Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

"Azərbaycan müəllimi" qəzetinin redaksiyasında dərsliklərin müzakirəsi

 

Böyütmək üçün seçin Son illər ölkəmizdə ümumi təhsil sahəsində aparılan məzmun islahatlarının nəticəsi olaraq meydana gələn yeni dərslik komplektləri cəmiyyətimizdə ümumən müsbət qarşılansa da onlardan, eləcə də digər dərsliklərdən giley-güzarlar da eşidilməkdədir.   Müəllimlərin bir çoxu yeni dərslikləri təqdir edib onlar haqqında  müsbət fikirlər səsləndirsələr də bəziləri əksinə, dərslikləri qaneedici saymır, onların çətin olduğunu, şagirdlərin səviyyəsinə uyğun gəlmədiyini söyləyirlər.  Dərsliklərin bəzilərinin mükəmməl olmadığını, onlarda müəyyən səhvlərə, qüsurlara yol verildiyini, hətta müəlliflər də etiraf edirlər. Məhz bu səbəbdəndir ki, dərsliklər son illər cəmiyyətdə ciddi müzakirə obyektinə çevrilib. Aparılan müzakirələr isə sonda bu qənaətlə yekunlaşır: yeni dərsliklər daha mükəmməl  hazırlanmalı, mövcud olanlar isə təkmilləşdirilməli, onlara ünvanlanan haqlı iradlar yeni nəşrlərində nəzərə alınmalıdır.  Dərslik məsələsini təhsil islahatlarının ən prioritet istiqamətlərindən biri sayan Təhsil Nazirliyi artıq son iki ildə bu sahədə bir sıra ciddi addımlar atıb. Dərsliklərin hazırlanması və tətbiqi prosedurlarında dəyişikliklər edilib. Dərslikləri Qiymətləndirmə Şurasının yeni tərkibi formalaşdırılıb, dərsliklərin monitorinqini aparmaq, müəllimlərin dərsliklər haqqında fikirlərini, irad və təkliflərini öyrənmək üçün işçi qrupları yaradılıb.  Qəzetimiz də bu mövzunu daim diqqətdə saxlayır, bu həssas məsələ ilə bağlı düzgün ictimai rəyin formalaşmasına çalışır.  Bu nömrəmizdən etibarən başladığımız yeni layihədə də məqsəd məhz müəllimlərin ayrı-ayrı dərsliklər haqqındakı fikirlərini öyrənib onları redaksiyamıza dəvət olunmuş müəlliflərə çatdırmaqla dərsliklərin  təkmilləşdirilməsinə kömək göstərməkdir.  Bu məqsədlə redaksiyamızın əməkdaşları Bakı şəhərinin ən yaxşı ümumtəhsil müəssisələrindən sayılan Bakı Avropa Liseyində, 132-134 nömrəli təhsil kompleksində, 6 nömrəli məktəb-liseydə və "Elitar" gimnaziyada olub burada çalışan tanınmış ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, tarix, fizika müəllimləri ilə görüşüblər.  Müəllimlərin ibtidai siniflər üçün "Riyaziyyat", eləcə də  "Azərbaycan dili", "Tarix", "Fizika" dərslikləri barədə fikirləri, irad və təklifləri öyrənilərək ümumiləşdirilib.  Bu günlərdə adıçəkilən dərsliklərin müəlliflərindən Nayma Qəhrəmanova, Rafiq İsmayılov, Hafiz Cabbarov və Mirzəli Murğuzovla redaksiyamızda görüş keçirilib və onlar müəllimlərin dərsliklərlə bağlı fikirlərinə, irad və təkliflərinə münasibət bildiriblər. Nəzərə çatdıraq ki, redaksiya müxtəlif formatda belə müəllim-dərslik müəllifi diskussiyasının mütəmadi olaraq keçirilməsini planlaşdırıb.  Aşağıda ayrı-ayrı dərslik müəlliflərinin qaldırılan məsələlərə münasibətini dərc edirik.  

Müəllimlərin irad və təklifləri 

Aygün Məcidova, Bakı Avropa Liseyinin ibtidai siniflər üzrə direktor müavini:

- Dərslikdəki mövzuları uşaqlar çox çətin qavrayır, verilən çalışmalar onların yaş dövrünə uyğun deyil. Çalışmaların sualları çox qəliz qoyulur.   Ev tapşırıqlarında şagirdlərə kömək edən ali təhsilli valideynlər belə II-III siniflərdə çətinlik çəkirlər. Yeni dərslə əvvəlki dərslər arasında bağlılıq, əlaqə demək olar ki, yoxdur və ya çox azdır. Statistika və ehtimal məzmun xətti üzrə mövzular çox ağırdır.

Gülnarə Gülməmmədova, Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi:

- IV sinif "Riyaziyyat" dərsliyində çalışmalar sistemsizdir. Məsələlərin suallarını uşaqlar dərindən dərk etmirlər.

Esmira Ağayeva, "Elitar" gimnaziyanın ibtidai sinif müəllimi:

- Çətin mövzular olduqca çoxdur. I sinifdə elektron saatlarla bağlı mövzu var. Bu yaşda şagirdlər hələ gecə vaxtı ilə gündüz vaxtını bir o qədər dərk edə bilmirlər.

IV sinif dərsliyində onluğa və yüzlüyə qədər yuvarlaqlaşdırma mövzusu ilə bağlı cədvəllərdə aydınlıq yoxdur.

Raziyə Ağayeva, 132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif  müəllimi:

- Dərsliklərdə keçilən mövzuların təkrarı yoxdur. Nəzərə almaq lazımdır ki, sinifdə olan şagirdlərin qavrama qabiliyyəti eyni deyil. Bir neçə mövzudan sonra ümumiləşdirici suallar verilir. Lakin uşaqlar üçün onları yada salmaq çətin olur.

Südabə Səfixanova, 132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif  müəllimi:

- "Riyaziyyat" dərsliklərinin müəllifi - Nayma Qəhrəmanovanın dediyinə  görə, bizim adıçəkilən dərsliklər dünyanın inkişaf etmiş ölkələrinin dərsliklərinə uyğun hazırlanıb. Müsbət təcrübənin bizim dərsliklərimizə tətbiqini alqışlayırıq, ancaq onlar hazırlanarkən Azərbaycan uşaqlarının düşüncə tərzi, qavrama qabiliyyəti, yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Dərsliklərə salınmış məntiqi suallar valideynlərin özlərini belə çaş-baş salır, onlar bizə müraciət edirlər. IV sinif "Riyaziyyat"dərsliyi şagirdlərdə çətinlik yaradır. Məntiqi tapşırıqlar onların bilik və bacarığına uyğun deyil.  Elə mövzular salınıb ki, əslində onların yuxarı sinifdə keçilməsi daha məqsədəuyğundur.

Elnarə Xəlilova, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi:

- Mən I, II, III siniflər üçün "Riyaziyyat" dərsliklərindən çox razıyam. Burada verilən tapşırıqlar düşündürücü, inkişafetdiricidir. Ənənəvi dərsliklərdən müsbət mənada çox fərqlənir. Ancaq IV sinfin "Riyaziyyat" dərsliyi  şagirdlər üçün çox çətindir. Məntiqi tapşırıqlar uşaqların yaşına uyğun deyil.

İradə Cəlalova, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi:

- IV sinfin "Riyaziyyat" dərsliyinə elə məntiqi suallar salınıb ki, onlar nəinki 5-6-cı sinif, hətta 7-ci sinif şagirdi səviyyəsində həll oluna biləcək tapşırıqlardır. IV sinif şagirdi tək, müstəqil olaraq o sualları həll edə bilmir.

Xuraman Şabani, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi:

- IV sinif şagirdini, məncə, bu qədər yükləmək olmaz. IV sinif "Riyaziyyat" dərsliyində "Tam hissə modeli" mövzusu var ki, həmin sinif şagirdinin mənimsəyə biləcəyi bir mövzu deyil.

Kəmalə Yusufova, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi:

- Rus bölməsi üzrə ibtidai siniflər üçün hazırlanmış "Riyaziyyat" dərsliklərinin tərcüməsindən narazıyam. Burada verilən tapşırıqlarda cümlələr səhv tərcümə olunub, üslub səhvləri misal və  məsələlərin həllində çətinlik yaradır.


Nayma Qəhrəmanova,
ibtidai siniflər üçün "Riyaziyyat" dərsliklərinin müəllifi

 Öncə  qəzetinizin dərsliklərin müzakirəsi ilə bağlı belə bir təşəbbüsünü alqışlayıram. Məhz paytaxtın sayılıb-seçilən  məktəblərinin tanınmış müəllimlərinin dərsliklərimizlə bağlı fikirlərini, təkliflərini  öyrənməyiniz, redaksiyada keçirilən bugünkü görüşümüzdə onları  bizə təqdim etməyiniz təqdirəlayiqdir. Mən burada iştirak  edən dərslik müəllifləri adından belə bir mövzunu diqqətdə saxladığına  görə qəzetin yaradıcı kollektivinə təşəkkürümü bildirirəm.

Keçək konkret riyaziyyat dərslikləri ilə  bağlı müəllimlərin fikirlərinə. Bizim olduqca savadlı, peşəkar, öz işinə yaradıcı yanaşan  riyaziyyat müəllimlərimiz  var. Təbii ki, onlar riyaziyyatı çox gözəl bilirlər və riyazi bacarıqların nə olduğunu da yaxşı anlayırlar. Amma təəssüf ki,  hələ də bəzi  müəllimlərimiz şəxsiyyətyönümlü təhsilin tələblərinə uyğun olaraq  lazımi fəaliyyətləri riyazi məzmunla birləşdirməkdə çətinlik çəkirlər.

Müəllimlərin riyaziyyat  dərslikləri ilə bağlı fikirləri, irad və və təklifləri ilə tanış olduqdan sonra  özüm üçün onları  qruplaşdırdım. 1-ci qrup bu dərsliklərdən tamamilə narazı olanlardır. Məsələn, Bakı Avropa  Liseyinin  müəllimləri  dərsliklərdəki mövzuları uşaqların çox çətin qavradığını, əsasən də riyaziyyat dərsliklərində verilən çalışmaların uşaqların yaş səviyyəsinə uyğun olmadığını bildirirlər. Onlar habelə çalışmaların suallarının çox qəliz qoyulduğunu,  ev tapşırıqlarında şagirdlərə kömək edən ali təhsilli valideynlərin belə II, III siniflərdə çətinlik çəkdiklərini, bundan başqa, yeni dərslə əvvəlki dərslər arasında bağlılığın, əlaqənin demək olar ki, olmadığını və ya çox az olduğunu, statistika və ehtimal məzmun xətti üzrə mövzuların çox ağırlıq təşkil etdiyini qeyd edirlər.

Gəlin məsələyə müqayisəli baxaq. Bakı Avropa Liseyində (həmçinin bir çox məktəblərdə) bizim riyaziyyat dərsliklərimizlə yanaşı, sırf  akademik yanaşma ilə hazırlanmış Rusiya dərsliklərindən də istifadə olunur. Təsəvvür edin,  Qeydmanın və Petersenin II, III siniflərdə keçilən dərsliklərində 3, 4 suallı məsələlər var. Sual oluna bilər, necə olur ki, real həyatdan uzaq akademik  tərzdə qoyulmuş  məsələləri Avropa  Liseyinin şagirdləri  həll edə bilirlər, amma oyunlarla, manipulyativ məşğələlərlə dəstəklənən məntiqi suallara cavab  verməkdə çətinlik çəkirlər? Təəssüf ki, iradda konkret nümunə yoxdur. Yalnız ümumiləşdirilmiş fikir var. Mən bir nümunə deyim. Məsələn, biz dərslikdə vurma əməlinə aid misallar verərkən yalnız hesablama bacarıqlarını formalaşdırmağı məqsəd qoymuruq, seçmə, qruplaşdırma, təxminetmə kimi bacarıqları da əhatə edən fəaliyyətləri əlavə edirik. Məsələn, bir tapşırıqda deyilir ki, əvvəlcə hasilin 3000-dən kiçik olduğu misalları seçib həll edin. Bizim qoyduğumuz bu tip suallar yaradıcı düşüncəni formalaşdırmağa  yönəlib. Biz uşaqları fərqli yollarla düşündürmək istəyirik. Bir çox hallarda müəllimlər o düşündürücü, məntiqi suallara metodiki yanaşmanı  düzgün tapmadıqlarından  yəqin ki, bu cür suallar yaranır. Təbii ki, mən müəllimlərin hamısını nəzərdə tutmuram.

Dərslər arasında əlaqənin olmadığı fikri haradan yaranır?  Bu da ənənəvi dərsliklərə alışqanlıqdandır. Həmin dərsliklərdə bir dərsdə bütün məzmun xətləri üzrə tapşırıqlar verilirdi. Bu halda konkret bacarıqların öyrədilməsindən və qiymətləndirməsindən söhbət getmirdi. Təsəvvür edin ki, 1-ci sinifdə biz 20 dairəsində toplama-çıxma öyrədirik. Bu əməlləri müxtəlif müstəvilərdə seçdiyimiz fəaliyyətlərlə öyrədirik. Məsələn, bir dərsdə toplamanı mərtəbə blokları ilə, 2-ci dərsdə ədəd oxu üzərində, 3-cüdə irəliyə sayma kimi öyrədirik,  başqa bir dərsdə isə şəkil çəkməklə. Bütün bu dərsləri əlaqələndirən toplama əməlidir, hər bir şagirdin  öyrənmə müxtəlifliyi var. Fəaliyyətlərin  müxtəlifliyi  daha çox şagirdə öyrənmə şəraiti yaratmaqla məntiqli düşüncə tərzi formalaşdırmağa imkan verir. 

Statistika və ehtimal məzmun xətti üzrə mövzulara gəldikdə isə bu bizim üçün yenidir, lakin inkişaf etmiş ölkələrdə ibtidai siniflərdə uyğun standartların  tədrisi sahəsində  əsaslı təcrübə var, bizim dərsliklər də beynəlxalq təcrübə əsasında işlənmişdir.

Akademik ruhda yazılmış ənənəvi dərsliklərdəki tapşırıqları adi məktəblərdə sinifdə 4-5 şagird həll edir. Bunlar da anadangəlmə riyazi təfəkkürü olanlardır. Biz isə deyirik  bütün şagirdləri müzakirəyə, fəaliyyətə cəlb edən tapşırıqlar yerinə yetirilsin ki, zəif  şagirdlərdə də riyazi təfəkkür yaransın və inkişaf etsin.  Biz qoyduğumuz fəaliyyətyüklü tapşırıqlar sayəsində daha çox sayda şagirdin yaradıcı  düşünmə qabiliyyətli olmasına nail olmaq mümkündür. Bax, problem də burdan yaranır. Müəllimlər deyir şagirdin riyazi təfəkkürü yoxdursa, məntiqi tapşırıqları necə etsin? Biz  isə deyirik, siz şərait yaradın, şagird müzakirədə, oyunda iştirak etsin və riyazi təfəkkürü yaransın. Bunun üçün  beynəlxalq təcrübələrə söykənən lazımi metodiki yanaşmaları müəllim üçün vəsaitdə veririk.

132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif müəllimlərindən biri  dərsliklərimizin dünyanın inkişaf etmiş ölkələrinin dərsliklərinə uyğun hazırlanması ilə bağlı mənim söylədiyim  fikirləri qeyd edir, bunu alqışlamaqla yanaşı, dərsliklərimizdə  Azərbaycan uşaqlarının düşüncə tərzini, yaş xüsusiyyətlərinin nəzərə alınmadığını bildirir. Mən buna xüsusi münasibət bildirmək istəyirəm. Bu çox əhəmiyyətli məsələdir. Burada məsələnin kökündə uşaqların məktəbə nə dərəcədə hazırlıqlı gəlməsi durur. Bildiyiniz kimi, uşaqların  məktəbəhazırlıq dövrü 4-6 yaşı əhatə edir. Artıq, bildiyimə görə, Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq təhsil proqramı hazırlanmışdır. Bunun uğurla reallaşdırılması çox mühümdür. Bu məsələyə  bütün  dünyada xüsusi diqqət yetirilir. Belə ki, indi dünyada "Bir nəfər də məktəbəqədər təhsildən kənarda qalmamalıdır" şüarı çox populyardır. Bizdə də məktəbəqədər təhsillə əlaqədar  bir sıra müəssisələr açılır. Ancaq çox təəssüf ki, bunlarla bağlı beynəlxalq təcrübə nəzərə alınmır. Məktəbəhazırlıq qruplarına gələn 5-6 yaşlı uşaqlara  I sinif dərslikləri əsasında  hesablamalar, oxumaq öyrədilir. Ancaq bütün dünyada  uşaqların həmin hazırlıq dövrü təbiəti, özünü və ətraf aləmi dərk etməkdən keçir. Məsələn, bizim məktəbəhazırlıq dövründə olan və  ya daha kiçikyaşlı  uşaqlarımızın bir çoxu, demək olar ki, saymağı bacarırlar, rəqəmləri tanıyırlar. Ancaq onların qarşısına 7 limon qoyub, onu saymasını istəsək, səhv sayacaqlar: 2-ci limona çatanda 3, 5-ci limona çatanda 10 deyəcəklər. Çünki beyinlərində sürətlə sayır və söylədikləri hər bir ədədin limona aid olduğunu  müəyyən edə bilmirlər. Məktəbəhazırlıq dövrü üçün tədris resurslarının düzgün müəyyənləşdirilməsi çox əhəmiyyətlidir.

Hər ilin mart ayında Bolonyada (İtaliyada) uşaq kitabları sərgisi keçirilir. Həmin sərgidə nümayiş etdirilən kitablar arasında bağçada istifadə olunan tədris resursları  ilə  yaxından tanışlıq, düşünürəm ki, ümumi işimiz üçün olduqca faydalı olardı.

Bir sıra müəllimlərin yuvarlaqlaşdırma ilə bağlı iradı var. Onlar  yuvarlaqlaşdırmanın yuxarı sinfə aid olduğunu söyləyirlər. Amma bu, təxminetmə kimi mühüm həyati bacarıqlar üçün bir vasitədir. Bizim ibtidai təhsil pilləsi üçün kurikulumda da bu bacarığa geniş yer verilir və onun ibtidai siniflərdə tədrisinə aid çoxillik beynəlxalq təcrübə var. Vurma və bölmə, toplama və çıxma əməllərində hasili, qisməti, cəmi, fərqi şagird təxmini olaraq qiymətləndirməyi bacarmalıdır.  Şagird  75-i 17-yə bölmək üçün  80:20-dən istifadə etməyi bacarmalı və qismətin təxminən 4 olduğunu başa düşməlidir. Bu, şagirdə dəqiq qisməti tapmağa da kömək edir. 

Daha sonra, bir çox müəllimlər vurma-bölmə əməllərinə aid misalların azlıq təşkil etdiyini bildirirlər. Əslində isə bu tapşırıqlar kifayət qədərdir. Dərsliklərdə daha çox əməllərin mahiyyəti üzərində qurulmuş məntiqi düşüncə formalaşdıran tapşırıqlara yer verilmişdir.

2-ci qrup kimi ümumiləşdirdiyim müəllimlərin,  demək olar ki, hamısı   IV sinif  "Riyaziyyat"  dərsliyinin və buradakı məntiqi sualların şagirdlər üçün çətin olduğunu bildirirlər. Mən müəllimlərin bu fikri ilə razılaşıram. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Doğrudan da, adıçəkilən dərsliyin səviyyəsi bir az  yuxarıdır, çünki oraya yeni yanaşmalar çox daxil edilib. Məsələn, tənlik qurmaqla məsələ həlli bacarıqlarını formalaşdırmaq üçün fərqli üsul - "Tam hissə modeli" adlandırdığımız  və  dünyada qəbul edilən bir modeli daxil etmişik. Burada artıq uşaq  məsələnin mətnindən ayrılmır, çünki məsələnin mətni ilə riyazi gedişlər arasında birbaşa bağlılıq var. Onu da qeyd edim ki, adıçəkilən model mütərəqqi müəllimlər tərəfindən də  çox dəstəklənir.

Bu il IV sinif  "Riyaziyyat" dərsliyi yenidən nəşr olunacaq və deyilənlərin müəyyən hissəsini də nəzərə alacağıq.

 Digər bir müəllim I sinifdə elektron saatların öyrədilməsi ilə bağlı iradını bildirir.  I sinifdə  elektron saatların göstəricisini oxuma bacarıqları yer alır. Lakin çətinlik törədən bu deyil.  Əsas çətinlik, məsələn, 2-ci sinifdə  şagirdin saat 14:00-ın gündüz saat 2 olmasını müəyyənləşdirmə bacarığıdır. Biz müəllim üçün vəsaitdə bu bacarıqların ilboyu valideynlərin köməyilə formalaşdırılmasını nəzərdə tuturuq və bu bacarıqlara 3-cü, 4-cü siniflərdə də  geniş yer ayrılır.  İndiyə qədər bizim dərsliklərdə saat sistemli şəkildə öyrədilmirdi. O valideyn ki, uşağına saatı öyrədirdi, həmin uşaq saatı bilirdi. Biz isə bu gün şagirdə saatı riyazi bacarıqlar müstəvisindən öyrədirik.

Müəllimlərin riyaziyyat  dərslikləri ilə bağlı iradlarından biri də keçilən mövzuların təkrarının olmamasıdır. Qeyd edilir ki, sinifdə olan şagirdlərin qabiliyyəti eyni deyil. Bu irada cavab olaraq bildirim ki, təkrarların olmamasının obyektiv səbəbləri var. Çünki dərsliklə bağlı bizə verilən bəlli bir həcm var. Məsələn, tutaq ki, 128 səhifəlik bir dərslik hazırlamalı və burada kurikulum standartlarını reallaşdırmalıyıq. Həmin həcmdə dərsliyə ancaq  hər bir standart üzrə 1-2 saat ayırmaq olur. Bəlkə də səhifələrin sayı çox olsaydı, biz deyilənləri nəzərə alardıq. Dərsin izahına  geniş yer verərdik, nümunə üçün həll edilmiş misal və məsələlərin, təkrar üçün tapşırıqların sayını artırardıq. Şagirdin ev tapşırığı olaraq və ya tətil zamanı təkrar etmək imkanı olardı. Amma, dediyim kimi,  biz müəyyən bir həcmə bağlıyıq, o mənada təkrarları  müəllimlərin istədikləri səviyyədə verə bilmirik.

Mən çox sevinirəm ki, müəllimlərimizin istər dərs prosesinə, istərsə də keçilən mövzularla bağlı yanaşmaya münasibəti dəyişməkdədir. Onlar təlim prosesinə  daha yaradıcı yanaşırlar, uşaqlarla düzgün işləməyə çalışırlar. Yeni kurikulumlar də məhz müəllimlərdən fərqli metodiki yanaşmalar tələb edir.

Müəllimlərin arasında I, II, III sinif "Riyaziyyat" dərsliklərini bəyənənlər, burada verilən tapşırıqların  düşündürücü və  inkişafetdirici olduğunu söyləyənlər də  çoxdur. Mən buna sevinirəm.

Dərsliklərdə tərcümə ilə bağlı problemlərin, üslub səhvlərinin olması faktları da mövcuddur. Təbii ki, bunlar tədricən aradan qaldırılacaq.

Bu gün müəllimləri xüsusilə narahat edən IV sinif "Riyaziyyat" dərsliyi ilə bağlı sonda bir daha onu vurğulamaq istərdim ki, biz dərsliyin üzərində yenidən  işləyirik, həm Təhsil Nazirliyi tərəfindən aparılmış  araşdırmaların, həm də  TQDK tərəfindən aparılmış monitorinqin nəticələrini, eləcə də  ayrı-ayrı müəllimlərin qeydlərini nəzərə alacağıq.


Müəllimlərin irad və təklifləri 

Gülzar Ramazanova,
Bakı Avropa Liseyinin fizika müəllimi:

- VI-VII siniflər üçün yeni kurikulumlarla hazırlanan dərslikləri bəyənirəm. Lakin düşünürəm ki, dərsliklər dəyişəndə həmin fənnə uyğun yeniliklər də əlavə olunmalıdır. Dərsliklərdə bəzən riyaziyyatla fizikanın tədrisində paralellik gözlənilmir. Məsələn, VIII sinifdə "kosmik sürət" mövzusu var. Orda kökalmadan istifadə olunur. Ancaq mövzunu keçərkən VIII sinif şagirdləri hələ kökalmanın nə olduğunu  bilmirlər. Bundan başqa, ümumdünya cazibə qanununu keçərkən Yer kütləsinin həcmini hesablamaq lazım gəlir, lakin məlum olur ki, uşaqlar riyaziyyatda hələ bu hesablama üsulunu keçməyiblər. Düsturlarda səhvlər, təriflərdə uyğunsuzluqlar var.

Hikmət Mehtiyev, 132-134 nömrəli təhsil kompleksinin fizika müəllimi:

- VI sinif "Fizika" dərsliyi məni bir müəllim kimi qane edir. Ancaq hər bir mövzudan sonra uşağın verilən biliklərin daha yaxşı mənimsəməsi üçün lazım olan keçilənlərin təkrarı yoxdur.  VII sinif "Fizika" dərsliyində də  öyrənilənlərin təkrarına yer veilməyib. Məsələ həllinə çox az yer verilir. VIII sinif "Fizika"  dərsliyi qaneedicidir.  IX sinif "Fizika"  dərsliyini  ən yaxşı yazılan dərslik hesab edirəm. Gələcəkdə bu kitab yenidən işlənərsə burada keçilən mövzu ilə bağlı şəkillərin olmasını istərdim. X sinif "Fizika" dərsliyindən, açığı deyim, şagird, ümumiyyətlə,  heç nə anlamır. O elə bil sırf müəllim üçün yazılan bir kitabdır. XI sinif "Fizika" dərsliyində mövzuların yeri dəyişikdir. Ardıcıllıq gözlənilməyib. Məsələn, əvvəlcə Kulon qanunu, sonra elektrik sahəsi,  daha sonra Lorens qüvvəsini keçməliyik. Burada tam tərsinədir.

Solmaz Əskərova, Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb- liseyin fizika müəllimi: 

- VII sinif "Fizika" dərsliyinin səviyyəsi  məni qane  edir. IX sinif "Fizika" dərsliyində bəzi  mövzularla bağlı mətnlər daha anlaşıqlı, əhatəli olsaydı, düşünürəm ki, şagirdlər  tərəfindən  daha  asan qavranıla  bilərdi. X sinif "Fizika" dərsliyi sadələşdirilməlidir.

Zöhrə Bədəlova, "Elitar" gimnaziyanın fizika müəllimi:

- VIII sinif dərsliyində düsturlar, texniki səhvlər var. Təriflər əvvəlki illərdəkindən fərqlidir. Şəkillər və qrafiklər üzrə düsturlara da çox rast gəlinir.  Riyaziyyat proqramı fizikadan geri qalır. Bu baxımdan, məsələlərin həllində çətinliklərlə üzləşirik.

Nina Əhmədova, Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb- liseyin rus bölməsinin fizika müəllimi:

- VII sinif "Fizika" dərsliyi çox yaxşıdır. IX sinif "Fizika" dərsliyinin dili çox çətindir. Bu dərslik elmi dildə yazılıb. Tərcüməsində problemlər var. Elə mövzular var ki, onlar ali məktəbdə keçilməlidir. XI sinif "Fizika" dərsliyi qaneedicidir. Ancaq burada keçilən mövzuya uyğun nümunələr azlıq təşkil edir.


 Professor Mirzəli Murğuzov,
"Fizika" dərsliklərinin müəllifi

 

Kurikulumdan  əvvəlki  ənənəvi dərslikləri yazmazdan qabaq fizikadan müəlliflər qrupu bölgələrə gedərək müəllimlərlə görüşüb, dərsliyin proqramını ətraflı müzakirə etmişlər. Belə görüşlər həm də paytaxtın bütün rayonlarında keçirilmişdir. Bu görüşlərin çox böyük faydası oldu, ümumi işimizin nəticəsinə müsbət təsir göstərdi.

Məlumdur ki, fizika bir təbiət elmi kimi müasir təbiətşünaslığın konsepsiyasını müəyyən edir. Dünyanın fiziki və təbii elmi mənzərəsinin, digər təbiət və humanitar elmlərin konsepsiyasının hazırlanmasında xüsusi əhəmiyyətə malikdir. XX əsrin sonlarında, ümumiyyətlə, elmdə böyük dəyişikliklər baş vermişdir. Müəlliflərin əsas vəzifəsi bu yenilikləri ümumiləşdirib üzə çıxarmaq, təhsilə yeni məzmunda "Fizika" dərsliklərinin gətirilməsinə nail olmaq idi.

Fizikanın məktəblərdə tədrisi üç üsulla həyata keçirilir. Nəzəri və eksperimental məsələlərin öyrənilməsi və həmçinin məsələ həlli. Əsas məqsəd sadə, şagirdlərin başa düşəcəyi dildə yazmaq, daha çox həyati məsələlərə yer vermək və uşaqlarda fizikaya maraq oyatmaq idi. Bütün bunları edərkən elmin  müasir nailiyyətlərindən bəhrələnmək əsas məqsəd idi. Ənənəvi dərsliklərdən kurikulum əsasında hazırlanan dərsliklərə keçərkən təsvirdən çox uşaqların hadisələrin iştirakçısına çevrilməsinə diqqət yetirilmişdir. Bu məqsədlə VI sinifdə daha sadə təcrübələr təklif olunmuşdur. Beləliklə, uşağın "Fizika" fənninə həvəs və marağı ənənəvi dərsliyə nisbətən artmışdır. Bütün bunlar fənn müəllimləri ilə mütəmadi əlaqədə olmaqla həyata keçirilmişdir. Dərsliklərin yüksək səviyyədə olması üçün Təhsil Nazirliyi, TQDK və fənn müəllimlərinin rəy və təklifləri xüsusi rol oynamışdır.  Müəlliflər adından onlara öz təşəkkürümü bildirirəm.

"Azərbaycan müəllimi" qəzetinə göndərilən bəzi iradlara münasibət bildirmək istəyirəm.

Riyaziyyat və fizikanın tədrisində paralelliyin gözlənilməsi ənənəvi dərsliklərdən yeni dərsliklərə keçdikdə nəzərə alınmışdır.

Böyütmək üçün seçinX sinif  mövcud "Fizika" dərsliyinin çətinliyini nəzərə alaraq bu sinif  üçün kurikulum əsasında yazılacaq yeni dərsliyin xeyli sadələşdirilməsi planlaşdırılır.   

"Hər bir mövzudan sonra keçilənlərin təkrarı yoxdur" iradına münasibət bildirmək istəyirəm. Nə ənənəvi dərsliklərdə, nə də kurikuluma uyğun hazırlanmış yeni dərsliklərdə haqlı olaraq təkrarçılığa yol verilməyib. Müəllim dərsi qurarkən biliyin möhkəmləndirilməsi məqsədi ilə əvvəl keçilən mövzuların təkrarına da xüsusi yer ayıra bilər.

"VII sinif "Fizika" dərsliyində məsələ həllinə çox az yer verilir" iradına cavab olaraq deyim ki, dərsliyin həcminə  müəyyən məhdudiyyətlər qoyulduğundan məsələ həllinə kifayət qədər yer ayırmaq mümkün olmur. Müəllim əlavə vəsaitlərdən istifadə etməklə bu problemi istəyinə uyğun həll edə bilər.

"XI sinif dərsliyində mövzuların yeri dəyişikdir" iradına cavab olaraq deyim ki, XI sinif dərsliyində mövzuların yeri dəyişik deyildir. Belə ki, IX sinifdə elektrik sahəsi, maqnit sahəsi və onların xarakteristikaları çox ətraflı verildiyi üçün XI sinifdə bu mövzu "Elektrik yükü və ekektromaqnit sahəsi" adı altında ümumiləşdirilmişdir.

Həmçinin "XI sinif dərsliyinin çox sadə olması və proqramı tam əhatə etməməsi" iradına cavab olaraq deyə bilərəm ki, XI sinif dərsliyi həqiqətən çox sadədir və həcmi kiçikdir. Bu onunla əlaqədardır ki, dərslik yazılarkən tədris planında fizika fənninin tədrisinə həftədə bir saat yer verilmişdi. Dərslik nəşr olunduqdan sonra isə fizika fənninin tədrisinə həftədə 2 saat yer ayrıldı. Bu problem yeni dərsliklər yazılarkən nəzərə alınmalıdır.

"IX sinif "Fizika" dərsliyinin dili çox çətindir" iradına gəldikdə deyə bilərəm ki, bu dərsliyin dilində heç bir problem görmürəm. Digər müəllimlər IX sinif  "Fizika" dərsliyi haqqında yüksək fikir söyləmişlər.

Belə müzakirələrin tez-tez keçirilməsinin tərəfdarıyam. Müəllimlərlə dərslik müəllifləri arasında körpü yaratdığı üçün "Azərbaycan müəllimi" qəzetinin kollektivinə təşəkkür edirəm. Bu müzakirələrin ümumi işə müsbət təsir edəcəyini düşünürəm.


Müəllimlərin irad və təklifləri

 

Gülnarə Gülməmmədova,
Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi:

- Azərbaycan dilinin qrammatikasına çox az yer verilir. Müəlliflər əsasən öz mətnlərini dərsliklərə yerləşdirirlər. Dahi şairlərimizin, yazıçıların yaradıcılığına çox az yer verilir. IV sinif "Azərbaycan dili" dərsliyi ancaq mətnlərdən ibarətdir. Çalışmalar yoxdur. Qrammatikaya, demək olar ki, yer ayrılmayıb.

Nəsrəddin Şəfiyev, 132-134 nömrəli təhsil kompleksinin Azərbaycan dili və ədəbiyyat müəllimi:

- "Azərbaycan dili" dərsliklərində  mətnlərin sayı çoxdur. Elə bil "Ədəbiyyat" dərslikləridir. Dil qayda-qanunlarıı öyrətməkdən  çox, ensiklopedik  məlumat kitablarını xatırladır.

Əminə Səfərova, Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi:

- Bütövlükdə  yeni kurikuluma uyğun  hazırlanmış "Azərbaycan dili" dərsliklərindən razıyam. Lakin məni qane etməyən  müəyyən məsələlər də var. Məsələn, VII sinif  "Azərbaycan dili" dərsliyində mətnlərin həcmi çox böyükdür. Dil qaydalarının öyrədilməsində pərakəndəlik var, ardıcıllıq gözlənilməyıb. Çalışmalar isə, əksinə,  çox azdır. VIII, IX, X, XI siniflərin "Azərbaycan dili" dərslikləri həddindən artıq qrammatik qaydalarla yüklənib. 

Mənsurə Ağakişiyeva, Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi:

- V sinif "Azərbaycan dili" dərsliyində elə mövzular var ki, onlar səthi işlənilib, mətnlərin həcmi böyükdür.

Nəsib Musayev, "Elitar" gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi:

- VI sinif "Azərbaycan dili" dərsliyinə xüsusi iradım var. Dərslikdə cəmi 4-5 tapşırıq var. O da aşağı səviyyədə. Mövzular hamısı nağıldı. Axı biz dil keçirik. "İxtiralar və kəşflər" bölməsini uşaqlar çox çətin qavrayır. Bununla yanaşı şagirdləri düşündürən tapşırıqlar da var.

Böyükxanım Sadıqova, "Elitar" gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi:

- V sinif "Azərbaycan dili" dərsliyindəki mətnlər çox mürəkkəbdir. İsimin hallarına bir saat vaxt verilib. Bu çox azdır. Ardıcıllıq gözlənilmir. Belə ki, isimin halları qurtarır, sifətin dərəcələri başlayır, sonradan yenə isimə keçilir. Düzəltmə isimlər, ümumiyyətlə, yoxdur.

Pərvanə Xanməmmədova, Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin  Azərbaycan dili və ədəbiyyat müəllimi:

- VII sinif  "Azərbaycan dili" dərsliyində yazılı çalışmalara yer az verilib.  Azərbaycan bölməsinin VIII və X sinif  "Azərbaycan dili" dərslikləri isə məni qane edir.

Aynur Dadaşova, 132-134 nömrəli təhsil kompleksinin Azərbaycan dili və ədəbiyyat müəllimi:

- VI sinif "Azərbaycan dili" dərsliyində qramatikaya çox az yer verilir və verilənlər də bəsit şəkildədir.  Mətnlərə olduqca geniş yer verilib, ancaq  tapşırıqlar çox azdır.


Rafiq İsmayılov,
"Azərbaycan dili"
dərsliklərinin müəllifi

Mən də, öz növbəmdə, sizin ayrı-ayrı məktəblərdə müəllimlərlə görüşərək onların dərsliklərlə bağlı fikirlərini, təklif və  rəylərini, müəyyən iradlarını biz müəlliflərə çatdırmağınızı təqdir edirəm. Çalışacağam ki, hər bir fikir söyləyən  müəllim mənim dediklərimdə öz cavabını tapsın.

Əvvəla,  onu qeyd edim ki, son 1 il ərzində həm regionlarda, həm də Bakıda müəllimlərlə çoxlu görüşlərimiz  olub. Həmin görüşlərdə, eləcə də Təhsil Nazirliyi və TQDK-nın  xətti ilə aparılan monitorinqlərdə bir sıra irad və təkliflər göstərilib.  Qeyd olunanlar arasında  elmi, texniki, dil- üslub və s. məsələlərlə bağlı iradlar var ki, bunların da içərisində qəbul etdiklərim çoxdur.

Söylənilənlərə münasibətimi bildirərkən öncə onu qeyd edim ki, ayrı-ayrı faktlarla bağlı iradlarla, əsasən, razılaşmalı oluruq. Ancaq konsepsiya ilə bağlı fikir bildirən müəllimlərin bir əlində  dərslik olanda, bir əlində də kurikulumu tutmasını istəyərdim. Yəni "müəllif  niyə belə yazıb" deyənlərdən xahiş etmək istərdim ki, özlərinə "kurikulumda bununla bağlı nə yazılıb" sualını da versinlər. Belə olsa, onlar bir çox sualların cavabını tapacaqlar və bəzi iradlar aradan qalxacaq.

Müəllimlərin "Azərbaycan dili" dərslikləri ilə bağlı  qeyd etdikləri  iradların çoxu dil qaydalarının azlığı ilə bağlıdır.  Bəziləri isə mətnlərin çoxluğundan şikayətlənir, bu mənada bizim dərsliklərin daha çox ədəbiyyat dərsliklərinə oxşadığını bildirirlər. Beləliklə, bir çoxları istəyir ki, mətnlər azalsın, dil qaydaları çoxalsın. Hətta bir müəllim öz iradında bildirir ki, "biz dilçilik keçirik, ədəbiyyat yox". Amma nəzərə almaq lazımdır ki, bu gün dilin tədrisində dil qaydaları son məqsəd deyil, nitq bacarıqlarına yiyələnmək üçün vasitədir. Kurikulumun tələbinə görə, dilçiliyi elə səviyyədə öyrətməliyik ki, o, dinləmə, danışma, oxu və yazı bacarıqlarının inkişafına kömək etsin. Qaldı ki, mətnlərin çoxluğu və böyüklüyü ilə bağlı iradlara, nədənsə müəllimlərdə belə bir fikir formalaşıb ki, "Azərbaycan dili" dərsliklərindəki mətnlərdə öz əksini tapmış faktoloji  materiallar sonradan qiymətləndirmə obyekti olacaq. Tutaq ki, biz  dərsliyə Makedoniyalı İsgəndər  haqqında mətn salmışıq və orada tarixlər, faktlar var. Lakin həmin tarixlər və faktlar yalnız tarix dərsliyində qiymətləndirmə obyekti ola bilər. Azərbaycan dili fənnində isə uşaqlardan verilmiş müəyyən vaxt çərçivəsində həmin elmi-kütləvi mətni oxuyub qavramaq tələb olunur. Bunun üçün çoxlu oxu texnikası təklif edilir.

Məlum olduğu kimi, bir çox ölkələrdə  dil və riyaziyyat  fənlərindən buraxılış, bəzi hallarda isə qəbul imtahanları keçirilir. Bu ona görədir ki, dil fənnində uşağın yiyələndiyi bacarıqlar bütün fənlərdə öz təsirini göstərir. Bu bacarıqlara dərindən yiyələnmiş insan, adətən, digər fənlərdə də uğurlu olur. Dil fənni yalnız dilçiliyi öyrətmir, həm də intellekti artırır.

Müəllimlərin qeydlərində bəzən ziddiyyətli fikirlərə də rast gəlmək olur. Məsələn, VI sinif  "Azərbaycan dili" dərsliyi ilə bağlı fikir söyləyən müəllim bir tərəfdən mövzuların hamısının  nağıl olduğunu, digər tərəfdən isə həmin dərslikdə "İxtiralar və kəşflər" bölməsini uşaqların çox çətin qavradıqlarını deyir.

Müəllimlər dil qaydalarının verilməsində pərakəndəliyin olduğunu qeyd edirlər. Bu cür iradlar isə ənənəvi proqramdan irəli gələn stereotiplərlə bağlıdır. Bəli, ənənəvi proqramda V sinifdə fonetika və leksikanı, VI sinifdə isim, sifət, sayı, VII sinifdə feli, köməkçi nitq hissələrini və s. keçib qurtarırdıq. İndi isə belə deyil. Kurikulum qrammatik kateqoriyaların təqdimatında yaş səviyyəsinin nəzərə alınmasını tələb edir. Ona görə də hər bir nitq hissəsinə aid sadə kateqoriyaları aşağı siniflərdə, nisbətən mürəkkəb kateqoriyaları isə yuxarı siniflərdə tədris etmək lazım gəlir. Məsələn, ismin halları haqqında ümumi məlumat V sinifdə, qeyri-müəyyənlik bildirən yiyəlik və təsirlik hal isə VI sinifdə təqdim olunur. Bu həm də keçilmiş nitq hissələrinin növbəti siniflərdə təkrarlanmasına xidmət edir. Müəllimlər isə bunu sistemsizlik kimi izah etməyə çalışırlar.

V sinif "Azərbaycan dili" dərsliyi ilə əlaqədar düzəltmə isimlər haqqında məlumat verilməməsinə irad bildirilir. Bu da uzun illər ərzində formalaşmış stereotiplərdən biridir. Müəllimlər istəyirlər ki, bir dərslikdə müəyyən nitq hissəsi haqqında bütün məsələlərə nöqtə qoyulsun. Halbuki V sinifdə, ümumiyyətlə, söz yaradıcılığı haqqında, növbəti siniflərdə isə müxtəlif nitq hissələrinin, o cümlədən ismin quruluşca növləri haqqında məlumat verilir. 

Müəllim tərəfindən irad kimi  səsləndirilən "Azərbaycan dili dərsliklərində mətnlərin sayı çoxdur, elə bil ədəbiyyat dərslikləridir" fikri də, məncə, kurikulumun tələblərinin nəzərə alınmamasından irəli gəlir. Təhsilini kurikulum əsasında quran ölkələrin əksəriyyətində "Ədəbiyyat" fənni IX sinifdən keçilir. O vaxta qədər ədəbiyyat üzrə müəyyən bacarıqlar, məsələn, janrlar, bədii ifadə vasitələri və s. haqqında məlumatlar elə dil fənnində öyrədilir. Bizdə isə ayrıca ədəbiyyat fənni də var. Ona görə də biz dərslik yazarkən ədəbiyyat dərsliklərinin də yazıldığını diqqətdə saxlayırıq. "Azərbaycan dili" dərsliklərində dünya ədəbiyyatı nümunələrinin və elmi-kütləvi mətnlərin daha çox yer alması da bu faktla bağlıdır.

Mətnlər də, sadəcə, bilik və ya zövq almaq üçün verilmir. Onlar şagirdlərdə nitq bacarıqlarını inkişaf etdirməyə xidmət edir. "Çiy" halda götürülmüş çox az mətn var ki, bu bacarıqları, standartları reallaşdırmağa imkan versin.  Ona görə də çox zaman mövcud mətnləri yenidən işləməyə və ya yeni mətn yazmağa məcburuq. Yalnız bu halda şagirdlərin yaş, intellektual və maraq səviyyəsini nəzərə almaq, pedaqoji prinsipləri gözləmək mümkündür.

Bəzən mediada valideynlər, hətta müəllimlər "filan dərslik bərbaddır" kimi ifadələr işlədirlər. Ümumiyyətlə, yaxşı olardı ki, dərsliklə bağlı fikir söyləyərkən bu cür emosional sözlərdən uzaq olaq, daha çox konstruktiv fikir söyləyək və onu arqumentlərlə əsaslandıraq. Əslində, dərsliklərimizdə şagirdlərə aşılamaq istədiyimiz əsas bacarıqlardan biri də elə budur.

Biz dərslik müəllifləri çalışırıq ki, dərslikdəki materiallar uşaqlarda təfəkkürün inkişafına xidmət etsin, onların beyinləri lazımsız biliklərlə yüklənməsin. Bu, kurikulumun tələbidir. Bu tələblərə uyğunlaşmaq müəllimlərdən gərgin əmək tələb edir. Onlar unutmamalıdırlar ki, son məqsəd məzmun standartlarıdır, dərslik bu standartları reallaşdırmaq üçün bir vasitədir.

"Azərbaycan dili"  dərsliklərimizi növbəti il üçün hazırlayarkən bəzi mətnlərin uşaqların yaş səviyyəsinə uyğun olaraq seçilməsi məsələsinə baxmağı, bir sıra mətnlərin ağırlığı ilə bağlı müəllimlərin fikirlərini nəzərə almağı düşünürük. Ancaq "dil qaydaları çoxalmalıdır, mətnlər azaldılmalıdır" fikri ilə qətiyyən razılaşmaq olmaz. 

(Ardı gələn sayımızda) 

Hazırladılar:  Yusif Əliyev,
Niyazi Rəhimov,
Samirə Kərimova,

fotolar: Rəşad ZİYADOVUNDUR,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov