Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

Zahid İbrahim oğlu Qaralov

 

 Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Zahid İbrahim oğlu Qaralov 2015-ci il yanvarın 7-də ömrünün 81-ci ilində vəfat etmişdir.

Zahid Qaralov 1934-cü il iyul ayının 10-da Gürcüstanın Dmanisi rayonundakı Ormeşən kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1956-cı ildə Gürcüstanın Dmanisi rayonundakı Ormeşən kəndində orta məktəb direktoru kimi başlayan Zahid Qaralov 1959-1961-ci illərdə Dmanisi rayon komsomol komitəsinin birinci katibi olmuşdur. O, 1961-1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun əyani aspiranturasında oxumuşdur. Zahid Qaralov 1964-1976-cı illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri və elmi işlər üzrə direktor müavini, 1976-1984-cü illərdə isə həmin institutun direktoru vəzifələrində çalışmışdır. O, 1984-1987-ci illərdə Azərbaycan Respublikası maarif nazirinin müavini işləmişdir. Zahid Qaralov 1987-ci ildən 1995-ci ilədək yenidən Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru vəzifəsini tutmuşdur.

Respublikanın ictimai-siyasi həyatının fəal iştirakçısı olaraq Zahid Qaralov 1995-2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Tutduğu vəzifələrdən asılı olmayaraq, o üzərinə düşən bütün işləri layiqincə yerinə yetirmiş, çalışdığı sahələrdə yüksək təşkilatçılıq bacarığı ilə seçilərək göstərilən etimadı daim doğrultmuşdur.

Zahid Qaralov 1967-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor elmi adını almışdır.

Azərbaycanda pedaqogikanın inkişafında Zahid Qaralovun xidmətləri təqdirəlayiqdir. O, təhsil quruculuğu və məktəblilərin təlim-tərbiyəsi problemlərinə dair sanballı tədqiqatların müəllifi kimi tanınırdı. Alimin 200-dən çox elmi məqaləsi və 60-dan artıq monoqrafiyası, dərslik və dərs vəsaiti nəşr olunmuşdur.

Respublikada pedaqogika sahəsində elmi kadrların hazırlanmasında Zahid Qaralovun böyük əməyi vardır. Onun rəhbərliyi altında onlarla tədqiqatçı dissertasiya müdafiə etmişdir. Alimin ölkəmizdə və onun hüdudlarından kənarda pedaqogikanın aktual problemlərinə həsr olunmuş müxtəlif elmi simpozium və konfranslardakı çıxışları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.

Ömrü boyu əsl vətəndaşlıq mövqeyində dayanan Zahid Qaralov 1990-cı illərin əvvəllərində ölkədə baş verən mürəkkəb siyasi proseslərə münasibətdə milli mənafelərə sadiq qalaraq yüksək obyektivlik nümayiş etdirmişdir.

Zahid Qaralovun elmi və ictimai fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim, bacarıqlı maarif işçisi və xeyirxah insan Zahid İbrahim oğlu Qaralovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin! 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Mehriban Əliyeva,
lçin Əfəndiyev, Əli Həsənov, Əli Əhmədov, Akif Əlizadə, Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Mikayıl Cabbarov, Yəhya Kərimov, Əjdər Ağayev
 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov