Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Xarici xəbərlər

 

Cənubi Koreyada tədris cədvəli dəyişir 

Böyütmək üçün seçinMəqsəd  ölkəyə Qərbdən daha çox əcnəbi tələbə cəlb etməkdir 

Cənubi Koreya hökuməti yerli ali və orta məktəblərin tədris cədvəlini  Qərbdə qəbul olunmuş cədvəllə uyğunluğunu təmin etmək niyyətindədir.    Ölkənin Təhsil Nazirliyindən verilən məlumata əsasən,  qurumda  ali və orta məktəblərdə dərslərin, hazırda olduğu kimi,  martda deyil, sentyabr ayından başlanması  müzakirə olunur.   Bu qərarın qəbul olunmasında  başlıca məqsəd  ölkəyə, xüsusən də Qərbdən daha çox əcnəbi tələbə cəlb etməkdir.  Bu isə tələbələrə Cənubi Koreyada təhsil və təcrübə praktikasını  gələcəkdə akademik  planlarla uzlaşdırmağa imkan verəcək.  Dərslərin Qərb  cədvəlinin xeyrinə olaraq  dəyişməsi  barədə qərar qəbul olunarsa, onda  bu sistem 2017-ci ildə tətbiq oluna bilər.  Paralel olaraq  ölkədə dərs ilinin daha tez  başlanması məsələsi də müzakirə edilir.   Bu məqsədlə yaz  tətilinin qısaldılması,  yay tətilinin  isə uzadılması  təklif olunur.  

Təhsil  Nazirliyində qeyd olunur ki, hələlik adıçəkilən təkliflərlə bağlı son qərar qəbul olunmayıb.  Bu məsələ hazırda ekspertlərin, ictimaiyyət  nümayəndələrinin, valideynlərin və müxtəlif  təhsil ocaqlarının rəhbərlərinin iştirakı ilə müzakirə olunur.  Yeni qrafikə keçidin əleyhdarları qeyd edirlər ki, yenilik ölkəyə əlavə  olaraq 10 milyard  dollara  başa  gələcək.  Bəziləri isə hesab edir ki, əcnəbi tələbələrin axınına dərslərin martda başlaması yox, digər amillərin təsiri var.


Təhsilin vəziyyətinə dair hesabat açıqlanıb 

Dünyada 63 milyon uşaq məktəbə getmək imkanından məhrumdur 

BMT-nin elm və mədəniyyət üzrə qurumu UNESCO dünya  ölkələrində təhsilin səviyyəsi ilə bağlı hesabat hazırlayıb. Təşkilatın  baş direktoru  İrina Bokova BMT-nin Uşaq Fondu (UNİCEF)  ilə birgə hazırlanmış hesabatı açıqlayıb.  "Uçitelskaya qazeta"nın məlumatına əsasən,  hesabatda  qeyd  olunur ki,  bütün dünyada hər beş yeniyetmədən biri məktəbə getmək imkanından məhrumdur.   Bu o deməkdir ki, dünyada 12-15 yaşlı  63 milyon  uşaq  təhsil  hüquqlarından məhrumdur.  Bunun  səbəbi uşaqların  kasıb və zəif təminatlı ailələrdən olması göstərilir.  Hesabatı  təqdim edən  İ.Bokova qeyd edib ki,  sənəd özlüyündə hər bir uşağın   baza  təhsilinin  həmişəlik  təmin olunması üçün  zəruri olan resursların səfərbərliyə alınması yolunda çağırışdır.  Orta yaşlı uşaqlar arasında  hər 10 nəfərdən biri, yeniyetmələr arasında isə hər 5 nəfərdən biri məktəbə getmir. Beynəlxalq birliyin 2015-ci ildə bütün uşaqların təhsillə təmin olunması barədə vədlərinə  baxmayaraq  ümumi hesabla 121 milyon uşaq və yeniyetmə heç vaxt məktəbə getməyib və ya dərsləri yarımçıq qoyub. 

UNİCEF-in icraçı direktoru Entoni Leyk qeyd edib ki, bu gün  təhsil sahəsində  eyni  zamanda 3 məsələnin həllinə   - umumi ibtidai təhsilin əlyeterliyinin təmin olunmasına, yeniyetmələrin, xüsusən də qızların orta məktəbi bitirə bilməsinə kömək göstərilməsinə, eləcə də təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq lazımdır. Bütün  3 məsələ eyni dərəcədə vacibdir və əlavə investisiya  tələb edir.


Ukrayna ali məktəbləri  tam müstəqilliyə keçir 

Cari ilin sentyabrından yeni tədris proqramları tətbiq olunacaq 

Ukraynanın Təhsil Nazirliyi  aparılan islahatlar çərçivəsində cari ildə ali məktəblərə kadr, akademik, maliyyə sahəsində tam müstəqillik verəcək.  Bu barədə ölkənin  təhsil naziri Sergey  Kvit  bildirib.  2015-ci il sentyabrın 1-dən yeni tədris proqramları tətbiq olunacaq.  Onlar  muxtariyyət  prinsipinə əsaslanacaq.  "Təhsil Nazirliyi  əvvəlki  kimi universitetlərə necə tədris aparmağı, hansı qərarlar qəbul etməyi diktə etməyəcək. Nazirlik yalnız gözlənilən  təhsil nəticələrini müəyyən edəcək", - deyə nazir bildirib.  S.Kvit əlavə edib ki, muxtariyyət məsələsi özəl ali məktəblərin maliyyələşdirilməsinə  də təsir  edəcək. Onlar öz vəsaitlərini bank hesablarında saxlaya  və  istədikləri  kimi  sərf  edə  bilərlər. Onun sözlərinə görə,  nazirlik  bundan əlavə, Ali Radanın profil  komitəsi ilə  birlikdə məktəbi uşaqlar  üçün daha faydalı və maraqlı etmək üçün çərçivə qanunu işləyib hazırlamaqdadır.  Qanunda  yeni  peşə  standartları   da öz əksini  tapmalıdır.


Rusiya təhsilində yeni addım 

200  innovasiya məktəb şəbəkəsi yaradılacaq 

Yaxın  beş  il  ərzində Rusiyada 200 innovasiya məktəbindən ibarət  şəbəkə  yaradılacaq.  Şəbəkənin yaradılması təhsilin inkişafı  Konsepsiyasının icrasına uyğun olaraq  yeni texnologiyaların işlənməsi üçün eksperimental və innovasiya proqramı həyata keçirən məktəblərin yaradılmasına xidmət edir.  Qabaqcıl pedaqoji təcrübənin ötürülməsi  məqsədilə konkret təhsil texnologiyalarının yayılması üzrə  30 milli metodik şəbəkə yaradılacaq. Təlim nəticələri aşağı olan təhsil müəssisələrində  təhsilin keyfiyyətinin artırılması məqsədilə normativ-metodiki bazanın modernləşdirilməsi və pilot layihələrin  həyata keçirilməsi nəzərdə   tutulur.  Bu cür məktəblərdəki  ən yaxşı təcrübə işləri  bütün bölgələrə yayılacaq.

Yeni dövlət federal standartlarına uyğun  olaraq  təhsilin məzmununun müasirləşdirilməsini həyata keçirmək məqsədi  ilə  müəllimlərin riyaziyyat, xarici dil, tarix, ədəbiyyat və texnologiya fənləri  üzrə  şəbəkə metodik birliklərinin   yaradılması və dəstəklənməsi nəzərdə tutulur.  Ehtimal olunur ki, müəllimlərin təxminən  yarısı (43 faiz) fənlərarası texnologiya  metodlarını mənimsəyəcək.


Finlandiyada əllə yazı ləğv olunacaq 

Şagirdlər yalnız məktub yazarkən qələmdən istifadə edəcəklər 

2016-cı  tədris ilindən başlayaraq Finlandiya  məktəblərində  əllə yazı təcrübəsindən imtina olunacaq. Finlandiya hökuməti hesab edir ki, əllə yazı kompüterdə çapdan geridə qalır, buna görə də ənənəvi tədris forması  kimi  ləğv oluna bilər.  Finlandiyanın Təhsil Nazirliyində hesab edirlər ki, məktəblilər vaxtlarının çoxunu dəftərlər üzərində deyil, kompüter arxasında keçirməlidir. Onsuz  da İKT texnologiyaları bütün dünyada məktəblərdə geniş yayılıb.  Əllə yazının icbari tədris forması  kimi  ləğv olunması imkanlarına  baxmayaraq, ölkə məktəblərində təhsil alan şagirdlər hələ  məktub yazarkən qələm və karandaşlardan istifadə edəcəklər.  Lakin dərslər  elə təşkil olunacaq ki, fin məktəbliləri  çap hərfləri ilə  yazmağı öyrənəcəklər.

Finlandiya əllə yazı proqramında dəyişiklik edən ilk Avropa ölkəsi deyil. Almaniyanın bir sıra regionlarının ibtidai məktəblərində tədris  artıq çap hərflərindən istifadə olunmaqla  təşkil olunur.  "Şagirdlər uzun müddət qələmlə yazdıqda onların əllərində sancılı ağrılar və barmaqlarında döyənəklər yaranır",- deyən müəllimlər həm də etiraf edirlər ki, bəzən şagirdlərin əllə yazdıqlarını oxumaq olmur, buna görə də onların qiymətlərini aşağı salmalı olurlar.  Bundan başqa, müasir şagirdlərin hafizədə hesablama vərdişləri də yox olmaqdadır.  


Daktiloskopiya və peşə seçimi: onlar arasında ümumi nə var? 

Son vaxtlar  internetdə  yayılmış  ən maraqlı məlumatlarda qeyd olunur ki,  yaxın gələcəkdə uşaqların  peşə seçimini  onların  barmaq  izləri ilə aparmaq mümkün olacaq. Bu  ideyanın müəllifləri  Rusiyanın  Gənc Analar  Birliyidir.  Birliyin üzvləri  bu  ideyanın həyata keçirilməsinə təşşəbbüs ediblər.  Yenilik   daktiloskoplar və dermotoqliflər assosiasiyası tərəfindən də dəstəklənib.  Qurumun prezidenti, tanınmış alim, ixtiraçı və sahibkar Aleksandr  Zubarevin sözlərinə görə, barmaq izləri insanın bütün həyatı boyu dəyişməz olaraq qalır.  Üstəlik də barmaqdakı  izlərin naxışları ilə insan xarakteri, onun  bacarıq  və  meyilləri  arasında dəqiq qarşılıqlı əlaqənın olması da müşahidə olunur.  Beləliklə də istənilən halda  bu əlaqənin  insanın  gələcək  həyat  yolu ilə birbaşa bağlı  olduğunu söyləmək olar.  Söz yox, əgər bu qanunauyğunluqlar  həqiqətən varsa, bu isə elmi cəhətdən artıq sübut olunub, onda  yalnız sevinmək olar ki, müəllimlərin bəxti gətirib: uşaqlara peşə seçimi  barədə  kifayət  qədər   uzun  və  üzücü  sinif  saatı  və mühazirələrin əvəzinə  sadəcə məktəblinin  barmaq izlərini əldə etmək və onları  hansısa kompüter proqramı  ilə öyrənmək kifayətdir. Və hər şey aydın olacaq:  hansı  şagird zehni əməklə məşğul ola bilər, hansı  şagirdə  fiziki əməklə məşğul olmaq məsləhətdir.  Peşə seçiminə bu cür yanaşma həm də ona görə maraqlıdır ki, o, ciddi elmlərin və xalq arasında  kifayət qədər inanılan  klassik xiromantiyanın qovuşuğunda yerləşir.  Ona görə də ideyanı  təkcə şagirdlərlə  məhdudlaşdırmaq yox, bir qədər də geniş inkişaf  etdirmək olar.

Barmaqların formasına və əl sümüklərinə görə  qarşıda  əyləşən insanın kim olduğunu müəyyn etmək olar. Vaxtilə  böyük filosof  Bolter deyirdi ki, ona əlin  baş barmağını  görmək kifayətdir ki, sahibinin müəyyən xarakteristikasını  verə bilsin.  Əgər bəhs olunan məsələ ilə bağlı tarixi şəxslər tərəfindən  səslənmiş fikirlər varsa, biz onlara  niyə məhəl qoymamalıyıq? Lakin bu da  hələ hamısı deyil!  Ən böyük zəka sahibləri  uzun illər ərzində insanın zahiri görkəmi, onun burun, göz, dodaq, kəllə forması ilə digər xüsusiyyətləri arasında  səbəb-nəticə əlaqələrinin  üzə çıxarılması  üçün  güc və vaxt sərf ediblər. Söhbət fizioqnomika,  frenologiya və  tərəqqinin  digər nailiyyətlərindən gedir.  Güclü çənə  iradəli, dolu dodaqlar həssas,  dar dodaq - qəddar,   uzanıqlı qulaqlar - musiqililiyi, alının ortasındakı qabarıqlıq böyük zəkanın olduğu insanları göstərir.  Doğrudanmı bundan sonra kimin  gələcəkdə nə ilə məşğul olması  aydın deyil? Gəlin hətta klassik variantlar, məsələn, astrologiyanı nəzərə almayaq. Baxmayaraq ki,  bu daha asandır.  İlin  əvvəlində şagirdlərin siyahısı ilə tanış olmaq, kimin  nə vaxt  anadan olması  və  bundan sonra  onun bürcünə görə nəticə çıxarmaq olar ki,  hansı sahə onun üçün "göstəriş"dir.  Buraya insan  taleyini  və xarakterini  səciyyələndirən əlamətlər və doğum tarixinə daxil olan rəqəmlər arasındakı qarşılıqlı əlaqəni əyani şəkildə nümayiş etdirən numerologiyanı (rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsi) da aid edək.  Axı,  bunun  da peşəyə  birbaşa aidiyyəti var. Yəni, bunlar insanın  davranışı, meyillərini müəyyənləşdirir. 

Ad, ata adı, soyad və təxəllüsün belə birbaşa taleyüklü  əhəmiyyət daşıdığını sübut edənlər heç də ağılsız  insanlar olmayıblar.  Bəzi insan adları sahibinin hansı sahədə, müəllim, tərcüməçi, psixoloq kimi işləməsi və  uğurlu  karyera qurması, eləcə də onun əsəb sisteminin  nə qədər dayanıqlı olub-olmadığı  barədə məlumat verir. İnsan adlarının tədqiqatçıları  da bu statistikanı dəstəkləyirlər.  İridodiaqnostika (gözün qüzehli qişasının müayinəsi  vasitəsi  ilə  bütün orqan və sistemlərin sağlamlıq vəziyyətinin və ya xəstəliklərin ilkin diaqnostika üsulu) kimi bir elm sahəsi var.  Gözlərə  baxmaqla  bu və ya digər orqanın vəziyyəti dərhal  məlum olur.  Bu metodla müəyyən etmək olar ki,  şagird  perspektivdə  nə  işlə   məşğul ola bilər və ya hansı işlə məşğul olmaq onun üçün zərərlidir.

Bundan  əlavə, uşağın qan qrupu əsasında müəyyən nəticələr irəli  sürmək olar. Məlum olub ki, birinci qan qrupuna malik insanlar lider olmağa can atırlar, onlar ambisiyalı, şöhrətpərəst, qısqanc olurlar. İkinci qan  qrupuna malik insanlar əksinə,  əmin-amanlıq, harmoniya və qayda-qanuna üstünlük verir,  daha inadkar və mühafizəkardırlar  və sairə.  Burada da  hər şey aydındır ki, kimin müdir olmaq, kimin isə xidməti heyətdə yer almaq şansı  daha çoxdur.

 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

[email protected]

xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov