Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

20 Yanvar şəhidlərinin xatirəsi Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda anıldı

 

Böyütmək üçün seçinYanvarın 15-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "20 Yanvar - milli birlik və qəhrəmanlıq" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra institutun rektoru, professor Asəf Zamanov çıxış edərək bildirdi ki, 20 Yanvar ölkəmizə qarşı düşünülmüş mənfur siyasətin növbəti təzahürü idi. Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşunların Azərbaycana yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət olunurdu.

Azərbaycanda həyata keçirilən bu mənfur siyasət kommunist diktaturasının 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada, 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda reallaşdırdığı hərbi müdaxilənin, vəhşiliklərin davamı idi. Həmin vaxt  Azərbaycan ermənilərin də təcavüzünə məruz qalmışdı. SSRİ rəhbərliyi nəinki bu təcavüzün qarşısını almaq üçün qəti tədbirlər görmədi, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə erməni əsgər və zabitlərini də daxil etdi.

Diqqətə çatdırıldı ki, Azərbaycan xalqına qarşı soyqırımının törədilməsi, sovet hakimiyyəti illərində torpaqlarımızın tədricən ilhaq olunması, nəticədə ərazimizin 86 min kv. km-dək azalması, sovet rəhbərlərinin havadarlığı ilə başlayan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, soydaşlarımızın Ermənistandan - öz ata-baba torpaqlarından qovulması bu iyrənc siyasətin mərhələləridir.  31 dekabr 1989-cu ildə Naxçıvan Muxtar Respublikası ərazisində SSRİ sərhədlərinin ilk dəfə olaraq dağıdılmasına sovet diktaturası dözə bilməyib xalqa qarşı qəddarlıq göstərdi. Əlli  mindən çox hərbçinin Bakı ətrafında cəmləşdirilməsi, Bakı buxtasının Xəzər Hərbi Dəniz Donanmasının gəmiləri və katerləri ilə tutulması Azərbaycanda milli azadlıq hərəkatının qarşısının amansızlıqla alınmasına istiqamətlənmişdi. Ən müasir silahlarla silahlanmış hərbçilər dinc əhaliyə amansızcasına divan tutdular. Faciədə 143 dinc sakin, o cümlədən məktəbli, tələbə, professor vəhşicəsinə qətlə yetirildi, yüzlərlə insan yaralandı və itkin düşdü, respublikanın iqtisadiyyatına külli miqdarda zərər dəydi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız öz qanları ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar, milli azadlıq və müstəqilliyimiz üçün yol açdılar, sovet imperiyasının dağılması üçün katalizator rolu oynadılar.

Qeyd edildi ki, faciənin səhərisi günü ümummilli lider Heydər Əliyev öz həyatını təhlükə altında qoyaraq respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gəldi, orada mətbuat konfransı keçirib informasiya blokadasına alınmış Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı, günahkarların adlarını açıqladı.

Öz müstəqilliyinin bərpası uğrunda milli azadlıq mübarizəsi aparan Azərbaycan xalqının iradəsi qırılmadı və Azərbaycan xalqı tezliklə öz müstəqilliyini qazandı. Yalnız Heydər Əliyev Azərbaycanın Prezidenti seçildikdən sonra faciəyə hüquqi-siyasi qiymət verildi.

Professor Asəf Zamanov "20 Yanvar - mübarizlik günü", professor Elman Məmmədov "20 Yanvar - müstəqilliyə gedən yol", Respublika 20 Yanvar Cəmiyyəti İdarə Heyətinin üzvü Asif İbrahimov "20 Yanvar şəhidi ailələrinə və əlillərinə dövlət qayğısı", institutun yenidənhazırlanma fakültəsinin tələbəsi Leyla Bayramova "20 Yanvar və gənclik" mövzularında məruzələr etdilər.

Elmi-praktik konfrans tələbələrin 20 Yanvar faciəsi ilə bağlı hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatdı. 

Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov