Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Sumqayıt Dövlət  Universiteti

 

"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Sumqayıt Dövlət Universitetidir 

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
[email protected]

Böyütmək üçün seçinSumqayıt Dövlət Universiteti SSRİ Nazirlər Sovetinin qərarına əsasən 1962-ci ildə  Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılıb. 1975-ci ilə qədər filial kimi fəaliyyət göstərib. 1975-1992-ci illərdə Ali Texniki Təhsil Məktəbi adı altında tədrisini davam etdirib. 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb. 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradılıb. Hazırda universitetdə magistratura pilləsi də daxil olmaqla 7 fakültə üzrə 4500 nəfər təhsil alır. Onlardan 844 nəfəri qiyabi oxuyur. 2014-2015-ci tədris ilində SDU-ya 36 ixtisas üzrə 1146 nəfər qəbul olub ki, onlardan 113 nəfəri magistrantdır. Magistrantların  237 nəfəri əyani, 102 nəfəri isə qiyabi təhsil alır. 2014-cü ilin bakalavr məzunlarından 220-dən çoxu ölkənin müxtəlif ali məktəblərində magistraturaya qəbul olunub. Universitetdə 56 xarici tələbə təhsil alır. 45 nəfər doktorant, 38 nəfər dissertant var. SDU-nun 6 tələbəsi Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Dövlət Universitetinin SABAH qruplarında təhsil alır.  Hazırda SDU-da tələbələrin təhsili ilə 5 nəfər AMEA-nın müxbir üzvü, 44 elmlər doktoru-professor, 168 fəlsəfə doktoru-dosent və 178 dissertant və doktorant müəllim  məşğul olur. 2014-cü ildə universitetin 3 əməkdaşı elmlər doktoru, 14 əməkdaşı fəlsəfə doktoru  elmi dərəcəsi,  3 nəfər professor və 13 nəfər dosent elmi  adı alıb. Ali təhsil ocağına 2014-cü ilin mart ayından dosent Elxan Hüseynov rəhbərlik edir. 

Maddi-texniki baza 

Böyütmək üçün seçinUniversitet iki tədris binası və iki yataqxanadan ibarətdir. Ötən il SDU-nun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Belə ki, auditoriyalar yeni kompüterlər, ağıllı lövhələr, proyektorlar, partalar, şkaflar, stol və stullar, eləcə də normal tədris üçün digər avadanlıqlarla təmin olunub, 2 yeni linqafon kabineti, 8 kompüter otağı istifadəyə verilib. Həmçinin tədris laboratoriyaları da müasir avadanlıqlar və reaktivlərlə təmin olunub. Hər iki tədris binasında yüksək elektrik xətləri dəyişdirilib, istilik sistemi və qazanxana tamamilə yenidən qurulub, köhnə qızdırıcılar yenisi ilə əvəz olunub. Ali təhsil ocağında 46 kafedra, 6 elmi tədqiqat laboratoriyası, Əcnəbi Tələbələrlə Hazırlıq Mərkəzi fəaliyyət göstərir. Tibbi xidmət üçün otaq ayrılıb. 95 proyektor və 35 ağıllı lövhə quraşdırılıb. 2014-cü ildə 4 yeni laboratoriya, hər bir fakültə üçün kompüter sinifləri yaradılıb. Bu il yeni kompüterlər alınması və yeni laboratoriyaların yaradılması planlaşdırılır.

SDU-nun ərazisi geniş olduğu üçün kampus yaratmaq məqsədilə mini maket yaradılıb və Təhsil Nazirliyinə təqdim olunub. Ötən il korpuslarda əsaslı struktur dəyişikliyi aparılıb, fakültələrin yeri dəyişdirilib. 2 fakültə ikinci tədris, 5 fakültə isə əsas tədris binasında yerləşdirilib. Hər fakültə ayrıca kompüter otaqları ilə təmin olunub. Universitetin 430 yerlik akt zalının oturacaqları yenilənib. Sanitar qovşaqlar demək olar ki, yenidən qurulub.

Böyütmək üçün seçinHazırda universitetin mühəndislik fakültəsində  TEMPUS layihələri üzrə də laboratoriyalar fəaliyyət göstərir. Tədris laboratoriyalarının  modernləşdirilməsi həyata keçirilir. "LABVieW"  proqramı ilə işləyən laboratoriyalar təşkil olunub.

İnternet server vahid şəbəkəsi formalaşıb.

Tələbə və müəllimlərin öz asudə vaxtlarını səmərəli keçirməsi üçün "Gənclik kafesi" adlı yeməkxana istifadəyə verilib. Universitetin ətrafında mövcud olan yolların asfalt örtüyü yenilənib. Təmir-tikinti işləri ilə yanaşı həyətyanı sahənin yaşıllaşdırılması və abadlaşdırılması həyata keçirilib və bu il də həmin işlər davam etdiriləcək.

 Elmi-tədqiqat laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi, aparılacaq elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq məqsədilə universitetin kafesi rekonstruksiya edilərək orada 12 otaqlı, təmirli, müasir yeni bir bina yaradılıb və bütün pərakəndə halda səpələnmiş elmi-tədqiqat laboratoriyaları bir yerə cəmləşdirilib. Laboratoriyalar su və qaz xətti, bütün otaqlar mərkəzləşdirilmiş avtonom istilik sistemi və internetlə təchiz edilib. SDU-nun nəşriyyatı və mətbəəsi də tam yenidən qurularaq müasir vəziyyətə gətirilib. Nəşriyyat üçün  rezoqraf, epson tipli printer, müasir optik oxuyucu printer,  laminator və digər çap qurğuları alınıb. Artıq universitetdə keçirilən konfransların materialları, SDU-nun "Elmi xəbərlərBöyütmək üçün seçin" jurnalı, dərsliklər və digər metodik vəsaitlər, tələbə biletləri və qiymət kitabçaları, qrup jurnalları, əməkdaşların vəsiqələri burada hazırlanır.

Bütün universitet korpuslarının tam internetləşməsi prosesi baş verib. İnternetin normal paylanması üçün bahalı server alınıb. SDU-nun internet saytı tamamilə yenidən işlənib və effektivliyi daha da artırılıb. 

 Semestr imtahanları 

SDU-da semestr imtahanları yazılı şəkildə və mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanlardan və onun nəticələrindən narazı qalan tələbələr irad və təkliflərini yazıb dəhlizlərdə yerləşdirilən qutulara daxil edirlər. İş gününün sonunda imtahan qərargahının üzvləri qutuları açırlar və yazılanları araşdırırlar. Qiymətlərinə etirazı olan tələbələr apelyasiya komissiyasına ərizə ilə müraciət edirlər. 2014-2015-ci tədris ilinin payız-qış imtahan sessiyasında semestr imtahanlarında 3616 bakalavr iştirak edib. 

Elmi-tədqiqat işləri 

Böyütmək üçün seçinSDU-nun elmi-tədqiqat laboratoriyalarında  2 nəfər elmlər doktoru və   7 nəfər  fəlsəfə doktoru çalışır. 2014-cü ildə  SDU-da təbiət və texniki elmlər üzrə 7, sosial və humanitar elmləri üzrə 3 istiqamətdə 56 mövzunu əhatə edən  elmi-tədqiqat işləri yerinə yetirilib.

2014-cü ildə universitetin əməkdaşları tərəfindən 17 monoqrafiya, 3 dərslik, 31 dərs vəsaiti çap edilib. Ümumilikdə 317 məqalə dərc olunub ki, onun 273-ü respublika, 51-i xarici jurnalların payına düşür. Bu məqalələrdən 17-si impakt - faktorlu jurnallarda, eləcə də 167 tezisdən 144-ü respublikada,  23-ü isə xaricdə nəşr olunub. Həmçinin 2014-cü ildə universitet üzrə 7 patent alınıb ki, onlardan da 1-i respublika,  6-sı  isə Avroasiya patentidir.

SDU-da Tələbə Elmi Cəmiyyəti (TEC) fəaliyyət göstərir. Onun nizamnaməsi hazırlanaraq universitet elmi şurasının iclasında qəbul edilib. Bütün fakültələrdə təsis konfransları keçirilib, TEC-lərin şura sədrləri seçilib, hər fakültədə TEC rəhbər təyin olunub. Tələbələr elmi rəhbərləri ilə birlikdə mövzu seçib işləyirlər. Bu günə qədər artıq iki fakültədə seminarlar keçirilib.  Hər şənbə günü tələbələr elmi rəhbərləri ilə birlikdə araşdırmaları barədə məlumat verirlər. Tələbələrə elə mövzular verilir ki, onlar gələcəkdə TEC-in xətti ilə konfranslarda iştirak edə bilsinlər. Hazırda TEC-in 500-dən çox üzvü var. Texniki və təbiət elmlərinə aid olan sahələrdə tələbələrin elmi məqalələri xarici jurnallarda dərc olunur. Müəllimlərin elmi-tədqiqat işlərinin daha səmərəli olması üçün 2014-cü ildə elmi hissə yaradılıb.

Böyütmək üçün seçinÖtən il universitetdə 4 respublika və beynəlxalq səviyyəli konfrans keçirilib. Universitetdə aparılan elmi-tədqiqat işlərinin nəticələrini ictimaiyyətə çatdırmaq üçün Azərbaycan, rus və ingilis dillərində rüblük  "Elmi xəbərlər" jurnalı buraxılır.

Respublika magistrantlarının elmi konfransları ənənəvi olaraq  SDU-da keçirilir. Bu il də magistrlərin XIV elmi konfransı may ayında keçiriləcək. Ötənilki konfransa magistrantlar 800-ə yaxın məqalə göndərib. Universitet magistrantlarının elmi jurnallarda iki məqaləsi dərc olunmasa onlar müdafiəyə buraxılmır. 

Kitabxana

 SDU-nun elmi kitabxanasında 16 nəfər çalışır.  Burada 4 şöbə fəaliyyət göstərir. Elmi kitabxananın 4450 oxucusu var. 2014-2015-ci tədris ilində kitabxanaya 1036 oxucu üzv yazılıb. Bu tədris ilində həmçinin kitabxanaya 6337 ədəbiyyat daxil olub. Bunlardan 4794 ədədi Azərbaycan, 1543-ü isə digər xarici dillərdədir. Kitabxananın fonduna ümumilikdə 128126 kitab daxildir. Onlardan 18398-ni jurnallar təşkil edir. 2014-2015-ci tədris ilində kitabxanada 4 məlumat günü, 700 adda yeni alınmış ədəbiyyatın sərgisi, 14 əlamətdar və tarixi günlərə aid sərgi keçirilib. Kitabxana müasir avadanlıqlarla təchiz olunub və internetə qoşulub. Universitetdə həmçinin "Elektron kitabxana" fəaliyyət göstərir. Onun bazasında 3000 adda kitab yerləşdirilib. Həmçinin kitabxanada  İRBİS-64 sistemi quraşdırılıb. 

Böyütmək üçün seçinKollektivin yaxından köməyi ilə SDU-nun kitabxanasının kitab fonduna universitetin ixtisaslarına uyğun xeyli kitab toplanıb, ayrı-ayrı fənlər üzrə mühazirələrin elektron variantı təşkil olunub, ümumiyyətlə, kitabxananın elektronlaşması prosesi tam təşkil edilib. Gələcəkdə elektron kitabxanaların mərkəzləşdirilməsi də nəzərdə tutulur.  

Beynəlxalq əlaqələr 

Sumqayıt Dövlət Universitetində  beynəlxalq əməkdaşlıq sahəsində işlərin yerinə yetirilməsi məqsədi ilə 2001-ci ildə Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. 2014-cü ilədək fəaliyyət göstərən bu şöbənin yerinə yetirdiyi işlər əsasən xarici ölkələrin universitetləri ilə müqavilələr imzalamaqdan ibarət olub. SDU-nun xarici ölkələrlə elmi əməkdaşlıq əlaqələri əsasən TEMPUS layihələri çərçivəsində həyata keçirilib. 

SDU-nun beynəlxalq əlaqələrini keyfiyyətcə yeni mərhələyə qaldırmaq və universitetdə yerinə yetirilən beynəlxalq layihələr çərçivəsində görülən işləri və yeni layihələrin hazırlanmasını bir mərkəzdən koordinasiya etmək məqsədi ilə 19 may 2014-cü ildə rektorun əmri ilə Beynəlxalq əlaqələr şöbəsi ləğv edilərək Beynəlxalq əməkdaşlıq şöbəsi yaradılıb. Şöbə aşağıda göstərilən yeni struktur əsasında fəaliyyətə başlayıb:

-  beynəlxalq tədris və elmi proqramlar

-  tələbə və professor-müəllim heyətinin akademik mübadiləsi

-  diplomatik-protokol

-  informasiya-nəşriyyat fəaliyyəti.

Beynəlxalq tədris və elmi proqramlar. Universitetdə yerinə yetirilən TEMPUS layihələri (Əlillərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması,  beynəlxalq əlaqələr sahəsində idarəçiliyin (administrasiyanın) inkişafı və təkmilləşdirilməsi, İsraildə, Azərbaycanda və Qazaxıstanda Yerin eko sisteminin kosmik vasitələrlə monitorinqi  sahəsində ali təhsilin təkmilləşdirilməsi,  Azərbaycanda mühəndis hazırlığının Bolonya prosesinə uyğunlaşdırılması)   çərçivəsində görülən işlərin səmərəliliyini artırmaq məqsədi ilə layihələrin vahid mərkəzdən, Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən idarə edilməsinə başlanılıb.

Sumqayıt Dövlət Universiteti Erasmus+ proqramının müsabiqəsində iştirak etmək üçün verilən ərizələrin 11-də tərəfdaş qismində qoşulub. Bu zaman hər bir layihə üzrə işçi qruplar yaradılıb.

Universitetin gələcəkdə Erasmus+ proqramında koordinator kimi  iştirak etməsi istiqamətində işlərə başlanılıb. Bu  məqsədlə Azərbaycan və Avropa tərəfdaş universitetləri ilə danışıqlar aparılır.

Gələcəkdə beynəlxalq layihələri kadrlarla təmin etmək məqsədi ilə universitet əməkdaşları arasında xarici dilləri bilənlər müəyyən edilib. Seçilən əməkdaşlar üçün layihələrin hazırlanmasına dair təlimlərin keçirilməsi nəzərdə tutulur.

Tələbə və professor-müəllim heyətinin akademik mübadiləsi. 2014-cü ildə Sumqayıt Dövlət Universiteti Xəzəryanı ölkələrin universitetlərinin assosiasiyasına üzv olmaqla bu ali məktəblərlə akademik mübadilə aparmaq imkanını əldə edib.

2015-ci ildə "Mövlana" akademik mübadilə proqramına qoşulmaq məqsədi ilə Sumqayıt Dövlət Universiteti və Türkiyənin aparıcı universitetləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına başlanılıb.

2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Avroasiya Universitetləri Assosiasiyasına üzv olması planlaşdırılır.

2015-ci ildə Azərbaycanda mühəndis hazırlığının Bolonya prosesinə uyğunlaşdırılması TEMPUS layihəsi çərçivəsində iki bakalavr və bir magistr proqramlarının  ASİİN (Almaniya) beynəlxalq akkreditasiya təşkilatı tərəfindən akkreditasiya olunması gözlənilir. Əldə olunan təcrübə digər proqramların beynəlxalq akkreditasiya olunmasında istifadə oluna və bununla da xarici vətəndaşların Sumqayıt Dövlət Universitetində təhsil almasına stimul yarada bilər.

Diplomatik protokol. 2014-cü ildə Sumqayıt Dövlət Universitetində ilk dəfə olaraq xarici ölkələrin nümayəndələri ilə görüşlərin keçirilməsi və əlaqələrin yaradılması zamanı diplomatik protokol  qaydalarının tətbiq edilməsinə başlanılıb. Şöbədə xarici ölkələrə ezamiyyə olunan əməkdaşlar  bu ölkələrdə qəbul olunan davranış normaları və ənənələri barədə məlumatlandırılırlar.

Ümumiyyətlə, diplomatik protokolun tətbiqi nəticəsində mövcud əlaqələrin genişlənməsi müşahidə olunur və yeni əlaqələrin qurulmasına imkan yaranır.

İnformasiya-nəşriyyat fəaliyyəti. Sumqayıt Dövlət Universitetinin əməkdaşlarını mütəmadi olaraq müxtəlif beynəlxalq layihələr, qrantlar, mübadilə proqramları ilə tanış etmək məqsədi ilə Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən informasiya vərəqlərinin buraxılması planlaşdırılır.

Universitetin portalında beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər haqqında məlumatlar yerləşdirilir və dövri mətbuatda bu haqda materiallar dərc olunur.

Universitetin, o cümlədən beynəlxalq əməkdaşlıq sahəsində olan fəaliyyətini əks etdirən yeni bukletlərin  və DVD-lərin hazırlanmasına başlanılıb. 

TEMPUS Azərbaycan üçün mühəndis təhsilində tədrisin Bolonya prosesinə uyğunlaşdırılması layihəsinin müddəti 2015-ci ilin oktyabr ayınadək uzadılıb.

2014-cü ilin sentyabrında Xəzəryanı ölkələrin dövlət universitetlərinin Assosiasiyasında SDU iştirak edib.  SDU 6 ölkənin 21 universitetini təmsil edən assosiasiyanın üzvü qəbul edilib. "Əlillərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması" layihəsi çərçivəsində 8-12 sentyabr 2014-cü ildə SDU-nun əməkdaşları Avstriyanın  Qrats Texniki Universitetində və Yunanıstanın Saloniki Texniki Universitetində ezamiyyətdə olublar.

2014-cü ildə SDU-da həmçinin Magistrantların XIV Respublika, "Əsrin müqaviləsi Heydər Əliyevin yeni neft strategiyasıdır" Respublika, "Ekologiya və həyat fəaliyyətinin mühafizəsi" VIII Beynəlxalq elmi konfransları keçirilib.

 Tələbələrin iş təcrübəsi və yeni ixtisaslar 

SDU-da xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi üzrə ixtisaslara tələbə qəbulu həyata keçirilib. Bundan əlavə dörd fakültədə rus dili bölməsi açılıb.  Gələn ildən etibarən ixtisasların sayının 41-ə çatdırılması planlaşdırılır.

Pedaqoji kadr hazırlığı üstünlük təşkil etdiyindən tədrisin müasir səviyyədə qurulması üçün Təhsil Nazirliyinin köməkliyi ilə  ixtisas müəllimləri üçün biraylıq kurslar təşkil olunub və onlara sertifikatlar verilib.

Sumqayıt Dövlət Universitetinin tələbələri nəzəri biliklərini ayrı-ayrı müəssisələrdə təcrübədən keçirirlər. Bu baxımdan, Sumqayıt Texnologiyalar Parkının və "Azərkimya" İB-nin müəssisələri ilə iş birliyi yaradılır. AMEA-nın Polimer Materialları İnstitutu (PMİ) ilə SDU arasında təhsil-elm-istehsalat çərçivəsində elmi-təcrübi əməkdaşlıq üzrə istiqamətlər müzakirə edilib və hədəflər müəyyənləşdirilib. PMİ-də universitetin baza kafedrasının yaradılması  nəzərdə tutulub.

Əmək bazarı öyrənilməklə pedaqoji və mühəndis kadrları hazırlanan yeni ixtisaslar yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının  institutları ilə birlikdə həyata keçirilən elmi əməkdaşlıq, konfranslar, ATGT, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Heydər Əliyev Mərkəzi, Sumqayıt Tarix Muzeyi, Sumqayıt Şəhər Mərkəzi Kitabxanası, Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şöbəsi, Ədliyyə Nazirliyinin Sumqayıt Regional İdarəsi və digər təşkilatlarla birlikdə müxtəlif mövzularda silsilə tədbirlər keçirilib.  Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, BP və digər şirkətlərin nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın üzvləri ilə "İş və karyera" haqqında tələbələrin görüşləri baş tutub.  

İdman nailiyyətləri 

SDU-nun idman bazasına idman zalı, stadion, mini-futbol  meydançası, açıq havada idman qurğuları, trenajor zalı, tir  mövcuddur. Həmin idman bazasında futbol, mini-futbol, basketbol, voleybol, stolüstü tennis  bölmələri  fəaliyyət  göstərir.

2014-cü ilin fevral ayında ənənəvi  olaraq fakültələrarası 3 növ üzrə (şahmat, dama, nərd) yarışlar keçirilib.

Sumqayıt şəhərində Azərbaycan Respublikası Şimal regionu üzrə voleybol çempionatı baş tutub. Həmin yarışda Sumqayıt  Dövlət Universitetinin  komandası iştirak edərək III yerə layiq görülüb.

Mart ayında Tbilisi şəhərində  qaydasız döyüş üzrə Asiya çempionatı keçirilib. Tarix fakültəsinin  IV kurs tələbəsi dünya və Avropa çempionu Orxan Seyfullayev həmin yarışda uğurla çıxış edərək qızıl medala layiq görülüb.

Aprel  ayında futbol üzrə respublika  ali  məktəblərarası çempionatda Sumqayıt  Dövlət Universitetinin  yığma  komandası uğurla çıxış edərək  1/4 finala yüksəlib. Nəticədə VII yerə layiq görülüb. Tələbələr Sumqayıt şəhər çağırışaqədər  yaşlı gənclərin VMH (vətəni müdafiəyə hazıram) çoxnövçülüyü  üzrə yarışda iştirak edərək I yerin sahibi olublar.

SDU-da ümummilli lider  Heydər Əliyevin anadan olmasının  91-ci ildönümünə həsr olunmuş  tələbələrarası 3 növ üzrə (şahmat, qol gücü, mini-futbol) yarışlar keçirilib.

Ötən ilin mayında Bakı şəhərində keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının  91-ci ildönümünə  həsr olunan  ali təhsil müəssisələrinin işçiləri arasında Respublika Spartakiadasında (nərd, şahmat, dama, stolüstü  tennis, voleybol, futzal) SDU-nun  komandası 18 komanda arasında III yerin sahibi olub. 

İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi  Röyal Nəsirli  İranda keçirilmiş qaydasız döyüş üzrə Asiya çempionatında I yerə layiq görülüb.

Oktyabrda Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunan  I kurs tələbələrinin fakültələrarası futbol üzrə yarışları  keçirilib.

Noyabrda Sumqayıt şəhərində  "Azərkimya" İstehsalat Birliyinin kuboku üzrə stolüstü tennis yarışlarında  SDU-nun  komandası I yeri tutub.

Noyabr, dekabr  aylarında SDU-nun yığma komandası Bakı şəhərində keçirilən mini-futbol üzrə yarışlarda iştirak edib. Komanda öz qrupunda  III yeri tutub.

Dekabr ayında fizika və elektroenergetika fakültəsinin I kurs tələbəsi Vüsal Həsənov  Bakı şəhərində cüdo üzrə keçirilən  respublika çempionatında  iştirak  edərək II yerin sahibi olub.

2015-ci ilin fevralında universitetin əməkdaşları arasında, fakültələrarası üç idman növü üzrə (dama, şahmat, nərd) yarışlar keçirilib.  

SDU ictimai-siyasi həyatda 

SDU-da universitetin rəhbər heyətinin, ictimai təşkilatların və kollektivin birgə təşəbbüsü ilə bütün dövlət əhəmiyyətli tarixi günlər, dövlət bayramları, anım günləri mütəşəkkil qaydada qeyd olunub, görkəmli elm, təhsil və mədəniyyət xadimləri, teatr və musiqi kollektivləri ilə görüşlər keçirilib, dəfələrlə tarixi günlərə və bayramlara həsr olunan şənliklər, ümumuniversitet iməcilikləri, qanvermə aksiyası keçirilib, müxtəlif məqsədli səfərlər təşkil olunub.

Milli Qəhrəman Mübariz İbrahimovun, şəhid Fərid Əhmədovun, digər şəhidlərimizin və qəhrəmanlarımızın Fəxri xiyabandakı və Şəhidlər xiyabanındakı məzarları, Quba məzarlığı, Sumqayıtda yerləşən Şəhidlər xiyabanı, şəhid ailələri, uşaq evləri ziyarət olunub. Qurban bayramında və digər mərasimlərdə aztəminatlı ailələrə və şəhid ailələrinə, kimsəsiz və əlilliyi olan uşaqlara maddi yardımlar edilib. Səhiyyə Nazirliyinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şöbəsinin və SDU-nun birgə təşkilatçılığı ilə "Respublika Qan Bankı"nın zənginləşdirilməsi məqsədi ilə kütləvi şəkildə qanvermə aksiyası keçirilib.

Dəfələrlə respublikanın digər ali məktəblərinin və görkəmli ziyalılarının yubiley tədbirləri, xaricdən gələn nobelçi alimlərlə görüşlər keçirilib. 

İctimai təşkilatların təşkilatçılığı ilə teatrlara, muzeylərə, o cümlədən açıq havada Qobustan Daşlar muzeyinə, Nəbatat bağına və Dendroloji parka və s. yerlərə müəllim və tələbələrdən ibarət kollektiv üçün səyahətlər və ekskursiyalar təşkil olunub. Ulu öndərin anadan olmasının 91-ci ildönümünə həsr olunan futbol və digər idman növləri üzrə yarışlar, müxtəlif mövzularda inşa yazı müsabiqələri, tələbələrin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgilər təşkil olunub, hər dəfə qaliblər fəxri fərmanlar və pulla mükafatlandırılıb. Məhz SDU-nun Azad Həmkarlar Təşkilatı və Tələbə Həmkarlar Təşkilatının məqsədyönlü fəaliyyəti sayəsində dəfələrlə müxtəlif tədbirlər ərəfəsində çoxlu əməkdaş və tələbəyə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı, pul mükafatı və bir neçə tələbəyə isə yüksək məbləğdə birdəfəlik təqaüdlər verilib.

Ölkənin ali məktəb tələbələri arasında keçirilən "Breyn-rinq", "Azərbaycanı tanıyaq", "Nə? Harada? Nə zaman?" və "Xəmsə" kimi bilik yarışlarında tələbələr yaxından iştirak ediblər.

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə respublikanın ali məktəb tələbələri arasında "Xalqa sədaqətin 22 ili"  mövzusunda keçirilən bilik yarışında SDU-nun komandası I yeri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə ali məktəb tələbələri arasında bədii özfəaliyyət kollektivlərinin baxış müsabiqəsində III yeri tutub.

SDU-nun kimya və biologiya fakültəsinin IV kurs tələbəsi Arzu Nəbizadənin və onun tələbə dostlarının ideyası ilə  "Ritorika klubu" yaradılıb. Həmin klubun nəzdində cəmiyyətin müxtəlif istiqamətlərdəki inkişaf yolunun təhlili ilə bərabər, bugünkü tələbələr, ümumiyyətlə, gənclik üçün çox maraqlı və lazımlı olacaq məsələlər üzrə "Qladiator debatları" keçirilir, bu debatlara tanınmış mütəxəssislər cəlb edilir.

Universitet şəhərdə fəaliyyət göstərən məktəblərin istedadlı şagirdlərinin üzə çıxarılmasında da müəyyən işlər görür. SDU-nun alimlərinin, xüsusən professor  Cavanşir Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən "Sabahın alimləri" intellektual klubunun gənc məktəbli üzvləri ilə işlər aparılır. Burada hazırlaşan şagirdlərdən biri müsabiqədə layiqli yer tutaraq Amerikaya dəvət alıb ki, onun yol xərcini də universitet ödəyib.

SDU-da ötən il Heydər Əliyev Mərkəzi yaradılıb. Ulu öndərin anım günü ərəfəsində mərkəzin açılışı olub.

Universitet Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi bütün ümumşəhər tədbirlərində də iştirak edir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyi və kollektivi, "Bakı-2015" I Avropa Oyunlarının təşkilatçıları, Dövlət Neft Şirkətinin "Azərkimya" İstehsalat Birliyinin rəhbərliyi və nümayəndələri ilə yaradıcı görüşlər keçirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov