Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Məktəbli mütaliəsinin səmərəli təşkili üçün vəsait

 

Mütaliə nitq təfəkkürünün inkişafına yönəlmiş mənəvi fəaliyyət formasıdır. Oxumaq, yazmaq bacarığı olan hər bir insanın həyat, cəmiyyət haqqında ətraflı biliklərə yiyələnməsində mütaliənin çox böyük əhəmiyyəti vardır. Görkəmli fransız filosofu və yazıçısı Deni Didro deyirdi: "Hər kim kitab oxumursa, o düzgün fikirləşə bilməz". Doğrudan da, ən dərin bilik, elmi dünyagörüşü məhz mütaliə yolu ilə yaranır.

 Kitabın tərbiyəedici təsirinin böyüklüyü təkcə məktəb tapşırıqlarının yerinə yetirilməsi ilə ölçülmür. Buna görə də şagirdlər dərsdən sonra, xüsusən də asudə vaxtlarında müəllimlərin tövsiyə etdikləri və onları maraqlandıran kitabları oxumalı, müstəqil bilik əldə etməlidirlər. Mütaliə edərkən şagirdlər eyni zamanda öz idrak maraqlarını təmin edir, mənəvi və estetik zövqlərini zənginləşdirirlər. Bu işdə məktəb kitabxanası məktəblə eyni məqsədə xidmət edərək ailənin və məktəbin əsl köməkçisi kimi çıxış edir, həmçinin öz oxucularının tərbiyə olunmasının, onların hərtərəfli inkişaf etdirilməsinin ən mühüm vəzifələrini həyata keçirir.

Yaşadığımız tarixi dövrün siyasi, iqtisadi, hüquqi və ekoloji problemləri böyüməkdə olan nəslin təlim-tərbiyəsində özünü müxtəlif aspektlərdə büruzə verir. Məqsədyönlü maarifləndirməyə, mənəvi dəyərlərə yiyələnməyə, əxlaqi görüşləri formalaşdırmağa, ictimai həyata adaptasiya, hüquqi biliklərə yiyələnmə sahəsində himayəyə ehtiyacı olan uşaqlara, eyni zamanda, qarışıq dünyamızın sürprizləri də mənfi təsir göstərir. Bu baxımdan məktəb kitabxanaları Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini, adət-ənənələrini, tarixini, mədəniyyətini əks etdirən materialları dolğun şəkildə öz ədəbiyyat fondlarında cəmləşdirməli, sabahın gəncliyinin bu gündən sağlam ruhda tərbiyə edilməsi prosesinin fəal iştirakçısı olmalıdır.  Məktəb kitabxanaları mənəvi-əxlaqi və hüquqi tərbiyə sahəsində uşaq müəssisələri və müəllimlərlə təcrübə mübadiləsi aparmalı, mənəvi-əxlaqi və hüquqi tərbiyəyə dair ədəbiyyatın fəal təbliğatçısı olmalı, uşaqlara, onların yaş xüsusiyyətlərini nəzərə almaqla, müasir dövrün tələblərinə uyğun metodlarla informasiya xidməti göstərilməlidir.

Məktəbli şəxsiyyətinin formalaşması, ilk növbədə, ayrı-ayrı fənlərin  təlimi prosesində həyata keçirilir. Belə təlimin keyfiyyətinin yüksəldilməsi üçün və əlavə ədəbiyyatın şagirdlər tərəfindən oxunmasının təşkili sahəsindəki problemlər məktəb kitabxanasının işini təkmilləşdirməyi tələb edir. Məktəb kitabxanaları şagirdlərin mütaliə dairəsinin formalaşdırılması prosesini təşkil və tənzim edən, bu məqsədlə müvafiq işi  həyata keçirən bir obyekt kimi çıxış edir. Bu isə öz növbəsində sinifdənxaric mütaliə üzrə işin müəyyən sisteminin yaradılması və həyata keçirilməsinin  vacib olduğunu göstərir. Bununla bağlı ötən ilin sonunda təhsil naziri Mikayıl Cabbarov "Ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" 16 dekabr 2014-cü il tarixli əmr imzalamışdır. Həmin əmrin məqsədi ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsinin əvvəlki dövrlərlə müqayisədə zəifləməsinin qarşısını almaq, eləcə də şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etməkdir. Əmrə əsasən, hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısı hazırlanmalı, məktəb kitabxanaları yeni nəşrlərlə zənginləşdirilməli, ümumtəhsil məktəblərində dərs ili ərzində bədii əsərlərin oxusu və müzakirəsi təşkil edilməlidir.

30 ildən artıqdır ki, ümumtəhsil,  ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələri kitabxanalarına elmi metodik rəhbərliyi həyata keçirən və yarandığı vaxtdan etibarən ölkədə elmi-pedaqoji ədəbiyyat fonduna malik əsas kitabsaxlayıcı olaraq onların mütaliəyə olan maraq və tələbatlarını ən yüksək səviyyədə ödəməyə çalışan Respublika Elmi Pedaqoji Kitabxanası təhsil nazirinin əmrinə müvafiq olaraq ümumtəhsil məktəblərinin kitabxanalarına köməklik göstərmək məqsədilə "Şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması. Sinifdənxaric oxu" adlı metodik vəsait hazırlamışdır. Vəsaitdə məktəblilərin yaş xüsusiyyətlərinə görə mütaliə mədəniyyətinin formalaşdırılmasının 3 mərhələsindən bəhs olunur. Metodik vəsaitdə "Giriş"; "Sinifdənxaric mütaliə vərdişlərinin formalaşdırılmasında ifadəli qiraətin rolu"; "Kiçikyaşlı məktəblilərin mütaliəsinə rəhbərlik"; "Orta yaşlı məktəblilərin mütaliəsinə rəhbərlik"; "Böyük yaşlı məktəblilərin mütaliəsinə rəhbərlik" adlı bölmələr verilib. Hər bir bölmədə həmin yaş qrupunun mütaliə ilə bağlı xüsusiyyətlərindən bəhs olunub, mütaliə qaydaları haqqında müəyyən tövsiyələr verilib. Həmçinin Azərbaycan dili və ədəbiyyat fənlərinin proqramları ilə paralel sinifdənxaric oxu materialları daxil edilib. Müasir zamanda uşaq ədəbiyyatı nümunələrinin çap variantları oxucuların hiss edəcəyi dərəcədə azalmaqda, digər tərəfdən elektron formatda uşaq mütaliəsi üçün mətnlərə tələbat artmaqdadır. "Ekran mütaliəsi" daha geniş əhatədə həm azyaşlıları, həm də yeniyetmələri cəlb etməkdədir. Elə ona görə də valideyn, uşaq və məktəb kitabxanaları birlikdə işləyərək uşaqların mütaliəsini düzgün istiqamətə yönəltməlidirlər. Uşaq mütaliəsinin sosial mexanizmi getdikcə bir çox amilləri - doğma dili, öyrəndiyi dillər, rəmzlər, görüntülər, texnologiyalar, proqramlar və s. özündə əks etdirir. Məzmun və texnologiya baxımından Azərbaycan uşaq ədəbiyyatından maraqlı seçmələr etmək, onları müasir zamanın azyaşlı oxucularına sevdirmək də lazımdır. Belə ki, azyaşlı uşaqlar üçün əyləncəli, rəngarəng, maarifləndirmə, intellekti inkişaf etdirmə resurslarını təbliğ edən kitabxana mühiti yox dərəcəsindədir. Metodik vəsaitdə məhz bu problemlər nəzərə alınmış və məktəb kitabxanalarının fondlarının uşaq ədəbiyyatı ilə zənginləşdirilməsini həyata keçirmək məqsədilə yeni uşaq ədəbiyyatının məktəblilər üçün tövsiyə siyahısı hazırlanıb. Həmçinin,  buraya şagirdlərin müxtəlif elm sahələrinə aid sorğularına cavab verəcək soraq-məlumat nəşrləri və məktəbdənkənar mütaliə materiallarının tövsiyə biblioqrafiyası daxil edilib. Metodik vəsaitdə əsasən son dövrlərdə nəşr olunmuş 500-dən artıq Azərbaycan və dünya ədəbiyyatı nümunələri yer alıb. Vəsait sinifdənxaric və məktəbdənkənar mütaliə işinin səmərəli təşkili məqsədilə ümumtəhsil məktəblərinin müəllimləri, məktəb kitabxanaçıları, şagirdlər və valideynlərin istifadəsi üçün  mühüm əhəmiyyətə malikdir.

Məktəbli mütaliəsinin səmərəli təşkili üçün nəzərdə tutulmuş vəsait bu sahədə ilk iş hesab oluna bilər. Ümid edirik ki, yaxın zamanlarda  digər elm sahələrinə aid əsərləri əhatə edən bu tip nəşrlər  mütəxəssislər tərəfindən hazırlanaraq məktəblilərin istifadəsinə veriləcəkdir.  

Səyyarə MƏMMƏDOVA,
Respublika Elmi Pedaqoji Kitabxanasının metodisti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov