaxt ayrılır.

3.2.6. Təşkilat Komitəsi zona mərhələsinin cavab kartlarının oxunmasını, qiymətləndirilməsini və nəticələrin rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) çatdırılmasını təmin edir.

3.3. Seçim turunun respublika mərhələsi

3.3.1. Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilir.

3.3.2. Respublika mərhələsində iştirak edəcək şagirdlər zona mərhələsinin nəticələrinə əsasən Təşkilat Komitəsinin qərarı ilə müəyyənləşdirilir.

3.3.3. Respublika mərhələsinin sualları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının mütəxəssisləri tərəfindən məktəb proqramına uyğun olaraq çətinləşdirilmiş qapalı test və açıq tipli suallar formatında hazırlanır.

3.3.4. Respublika mərhələsində şagirdlərə 20 (iyirmi) sual təqdim edilir və imtahan üçün 4 (dörd) saat vaxt ayrılır.

3.3.5. Respublika mərhələsinin nəticələri imtahan başa çatdıqdan 5 gün sonra elan edilir.

3.3.6 Nəticələr məlum olduqdan sonra apelyasiya günü müəyyən edilir. Nəticələrindən narazı qalmış iştirakçılar öz işlərinə yenidən baxılması üçün Təşkilat Komitəsinə müraciət edə bilərlər. Belə müraciətlərə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının mütəxəssislərinin iştirakı ilə baxılır.  

4. Seçim turlarının maliyyələşdirilməsi 

4.1. Seçim turlarının rayon (şəhər), habelə zona və respublika mərhələsi iştirakçılarının ezamiyyə xərcləri yerli təhsil orqanları tərəfindən ödənilir.

4.2. Seçim turlarının zona və respublika mərhələlərinin keçirilməsi ilə əlaqədar bütün xərclər Təhsil Nazirliyi tərəfindən ödənilir.

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov