Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Adada yerləşən məktəb

 

Sahildən 32 km məsafədə yerləşən Çilov adasına səyahət 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"
[email protected]
 

Çilov adası  

Bakının Pirallahı rayonunun ərazisində, Xəzər sahillərindən 32 kilometr məsafədə yerləşir. Əhalisi 1694 nəfər, ərazisi 11.4 kv kilometrdir. Sakinlərin əksəriyyəti neft və qazçıxarma idarəsində çalışanlardır. Yaşayış məntəqəsinə 1949-cu ildə şəhər tipli qəsəbə statusu verilib. Qəsəbədə 1 məktəb, 1 uşaq bağçası, 1 tibbi stasionar məntəqə fəaliyyət göstərir. Son bir neçə ildə adada ciddi abadlıq və yaşıllaşdırma işləri aparılıb.  35 min ağac,  500 qızılgül kolu əkilib.

Xəzər dənizində yerləşən Çilov adası haqqında qısa məlumatım olsa da, bu adanı görmək, orada davam edən qızğın həyatı müşahidə etmək çoxdankı arzum idi. Məni bu adada ən çox maraqlandıran isə Xəzərin ortasında, həmin bu adada yerləşən məktəb və orada təhsilin vəziyyəti idi. "Niyyətin hara, mənzilin ora"- deyib, adaya getməyi, burada yerləşən məktəb haqqında gördüklərimizi oxucularla paylaşmağı qərara aldım. Adaya getmək üçün Pirallahı rayonunda yerləşən "Damba" limanına gəldik. "28 May" Neft və Qaz Çıxarma İdarəsinə məxsus gəmi ilə Çilov adasına yollandıq. 2 saat yarım yol getdikdən sonra adaya çatdıq. Limanda bizi adada yerləşən 131 nömrəli tam orta məktəbin direktoru Rafail Musayev qarşıladı. Onunla qısa söhbət etdikdən sonra ada sakinlərinə pulsuz xidmət edən avtobusla məktəbə yollandıq. Avtobusda ikən ada haqqında bizdə ilk təəssürat yarandı. Səliqəli küçələr, taxtadan tikilmiş evlər göz oxşayırdı. Bununla yanaşı, adada geniş abadlıq işlərinin aparılması, yaşıllıqlar salınması da nəzərimizdən qaçmadı. Günorta saatları olduğundan sakitlik hökm sürürdü. Qeyd edim ki, burada yaşayanların əksəriyyəti neft sənayesində işləyir. Bu baxımdan demək olar ki, adada gündüz vaxtı çox az adama rast gəlinirdi. Nəhayət, məktəbə çatdıq. Qarşımızda paytaxtımızın sayılıb-seçilən təhsil ocaqlarından heç də geridə qalmayan bir məktəb var idi. Düzü, el dili ilə desək, gözdən, könüldən uzaq, gediş-gəlişi o qədər də asan olmayan bu ərazidə belə bir yüksək səviyyəli tədris ocağının olmasını təsəvvür etmirdim. Məktəbin müəllimləri ilə görüşdükdən sonra tədris ocağının direktoru, müəllim və şagirdlərlə söhbətə başladıq. Oxucularımıza onların fikirlərini təqdim edirik.

Böyütmək üçün seçin Böyütmək üçün seçin
   
Böyütmək üçün seçin Böyütmək üçün seçin

"Pedaqoji kollektivimiz vicdanla çalışır"

Rafail Musayev, məktəbin direktoru 

Məktəbimiz 1951-ci ildən fəaliyyət göstərir. Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun adını daşıyır. Rasim İbrahimov 131 nömrəli tam orta məktəbin məzunu olub. İxtisaslı hərbiçi olan Rasim hərbi komissarlıqda xidmət edib. Qarabağ uğrunda gedən müharibədə qəhrəmancasına həlak olub. Bundan başqa məktəbin digər məzunu Dmitri Ksilyov da Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Çilov adasında əvvəllər 3 məktəb (qiyabi, axşam və tam orta) mövcud olub. Sonralar qiyabi və axşam məktəbləri bağlanıb. Adada rus hərbiçilərin və ailələrin olduğuna görə təhsil ocağında təlim dili uzun müddət rus dili olub. 1988-ci ildə isə azərbaycanlı müəllimlərin səyi nəticəsində Azərbaycan bölməsi açılıb. Hazırda məktəb ikinövbəlidir və təlim dili Azərbaycan dilidir. Təhsil müəssisəsi ikimərtəbəli binadan ibarətdir. Məktəbdə 10 sinif, 1 kompüter otağı, laboratoriya, kitabxana, idman zalı mövcuddur. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün 2 elektron löhvə, 21 kompüter, 4 noutbuk var. Məktəb mərkəzləşdirilmiş şəkildə istilik sistemi ilə təchiz olunub. 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin "28 May" Neft və Qaz Çıxarma İdarəsi (NQÇİ) tərəfindən əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib. Hazırda 122 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur.

Respublikanın müxtəlif bölgələrindən olan neftçilərin övladlarına yüksək səviyyədə təhsil vermək pedaqoji kollektivin qarşısında duran əsas vəzifədir. Müəllimlərimiz həftənin 3-4 gününü adada keçirirlər. Qalan günləri isə öz evlərində. Onların burada yaşaması üçün hər cür şərait var. "28 May" NQÇİ tərəfindən müəllimlərə xüsusi yataqxana ayrılıb. Məktəbimizdə demək olar ki, hər şey qaydalara uyğun aparılır. Uşaqların davamiyyəti yüksəkdir. Uğurlarımız da az deyil. Məktəbi bitirən məzunlar TQDK-nın keçirdiyi qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. Təkcə 2014-cü ildə məktəbi bitirən 11 şagirddən 7-si respublikamızın, 2-si isə Türkiyənin universitetlərinə daxil olublar. Şagirdlərimizi milli vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədilə vaxtaşırı tədbirlər keçiririk. Məktəbimizin tədbirlərində "28 May" NQÇİ rəhbərliyi və əməkdaşları yaxından iştirak edir. Ümumiyyətlə, bu müəssisə məktəbimizə daim diqqət göstərir. Yaranan problemlərin aradan qaldırılmasında məktəbə yardımçı olur. Məktəbin məzunlarının da bir çoxu məhz bu idarədə işlə təmin olunur. Onların arasında mühəndis, texniki işçilər və fəhlələr var. Ümumiyyətlə, məktəbin məzunlarından respublikamızda yüksək vəzifələrdə, mühüm dövlət strukturlarında çalışanlar çoxdur.

Məktəbimiz adada yerləşdiyi üçün bir çox problemlərlə rastlaşırıq. Bu problemlərin əksəriyyəti ada və iqlimlə bağlıdır. Məsələn, elə olur ki, dənizdə hava şəraiti yaxşı olmur və müəllimlər 2-3 gün əlavə olaraq adada qalmaq məcburiyyətində qalırlar. Bu da müəyyən problemlər yaradır. Axı müəllimlərin də ailəsi var. Onların məktəbdən əlavə müxtəlif problemləri, ailə qayğıları mövcuddur. Bundan başqa, şagirdlərimiz fənn olimpiadalarında, müxtəlif müsabiqə və yarışlarda mütəmadi iştirak edə bilmirlər. Onları kütləvi şəkildə tədbirlərə aparmaq mümkün deyil. Hətta TQDK ilk illərdə buraxılış imtahanlarının keçirilməsini məktəbimizə həvalə etmişdi. Biz ümumi sualları bağlı zərfdə gətirib imtahanları burda keçirirdik. Bu imtahanlarda şagirdlər yüksək nəticə əldə edirdilər. Lakin sonra TQDK nümayəndələri özləri bura gəldi. TQDK nümayəndəsinin iştirakı ilə keçirilən imtahanların nəticələri hətta əvvəlki illərdən də yüksək oldu.  Uzaqda olmağımıza baxmayaraq pedaqoji kollektivimiz vicdanla çalışır. Dərs bitdikdən sonra müəllimlərimiz şagirdlərə əlavə məşğələlər keçir. Şagirdlərin yüksək səviyyədə bilik alması üçün var gücləri ilə çalışırlar.


"Bu Çilov adasıdır"

Faiq Həsənov, məktəbin fizika müəllimi

40 ilə yaxındır ki, bu məktəbdə çalışıram. Məktəbi öz evim kimi bilirəm. Ömrümüzü bu adaya, məktəbə həsr eləmişik. Əvvəllər burada müxtəlif xalqların nümayəndələri yaşayırdı. Tədris rus dilində aparılırdı. Lakin buna baxmayaraq azərbaycanlı övladları da burada təhsil alırdılar. Onların əksəriyyəti sonradan məktəbə gəldikləri üçün dil problemi yaşayırdılar. 1988-ci ildə biz azərbaycanlı müəllimlər qərara gəldik ki, məktəbdə Azərbaycan bölməsi də açılsın. Biz buna nail olduq. Düzdür, həmin dövrdə müxtəlif problemlərlə rastlaşdıq. Məsələn, mən özüm fizika müəllimi olsam da müəllim çatışmazlığından ibtidai siniflərdə dərs demişəm. Biz bu çətinliklərə sinə gərərək məktəbimizi qoruyub, bu günlərə çatdırmışıq. Bizim çox intellektli, savadlı şagirdlərimiz olub. Bir dəfə Rusiyanın Ostankino kanalında Yakuboviçin məşhur "Pole çudes" verilişi gedirdi. Həmin verilişi həmişə maraqla izləyirdim. Svetlana adında bir iştirakçı sualları cavablandırırdı. Yarışmanın ən çətin mərhələsində Yakuboviç iştirakçılara belə bir sual ünvanladı: " O hansı adadır ki, orada sərnişin daşıyan marşrut pulsuzdur?". Svetlana heç düşünmədən cavab verdi: "Bu Çilov adasıdır". Yakuboviç sualı düzgün cavablandırdığı üçün Svetlanaya təəccübünü bildirdi. Axı Çilov nəinki Rusiyada, hətta Azərbaycanda da bir o qədər tanınan yer deyil. Svetlana həmin adada yaşadığını və bizim məktəbdə təhsil aldığını bildirdi. Həmin verilişə baxarkən çox qəhərlənmişdim. O qız axı bizim şagirdimiz idi.


"Yay tətili günlərində adadan ötrü darıxıram"

Xuraman Əliyeva, məktəbin fizika-informatika müəllimi

Artıq 16 ildir ki, bu məktəbdə çalışıram. Digər məktəblərdə olduğu kimi, burada da tədris normal şəkildə davam edir. Kurikulum və İKT ilə bağlı təlimlərdən keçmişik. Müasir dərsin tələblərinə uyğun dərslərimiz davam edir. Bu cür təlim dərsin keyfiyyətini artırır.

Öz evimiz şəhərdədir. Amma yoldaşım da neftçi olduğu üçün uşaqlarla birlikdə həftənin 5 gününü burada oluruq. Həftə sonu-cümə günü şəhərə gedirik, bazar günü isə adaya qayıdırıq. Hava şəraitinə uyğun olaraq bəzi vaxt dərsə çata bilmirik. Bu baxımdan, demək olar hər ixtisas üzrə iki müəllim var. Belə olan təqdirdə müəllimlər digərlərini əvəz edir. Yerli şəraitə uyğun olaraq bizim əməkhaqqımız digər müəllimlərdən çoxdur. Lakin nəzərə alaq ki, biz burada ərzaq məhsullarını da şəhərdəki qiymətdən fərqli alırıq. Düzdür, müxtəlif çətinliklərimiz olur. Lakin biz bura çox bağlanmışıq. Yay tətili günlərində məktəbdən və adadan ötrü darıxıram.


"Məktəbi bitirdikdən sonra bu adada işləmək istəyirəm"

Fidan Əliyeva, məktəbin VII sinif şagirdi

Biz bura Naxçıvandan gəlmişik. Atam "28 May" NQÇİ-nin təhlükəsizlik bölməsində, anam isə hidrometeoroloji stansiyada çalışır. I sinifdən bu məktəbdə oxuyuram. Burada həyat qeyri-adidir. Maraqlı məqamlarla yanaşı çətinliklər də mövcuddur. Lakin mən buranı çox sevirəm. Çünki mənim uşaqlığım, məktəb illərim bu ada ilə bağlıdır. Məktəbi bitirdikdən sonra uşaq həkimi  olaraq bu adada işləmək istəyirəm. Bunun üçün var gücümlə çalışacağam. Məktəbimizdə hər cür şərait var. Müəllimlərimiz bizə yaxşı dərs keçirlər. Biz də bu imkandan yararlanmalıyıq.

Nəhayət, birgünlük ada səyahətimiz sona çatdı. Bəlkə də yaşayış üçün adi, lakin əsrarəngiz görünən Çilov adasındakı həyatı, onun çətinliklərini gördüyümüz kimi  təsəvvür edə bilmədik. Bu kiçik, lakin möcüzələrlə dolu adada neftçisindən tutmuş müəlliminə qədər hər bir insanın nə qədər fədakar olduğu, doğrusu, bizi təəccübləndirdi. Bu baxımdan burada çalışan hər bir şəxsə dərin minnətdarlığımızı bildirir, onlara bu çətin və şərəfli işlərində uğurlar arzulayırıq.

 

Fotolar Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov