Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Fəaliyyət planı bizdən nələri tələb edir?

 

Ölkəmizdə təhsil islahatlarının başlanmasından on beş ildən çox bir vaxt keçir. Bu müddətdə həyatımızın müxtəlif sahələrində olduğu kimi, təhsildə də irəliləyişlər əldə etmişik. Bu irəliləyişlərin başlıca leytmotivini cəmiyyətin ehtiyac və tələbatlarına uyğun olan təhsil sistemini inkişaf etdirməkdən, onu demokratik və humanist prinsiplər əsasında formalaşdırmaqdan ibarət olmuşdur. Bu, müstəqillik yolunda  uğurlu addımlar atan Azərbaycan Respublikasının təhsil quruculuğu sahəsində daha qabarıq görünə bilən təhsil atributlarından biri hesab edilir.

Təhsildə belə bir yanaşmadan istifadə olunması onun məzmun və texnologiyalar sistemində nəticəyönümlülüyün  nəzərə alınması, şəxsiyyətyönümlü bir mahiyyət kəsb etməsi ilə müşayiət edilmişdir. Azərbaycanda müxtəlif növlü təhsil standartları formalaşmış, interaktiv pedaqoji texnologiyalar yaradılmışdır. Ən başlıcası  kreativ bacarıqlara malik müəllim hazırlığı sahəsində təşəbbüslərə başlanılmış, təhsil alanların interaktivlik müstəvisində fəallığı genişlənmişdir. Lakin bütün bunlar özünün başlanğıc mərhələsində olduğundan onların daha sistemli və ardıcıl proses kimi formalaşması, özünün mükəmməl bir formasını tapmaqla cəmiyyətdə keyfiyyət hadisəsinə çevrilməsi həlli vacib olan məsələlər kimi meydana çıxmışdır. Bundan   əlavə, təhsil ictimaiyyətinin stimullaşdırıcı bir strukturunu yaratmaq, onu yeni iqtisadi bağlar və infrastruktur elementləri ilə zənginləşdirmək zərurəti yaranmışdır. Heç şübhəsiz, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunması məhz belə bir zərurətdən irəli gəlmişdir ki, bu gün hamımızın qarşısında  onun yerinə yetirilməsi üçün konkret vəzifələr qoyulmuşdur. Yaxın  günlərdə qəbul olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dovlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı "Fəaliyyət Planı"nda həmin vəzifələr konkretliyi ilə öz əksini tapmışdır.

İlkin yanaşmada bizdən onu ciddi şəkildə öyrənməklə mənimsəmək tələb olunur. Oradakı təhsilşünaslıq məsələlərini araşdırmaq, müzakirələr aparmaq, istər yeni məzmun, texnologiya, idarəetmə və maliyyə mexanizmləri, eləcə də keyfiyyətli kadr məsələləri ilə bağlı innovasiyaları özününküləşdirmək mühüm vəzifələr hesab edilir. Müasir pedaqoji tələblərin yeni cəhətlərini,  müstəqil Azərbaycanda həyata keçirilən təhsil siyasətinin mahiyyət və məzmununu aydın dərk etmək bu yolda başlıca istiqamətlər ola bilər.

Dünyanın təhsil meridianında baş verən mühüm hadisələr  onun koqnitiv (idraki) xarakteri ilə müəyyən olunur. Məktəb özünün sosial funksiyasını dəyişməklə vəzifəsini ağılın, təfəkkürün inkişafına yönəldir. İstər-istəməz bu, bizim hazırlayacağımız təhsil məzmununa yenidən baxmağı, onun səriştə əsaslı olmasını tələb edir. Eyni zamanda yeni təhsilin məzmununda standartlarla yanaşı, kurikulumları da ehtiva etmək zərurətə çevrilir.

Dövlət Strategiyasında standart və kurikulumların hazırlanması dedikdə, təbii olaraq standartların kurikulumun tərkibində deyil, ayrıca hazırlanması nəzərdə tutulur. Bu zaman onların yeni təhsil məzmununun  komponentləri kimi əlaqəli olması vacib hesab edilir.

Humanist və humanitar prinsiplərə istinad etməklə təhsilin yeni məzmununun yaradılması, ilk növbədə, inteqrativliyin nəzərə alınmasından başlayır. Xüsusən ümumi təhsilin məzmununun yeniləşməsində bu, çox vacib olan bir məsələ kimi diqqət mərkəzində dayanır. Ona görə də ümumi təhsilin 12 illik  sistemi üçün yeni məzmun yaradılarkən icbari təhsil mərhələsində bir sıra fənlərin (Azərbaycan dili və ədəbiyyatın, Azərbaycan tarixi və ümumi tarixin, eləcə də kimya, fizika və biologiyanın) inteqrasiyası müzakirə obyektinə çevrilə bilər.

Yeni məzmunun öyrənilməsi və tətbiqində ilkin olaraq ona şərait yarada bilən resurs bazasının formalaşdırılması daha önəmli məsələlərdən biridir. Burada iki başlıca istiqamətin  nəzərə alınması vacibdir. Onlardan birincisi, təhsil bazasının əsasını təşkil edən tədris və təlim resurslarının yaradılması, onun bolluğunun təmin olunmasından ibarətdir.  Belə bir şəraitin yaradılması müəllim və şagirdlərin yaradıcı fəaliyyətini təmin etməklə onları inkişafa istiqamətləndirə bilər. İkincisi  isə müəllim kadrlarının ilkin hazırlanması və peşəkarlığının yüksəldilməsində fəaliyyətlərin yenidən qurulmasından və bu prosesin müntəzəm olaraq sistemli təşkil olunmasından ibarətdir.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ilkin müəllim hazırlığı və müəllimlərin peşəkarlığının yüksəldilməsi gecikdirilmədən ən azı  ümumi təhsilin yeni məzmununun yaradılması prosesi ilə ardıcıl aparılmalı, onların bir- birinə töhfə verə bilməsi zəruri şərtlərdən biri kimi nəzərə alınmalıdır.

Bütün bu proseslərdə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə müstəqilliyi gücləndirilməli, onun bir təhsil qurumu kimi yaradıcılıq imkanlarının genişləndirilməsi diqqət mərkəzində olmalıdır. Buna məktəbin yeni infrastrukturunu yaratmaqla nail olmaq mümkündür.

Fəaliyyət planında təhsilin bütün pillələri üzrə infrastruktur dəyişikliklərinin aparılması nəzərdə tutulur. Xüsusi olaraq 12 illik təhsildə yeni infrastruktur dəyişikliklərinin aparılması təxirəsalınmaz tədbirlərdən hesab edilir. Təbii olaraq bu, ümumi təhsili idarə edən təhsil şöbələrinin, eləcə də onların nəzdindəki metodik kabinetlərin fəaliyyətinə yenidən baxılmasını tələb edir.

Ümumiyyətlə, Dövlət Strategiyasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş fəaliyyət planı islahatçılıq fəaliyyətimizdə işlərimizin,  demək olar ki, bütün parametrlərdə yeniləşməsini bir vəzifə kimi qarşıya qoyur. Odur ki, biz bu istiqamətdə bütün qüvvələrimizi səfərbər etməli, təhsil sahəsindəki islahatçılıq fəaliyyətimizi uğurla davam etdirməliyik. 

Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov