Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Lütfi Zadənin azərbaycanlı tələbəsi

 

ABŞ-ın Kaliforniya Berkli Universitetinin tələbəsi Səbinə  Şahbazzadə  ilə söhbət 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
[email protected]
 

Səbinə  Şahbazzadə 1986-cı il yanvarın 22-də   Bakı şəhərində anadan olub. 2003-cü  ildə  Respublika İncəsənət Gimnaziyasını bitirərək Bakı  Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına  qəbul olunub.  Universiteti fərqlənmə diplomu ilə  bitirdikdən sonra təhsilini davam etdirmək qərarına gəlib.  Azərbaycan Dövlət İqtisad Universitetinin  MBA proqramının marketinq  ixtisası üzrə magistr pilləsinə qəbul olunub. 2014-cü ildən  "2007-2015-ci illərdə  Azərbaycan gənclərinin  xarici  ölkələrdə  təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın  Kaliforniya ştatının Berkli Universitetində  (University of California, Berkeley)  elektrik  mühəndisliyi və kompüter elmləri (Electrical Engineering and Computer Science) fakültəsində təhsil alır.  Eyni zamanda  Berkli Universitetində  tədqiqat proqramı üzrə professor Lütfi Zadənin rəhbərliyi altında  elmi tədqiqatlarını davam etdirir.   Beləliklə də rubrikamızın budəfəki qonağı dünyanın ən yüksək reytinqli universitetlərindən olan Kaliforniya Berkli Universitetinin tələbəsi  Səbinə Şahbazzadədir.

 "İxtisas seçimində ən çox anamın dəstəyi olub"

 Orta məktəb illərində riyaziyyat fənn olimpiadalarında iştirak etmişəm. Daha çox riyaziyyat, fizika, kimya və ingilis dili fənlərinə marağım var idi.    İxtisas seçimimdə ən çox anamın dəstəyi olmuşdır. Mənim anam  Şahnaz Şahbazova Azərbaycan Texniki Universitetinin dosentidir. O, 30 ildən çoxdur ki,  kompüter elmləri sahəsində dərs deyir.  Mən də onun ixtisasını davam etdirirəm.  Xaricdə təhsil almaq marağım ailəmdən irəli gəlib. Belə ki, anamın dünyanın müxtəlif universitetlərində, konfranslarda  mühazirələrlə çıxış etməsi, eləcə də həmin ali məktəblərdə təhsilin inkişaf etməsi, kompüter elmləri sahəsində yeni texnologiyaların və ideyaların yaranması məni xaricdə təhsil almağa həvəsləndirdi.  Digər tərəfdən, 2012-ci ildə məndən öncə bacımın  Berkli Universitetinin  hüquq fakültəsinə qəbul olunması da  mənim xaricdə təhsil almaq qərarımı daha da möhkəmləndirdi. 

Anam Hindistan, Almaniya, ABŞ, Macarıstan  və s. ölkələrdə elmi tədqiqat işlərini yerinə yetirmişdir. ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetində təhsil almağım bir valideyn kimi anamın arzusu idi. 

"Təqaüdə layiq görüldüyümə görə olduqca xoşbəxtəm" 

Xaricdə təhsil almaq qərarımı reallaşdırmaq üçün Dövlət Proqramına müraciət etdim. Tələbələrin  seçimi çox gözəl təşkil olunmuşdu. Seçim prosesi doğru və şəffaf yolla keçirildi. Müsahibə zamanı mənə verilən suallar məhz təhsil alacağım universitetlə bağlı idi və bütün proses 15 dəqiqədən artıq olmadı. Çox həyəcanlı idim. Təqaüdə layiq görüldüyümə görə olduqca xoşbəxtəm. Sevinirəm ki, xaricdə təhsil almaq arzum reallığa çevrilib.

Ümid edirəm ki, Təhsil Nazirliyinin son islahatları Azərbaycan təhsil sisteminə çox böyük uğur gətirəcək. İstedadlı tələbələrin dünyanın ən qabaqcıl universitetlərində təhsil almaları ölkəmizin gələcək inkişafı üçün möhkəm  zəmin yaradır. Bu həm də müstəqil Azərbaycanın  bütün sahələrinin etibarlı əllərdə olmasına əyani sübutdur. Gənclər xaricdə təhsil almaqla dünyanın ən son yeniliklərini vətənimizə  gətirir və onun tətbiqinə çalışırlar. Dünyanın modern ənənələrinin, qabaqcıl təcrübələrinin Azərbaycana gətirilməsi yalnız xaricdə təhsil almaqla mümkündür. Bu da ki, ölkə rəhbərliyinin diqqət mərkəzində olan vacib məsələlərdən biridir. Məhz Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində bu gün minlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alır.  

Kaliforniyada tələbə həyatı 

Yaşadığım Berkli şəhəri Amerikanın digər şəhərlərindən çox fərqlidir.  Berkli şəhəri əsasən universitet kampusundan  ibarətdir.  Olduqca liberal və  deyərdim ki, azad şəhərdir.  Bu şəhərdə adaptasiya mənim üçün əvvəlcə çətin oldu, o mənada ki,  Bakı ilə Berkli şəhəri arasında 12 saat fərq var. Əlbəttə ki,  Bakı üçün darıxıram, Bakı mənim üçün çox əzizdir. Ancaq bir şeyi bilirəm ki, təhsilimi tamamlamalıyam, çünki məqsədim savadlı, elmli mütəxəssis olmaqdır. Təhsil həyatım olduqca  maraqlı keçir, universitet həyatı, tələbəlik, dərslərin intensivliyi, fərqli bir mühit mənim üçün maraqlı və yenidir.  Asudə vaxtlarımı  fəal tərzdə keçirməyə çalışıram.  Digər şəhərlərin gözəl, məşhur  və görməli yerlərini gəzməyi və tarixi ilə maraqlanmağı çox sevirəm. Bundan əlavə,  burada yerləşən Azərbaycan cəmiyyətinin təşkil etdiyi tədbirlərdə  də aktiv iştirak edirəm.

Kaliforniyada olan Azərbaycan cəmiyyəti   və konsulluğumuzla yaxın əlaqələrim var. Onların keçirdiyi,  demək olar ki,  bütün tədbirlərdə çox aktiv iştirak edirəm.  

"Tələbələr daha çox praktiki fəaliyyətə cəlb olunurlar"  

Berkli Universitetində təhsilin üstünlüyü ondan ibarətdir ki, tələbələr fənləri özləri seçə bilirlər. Elmin və texnologiyanın inkişafı dərs prosesinə öz təsirini göstərir və dərslər  əsasən yeni texnologiyaların tətbiqi  ilə keçilir. Tələbələr daha çox praktiki fəaliyyətə cəlb olunurlar. Onlar qrup şəklində müxtəlif proyektlər üzərində çalışırlar, məhz proyektlər əsasında da  işlə təmin oluna bilirlər.

Kaliforniya Berkli Universiteti kompüter elmləri üzrə  dünyanın top universitetlərindən biridir və statistikaya uyğun olaraq Amerikanın  bir nömrəli dövlət ali məktəbidir.  Bildiyiniz kimi, XXI  əsr informasiya texnologiyaları əsridir  və  hər  bir sahədə  texnologiyanın yüksək tətbiqinin şahidiyik. Yeni texnologiyaların yaranması və sürətli inkişafı  mənim kompüter elminə marağımı daha da artırdı.    

Professor Lütfi Zadənin yanında 

Kaliforniya Berkli  Universitetinin  adı  çəkiləndə azərbaycanlı professor  Lütfi Zadə yada düşür. Buna görə də  söhbətin bu yerində məşhur azərbaycanlı alim barədə danışmamaq olmaz.   

Əlbəttə ki,  Lütfi Zadənin Kaliforniya Berkli Universitetində  işləməsi mənim Amerikada təhsil almağımın əsas  səbəblərindən biri olmuşdur.  Onunla şəxsi tanışlığımız  2008-ci ildə keçirilən  "BakuTel"  sərgisinə təsadüf etmişdir.  Berkli Universitetinin kompüter elmləri fakültəsində təhsil almağımda professor Lütfi Zadənin mənə yazdığı tövsiyə və onun ABŞ-da oxuyacağım müddətdə mənim elmi rəhbərim olmağa razılıq məktubları  böyük rol oynamışdır.  Bildiyiniz kimi, Berkli Universitetinin kompüter elmləri fakültəsinə  dünyanın müxtəlif ölkələrindən çoxsaylı müraciətlər  daxil olur,  lakin bu  ali  məktəbə qəbul olunan tələbələrin sayı məhduddur. 2012- ci ildən, yəni Amerikaya oxumağa gəldiyimdən professorla sıx münasibətdəyəm, mənim elmi rəhbərimdir. Hazırda onun rəhbərliyi altında tələbə tədqiqatçı kimi fəaliyyət göstərirəm.  Professor Lütfi Zadə ilə  demək olar ki,  hər həftə görüşürük. Hesab edirəm ki, şanslı tələbələrdənəm ki, mənim elmi rəhbərim dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadədir.    Professor Lütfi Zadənin tələbəsi olmaq, onunla sıx işləmək, "dəyirmi masa"larında,  onun və xarici professorların seminarlarında iştirak etmək, dünyada digər məşhur professorlarla ünsiyyətdə olmaq,  onlardan dərs almaq, digər çox savadlı tələbələrlə birlikdə müxtəlif  elmi  proyektlərdə işləmək  gənc tələbə kimi mənim üçün olduqca fərəhləndiricidir.

Onu  da əlavə etmək istəyirəm ki, mənim anam 2007-2008-ci illərdə "Fulbrayt"  proqramını qazanaraq bir  il müddətində professor Lütfi Zadənin dəvəti ilə onun laboratoriyasında elmi tədqiqat işi yerinə yetirmişdir.  

"Müəllimlər tələbələrə qayğı ilə yanaşırlar" 

Berkli Universitetində  professor  və tələbə heyəti arasında olduqca gözəl münasibətlər  var.  Müəllimlər tələbəyə hər zaman yardımçı olurlar, tələbələrin bütün suallarına ətraflı və böyük məmnuniyyətlə cavab verirlər.  Hansı bir professora  elektron poçtla  müraciət edəndə onlar dərhal cavab verirlər.  Müəllimlər  tələbələrə çox qayğı ilə yanaşırlar.

Burada tələbələr öz biliklərinə güvənib imtahana girirlər. Müəllimlər tələbələrin özlərini imtahan zamanı rahat və sərbəst hiss etməsi üçün onlara şirniyyat  gətirirlər.  Bir dəfə imtahan verirdim, müəllimim imtahanın başlanmasını elan  edəndə "hip-hop" mahnısını  oxudu. Tələbələr  həyəcan və streslərini atıb güldülər  və rahat ab- havada imtahanın suallarına cavab verdilər. İmtahan çox şəffaf yolla  keçirilir.  İmtahan prosesi fəndən və professordan asılı olaraq müxtəlif  formatda olur. Bəziləri sırf proyektlər əsasında, bəziləri isə yazı (esse və testlər) əsasında keçirilir. İmtahan sessiyasında nəzərəçilər olur, lakin onların funksiyası tələbələri imtahan prosesi ilə tanış etmək və prosesə riayət etməkdən ibarətdir. Tələbələr imtahanda  sırf  öz biliklərini  nümayiş  etdirirlər.

Oxuduğum universitetdə hamı  əcnəbidir. Bütün ölkələrdən tələbələr var.  Bütün tələbələrə münasibət eynidir. 

Gələcək arzu və planlar 

Çox xoşbəxtəm ki, Kaliforniya  Berkli  kimi nüfuzlu universitetdə təhsilimi davam etdirirəm. Bu, çox qürurverici hissdir.  Arzu edərdim ki,  gənclərimizin xaricdə təhsil almaq səyləri yüksəlsin və təhsil alan tələbələrimizin  sayı  daha da çoxalsın. Vətəndən uzaqda  olarkən azərbaycanlı tələbələri  görmək  və hər birinin uğurlarına  şahid olmaq olduqca sevindiricidir. Bir daha özlüyümdə bu qənaətə gəlirəm ki, təhsildə uğur əldə etmək, yeni biliklərə yiyələnmək üçün  həvəs göstərmək və bu yolda  əzmkarlıqla çalışmaq lazımdır.

Hazırda gələcək planlarım - Berkli Universitetinin kompüter elmləri fakültəsində magistr pilləsində  təhsilimi davam etdirmək  və bir tələbə tədqiqatçı kimi  əldə etdiyim elmi nəticələrin professor Lütfi Zadənin birgə müəllifliyi ilə nüfuzlu elmi jurnallarda elmi məqalə kimi dərc olunmasına nail olmaqdır.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov