Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Tanınmış memarlar universitetdə

 

Böyütmək üçün seçinAzərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Naxçıvanda keçirilmış II plenumunun iştirakçıları Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsində olublar. Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid qonaqları salamlayaraq ali məktəbin strukturu, təşəkkülü və inkişafı, tədrisin səviyyəsi, professor-müəllim heyəti və tələbə kontingenti barədə geniş məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ali təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində universitetin 110 hektarlıq ərazisində ucaldılan bir-birindən yaraşıqlı tədris korpusları müasir memarlıq kompleksi təşkil edir. Burada digər ixtisaslar kimi memarlıq ixtisası da dünya standartlarına cavab verəcək səviyyədə, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə tədris olunur. Ali məktəbdə mövcud olan sürətli internet resursları, tezliklə istifadəyə veriləcək elektron təhsil şəbəkəsi müxtəlif dünya universitetləri ilə virtual əməkdaşlığa, onlayn simpozium və konfransların təşkilinə, təcrübə mübadiləsinə xidmət edəcək. Universitetdə 2001-ci ildən etibarən memarlıq üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Hazırda burada təhsilin bakalavr, magistratura və doktorantura pillələri üzrə 200-ə yaxın tələbə təhsil alır ki, onların sırasında Türkiyə, Nigeriya respublikalarının da vətəndaşları var.

Qonaqlar auditoriyalarda, "Memarlıq və incəsənət tarixi" kabinetində və sərgi salonunda tədris prosesi, tələbə memarların yeni layihələri ilə tanış olublar.

Memarlıq ixtisasının tələbələri ilə görüş zamanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru, professor Nərgiz Abdullayeva Azərbaycanın zəngin memarlıq ənənələrindən, Naxçıvan memarlıq məktəbinin dünyaca məşhur nümunələrə malik olmasından, müasir memarlıq və şəhərsalma sahəsində qazanılan nailiyyətlərindən bəhs edib. Çıxışda universitetlərarası təcrübə mübadiləsi, müştərək layihələrin təşkili ilə bağlı maraqlı təkliflər səsləndirilib. Nərgiz Abdullayeva gənc memarları Azərbaycan Memarlar İttifaqının yeni yaradılan Naxçıvan Bölməsinin fəaliyyətində yaxından iştirak etməyə çağırıb.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri,  Azərbaycanın əməkdar memarı, "Şöhrət" ordenli Elbəy Qasımzadə sivilizasiyanın beşiyi Naxçıvanda qədim və orta əsrlər dövrünə məxsus nadir tarixi abidələrin olmasından danışıb, Naxçıvanda keçirilən plenumun memarlığın inkişafı və memarlar arasında qarşılıqlı əlaqələrin qurulması baxımından faydalı olacağını qeyd edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Ramiz Əbdülrəhmanov memarlıq ixtisasının tədrisi ilə bağlı əməkdaşlığın əhəmiyyətindən bəhs edib, tələbələrə zəngin bilik və təcrübəyə yiyələnməyi tövsiyə edib, sərgidəki işləri yüksək qiymətləndirib.

Sonda Azərbaycanın tanınmış memarları kafedraya və tələbələrə beş cildlik "Azərbaycan memarlıq tarixi" kitabını, monoqrafiya və dərsliklər hədiyyə ediblər. Naxçıvan Dövlət Universitetinin memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev və memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova da müəllifləri olduqları yeni elmi nəşrləri həmkarlarına təqdim ediblər.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov