Martın 11-də - Novruz bayramı ərəfəsində Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir
sıra uşaq evlərinin sakinləri ilə görüşüb.
Şağan qəsəbəsindəki 3 nömrəli internat evinə gələn Leyla
Əliyeva əvvəlcə müəssisənin foyesində uşaqların əl
işlərindən ibarət sərgiyə baxdı. Heydər Əliyev Fondunun
vitse-prezidenti internat evində yaradılan şəraitlə
tanış oldu, burada yaşayan 168 uşağın təlim-tərbiyəsi
ilə maraqlandı. Bildirildi ki, internat evi Fondun "Uşaq
evləri və internat məktəblərinin inkişafı" Proqramı
çərçivəsində yenidən qurulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Nizami
rayonundakı Daun Sindromlu Şəxslərin Reabilitasiya
Mərkəzində də oldu. Məlumat verildi ki, Mərkəz daun
sindromu xəstəliyinin xüsusiyyətləri nəzərə alınmaqla
qurulub. Leyla Əliyeva Daun Sindromlu Şəxslərin
Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Dəcəllər"
teatrının hazırladığı rəqs nümunələrini izlədi.
Sonra Leyla Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq
evinə gəldi. Heydər Əliyev Fondunun vitse-prezidenti
uşaqlarla söhbət etdi, onların arzu və istəklərini
dinlədi.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti
Nərimanov rayonunda yerləşən Uşaq Psixonevroloji
Mərkəzində oldu, burada müalicə alan uşaqlar üçün təşkil
edilən bayram şənliyində iştirak etdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi rayonunda
yerləşən 1 nömrəli körpələr evinin sakinlərinə də bayram
təbriklərini çatdırdı. Məlumat verildi ki, bu körpələr
evində 4 yaşınadək 52 uşaq yaşayır. Ötən ilin noyabrında
burada başlanan əsaslı təmir nəticəsində müəssisədə
yaradılan şərait müasir standartlar səviyyəsində olacaq.
Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu
tərəfindən hədiyyələr təqdim olundu.
AZƏRTAC |