Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Bölgə xəbərləri

 

Gəncə Dövlət Universitetinin tələbələri IDEA-nın təşəbbüslərinə qoşulurlar 

Böyütmək üçün seçinGəncə Dövlət Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, yaxın 3 ildə könüllülərin iştirakı ilə 1000 hektar ərazidə yaşıllaşdırma işləri aparılacaq.

Bu barədə IDEA İctimai Birliyi Gəncə regional ofisinin təşəbbüsü ilə fevralın 17-də Gəncə Dövlət Universitetində tələbələrlə keçirilən görüşdə məlumat verilib.

Görüşdə İctimai Birliyin Gəncə üzrə koordinatoru Könül Zeynalova çıxış edərək IDEA-nın ətraf mühitin qorunmasında gördüyü işlərdən danışıb. Bildirilib ki, yaxın 3 ildə könüllülərin təşəbbüsü ilə 1000 hektar ərazidə aparılacaq yaşıllaşdırma işlərindən əlavə, gələcəkdə ali və orta ixtisas təhsili müəssisələrinin qarşısında velosiped dayanacaqlarının yaradılması, fəal könüllülərə qonorarın ayrılması, marketlərə kağız torbaların paylanması kimi məsələlər də diqqət mərkəzində olacaq.

Sonda iştirakçıların sualları cavablandırılıb.


Laçınlı məktəblilər Quba Soyqırımı Memorial Kompleksində olublar 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakının Buzovna qəsəbəsindəki  Laçın rayonunun Quşçu kənd orta məktəbinin şagird və müəllimləri, xarici tələbələr, könüllülər və fondun əməkdaşlarından ibarət qrup Qubada səfərdə olublar.  Məktəblilər və tələbələr əvvəlcə Qubadakı Heydər Əliyev Mərkəzinə gələrək burada ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto və sənədlərlə tanış olublar.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən klub üzvləri ekspozisiya zalında XX əsrin əvvəllərində Quba şəhərinin görüntülərini, o zaman burada aparılan tikinti-quruculuq işlərini, əhalinin həyat tərzini əks etdirən fotolarla tanış olub, 31 mart azərbaycanlıların  soyqırımı haqqında sənədli filmə baxıblar. Kompleksin əməkdaşı Səidə Abbasova Azərbaycan tarixinin bu dəhşətli səhifələri haqqında ətraflı məlumat verib. Xarici tələbələr kompleksin ərazisindəki kütləvi məzarlıqda gördükləri mənzərədən təsirləndiklərini deyiblər.

Məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı müvafiq sərəncama əsasən, erməni vəhşiliyinin yaddaşlardan silinməməsi üçün Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.

Səfər iştirakçıları dağ yəhudilərinin Azərbaycanda kompakt yaşadığı Qırmızı Qəsəbədə də olublar. 


Şuşa məktəblərinin IX-XI siniflərində sınaq-test imtahanları keçirilib 

Böyütmək üçün seçinŞuşa  Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim  Əyyub Əbdüləzimovdan aldığımız  məlumatda  qeyd olunur ki, təhsil şöbəsi tərəfindən rayonun Bakı şəhərində və onun ətrafında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI siniflərində Azərbaycan dili və riyaziyyat fənlərindən sınaq-test imtahanları keçirilib. Məqsəd şagirdlərin əldə etdikləri biliklərin reallığını üzə çıxarmaq, eyni zamanda onlara sual kitabçaları, kodlaşdırma vərdişləri və cavab kartları ilə işləmək prinsipinin öyrədilməsi olub. Sual kitabçalarında hər fənnə aid 30 sual verilib, onların cavablandırılmasına 1,5 saat vaxt ayrılıb.

Nizami Gəncəvi adına Xankəndi şəhər 4, Şuşa şəhər 3 nömrəli və Quşçular kənd tam orta məktəblərinin tədris binalarında keçirilən imtahanlara şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə qeyri-ixtisas müəllimlərindən ibarət nəzarətçilər təyin olunub. Müsbət haldır ki, sınaq imtahanlarında nəzərdə tutulmuş məktəblərin şagirdlərinin hamısı iştirak edib. Nəticələr fənn müəllimləri tərəfindən yoxlanılaraq qiymətləndirilib. Sınaq-test imtahanlarının keçirildiyi hər üç məktəbdə rayon təhsil şöbəsinin əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, 2015-ci ilin yanvarında və fevral ayının birinci ongünlüyündə RTŞ-nin əməkdaşları tərəfindən rayonun Bakı şəhərində fəaliyyət göstərən məktəblərinin V-IX siniflərində də Azərbaycan dili və riyaziyyat fənlərindən yazı işləri aparılıb, şagirdlərin bilik və bacarıqları, onların yazı vərdişlərinə necə yiyələndikləri öyrənilib.

Hər iki məsələnin yekunları ilə əlaqədar növbəti şura iclasında müzakirələrin keçiriləcəyi nəzərdə tutulub. 


İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu orta məktəbdən başlayır 

Böyütmək üçün seçinİsmayıllı Rayon Təhsil Şöbəsindən verilən məlumatda bildirilir ki, məktəblərin əksəriyyəti sürətli internetlə tam təmin olunub, kompüter və noutbuklar şagirdlərin istifadəsinə verilib. Əksər məktəblərdə elektron lövhələr yerləşdirilib, "Promethean" interaktiv  lövhələrinin  tədrisə tətbiqi ilə bağlı əməli işlər görülüb. Məktəblərdə müəllimlərin İKT avadanlıqlarından geniş  istifadəsinin nəticəsidir ki, 2014-2015-ci tədris ilində 3 müəllim "Elektron təhsil", 6 müəllim "Ən yaxşı müəllim" müsabiqələrinin qalibi olub, 1 məktəb isə "Ən yaxşı ümumtəhsil müəssisəsi" adına layiq görülüb.  Şəhər 1 nömrəli tam orta məktəbin "Elektron məktəb" olması üçün səmərəli və geniş işlər görülməkdədir.

Əvvəllər məktəblərin yalnız kompüterlə və internetlə təchiz olunması nəzərdə tutulurdusa, bu gün artıq söhbət noutbukların, interaktiv lövhələrin alınmasından, simsiz rabitə sistemlərinin qurulmasından gedir. 

 

 


Heydər Əliyev Mərkəzində "açıq dərs"lər davam edir

 

Məktəblilər əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş bölmələrlə tanış olub,  Azərbaycanın inkişafı naminə gördüyü işləri əks etdirən fotoşəkillərə baxıblar.  

Samux Rayon Təhsil Şöbəsindən  daxil olan məlumatda  bildirilir ki,  "açıq dərs"də şöbənin əməkdaşı,  tarix müəllimi Nərgiz Bədəlova  müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Vətən, xalq qarşısında gördüyü işləri faktlarla məktəblilərin diqqətinə çatdırıb.

Qeyd edilib ki, Azərbaycan xalqı bugünkü firavan həyata görə ümummilli  lider Heydər Əliyevə borcludur.

Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videofilm göstərilib.


100 bal toplayan tələbələr mükafatlandırılıblar

 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) prorektoru  Nizami Seyidəliyev tərəfindən redaksiyamıza göndərilən məlumatda  bildirilir ki, 2014-2015-ci tədris ilinin qış imtahan sessiyasında 100 bal toplayan tələbələr mükafatlandırılıblar.

Mükafatlandırma mərasimində çıxış edən ADAU-nun rektoru, professor İbrahim Cəfərov cari imtahan sessiyasında universitet üzrə 126 tələbənin 100 bal topladığını vurğulayıb.

Tədbirdə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin Türkiyənin Səlcuq və İstanbul universitetlərində 5 aylıq təcrübə keçmiş tələbələrinin hesabatları dinlənilib.

Sonda yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim olunub.


Tamaşa şagirdlər tərəfindən maraqla qarşılanıb 

Sumqayıt şəhər 3 nömrəli peşə  liseyindən aldığımız  məlumatda  bildirilir ki,  liseydə  "Narkomaniya əsrin bəlasıdır" adlı videomaterialın nümayişi olub. Şagirdlər "Sağlam həyat tərzi nədir?" mövzusunda  keçirilən tədbirlər sırasında  H.Ərəblinski adına Sumqayıt  Dövlət Dram Teatrının quruluşunda Kamran Nəzərlinin "Narkoman" tamaşasına baxıblar. Tamaşanın mövzusu narkomanlığa düçar olmuş bir gəncin acı taleyindən bəhs  edir.

Tamaşa şagirdlər tərəfindən maraqla qarşılanıb.


Lənkəranda "dəyirmi masa" keçirilib 

Lənkəran Şəhər Təhsil Şöbəsindən  aldığımız məlumatda  bildirilir ki, Heydər Əliyev Mərkəzində "Yeniyetmə və valideyn münasibətlərinin tənzimlənməsində məktəb və cəmiyyətin rolu" mövzusunda "dəyirmi masa" keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ümumtəhsil məktəblərinin direktorları, valideyn komitələrinin sədrləri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları iştirak ediblər.

Çıxış edənlər valideyn-məktəb münasibətlərindən söhbət açaraq qarşılıqlı hörmət və anlaşma şəraitində qurulan ailə münasibətlərində valideynlərin üzərinə böyük məsuliyyətin düşdüyünü diqqətə çatdırıblar. Qeyd edilib ki, valideynlər övladlarına nümunə olmalı, onların gələcəkdə şəxsiyyət kimi formalaşmasına töhfə verməlidirlər.

Tədbirdə yeniyetmələrin həyatında mühüm rol oynayan valideyn-müəllim münasibətlərinə də toxunulub. Diqqətə çatdırılıb ki, gənclərin təhsilə marağının artırılması üçün yaradılan şəraitdən maksimum istifadə edilməli, onlarda zərərli vərdişlərə meyilin yaranmaması üçün vaxtında tədbirlər görülməlidir.


"Erkən nikah və narkomaniyaya yox deyək" mövzusunda tədbir 

Ağcabədi  Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda  qeyd edilir ki,  rayonda  "Erkən nikah və narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilib.Tədbirdə şəhərin 1, 5 və 9 nömrəli tam orta məktəblərinin şagirdləri iştirak ediblər.

Çıxış edənlər erkən nikahın yaratdığı problemlər, narkomaniya və psixotrop maddələrin fəsadlarından danışıblar. Bu sosial bəlaya qarşı və erkən nikah hallarının aradan qaldırılması üçün aparılan mübarizədən geniş bəhs edilib. Həmçinin erkən nikah və narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, qeyri-hökumət təşkilatları, ictimaiyyətin nümayəndələri, təhsil işçiləri və valideynlərin birgə səy göstərmələrinin vacibliyi vurğulanıb.

"Narkomaniyaya yox deyək" adlı videoslayd nümayiş etdirilib. Tədbir iştirakçılarına mövzu ilə bağlı kitabçalar paylanılıb.


Süleyman Sani Axundovun 140 illik yubileyi qeyd olunub 

Astara şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zümrüd Hüseynovanın redaksiyamıza ünvanladığı  məktubda  bildirilir ki, məktəbdə Azərbaycanın görkəmli yazıçısı və dramaturqu S.S.Axundovun anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilib və əsərlərindən ətraflı söz açılıb. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya  göstərilib və  "Qaraca qız" filmindən kadrlar nümayiş etdirilib.

Tədbir diskussiya şəklində  başa çatıb. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov