Hörmətli
xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə
səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət
və yüksək amallar naminə fəaliyyətinizdə uğurlar
arzulayıram.
Siz Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə
tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar üçün
göstərdiyiniz səylər, həmçinin mötəbər qurumlarda təmsil
olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir.
Adınız ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi
ölkəmizdə həmişə uca tutulmuşdur. Qədim keçmişimizin hər
bir səhifəsi müdrikliyinizin, fədakarlıq və
qəhrəmanlığınızın parlaq nümunələri ilə zəngindir. Milli
varlığımızın ifadəsi olan çoxəsrlik mədəni-mənəvi
dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin bu
günlərədək layiqincə yaşadılması sizin misilsiz
xidmətinizdir.
Mədəniyyət salnaməmizə, ədəbi-ictimai və elmi fikir
tariximizə öz istedadı və zəkasıyla yeni səhifələr
yazmış maarifpərvər Azərbaycan xanımlarının yolunu siz
bu gün də şərəflə davam etdirirsiniz. Nəsillərin
varisliyini qoruyaraq ötən əsr boyunca sosial-mədəni
fəaliyyətin genişləndirilməsi istiqamətindəki
müvəffəqiyyətlərinizi müasir mərhələdə vətəndaş
cəmiyyətinin təşəkkülü və əsaslarının möhkəmləndirilməsi
prosesində yaxından iştirakınızla daha da
zənginləşdirmisiniz. Məmnunluq hissi ilə bildirirəm ki,
müstəqilliyimizin bərpasından sonrakı müddət ərzində
milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda
müstəsna rolunuz vardır.
Azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik
ideallarına sədaqət, vətənə məhəbbət ruhunda formalaşmış
gənclik ölkəmizə ən böyük töhfənizdir. İnanıram ki,
istedad və bacarığınızı ictimai-siyasi, sosial-iqtisadi
və intellektual-mənəvi həyatımızda bundan sonra da
gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə
var qüvvənizlə çalışacaqsınız.
Bayramınız mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2015-ci il |