Bəllidir
ki, cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması,
gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil
sisteminin inkişaf etdirilməsində müəllimin əməyi çox
böyükdür. Bu gün Azərbaycan müəllimi həqiqi mənada
təhsil işində bir çox uğurlara imza atır. Belə
müəllimlərdən biri də öz peşəsinin vurğunu olan, bu
peşənin fəlsəfəsini öz şagirdlərinə sevə-sevə öyrədən
Yusif Mayılovdur. Yusif müəllim 1974-cü ildən İmişli
rayonundakı Namiq Abışov adına Qaralar kənd orta
məktəbinin rus dili və ədəbiyyatı müəllimidir. O, öz
fənnini elə yüksək ruhla, elə şövq və məhəbbətlə tədris
edir ki, şagirdlərdə istər-istəməz bu dilə maraq və
həvəs artır. Bunun nəticəsidir ki, bu gün Qaralar kənd
məktəbində o, müəllim və şagird kontingentinin
sevimlisidir. Y.Mayılov təkcə dərs dediyi məktəbdə
deyil, rayonda da nüfuzlu şəxs kimi tanınır. Bu gün
demək olar, ona rəğbət bəslənilməsi, ehtiram
göstərilməsi uzun illərin müəllim sevgisinin
təzahürüdür.
Yusif müəllim fəaliyyətə başladığı gündən müxtəlif
təltiflərə layiq görülüb. İllər öncə Baş müəllim adını
alıb. Söhbət əsnasında vurğulayır ki, ölkəmizdə baş
verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o
cümlədən təhsilin inkişafına da əsaslı təkan verib.
Yusif müəllim deyir:
-Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyevin diqqət və qayğısının nəticəsində
Azərbaycanın təhsil sistemində aparılan uğurlu
islahatların, təhsil müəssisələrinin maddi-texniki
bazasının təkmilləşdirilməsinin, təchizat və kadr
hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün
hər birimiz öz həyatımızda hiss edirik.
Bəli, Yusif müəllim təkcə dəyərli bir pedaqoq deyil, həm
də gözəl ailə başçısıdır. Üç övlad, dörd nəvəsi və
ətrafı ilə həyatın xoşbəxt çağlarını yaşayan bu hörmətli
müəllim ailə-cəmiyyət meyarlarını həmişə üstün tutur.
Təbii ki, hər hansı insan tarixin - zamanın bir vaxtında
dünyaya gəlir. Yusif müəllim də məhz hər ilin 1 yanvar
tarixində dünyaya gəlişini doğmaları ilə birlikdə qeyd
edir. 2015-ci ilin 1 yanvar tarixi də onun üçün kövrək
anlar yaşadacaq bir gündür. 67 yaşlı pedaqoqumuzu -
dəyərli müəllim, qabaqcıl insan Yusif müəllimi özümün və
ailəmin adından ürəkdən təbrik edir, ona bundan sonra da
möhkəm cansağlığı, pedaqoji fəaliyyətində uğurlar
arzulayıram.
Gündüz ƏLƏKBƏROĞLU |