Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti

 

Böyütmək üçün seçin Martın 5-də Azərbaycan Milli Konservatoriyasında IV Respublika Muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və digər qonaqlar iştirak ediblər.

Təhsil Nazirliyi və Milli Konservatoriyanın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə keçirilən IV Respublika Muğam müsabiqəsi "Xanəndə" və "İnstrumental muğam ifaçılığı" nominasiyaları üzrə 2 turda təşkil olunub.

Müsabiqəyə qatılmış 68 iştirakçıdan "İnstrumental muğam ifaçılığı" üzrə I, II və III yerlərin hər birinə 2 iştirakçı layiq görülüb. 4 iştirakçı isə fəal iştiraka görə seçilib. "Xanəndə" nominasiyası üzrə isə I, II və III yerlərin hər birinə 1 iştirakçı layiq görülüb, fəal iştiraka görə 2 iştirakçı fərqləndirilib.

Böyütmək üçün seçinAçılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illər Azərbaycan muğamının qorunması və inkişafı istiqamətində böyük işlər görüldüyünü vurğulayıb. Nazir bildirib ki, bütün bunlar Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizə, muğamımıza göstərdiyi hörmət və ehtiramının nəticəsidir. UNESCO-nun Bəşəriyyətin Şifahi və Qeyri-maddi İrsinə dair Şah Əsərlərin Dünya Siyahısına Azərbaycan muğamının daxil edilməsi bu musiqi ənənəsinin böyük bədii dəyərə və mədəniyyətlərarası əməkdaşlıq potensialına malik olduğunu sübut edir.

Çıxışdan sonra Mikayıl Cabbarov müsabiqədə I, II və III yerləri tutmuş ifaçılara mükafatları təqdim edib.

Müsabiqənin fəal iştirakçılarına mükafatlarını təqdim edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxışında muğam müsabiqəsinin ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb.

Mərasim müsabiqə qaliblərinin iştirakı ilə keçirilən yekun konsertlə davam etdirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov