Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Lütfi Zadənin yüksək qiymət verdiyi Azərbaycan alimi

 

Yusif ƏLİYEV, "Azərbaycan müəllimi"  

Böyütmək üçün seçin"Mənim Dr.Şahnaz Şahbazova ilə tanışlığım 15 il bundan öncəki zamana təsadüf edir... Dr.Şahbazova bacarıqlı tədqiqatçı və istedadlı araşdırıcıdır.  ...Dr. Şahnaz Şahbazovanın Berklidə olan müddətdə və Azərbaycanda fəaliyyəti zamanı qüsursuz işi, ədalətli proqram rəhbəri olmağına məmnunam".  Bu sözləri qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünyaşöhrətli alim, azərbaycanlı, həmyerlimiz olmasından hər birimizin böyük qürur duyduğumuz Lütfi Zadə Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Nadir qızı Şahbazova haqqında deyib. Nəzərə alsaq ki, böyük zəka sahibləri, dünyaca tanınan şəxsiyyətlər kimə isə qiymət verərkən dilin lüğət ehtiyatından o qədər də səxavətlə istifadə etmirlər, deyilən sözlərdən həmyerlimizə necə böyük bir dəyər verildiyini aydın görmək olar. 

Amma o da faktdır ki, Lütfi Zadə kimi nəhəng alimlər hər adam haqqında da, lap az da olsa, xoş sözlər demirlər. Bunun üçün gərək ortada sanballı fəaliyyət, böyük elmi uğurlar, alim nüfuzu olsun. Bunlar isə professor Şahnaz Şahbazovada var.

Şahnaz xanım Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Elə o vaxtdan da özünü elmə həsr edib, karyerasını Azərbaycan Texniki Universiteti ilə bağlayıb, buradakı "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasında çalışır.

Professor Ş.Şahbazovanın seçdiyi elmi-tədqiqat istiqaməti böyük müəllimi və hamisi Lütfi Zadənin məşhur nəzəriyyəsinin tətbiqi sahəsi ilə bağlıdır.

1979-1983-cü illərdə "Verilənlər bazası nəzəriyyəsi"nin tədqiqi ilə məşğul olub. Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaradıb. 1983-1989-cu illərdə Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının aspirantı olub. Ekspert sistemləri, süni intellekt sistemləri nəzəriyyəsi ilə məşğul olub, öz şəxsi ekspert sistemini yaradıb. 1989-cu ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək aspirantı olduğu kafedranın müəllimi vəzifəsində saxlanılıb. Burada "Ali məktəbin kadrlar şöbəsi" avtomatlaşdırılmış iş yeri sistemini işləyərək onu çalışdığı universitetə realizə etmək üçün tətbiq sahəsi kimi təqdim edib.

1992-1995-ci illərdə baş müəllim vəzifəsində çalışan Ş.Şahbazova "Hesablama kompleksləri, sistemləri və şəbəkələrinin səmərəli istifadəsini təmin edən mikroprosessor proqram vasitələrinin işlənməsi" istiqamətində aparılan elmi-tədqiqat işinə məsul olub. 1995-ci ildə AMEA-nın Kibernetika İnstitutunun ixtisaslaşdırılmış şurasında "Relyasiya tipli verilənlər bazasında dinamikli qeyri-asılılığı təmin edən anomaliyasız emalın əməli-assosiasiv fiziki-modeli" mövzusunda  namizədlik dissertasiyası müdafiə edib, bir il sonra isə işlədiyi kafedrada dosent vəzifəsinə seçilib. Tədqiqat işlərini davam etdirən Şahnaz xanım "Qeyri-səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirilmə modelləri  və metodları" mövzusunda doktorluq dissertasiyası işləyib hazırlayıb. Dissertasiya mövzusu üzrə 94 məqaləsi və 1 monoqrafiyası çap olunub.

Şahnaz Şahbazova fəal, daim axtarışlar aparan, necə deyərlər, elmi yeniliyin dalınca Çinə getməyə hazır olan alimlərdəndir. Məhz buna görə də onun sorağı tez-tez tədqiqat apardığı sahə ilə bağlı dünyanın müxtəlif ölkələrində keçirilən elmi məclislərdən gəlir, müxtəlif qrant proqramlarında iştirak edir. Udduğu qrantlar hesabına xarici ölkələrin nüfuzlu elmi-tədqiqat mərkəzlərində araşdırmalarını davam etdirir, kurslarda, konfranslarda olur, maraqlı məruzələr  edir. Təkcə bir neçə faktı qeyd etmək kifayətdir ki, Şahnaz xanımın bu istiqamətdəki zəngin fəaliyyəti barədə təsəvvür yaransın.

Şahnaz Şahbazova  1998-ci ildə  Hindistanın Yeni Dehli şəhərində "Proqram təminatı" kursunun qrantını qazanaraq orada yanvarın 5-dən aprelin 5-dək iştirak edib və beynəlxalq standartlı sertifikata layiq görülüb.

1999-cu ildə Alman Akademik Mübadilə Xidməti (DAAD) fondunun təqaüdünü qazanaraq sentyabr ayının 20-dən üç ay müddətində Almaniyanın Zigen Universitetində "Lokal şəbəkələrdə informasiyanın qorunması və mühafizəsi" mövzusunda elmi-tədqiqat işini yerinə yetirib. İstedadlı tədqiqatçı sonralar - 2003, 2010-cu illərdə də Alman Akademik Mübadilə Xidmətinin (DAAD) müvafiq proqramlarının qalibi kimi hər dəfə üç ay müddətində sözügedən universitetdə tədqiqatlarını davam etdirib. Müxtəlif illərdə dünyanın ayrı-ayrı ölkələrində keçirilən Beynəlxalq Fazi Sistemlər və Soft Computinq konfranslarında fəal iştirak edib.

Şahnaz Şahbazova 2000-ci ilin iyununda UNESCO Beynəlxalq Kadrlar Akademiyasının fəxri texnika elmləri fəlsəfə doktoru adına layiq görülüb. 2002-ci ildə Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilib.

Alimin fəaliyyətinin böyük bir hissəsi ABŞ-ın Kaliforniya ştatının Berkli Universiteti ilə bağlıdır. 2007-ci ildə ABŞ-ın Fulbright proqramını qazanaraq Kaliforniya ştatının Berkli Universitetində professor Lütfi Zadənin rəhbərliyi ilə "Xaos mühitli tədris prosesinin öyrədici sistemləri üçün hibrid neyro-qeyrisəlis arxitektura əsasında qərarların qəbul edilməsi alqoritminin tətbiq edilməsi və modelləşdirilməsi sahəsinin tədqiq edilməsi" mövzusunda elmi-tədqiqat işini yerinə yetirib.

Artıq 15 ilə yaxındır ki, dünyaşöhrətli alim Lütfi Zadə ilə çalışan Şahnaz xanım hər il bu böyük alimin elmi irsinə həsr olunan Soft Computinq üzrə ümumdünya konfranslarının baş katibi kimi çıxış edir.

Bu baxımdan, Lütfi Zadə irsinin öyrənilməsində onun xidmətləri xüsusilə böyükdür. İndiyədək bu dahi riyaziyyatçı haqqında yazılan saysız-hesabsız məqalələrin müəllifləri sırasında Şahnaz xanımın da adına  tez-tez rast gəlmək mümkündür.

2014-cü ildə Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının vitse-prezidenti seçilən Ş.Şahbazova  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə keçirilən qrant müsabiqələrində iştirak edir. 2013-cü ildə birgə müsabiqənin "Sosial şəbəkə modelində qeyri-səlis çoxluqlar  əsasında çoxmənbəli informasiyaların intellektual birləşməsi problemi" adlı layihənin qalibi olub.

Şahnaz xanım getdiyi ölkələrdə fəal elmi-tədqiqatlar aparmaqla, dərs deməklə Azərbaycan elmini ləyaqətlə təmsil edir, həmin ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə tez-tez görüşür, onların ehtiyacları ilə maraqlanır. Təbiətən vətənpərvər olan bu istedadlı alimin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Dağlıq Qarabağ dərdimizin uzaq ellərdə duyulmasında da mühüm xidmətləri vardır.

Professor Şahnaz Şahbazova məhsuldar alimdir. Onun indiyədək müxtəlif elmi jurnallarda 110 elmi məqaləsi dərc olunub,  1 monoqrafiyası,  8 metodik göstərişi, 3 kitabı işıq üzü görüb. Doğma dili ilə yanaşı rus, türk, ingilis və alman dillərini də yaxşı bilən bu istedadlı tədqiqatçının həmmüəllifliyi ilə xarici dillərdə çap olunmuş iki kitabı isə xüsusi qeyd etmək lazımdır. Bunlar "Soft Computinq: Yaradıcı nəzəriyyələrin vəziyyəti və yeni əlavələr" və "Soft Computinq üzrə yeni istiqamətlər və son nəticələr" kitablarıdır.

Springer-Verlaq, Berlin Heidelberq nəşriyyatında 2013-cü ildə çapdan çıxmış birinci kitabda Soft Computinq üzrə Birinci Ümumdünya Konfransında iştirak etmiş alimlərin məruzələri əsasında hazırlanmış genişləndirilmiş məqalələri dərc olunmuşdur. Kitabın digər müəllifləri professor Ronald R.Yager (ABŞ-ın Nyu-York ştatının İONA kollecinin direktoru), akademik Əli Abbasov (Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri) və professor Marek Z.Reformatdır  (Kanada, Edmonton Universiteti).

Həmin alimlərlə bərabər Lütfi Zadənin də müəlliflər sırasında  olduğu və 2014-cü ildə Spinger Beynəlxalq İsveçrə nəşriyyatında çap olunmuş ikinci kitabda isə Soft Computinq üzrə İkinci Ümumdünya Konfransına dəvət olunmuş alimlərin seçilən əhəmiyyətli məruzələr əsasında hazırlanmış genişləndirilmiş məqalələri toplanıb.

Hər iki kitabda informasiya nəzəriyyəsi, qeyri-müəyyənliklər, Bayes və ehtimal metodları, faktiki məlumatlar və nəzəriyyənin imkanları, faydalılıq nəzəriyyəsi, Fazi şəbəkə və Fazi məntiq, yaxınlaşdırılmış fikirlər, qeyri-klassik məntiq,  susmaya görə olan fikirlər, dəyişikliklərin əminliyi, əsaslandırma, biliklərdə qeyri-müəyyənlik, qrafiki modellər və s. kimi məsələlər üzrə məqalələr yer almışdır. Kitablardakı məqalələr Soft Computinq sahəsində yeni işləmələr, əlavələr və nəticələr olmaqla aspirantlar və gənc alimlər üçün çox dəyərli vəsaitlərdir.

Şahnaz xanımın professor Lütfi Zadə ilə birgə  rəhbəri olduğu "Sosial şəbəkə modelində qeyri-səlis çoxluqlar əsasında çoxmənbəli informasiyaların intellektual birləşməsi problemi" adlı  layihə də çox maraqlıdır. 2014-2015-ci illərdə reallaşdırılması nəzərdə tutulan  layihənin məqsədi sosial şəbəkə konsepsiyasının təqdimatı üçün qeyri-səlis çoxluqlardan istifadə etməkdir.

Berkli Kaliforniya Universitetində çalışdığı illərdə Şahnaz Şahbazova böyük alim Lütfi Zadədən çox şey öyrənib. Öyrəndiklərini vətənin xidmətinə vermək, vətən  torpağına, elminə təmənnasız xidmət etmək, dünya alimlərinin diqqətini Azərbaycana cəlb etmək isə yorulmadan çalışan, elm yolunda özünü fəda edən bu vətənpərvər alimin əsas idealıdır.

 Ş.Şahbazova fədakar alim, nümunəvi pedaqoq olmaqla yanaşı, həm də qayğıkeş anadır. İki qız övladını da özütək elm fədaisi, vətən təəssübkeşi kimi yetişdirib, hər birinə mükəmməl təhsil verib. İxtisasca hüquqşünas olan böyük qızı  Çimnaz da, kompüter proqramları üzrə mütəxəssis olan kiçik qızı Səbinə də hazırda ABŞ-da təhsillərini davam etdirirlər.

Şahnaz xanım biliklərini və təcrübəsini hazırda dərs dediyi Azərbaycan Texniki Universitetində tələbələrə həvəslə öyrədir.

Böyük alim Lütfi Zadənin onun haqqında dediyi "Mən əminəm ki, o Azərbaycana döndüyündə, gələcəkdə də həm tədrisdə, həm də tədqiqatda çox güclü və aktiv olacaq və elmin, texnologiyanın inkişafına gözəl töhfələr verəcəkdir" qiymətini öz elmi-pedaqoji fəaliyyəti ilə tam şəkildə doğruldan Şahnaz Şahbazovanın bu günlərdə 60 yaşı tamam olub. Bu münasibətlə Şahnaz xanımı təbrik edir, ona möhkəm cansağlığı və elmi axtarışlarında, vətən elmini dünyada təmsil etməkdə daha böyük uğurlar arzulayırıq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov