Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Nobel sülh mükafatına 276 nəfərin namizədliyi irəli sürülüb

 

 2015-ci il  Nobel  sülh  mükafatına  276   nəfərin   namizədliyi  irəli  sürülüb.  Bu  barədə  Osloda  Nobel  Mükafatları Komitəsinin saytı (www.nobelprize.org)  xəbər yayıb. Məlumatda bildirilir ki, namizədlərdən 49-u  təşkilat, 227-si isə ayrı-ayrı şəxslərdir.  Qeyd olunur ki, bu, Nobel sülh mükafatı tarixində qeydə alınmış ikinci ən böyük siyahıdır.  2014-cü ildə sülh mükafatına rekord sayda - 278 nəfərin namizədliyi irəli sürülüb.   Ötən il Nobel sülh mükafatına pakistanlı hüquq müdafiəçisi Malala Yusufzay və hindistanlı uşaq hüquq müdafiəçisi Kaylaş Satyarthi layiq görülüb.

Ənənəyə uyğun olaraq namizədlərin tam siyahısı açıqlanmır. Yalnız mükafatın təqdim olunmasından  50 il  sonra  qəbul olunmuş qərarın təsbit olunduğu sənədin açıqlanması mümkün hesab olunur.  Bununla belə, artıq dünya mətbuatında  bəzi ehtimal olunan namizədlərin adları ilə bağlı proqnozlar verilməkdədir.  Belə ki, norveçli parlamentarilər ABŞ məxfi xidmətinin  keçmiş əməkdaşı Edvard Snouden,  Tunisin yeni seçilmiş prezidenti Beci Kaid əs-Sebsi, eləcə də Roma papası Fransiskonun namizədliyini irəli  sürüblər.  Almaniya parlamentinin üzvləri isə kansler Angela Merkelin namizədliyini müdafiə edirlər.

Nobel sülh mükafatına namizədin seçilməsi prosedurunun özü 7 ay  davam edəcək. Namizədin adı 2015-ci ilin oktyabrında məlum olacaq. Laureat Norveç kralı tərəfindən fəxri fərman, medal və 8 milyon İsveç kronu (965 min ABŞ dolları) məbləğində çeklə mükafatlandırılacaq.  Mükafatlandırılma mərasimi Alfred Nobelin vəsiyyətinə müvafiq olaraq dekabrın 10-da Osloda keçiriləcək.

Xatırladaq ki, Nobel sülh mükafatı   dünyada sülh və əmin-amanlıq uğrunda mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov