Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Bakı məktəblilərinin mini futbol çempionatına start verilir

 

Böyütmək üçün seçinTəhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı keçiriləcək. 

Fevralın 20-də məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının təşkili ilə əlaqədar paytaxtdakı ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimlərinin iştirakı ilə seminar keçirilib.

Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) nümayəndələrinin iştirak etdiyi seminarda fiziki tərbiyə müəllimlərinə çempionatın keçirilməsi barədə rəsmi sənədlər, sifariş vərəqləri, buklet və posterlər paylanılıb, videoçarx nümayiş etdirilib. Eyni zamanda, seminarda müəllimlərə yarışların keçiriləcəyi yerlər, oyunların keçirilməsi və idarəolunması qaydaları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov fevralın 13-də Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının keçirilməsi barədə əmr imzalayıb. Əmrə müvafiq olaraq çempionatın Əsasnaməsi və Təşkilat Komitəsinin tərkibi  təsdiq olunub. Təhsil nazirinin müşaviri Hüseyn Əliyev 6 nəfər üzvü olan Təşkilat Komitəsinə sədr təyin edilib. Yarışların təşkili və keçirilməsinə  ümumi rəhbərlik "Təhsil" Respublika İdman Mərkəzi tərəfindən həyata keçirilir. Yarışların bilavasitə idarə edilməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təsdiq edilmiş hakimlər kollegiyasına həvalə olunub.

Çempionatın keçirilməsində məqsəd "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, bu il Bakıda keçiriləcək birinci Avropa Oyunlarının mahiyyətinin məktəblilər arasında təbliği, futbolun inkişaf etdirilməsi, perspektivli şagirdlərin aşkar edilməsi, onların sağlam həyat tərzinə cəlb edilməsi, məktəbli futbolçuların idman ustalıqlarının artırılması və mini futbolun təbliğidir.

Çempionatın  keçirilməsinə bu günlərdə start verilməsi nəzədə tutulur. Yarışa Bakıda yerləşən ümumtəhsil məktəblərinin VIII siniflərində təhsil alan oğlanlardan ibarət komandalar qatılacaq.           

Onu da qeyd edək ki, AFFA tərəfindən seçilmiş hakimlərin idarə edəcəyi yarış 3 mərhələdən ibarət olacaq. I mərhələ rayondaxili yarışları əhatə edəcək. Ümumtəhsil məktəblərinin komandaları Olimpiya sistemi ilə mübarizə aparacaqlar. Bu yarışlarda I-II yerləri tutan komandalar II mərhələyə vəsiqə qazanacaqlar.

Növbəti mərhələdə yarışlar yarımqruplar üzrə keçiriləcək. Yarımqruplarda mübarizə aparacaq komandalar püşkatma yolu ilə müəyyən olunacaqlar. Hər yarımqrupda 6 komanda mübarizə aparacaq. Yarımqruplarda I və II yeri tutan komandalar III mərhələyə vəsiqə qazanacaqlar.

Sonuncu - III mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaqlar. 

Final yarışında I, II və III yerləri  tutan komandaların  Təhsil Nazirliyinin diplom, kubok və qiymətli hədiyyələri ilə mükafatlandırılması nəzərdə tutulur. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov