Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

"Məktəb Südü" proqramı dünya ölkələrində necə tətbiq olunur?

 

Rüfanə GÜNƏŞ, 
"Azərbaycan müəllimi"
[email protected]

 

Südün yaşından asılı olmayaraq bütün insanların orqanizminə çox böyük faydası var. Əzələlərin möhkəmlənməsi və bərpası üçün vacib olan zülallar süddə çoxluq təşkil edir. Süd həmçinin orqanizmin enerji alması üçün vacib olan yağlarla da zəngindir.

Südün tərkibində şəkər də var ki, ona laktoza deyilir. Laktoza şəkər qamışı və çuğundurdan hazırlanan şəkər kimi şirin olmasa da, insan orqanizmi tərəfindən çox rahat həzm olunur.  Süd insan orqanizmini çox əhəmiyyətli olan mineral maddələrlə təchiz edir. Bu maddələr sümükləri möhkəmləndirir və qanı təzələyir.

Süddə həmçinin fosfor, kalsium, dəmir, bal,  manqan, natrium, kalium, xlor, yod, kobalt və sink  kimi çox xeyirli kimyəvi elementlər var. Süd bizi B2, A, B1, C və D kimi bir çox vitaminlərlə təmin edir. Südün tərkibində su çoxluq təşkil edir.

Uşaqların sağlam və balanslı qidalanması üçün də qidaların başında süd və süd məhsulları gəlir. Süd həm də müxtəlif xəstəliklərdən qorunmaq üçün bir vasitədir. Ona görə də uşaqlar davamlı olaraq süd içməlidir.

Süd içməyi artırmaq üçün dünyada həyata keçirilən ən məşhur layihələrin başında "Məktəb Südü" proqramı gəlir.  Məktəb çağındakı uşaqların süd içməsini artırmaq və doğru bəslənmə vərdişləri əldə etməsini təmin etmək məqsədi ilə həyata keçirilən proqram Avropadan Asiyaya, Amerikadan Afrikaya qədər dünyanın bir çox ölkəsində illərdir tətbiq olunmaqdadır.

"Məktəb Südü" proqramı sayəsində uşaqların fiziki inkişaflarının yanında zehni fəaliyyətlərinin artdığı və məktəbdəki davamiyyətlərinin daha yaxşı olduğu müəyyən edilib. 

Məktəb Südü;

- Xüsusilə vitamin və mineral əskikliklərindən qaynaqlanan sağlamlıq problemlərinin qarşısını almağa kömək edir;

- İrəlidəki yaşlarda da normal qidalanma vərdişi qazandırır;

- Uşağın sosiallaşmasına kömək edir.

Dünyada "Məktəb Südü" necə tətbiq olunur?

Dünyanın bir çox ölkələrində tətbiq olunan proqramın faydaları da çox olub. Bir çox uşaqlarda kalsium azlığı aradan qalxıb, boylarında süd içməyənlərə nisbətən artım daha çox olub.   

Türkiyə Cümhuriyyəti. Qardaş Türkiyə bu proqrama 2011-2012-ci tədris ilinin ikinci yarısında "sağlıq üçün süt için" sloqanı altında başlayıb. Proqram Türkiyənin bir neçə nazirliyinin dəstəyi ilə həyata keçirilir. Belə ki, proqramın tətbiq olunduğu ilk il 32 min 500 məktəbin 7 milyon 200 min şagirdinə 144 milyon qutu süd paylanıb. 2012-2013-cü tədris ilinin ikinci dövründə, özəl təhsil müəssisələri və uşaq bağçaları da nəzərə alınaraq ölkədəki bütün ibtidai məktəblər də daxil olmaqla 6 milyon 172 min 692 uşağa 296 milyondan çox qutu süd paylanıb. 10 fevral 2014-cü ildən etibarən 6 milyon 330 min 215 şagirdə həftədə 3 gün (bazar ertəsi, çərşənbə, cümə) olmaq üzrə 303 milyon qablaşdırılmış süd paylanılıb.

Avropa İttifaqı (Aİ). Avropa Süd Dərnəyi tərəfindən həyata keçirilən proqramın məqsədi, tələb və davamlı olaraq süd içilməsinə qatqı, regional iqtisadiyyatın inkişafı, kənd təsərrüfatının dəstəklənməsi, uşaqların sağlam gələcəyini təmin etməkdir. Proqram çərçivəsində 2007-2008-ci illərdə  ittifaqın 27 ölkəsində olan məktəblərə 300 min tondan çox süd paylanılıb. 2008-ci ilin iyul ayından etibarən proqramın genişləndirilməsi üçün tədbirlər həyata keçirilməyə başlayıb. 2008-2009-cu tədris ilində məktəblərə daha çeşidli qidalar verilməsi təmin olunub.  2011-2012-ci illərdə Yunanıstan və Xorvatiya istisna olmaqla, AB-nin üzvü 26 ölkə iştirak edib. 20 milyon 358 min uşaq 312 min 700 ton süd içib. 

Amerika Birləşmiş Ştatları (ABŞ). Bu proqram ABŞ-da 4 iyun 1940-cı ildə Çikaqoda başlayıb. Daha sonra oktyabr ayında Nyu-York da bu proqrama qoşulub. Bundan sonra proqram yavaş-yavaş digər ştatlara yayılmağa başlayıb. ABŞ-da məktəbəqədər dövrdən başlayaraq daha çox süd içən 3-9 yaş arası uşaqlarda 10 illik bir müddətdə daha az dərialtı yağlanması olduğu müşahidə olunub. Süd içməyin artması, hər yaşda bel ətrafının daha az genişlənməsi və daha az çəki artımı ilə nəticələnib. 

Yaponiya. Məktəblərdə yalnız süd deyil, yemək də paylanılan Yaponiyada uşaqlarda süd qəbul edildikdən sonra kalsium əskikliyi 25,5% müşahidə olunub. Halbuki bu rəqəm süd qəbul edilməzdən əvvəl 67% olub.

Rusiya. "Məktəb Südü" proqramına Rusiyada  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO tərəfindən 2005-ci ildə iki şəhərdə cəmi  25 min uşaqla başlanılıb.  Bu gün dövlət tərəfindən dəstəklənən proqram ölkənin yarısından çoxunda tətbiq olunur. 

Çin. "Məktəb Südü" proqramı dövlət  tərəfindən 2000-ci ildə başlanılıb.  Çində, yüksək qida dəyəri və uşaq sağlamlığına faydası nəzərə alınaraq  proqram 28 əyalət, 660 şəhər və 60 min məktəbə tətbiq olunur.

Yeni Zelandiya. Dünyanın qabaqda gələn süd istehsalçılarından olan Yeni Zelandiyada Fonterra firması tərəfindən həyata keçirilən proqram, 2012-ci ildə pilot layihə kimi 13 min ibtidai məktəb çağındakı uşaqla başlanılıb.  Pilot layihənin   müvəffəqiyyəti nəticəsində uşaq sayı 350 min nəfərə yüksəlib.

Meksika. Meksikada səhər yeməyi olaraq reallaşdırılan proqramın nəticəsi ürəkaçan olub. Belə ki, proqram başlayandan sonra uşaqların dərslərinə daha çox diqqət ayırması, oyunlarda daha aktiv iştirak etməsi müşahidə edilib. 

Tailand. "Məktəb Südü" proqramının 1992-ci ildə başlanılan Tailandda da çox təəccüblü nəticələr əldə edilib. Qeyri-kafi bəslənmə 1997-ci ildə 10%, 2006-ci ildə 5% nisbətində azalıb. Uşaqların boyları proqramın başlamasıyla birlikdə 3 sm artıb. 2010-cu ildə uşaqların boylarında 5 sm-dən də çox artım müşahidə edilib. Məktəb çağında süd içən 18 yaşında gənclərin orta boyu oğlanlarda 169,5, qızlarda 164,5 sm olub. Adambaşına süd içmək 1987-ci ildə 2 litr, 2003-cü ildə 23, 2011-ci ildə 31 litrə qədər artıb.

Mərakeş. Şimali Afrika ölkəsi Mərakeşdə, pis bəslənməyə bağlı olan vitamin çatışmazlığını aradan qaldırmaq üçün tərkibi A və D3 vitaminləri cəhətdən zənginləşdirilmiş süd, biskvit ilə birlikdə paylanır. Bu da uşaqlara həm fiziki, həm də zehni cəhətdən müsbət təsir edir. Araşdırmalara görə, zənginləşdirilmiş süd içən uşaqlarda normal süd içənlərə görə 8 ayda A vitamini əskikliyi aradan qalxıb, D vitamini əskikliyi geriləyib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov