Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Astrofizika üzrə ilk elmlər doktoru

 

Dünyaya göz açan hər bir insanın öz tale yolu vardır. Bunun üçün insanın ağlı, zəkası, düşüncəsi, həyatın tələblərini və gedişatını dərindən dərk edib qarşıya qoyduğu məqsəd və amalına nail olmaq uğrunda bütün əqli, fiziki qabiliyyətini səbr, dözüm və təmkinlə sərf etməsi həlledici şərtdir. Bütün bunlara əməl etməyi bacaranlar taleyin daşlı-kəsəkli yollarında istədiklərinə nail olur, arzularının yüksək zirvəsinə ucalırlar.

Belə insanlardan biri də Azərbaycan ziyalıları sırasında öz mövqeyi və dəyərli şəxsiyyət dəst-xətti olan, tanınmış alim, astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının üzvü, əməkdar müəllim, professor Rəhim Əyyub oğlu Hüseynovdur.

Onun ömür yolu çox rəngarəng, acılı-şirinli, kədərli-sevincli anlarla dolu olmuşdur. Rəhim müəllimin ömür kitabını vərəqlədikcə həyatının səhifələri gözlərimiz önündə canlanır. O səhifələr ki, alimin uşaqlıq illərindən başlayaraq kamillik zirvəsinə qədər keçdiyi tale yollarını işıqlandırır, həyatın əsl mənasını bizə aydınlaşdırır.

Rəhim Əyyub oğlu Hüseynov 9 sentyabr 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Hələ uşaqlıq yaşlarından ötən əsrin 30-cu illərinin - o amansız aclıq dövrünün yaratdığı problemlərlə üz-üzə qalan Rəhim Hüseynov həm orta, həm də ali  təhsili almaq üçün, sözün həqiqi mənasında, böyük çətinliklərə sinə gərməli olub. Vaxtında məktəbə getmək imkanı olmadığı üçün balaca Rəhim ondan 3 yaş böyük qardaşının kitablarından istifadə etməklə təhsilini evdə aldı, "biliyini" isə evdə böyüklər yoxlayıblar. 1933-cü ilin payızında ailəsi ilə Ağdam şəhərinə köçüb və xalq arasında böyük nüfuza malik Mirkazım müəllimin direktor olduğu 1 nömrəli natamam orta məktəbin yüksək hazırlığına görə birbaşa IV sinfinə qəbul olub. 1937-ci ildə bu məktəbin VII sinfini əla qiymətlərlə bitirərək təhsilini Bakıda davam etdirib. 1940-cı ildə orta məktəbi əla qiymətlə bitirərək, həmin il imtahansız Azərbaycan Dövlət Universitetinin (ADU) fizika-riyaziyyat fakültəsinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

Aspiranturada oxumaq üçün universitetdə saxlanılan R.Hüseynov elə 1946-cı ilin yayında Azərbaycan Elmlər Akademiyası və Azərbaycan Dövlət Universitetinin respublikamızda gələcək Astrofizika Rəsədxanası üçün əlverişli yerin seçilməsi məqsədi ilə birgə elmi ekspedisiyanın iştirakçısı olub. 1953-cü ildən fəaliyyətdə olan Pirqulu Astronomiya stansiyasında (1956-cı ildən Astrofizika Rəsədxanası) "Günəş fizikası" şöbəsinə rəhbərlik edən R.Hüseynov, eyni zamanda Rəsədxana direktorunun elmi hissə üzrə müavini təyin olunub. Rəsədxana yaranan ili onun baş planında nəzərdə tutulan və bir neçə il öncə Leninqradda xüsusi zavodda sifariş olunan Üfüqi Günəş Teleskopu adlanan müasir teleskop alınaraq qurulub və işə salınıb. Bu işlərdə R.Hüseynov çox əmək sərf edib və əlbəttə ki, bununla həm də özünün çoxdankı arzusuna çatıb. Rəsədxanada əvəzçi və tam ştatda işlədiyi 20 ildən çox müddətdə bu elm ocağının yaranması və inkişafında Rəhim müəllim əlindən gələni edib.

Qeyd etmək yerinə düşər ki, 1957-ci ildə Yerin ilk süni peyki buraxılan ərəfədə R.Hüseynov bu peyki müşahidə etmək məqsədilə universitetdə xüsusi stansiyanın yaradıcısı, rəhbəri və əsas aparıcısı olmuşdur. Rəhim müəllim 1953-cü ildə astrofizika üzrə respublikamızda ilk elmlər namizədi, 1971-ci ildə isə ilk elmlər doktoru elmi dərəcəsi alan alimdir. Rəhim Hüseynovun elmi istiqaməti "Astrofizika və radioastronomiya", "Günəşin radio - optik şüalanma xüsusiyyətləri və relyativist elektronların Günəşin məhəlli maqnit sahələrində şüalandırması", "Günəşin alışmalarının ilk mərhələsində güclü nöqtəvi partlayış nəzəriyyəsinin tətbiqi", "Planetar dumanlıqların əsas parametrlərinin təyini üsulları" olmuşdur.

Onun elmi tədqiqat nəticələri Günəşin radioşüalanmasının interpretasiyası ilə məşğul olan məşhur dünya astrofiziklərindən Şklovski, Pikelnerin və başqaları aldıqları nəticəyə müəyyən mənada düzəliş kimi qiymətləndirilmişdir. Günəş radioşüalanmasının yaranma mexanizmini öyrənən ilk alimlərdən biri R.Hüseynov olmuşdur.

Rəhim müəllim 1969-cu ildən Beynəlxalq Astronomiya İttifaqına üzv seçilib. O, bu ittifaqın ABŞ-da, Çexoslovakiyada, İngiltərədə keçirilən qurultaylarının iştirakçısı olub. Baş Astronomiya (Pulkovo) Rəsədxanasında, Krım Astrofizika Rəsədxanasında, Moskva, Sankt-Peterburq, Kiyev universitetlərində, Rumıniya, Çexoslovakiya və Türkiyənin elmi təhsil mərkəzlərində və müəssisələrində çoxsaylı elmi məruzələr edib.

Astronomiyanın kütlələr arasında təbliğində də onun çoxtərəfli xidməti vardır. 1975-ci ildə Azərbaycan Dövlət Universitetində təşkil olunmuş astrofizik kafedrasına 17 il professor R.Hüseynov rəhbərlik etmişdir. 1992-ci ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetinin professoru vəzifəsində işləmişdir. Ona 2000-ci ildə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilmişdir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçilmişdir.

65 illik elmi-pedaqoji fəaliyyətində professor R.Hüseynov 70-dən çox elmi məqalənin, 6 elmi-kütləvi kitabın, bir monoqrafiyanın, ali və orta məktəblər üçün dərsliklərin müəllifi olmuşdur.

Bir alim kimi professor R.Hüseynovu səciyyələndirən əsas cəhətlər onun tədqiq etdiyi prosesləri dərindən və dəqiqliyi ilə dərk etməsi, məqsədyönlülüyü, yüksək məsuliyyət hissi, özünə və onunla birgə çalışmış əməkdaşlara qarşı tələbkar olması idi. O, xalqını, vətəni Azərbaycanı çox böyük məhəbbətlə sevirdi.

R.Hüseynov böyük alim olmaqla yanaşı, həm də qayğıkeş ailə başçısı idi. Onun yeganə övladı - oğlu Fərhəng Hüseynov görkəmli bəstəkar idi. Respublikanın "Əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Fitri istedada malik olan bəstəkar Fərhəng Hüseynov 2010-cu ilin əvvəlində 60 yaşında gözlənilmədən vəfat etdi. Bu itki Rəhim müəllimi həddindən artıq sarsıtdı. Ondan bir neçə il öncə sevimli həyat yoldaşını itirmişdi. Taleyin ağır zərbəsi bu  müdrik insan tərəfindən mətanətlə qarşılandı. Yüksək ünsiyyət mədəniyyətinə malik olan R.Hüseynov olduqca sadə və təvazökar, humanist, xoşniyyətli, nəcib, xeyirxah insan idi, adamlara mənəvi dayaq olmaq, çətinə düşənə yol göstərmək onun gündəlik həyat norması idi.

Bu nadir keyfiyyətlər onu tələbələrinin, həmkarlarının, qohum-qonşularının,  tanıyanların sevimlisinə çevirmişdi.

Rəhim Əyyub oğlu Hüseynov 2012-ci il avqustun 21-də ömrünün 88-ci ilində dünyasını dəyişdi. Onun vəfatı elmimiz və xalqımız üçün böyük itki oldu.

Rəhim müəllimin həyat yolu gənc nəslə örnək ola bilər

Cəfər QULUZADƏ,
BDU-nun astrofizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri
doktoru, professor

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov