Martın 10-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin
(QKDK) nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə
Təlim Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetində
(ADİU) maliyyə üzrə seminarlara start verib.
Bu təlimlərlə ADİU ilə QKDK arasında imzalanan təhsil,
elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə
dair anlaşma memorandumunun icrasına başlanılır.
Təlimlərdən başqa, memorandum çərçivəsində bu günlərdə
ADİU-nun 30 tələbəsi QKDK-də istehsalat təcrübəsinə
başlayacaq.
Seminarlarda tələbələr maliyyə bazarları haqqında təməl
bilikləri əldə edəcəklər. Növbəti mərhələdə isə
elçilərin (Kapital bazarının bələdçiləri) seçilməsinə
başlanılacaq. Elçilər yüksək nəticə göstərən tələbələr
arasından seçiləcək və onlara öyrəndiklərini tətbiq
etmək imkanı yaradılacaq. Sonuncu mərhələdə isə yüksək
nəticə göstərən tələbələr QKDK-nın funksional
şöbələrində, Milli Depozit Mərkəzi və Bakı Fond
Birjasında, broker şirkətlərində iş təcrübəsinə cəlb
ediləcəklər. Proqramı uğurla başa vuran tələbələr əmək
bazarında əvəzolunmaz kadrlar hesab olunacaq.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |