Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar
xətt" xidməti, telefon: 146), Kommutator xidmətinə daxil
olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində
2015-ci ilin mart ayında vətəndaşlara göstərilən
xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 5340 zəng
(2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12 dəfə çox,
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 2,4 dəfə
çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil
olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 2884 vətəndaşa
xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu
Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu
xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və
operativ həll olunub. 337 vətəndaş sorğularına uyğun
olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq
məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu
Mərkəzində 897 sənəd (256 ərizə, 504 məktub, 137 digər
sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin
(diplomların) tanınması, ümumtəhsil məktəblərinin I
siniflərinə qəbul, ümumtəhsil müəssisələrində
şagirdlərin yerdəyişməsi, ali təhsil müəssisələrinə
bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə
qəbulu ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində
ən çox həftənin çərşənbə axşamı (1375 zəng) və bazar
ertəsi (1183 zəng) günləri, əsasən, saat 10:00-dan
12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub.
Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin
çərşənbə axşamı (827 müraciət) və bazar ertəsi (612
müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və
14:00-dan 16:00-dək müraciət edilib. |