Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Xarici xəbərlər

 

"Dünya Müəllimi Mükafatı"nın sahibi  

Amerikalı Nensi Etvell  1 milyon dollar qazandı 

Amerikalı müəllim Nensi Etvell  "Dünya Müəllimi Mükafatı"nın (Global Teacher Prize) sahibi oldu.  Dünyanın 50 ən yaxşı müəllimi arasından seçilən N.Etvell  1 milyon dollar qazanıb.  Amerikalı  müəllimin  əldə etdiyi uğurdan danışanda ilk növbədə diqqəti cəlb edən məqam odur ki, o, şagirdlərinə mütaliəni  çox yüksək səviyyədə sevdirməyi bacarıb.  N.Etvell  Amerikada müəllimlər arasında kifayət qədər yaxşı tanınır.  O, məktəbdə ədəbiyyatın vorkşop formasında oxu və yazı üzrə tədrisini  təklif edib.  Onun VIII sinfində oxuyan şagirdləri  il ərzində 40 kitab oxuyur ki, bu da ölkə üzrə orta göstəricidən  xeyli artıqdır. Bundan əlavə, Nensi özünün pedaqoji metodlarına dair bir  neçə kitab dərc etdirib. Bir sıra nüfuzlu mükafatlar qazanan müəllim öz məktəbini təsis edib ki, buradakı hər sinifdə kitabxana yaradılıb.  Nensi Etvell jurnalistlərə ilk açıqlamasında qazandığı  1 milyon dollar mükafatı rəhbəri olduğu məktəbin inkişafına xərcləyəcəyini bildirib. 

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu  "Varkey GEMS"  Fondu tərəfindən  təsis olunmuş  "Dünya Müəllimi Mükafatı" və ya  dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın  150-dən artıq ölkəsindən 5000  müəllim iştirak edib. Mükafat müəllim nüfuzunun qlobal miqyasda yüksəldilməsinə xidmət edir.

 

 

 


İngiltərəli təqaüdçünün yeni məşğuliyyəti 

71 yaşlı qoca onlayn-kurslarda 100 min dollar qazanıb  

Böyük Britaniyalı  təqaüdçü  Len Smit internet texnologiyaları sahəsində yaşıdları qarşısında tam öyünə bilər. 71 yaşlı qoca  kompüteri  öyrənməyin artıq gec olduğunu düşünən bir sıra baba və nənələrdən fərqli olaraq bu sahədə xüsusi uğurlar əldə edib. Üç il əvvəl evdə boş oturmağın mənasız olmasına qərar verən L.Smit onlayn-müəllim kimi pul qazanmağa başlayıb.  Onun  işi  kompüter şirkətləri üçün reklam mətnləri yazmaqdır.  Bu cür materialların təşkil olunması prinsiplərinə  həsr etdiyi  bukletlərdən biri  "Udemy"  platforması əməkdaşlarının diqqətini  cəlb edib.  Şirkət qocaya bu sahədə onlayn-kurslar təşkil etməyi məsləhət görüb.  İnternetdə  bir aylıq tədris gedişində L.Smit  863 dollar qazanıb.  Məşğuliyyətindən razı qalan və ilk gəlirlərindən həvəsə  gələn təqaüdçü artıq 10-a yaxın kurs təşkil edib. Onun illik gəliri isə artıq 100 min dolları aşıb.  L.Smitin onlayn-kurslarına maraq göstərən tələbələrin sayı  40 mini keçib.  Artıq yaşı 55 -dən artıq olan 2200 müəllim  L.Smitin hazırladığı kurslardan istifadə edir.


Finlandiya ənənəvi fənlərdən imtina edir 

Ölkənin təhsil sistemində köklü dəyişikliklər gözlənilir 

Dünyanın ən yaxşı təhsil sisteminə malik olan Finlandiyanın məktəb təhsilində köklü dəyişikliklər gözlənilir.  Bundan sonra fin məktəblərində ədəbiyyat, fizika, riyaziyyat, tarix  və  ya  coğrafiya ayrıca  fənn  kimi tədris olunmayacaq. Əvəzində  müxtəlif  fənlərin elementlərini  özündə  eyni vaxtda cəmləşdirən  və ətraf mühitin dəyişikliklərini  hərtərəfli qiymətləndirməyə və onlara fenomen kimi baxmağa  imkan verən kompleks fənn tədris olunacaq.   Artıq paytaxt Helsinki şəhərində  16 yaşlı şagirdlərin dərslik cədvəlindən ənənəvi fənlər çıxarılıb.  2020-ci ilə kimi  ölkənin bütün məktəblərində  bu cür sistemin tətbiqi nəzərdə tutulub.

  Finlandiyanın Təhsil Nazirliyində qeyd edirlər ki,  təhsil sistemində gözlənilən  radikal islahatlar  müasir dünyada baş verən qlobal  dəyişikliklərlə bağlıdır. Artıq uşaqları köhnə metodlarla öyrətmək mümkün  deyil. Qeyd olunur ki, innovativ təhsil sisteminin başlıca məqsədi  "Bunu  bilmək mənə niyə lazımdır" və "Nəyə görə mən bunu öyrənirəm" kimi suallardan xilas olmaqdır.


Qazaxıstan təhsilində yenilik 

Yuxarı siniflərdə bütün fənlər ingilis dilində tədris oluna bilər 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin ümumtəhsil məktəblərinin yuxarı siniflərində dərslərin ingilis dilində tədris olunması təşəbbüsü ilə çıxış edib.  "Artıq I  sinifdən başlayaraq şagirdlərimizə ingilis dilini öyrətməliyik. XI-XII siniflərdə isə bütün fənlər ingilis dilində olmalıdır",-deyə dövlət  başçısı  bildirib.  Prezident belə bir təcrübənin Malayziyada mövcud olduğunu deyib.  "Onlar müstəqillik əldə etdikdən sonra mali dilini  inkişaf etdirməyə qərar verdilər, lakin bu dildə  dünyada heç kim bilmir, buna görə də onlar Sinqapurda olduğu kimi ingilis dilinə keçdilər".  N. Nazarbayev əlavə edib ki,  Qazaxıstanda uşaqları 3 dildə - qazax, rus və ingilis dillərində öyrətmək lazımdır.

  Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov