Cabbar
Paşazadə 1995-ci ildə Bakı şəhərində anadan olub.
Paytaxtdakı 280 nömrəli tam orta məktəbi bitirib.
Uşaqlıqdan musiqiyə, əsasən tar alətinə böyük həvəs
göstərib. Bu həvəs onu 2005-ci ildə 37 nömrəlı uşaq
musiqi məktəbinə gətirib. İlk musiqi müəllimi İmaməli
İmaməliyev olub. Musiqi məktəbində oxuduğu illərdə
konsertlərdə iştirak edib.
2011-ci ildə Azərbaycan Milli Konservatoriyası
tərkibində Musiqi Kollecinin Xalq çalğı alətləri
ixtisasının tar sinfinə qəbul olub. Müəllimləri
respublikanın əməkdar artisti Valeh Rəhimov və Davud
Abdullayev ona tar alətinin sirlərini daha mükəmməl
öyrədiblər. 2012-ci ildə Cabbar İ.M.Əbilov adına
Mədəniyyət Mərkəzində fəal iştirak etdiyinə görə laureat
diplomu ilə təltif edilib. Həmin ilin dekabrında
görkəmli tarzən, Azərbaycan Respublikasının xalq artisti
Əhmədxan Bakıxanovun anadan olmasının 120 illik
yubileyinə həsr olunmuş musiqi kolleci tələbələrinin
tar ifaçılarının muğam müsabiqəsində gözəl musiqi
nümayiş etdirərək III dərəcəli diploma layiq görülüb.
2014-cü ildə uşaq və gənclər arasında xalq çalğı
alətləri ifaçılarının III respublika müsabiqəsində və
milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül
adına II respublika müsabiqəsində iştirak edərək
diplomlarla təltif olunub.
İstedadlı gənc tarzən Cabbar Paşazadə 2009-cu ildən
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının
Ağaverdi Paşayevin rəhbərlik etdiyi Dövlət uşaq və
gənclər orkestrində fəaliyyət göstərir. |