Dekabrın
19-da Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam
orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı və
fiziki tərbiyə fənləri üzrə "açıq dərs"lər keçirilib.
"Açıq dərs"lərdə Təhsil Nazirliyinin, Sumqayıt Şəhər
İcra Hakimiyyətinin, Təhsil Problemləri İnstitutunun,
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Sumqayıt Şəhər İdarəsinin, Daxili Qoşunların
N saylı hərbi hissəsinin, "Qarabağ müharibəsi əlilləri,
veteranları və şəhid ailələri" ictimai birliyinin
nümayəndələri, məktəb direktorları, hərbi hazırlıq
rəhbərləri, fiziki tərbiyə müəllimləri iştirak ediblər.
Qeyd edək ki, son illər Sumqayıtda məktəblilərin hərbi
vətənpərvərlik ruhunda tərbiyəsi işinin
yaxşılaşdırılması istiqamətində həyata keçirilən
tədbirlər müntəzəm xarakter alıb. Bu baxımdan
"Məktəblilərin hərbi keçidi", "Şahin" hərbi-idman
oyunlarının keçirilməsi, Heydər Əliyev Mərkəzinə, Milli
Azərbaycan Tarixi Muzeyinə, Respublika Hərbi
Prokurorluğu yanında Soyqırımı Muzeyinə və digər yerlərə
ekskursiyalar xüsusi yer tutur.
Sumqayıtda yeni tədris ili ərəfəsində gənclərin
çağırışaqədərki hazırlığı fənninin tədrisi keyfiyyətini
yaxşılaşdırmaq məqsədilə xüsusi komissiya tərəfindən
bütün məktəblərdə hərbi kabinetlərə baxış keçirilib və
kabinetlərin tərtibatı, tədris-maddi bazası daha da
yaxşılaşdırılıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |