Heydər
Əliyev Mərkəzində "M.Y.Lermontovun yaradıcılıq irsi
dünya mədəniyyətinin tərkib hissəsi kimi" mövzusunda
"dəyirmi masa" keçirilib. Tədbir böyük rus şairinin 200
illik yubileyinə həsr olunub.
AzərTAc xəbər verir ki, "dəyirmi masa" birinci xanım,
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilib.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin
direktoru Anar Ələkbərov açaraq iştirakçıları
salamlayıb.
O, Heydər Əliyev Fondunun çox böyük iş gördüyünü
vurğulayıb. Məsələn, qeyd edilib ki, Fond 400-dən çox
orta məktəb, valideyn himayəsindən məhrum olmuş uşaqlar
üçün 40 müəssisə tikdirib, xaricdə mədəniyyət sahəsində
xeyli layihə həyata keçirilir. Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva Rusiya Federasiyasının
ərazisində geniş fəaliyyət göstərir, onun rəhbərliyi
altında uşaq tərbiyə müəssisələri yenidən qurulur,
Həştərxanda müqəddəs Vladimirin abidəsi ucaldılıb.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
bildirib ki, Rusiyada mədəniyyət ilinə yekun vurulur.
Mədəniyyət ili çərçivəsində dünya ədəbiyyatı tarixində
ən gənc klassiklərdən birinin - taleyin cəmi 13 illik
yaradıcılıq nəsib etdiyi Mixail Yuryeviç Lermontovun
anadan olmasının 200 illiyi geniş qeyd edilir. Lakin bu
müddətdə Lermontovun poeziya, nəsr və dramaturgiya
sahəsində yaratdığı əsərlər ona dahi yazıçılar sırasına
daxil olmaq hüququ verib.
Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki,
Azərbaycanda Rusiya ilə mədəni əlaqələr nəinki qorunub
saxlanılır, həmçinin daha da inkişaf etdirilir. Orta və
ali məktəblərdə rus dili öyrənilir, rus teatrları
fəaliyyət göstərir, rus dili və ədəbiyyatı üzrə
müsabiqələr keçirilir. Nazir M.Y.Lermontovun bu
sözlərini xatırladıb ki, fransız dili Avropada nə qədər
əhəmiyyət kəsb edirsə, Azərbaycan dili də Qafqazda o
qədər əhəmiyyətlidir.
Bakı Slavyan Universitetinin rektoru, professor Asif
Hacılı "M.Y.Lermontov və Azərbaycan: mədəniyyətlərin
qavranılmasından qarşılıqlı nüfuz etməsinə doğru" adlı
məruzəsində qeyd edib ki, Azərbaycanda dahi rus şairini
xatırlayır və sevirlər. Şairin 200 illiyinin yüksək
səviyyədə bayram edilməsi haqqında Prezidentin fərmanı
da bunu təsdiqləyir. Bir çox Azərbaycan yazıçısı və
şairi onun şeirlərini tərcümə ediblər. M.Y.Lermontovu
Azərbaycanda ən sevimli rus yazıçılarından biri
adlandırmaq olar. Onun yaradıcılığı Qafqaz xalqlarının
ədəbiyyatlarına güclü təsir göstərib. Ədəbi irsindən
başqa, M.Y.Lermontovun bioqrafiyasından unudulmaz
faktlar da onun Azərbaycanla sıx bağlılığını göstərir.
O, dəfələrlə Qafqazda və Azərbaycanda olub. Bu
səyahətlər şairin Qafqaz xalqlarının həyatı, zəngin
folkloru ilə daha yaxından tanış olmasına kömək edib.
Qafqaz ziyalıları, buraya sürgün olunmuş dekabristlərlə
görüşlərin M.Y.Lermontov yaradıcılığı üçün xüsusi
əhəmiyyəti olub. Qafqaz mövzusu Lermontovun
yaradıcılığında mühüm yer tutub. Onun ən böyük əsərləri
- "İsmayıl bəy", "Mtsıri", "Demon", "Valerik",
"Zəmanəmizin qəhrəmanı", "Terekin sovqatı", "Qaçqın", "Görüş"
və başqa əsərləri bu mövzu ilə bağlıdır.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, REA-nın Rus
Ədəbiyyatı İnstitutunun direktoru, filologiya elmləri
doktoru Vsevolod Baqno, Dövlət Ədəbiyyat Muzeyinin
direktoru, professor Dmitri Bak, M.Y.Lermontovun Malaya
Molçanovkadakı ev-muzeyinin direktoru Valentina Lentsova
dəvətə görə Heydər Əliyev Fonduna təşəkkür edərək
bildiriblər ki, cari ildə Rusiyada M.Y.Lermontovla bağlı
tədbirlər keçirilir. Yeni sərgi, tədqiqat, nəşriyyat
layihələri klassikin bioqrafiyasının məlum olmayan
faktlarına həsr edilib. Tarxanıda, Peterburqda,
Pyatiqorskda geniş yubiley ekspozisiyaları açılıb.
Moskvada M.Y.Lermontovun pansionda olduğu və Moskva
Universitetində təhsil aldığı zaman Malaya Molçanovkada
yaşadığı ev üçillik bərpa işlərindən sonra yenidən
açılıb.
M.Y.Lermontovun Malaya Molçanovkadakı ev-muzeyinin
direktoru Valentina Lentsova Heydər Əliyev Mərkəzindəki
Heydər Əliyev muzeyinə valeh olduğunu bildirib. O deyib:
"Bu, dünyanın ən müasir muzeylərindən biridir. Muzeylər
müasir, köhnə dəbli ola bilər, amma cansıxıcı
olmamalıdır. Bu muzey həm müasirdir, həm də maraqlıdır.
Muzey işinin mütəxəssisi kimi qeyd etmək istəyirəm ki,
burada ən yeni texniki vasitələrdən ustalıqla istifadə
olunub. Bu muzey bizi heyran edib, Heydər Əliyevin
sənədlərinin əsli böyük maraq doğurub. Hamı dayanıb
baxır, müzakirələr edir, heç kəs buradan getmək
istəmirdi. Əsl muzey belə olar!".
Mixail Lermontovun anadan olmasının 200 illiyi hər yerdə
qeyd edilib. Peterburqda, Pyatiqorskda, Moskvada, Penza
vilayətində şənliklər keçirilib. Çıxış edənlərin hamısı
şairin yaradıcılığının bu gün də aktual olmasından
danışıb.
Lermontovlar nəslinin ağsaqqalı, "Lermontov irsi"
Assosiasiyasının prezidenti, RF İctimai Palatasının
Mədəniyyət, incəsənət, yaradıcılıq və mədəni-tarixi irs
üzrə komissiyası sədrinin birinci müavini, Moskva
İctimai Palatasının Mədəniyyət Komissiyasının rəhbəri
Mixail Yuryeviç Lermontov "Lermontovlar: şotland mənşəli
rus nəsli" adlı məruzəsində şairin ata-babalarının və
sonrakı nəslinin nümayəndələrinin həyatından maraqlı
faktlar gətirilib, şəcərəsi barədə məlumat verib.
Sonra diskussiyalar olub. Diskussiyalarda millətlərarası
münasibətlər, multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, akademik Kamal Abdullayev, xalq
yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.
Ümumiyyətlə, demək olar ki, M.Y.Lermontov təkcə öz
zəmanəsinin deyil, həm də bizim zəmanəmizin, hər bir
zəmanənin qəhrəmanıdır.
Rus cəmiyyətinin mənəvi həyatının ən mühüm tələblərinə
cavab verən vətəndaş motivlərinin, fəlsəfi və şəxsi
motivlərin uğurla birləşdiyi Lermontov yaradıcılığı rus
ədəbiyyatının yeni yüksəlişi olub, XIX və XX əsrlərin
görkəmli rus yazıçı və şairlərinə böyük təsir göstərib.
M.Y.Lermontovun əsərləri rəssamlıq, teatr və
kinematoqraf sahəsində geniş əks etdirilib, poeziyası
opera və romans yaradıcılığı üçün əsl dəryadır,
şeirlərinin bir çoxu xalq mahnılarına çevrilib. |