Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Sinif rəhbərləri öz vəzifələrini bilirmi?

 

Paytaxt məktəblərində araşdırmalarımız nə göstərdi? 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"
[email protected]

Araşdırmalarımızdan məlum oldu ki, sinif rəhbərlərinin əksəriyyəti işlərinin öhdəsindən gəlsələr də, lakin əsasnamədən bir o qədər də məlumatlı deyillər. Belə ki, onlarla söhbətimizdə əsasnamədə yer alan bəzi müddəalar haqqında məlumatsız olduqları aydın oldu. Bəzilərinin əsasnamənin mövcudluğundan belə xəbərsiz olduğu aşkarlandı. Halbuki sinif rəhbərlərinin fəaliyyətini tənzimləyən əsasnamə onların hər birinin masalarının üstündə olmalı,  əsasnamədə öz əksini tapmış bütün istiqamətlər üzrə iş aparılmalıdır.

 Orta ümumtəhsil məktəblərində şagirdlərin şəxsiyyət kimi formalaşmasında, tədris və tərbiyəyə cəlb olunmasında fənn müəllimləri ilə yanaşı, sinif rəhbərləri də əhəmiyyətli rol oynayır. Bu gün sinif rəhbərlərinin fəaliyyəti Azərbaycan Respublikası təhsil nazirinin 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş "Sinif rəhbəri haqqında Əsasnamə"də öz əksini tapmışdır. Əsasnaməyə görə, sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilir və ya vəzifədən azad olunur. Sinif rəhbəri bu işi icra etdiyinə görə xüsusi müavinət alır. Onların fəaliyyətinə rəhbərlik tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.

Sinif rəhbərinin əsas vəzifələri təhsil alanları şəxsiyyət kimi yetişdirmək, onlarda əsl vətəndaş, mənəviyyat, təşəbbüskarlıq kimi yüksək keyfiyyətlərin və müstəqil tənqidi təfəkkürünün formalaşmasına kömək göstərməkdir. Bundan başqa, şagirdlərin xarici görünüşünə, geyiminə, dərsə davamiyyətinə, hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək, onların uğur və səhvlərini qeydə almaqla vaxtında kömək göstərmək, sinif jurnalının işlənməsi və nəzarəti, valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək də (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə) əsas işlərindəndir. Bununla yanaşı, sinif rəhbəri Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək, sinif saatlarını təşkil etmək, fənn müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkil və bir çox məsələləri yerinə yetirməlidir. Bəs görəsən, ümumtəhsil məktəblərində çalışan sinif rəhbərləri yuxarıda sadaladığımız işlərin öhdəsindən layiqli gəlirlərmi? Öz işlərini əsasnamənin tələblərinə uyğun qura bilirlərmi? Suallarımıza cavab tapmaq məqsədilə paytaxtın bir sıra orta ümumtəhsil məktəblərində olduq, sinif rəhbərləri ilə söhbətləşdik.

 Elmira Fərzullayeva,
Bakıdakı 55 nömrəli tam orta məktəbin X sinfinin rəhbəri:

- Artıq 5 ildir ki, sinif rəhbəriyəm. İşimizi əsasnamənin tələblərinə uyğun aparmağa çalışıram. Sentyabr ayından başlayaraq dərs ilinin sonuna qədər çox intensiv şəkildə iş aparıram. Şagirdlərin dərsə davamiyyəti, tədrisi və s. məsələlərlə ciddi məşğul oluram. Mütəmadi olaraq fənn müəllimləri ilə əlaqə saxlayıram. Tədris zamanı zəifləyən şagirdləri xüsusi nəzarətə götürür, onların valideynləri ilə əlaqə saxlayıram. Mən deyərdim ki, sinif rəhbəri şagirdlərin məktəbdəki valideynləridir. İnanın, bəlkə də elə valideynlər var ki, biz onlardan da çox narahatlıq hissi keçiririk. Məsələn, mənim sinfimdə bir şagird var idi. Ailə vəziyyəti ilə əlaqədar psixoloji sarsıntı keçirmişdi. Evlərinə belə getmirdi. Gecələr məsciddə yatırdı. Valideynləri bir az səhlənkar idilər. Onun harda gecələdiyini belə bilmirdilər. Biz onu məsciddən tapdıq və məktəb psixoloqu ilə birlikdə ona psixoloji yardım göstərdik. Bir sıra məsləhətlər verdik. Şükürlər olsun ki, həmin şagirdi düz yola yönəldə bildik. Bu kimi hallarla tez-tez rastlaşır və öhdəsindən layiqli gəlməyə çalışırıq. Hər həftənin cümə günü sinif saatı keçirirəm. Sinif saatı zamanı sinifdə olan problemlərdən, tədrisin vəziyyətindən söhbət açıram. Əlamətdar və tarixi hadisələrlə bağlı şagirdlərə məlumatlar verirəm.

 Nailə Xıdırova,
Bakıdakı 55 nömrəli tam orta məktəbin VIII sinfinin rəhbəri:

- Düzünü deyim ki, əsasnamə ilə bir o qədər yaxından tanış deyiləm. Pedaqoji təcrübəmdən istifadə edərək sinfi idarə edirəm. Şagirdlərin təlim-tərbiyəsinə xüsusi diqqət yetirirəm. İşimi günün tələblərinə uyğun olaraq qurmağa çalışıram. Valideynlərlə sıx əlaqədəyəm. Uşaqlar dərsə gəlməyəndə valideynlərdən ətraflı məlumat alıram. Şagirdlərin bilik səviyyələri haqqında fənn müəllimlərindən mütəmadi məlumat alıram. Vaxt tapan kimi sinfimdə dərsləri dinləyirəm. Hər həftənin cümə günü sinif saatımız olur. Sinif saatından maksimum yararlanırıq. Problemlərimiz və digər məsələlər haqqında sinifdaxili müzakirələr aparırıq. Çətin tərbiyə olunan uşaqlarla xüsusi məşğul oluram. Bu yöndə məktəb psixoloqu ilə apardığımız işlər demək olar ki, müsbət nəticələnir. Məktəbin tədbirlərində sinfim çox fəal iştirak edir. Bundan başqa, fənn olimpiadalarında şagirdlərin fənn seçiminə kömək edir, bu zaman onların maraqlarını öndə tuturam.

 Dölət Abdullayeva,
Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin IX sinfinin rəhbəri:

- Sinfimdə 31 nəfər şagird təhsil alır. Sentyabr ayından başlayaraq işimi planlı şəkildə qururam. Belə ki, sinif nümayəndəsi, sinifdə davamiyyəti qeyd edən şagirdi  seçirik. Həftədə bir dəfə sinif saatı keçirirəm. Sinif saatlarında həftə ərzində fərqlənən şagirdlərə stimullaşdırıcı tədbirlər görürəm. Onları "həftənin ən yaxşı şagirdi", "həftənin ən intizamlı şagirdi" və sair kimi adlarla stimullaşdırıram. Sinfim buraxılış sinfi olduğu üçün şagirdlərlə xüsusi test bankı vasitəsilə hazırlıqlar aparırıq. Bundan başqa, şagirdlərə ali məktəblərə ixtisas seçimində və digər istiqamətlərdə tövsiyələr verir, onları potensiallarına uyğun olaraq düzgün yönləndirməyə çalışırıq. Uşaqlarda ədalətlilik prinsipinin qorunmasına, bir şəxsiyyət kimi yetişmələrinə daha çox önəm verirəm. Hər bir şagirdə fərdi yanaşıram. Onların ailə vəziyyəti və fərdi xüsusiyyətlərinə, demək olar ki, yaxından bələdəm. Xüsusi istedada malik olan şagirdlər diqqət mərkəzimizdədir. Onların potensiallarının inkişaf etdirilməsi yönündə daim işlər aparırıq. Ümumiyyətlə, fəaliyyətimi əsasnamənin tələblərinə uyğun qururam. Sinif kollektivi ilə sinifdənxaric və məktəbdənkənar işi qururuq. Asudə və tətil vaxtlarının səmərəli təşkil olunması yönündə işlər aparırıq. Sinif rəhbəri kimi işimizin  məsuliyyətini dərk edir, şagirdlərin vətəndaş kimi yetişməsi yönündə var gücümüzlə çalışırıq.

 Tünzalə Səmədova,
Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin VI sinfinin rəhbəri:

- Mən bu sinfi qəbul edərkən uşaqlar bir az çılğın, səs-küylü idilər. İlk öncə şagirdlərin bu vərdişlərini yavaş-yavaş tərgitməyə başladım. Onlar arasında sorğu keçirdim. Hər bir şagirdin xüsusi keyfiyyətlərini nəzərə almaqla müsbətə doğru yol qət etdik. İndi demək olar ki, sinfin belə bir problemi yoxdur. Düşünürəm ki, müasir dövrün şagirdləri əvvəlki illərlə müqayisədə daha həssas, daha intellektlidirlər. Bu baxımdan, onlara xüsusi həssaslıqla yanaşıram. Sinif saatlarında tam bir demokratik mühit yaratmışıq. Şagirdlərdə müstəqil fikirlilik, bir-birlərinə qarşı diqqətli olmağı, vətənə, dövlətə sevgi aşılayıram. Tənqidi fikirlərini çəkinmədən bildirmələrini söyləyirəm. Axı biz vətəndaş yetişdiririk. Hazırda şagirdlərdə yalan danışmaq kimi mənfi keyfiyyətlərlə daha çox rastlaşıram. Bu mənfi keyfiyyətin aradan qaldırılması üçün əlimdən gələni edirəm. Şagirdləri tez-tez ekskursiyalara aparırıq ki, bu da onlarda yaradıcı təfəkkürün formalaşmasına kömək edir. Şagirdlərin iştirakı ilə "dəyirmi masa"lar keçirilir, onlar təqdimatlar hazırlayırlar. Bu, şagirdlərdə müstəqil fikirliliyin formalaşmasına və yaradıcılıq qabiliyyətlərinin, liderlik keyfiyyətinin üzə çıxmasına kömək edir.

Sinif rəhbərlərinin fəaliyyəti ilə bağlı bəzi valideynlərin də fikrini öyrəndik.  

Mehman Orucov, valideyn:

- Övladımın təhsil aldığı sinfin rəhbərindən, ümumi desək, razıyam. Tez-tez əlaqə saxlayır, övladımla bağlı məlumatları bizə verir. Amma bəzi məsələlərdə narazılıqlarım da var. Belə ki, məni ən çox narahat edən məsələ sinif rəhbərlərinin şagirdlərlə yaxşı ünsiyyət qura bilməmələridir. Biz şagirdləri məktəb vaxtlarından şəxsiyyət kimi yetişdirməliyik. Düşünürəm ki, məktəbdə şagirdlərə müstəqil fikir yürütmək, hər hansı bir məsələyə münasibət göstərmək kimi vərdişlər bir o qədər aşılanmır.  Bundan başqa, şagirdlər arasında münasibətlər düzgün qurulmur, bir çox hallarda şagirdlər arasında qruplaşmalar yaranır ki, ümumi münasibətlərə zərər vuran bu kimi hallardan valideynlər xəbərsiz olur. 

Xəqani Hüseynov, valideyn:

- Sinif rəhbəri, mən deyərdim ki, məktəbdə ən aparıcı şəxslərdəndir. Çünki şagirdlərlə birbaşa məhz sinif rəhbərləri işləyir. Düşünürəm ki, məsələyə bir çox yöndə yanaşmaq lazımdır. Mənim iki övladım hazırda məktəbdə təhsil alır. Onların sinif rəhbərlərinin birindən razı, digərindən isə narazıyam. Razı olduğum sinif rəhbəri şagirdlərə bir ana qayğısı ilə yanaşır. Onların hər bir problemi ilə yaxından maraqlanır. Dərslərdə geriləmə və irəliləyiş olduğunda məlumatlar verir. Narazı olduğum sinif rəhbəri isə bir az laqeyddir. Bundan başqa, şagirdlər arasında ayrı-seçkilik salır, fənn müəllimləri ilə bir o qədər təmasda olmur və s. Bu baxımdan, məktəb direktorları sinif rəhbəri seçərkən diqqətli olmalıdırlar. Çünki sinfin və şagirdlərin formalaşmasında sinif rəhbərinin çox böyük rolu var.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov