Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Bölgə xəbərləri

 

"Açıq dərs"də şagirdlərə ulu öndərin neft strategiyası barədə məlumat verilib 

Bərdə Şəhər  Təhsil Şöbəsindən bildirilir ki,  Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün ümummilli liderin zəngin irsinin öyrənilməsi məqsədilə keçirilən növbəti "açıq dərs" "Heydər Əliyev və neft strategiyası" mövzusuna həsr olunub.

Soğanverdilər, Xəsili və Nazırlı kənd tam orta məktəblərinin şagirdləri Mərkəzdə  ulu öndər Heydər Əliyevin  şərəfli həyat yolunu və fəaliyyətini əks etdirən eksponatlarla, foto və kitablarla  və iş otağının maketi ilə tanış olublar.

Soğanverdilər kənd tam orta məktəbinin tarix müəllimi Ceyhunə Baxışova şagirdlərə ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən və  Azərbaycanda həyata keçirilən neft strategiyası barədə geniş məlumat verib.


 Soyqırımı gününə  həsr olunmuş xüsusi dərslər 

 Şuşa Rayon  Təhsil Şöbəsinin metodkabinet   müdiri Rəsmiyyə   Məmmədova tərəfindən redaksiyamıza daxil olan    məktubda bildirilir ki,  rayonunun  bütün ümumtəhsil məktəblərində 31mart -  Azərbaycanlıların Soyqırımı  Gününə  həsr  olunmuş silsilə tədbirlər keçirilib.   Tədbirlərdə erməni qaniçənlərinin tarixən xalqımızın  başına gətirdiyi dəhşətli  faciələr  və  həyata keçirdikləri  soyqırım  barədə  şagirdlərə geniş  məlumat  verilib.   Məktəblərdə "31 mart - Azərbaycanlıların  Soyqırımı Günü"nə  həsr olunmuş  xüsusi  dərslər keçirilib, şagirdlərin əl işlərindən  ibarət  sərgilər təşkil olunub. 3 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə pedaqoji  kollektivlə  yanaşı, Şuşa Rayon İcra  Hakimiyyəti  başçısının müavini  Vüsalə Fətəliyeva, təhsil  şöbəsinin müdiri  Təvəkkül  Əliyev və valideynlər  də iştirak ediblər. Əvvəlcə soyqırımı qurbanlarının  xatirəsi 1 dəqiqəlik  sükutla yad edilib. Sonra  çıxış edənlər  bildiriblər ki, ermənilər tərəfindən  həyata keçirilən 31  mart  soyqırımı  bəşər  tarixində  baş  verən  ən qanlı  faciələrdən  biri kimi  tarixə  düşüb. Bu  gün  onların törətdikləri  vəhşiliyin  dünya  ictimaiyyətinə  çatdırılması üçün  bütün  vasitələrdən  istifadə olunduğu  və  bu  işdə gənclərin  üzərinə  böyük iş düşdüyü  diqqətə  çatdırılıb.

Tədbirdə soyqırımına  aid  videoçarx nümayiş  etdirilib və şagirdlərin  hazırladıqları  ədəbi-bədii  kompozisiya nümayiş etdirilib.


Tərtərdə "7 sual - 7 cavab" intellektual yarışı keçirilib 

 Tərtər Rayon Təhsil  Şöbəsindən verilən  məlumatda  bildirilir ki,  şəhərdəki Gənclər Mərkəzində "İdeal" gənclər təşkilatının dəstəyi ilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında "7 sual - 7 cavab"  intellektual yarışı keçirilib.

Üç mərhələdə keçirilən viktorinada komandaların ardıcıllığı püşkatma yolu ilə müəyyənləşdirilib. Gərgin və maraqlı mübarizə şəraitində davam edən yarışmada şəhər 6 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

Qalib komandaya diplom və qiymətli hədiyyələr verilib.


Ağdamın Quzanlı qəsəbəsində məktəb-liseyin yeni binası inşa olunur 

 Rayon təhsil şöbəsindən verilən məlumatda qeyd olunur ki,  ötən il rayonun Birinci Baharlı kəndində 160 şagird yerlik, Əfətli kəndində 360 şagird yerlik, Hacıməmmədli və Həsənxanlı kəndlərinin hər birində 120 şagird yerlik məktəb binaları istifadəyə verilib, 480 şagird yerlik Əhmədağalı kənd tam orta məktəbi isə əsaslı təmir olunub.

Hazırda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində tikilən 360 şagird yerlik məktəb-liseyin binasının inşası bu il başa çatdırılacaq.

Təhsil Nazirliyinin sifarişi ilə tikilən ikimərtəbəli binada sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq və informatika kabinetləri, kitabxana, akt və idman zalları, tibb otağı, 100 yerlik yeməkxana, eləcə də həyətdə futbol, voleybol və basketbol meydançaları, yüngül atletika və gimnastika üçün sahələr, qaçış zolaqları yaradılacaq. Hazırda binanın 1-ci mərtəbəsinin inşası başa çatıb, 2-ci mərtəbədə isə hörgü işləri aparılır.


Samuxda "Vətənpərvərlik - şərəfli yola doğru" adlı görüş keçirilib 

Rayon təhsil şöbəsindən redaksiyamıza daxil olan  məlumatda bildirilir ki,  Qarabağlar kənd orta məktəbində məktəbin məzunu,   hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunmuş İsfəndiyar Quliyevlə  "Vətənpərvərlik - şərəfli yola doğru" adlı görüş keçirilib. Görüşdə  Qarabağlar kənd orta məktəbinin direktoru Elmira Aslanova və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Müqabil Məmmədov və başqaları çıxış edərək Vətənin belə igid gənclərlə fəxr etdiyini söyləyib, işğal altındakı torpaqlarımızın qəhrəman oğullarımızın səyi ilə tezliklə düşməndən azad olunacağına əminliklərini bildiriblər. Məktəblilərin görüşünə gələn İsfəndiyar  Quliyev ilk növbədə qazandığı nailiyyətlərə görə orta məktəb  müəllimlərinə  minnətdarlığını  bildirib və harada olmasından  asılı olmayaraq onları heç vaxt  unutmayacağını  bildirib.

Görüşdən sonra məktəbin nümunəvi hərbi hazırlıq otağında şagirdlər üçün "açıq dərs" keçirilib.


Məktəbdə  "Riyaziyyat  gecəsi" 

Kürdəmir Rayon Təhsil Şöbəsindən  aldığımız məlumatda bildirilir ki,   şəhərdəki Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəbdə  "Riyaziyyat  gecəsi" keçirilb. Tədbirdə məktəbin müəllim və şagird kollektivi  ilə yanaşı rayonun digər ümumtəhsil məktəblərinin  şagirdləri və valideynlər də   iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi  ilə başlayıb. 

Şagirdlər riyaziyyata aid səhnəcik və ədəbi kompozisiya  göstəriblər. Sonra videoçarx nümayiş etdirilib  və şagirdlər arasında  intellektual oyun keçirilib.Valideynlər təşkil olunan "Riyaziyyat gecəsi"ndən razı qaldıqlarını bildiriblər.

Sonda intellektual oyunda  qalib gələn şagirdlərə   hədiyyələr verilib.


Yevlax və Balakən məktəbləri arasında "Qardaşlaşma haqqında" saziş imzalanıb 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi "İlboyu bilik" proqramının "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində  Balakən şəhər humanitar və texniki təmayüllü liseyin şagirdləri Yevlax şəhərində olublar.

Rayon təhsil şöbəsindən xəbər verilir  ki, balakənli məktəblilər şəhərin mərkəzi meydanında Yevlax şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri və rayon ziyalıları tərəfindən mehribanlıqla qarşılanıblar.

Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Sonra B.Səfəroğlu adına Xalq Teatrına gələn məktəblilər "Tariximiz - qan yaddaşımız" mövzusunda əl işlərindən ibarət sərgiyə, Yevlax şəhər 10 nömrəli və Əkşəm kənd orta məktəblərinin şagirdlərinin hazırladıqları kompozisiyaya baxıblar.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirilib ki, "Qardaşlaşmış məktəblər" layihəsi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində, onların dünyagörüşünün inkişafında və intellektual səviyyələrinin formalaşmasında, müxtəlif bölgələrdən olan məktəblilər arasında "bilik körpüsü"nün yaradılmasında mühüm rol oynayır. Qeyd olunub ki, aprel ayında Yevlax məktəblilərinin Balakənə səfəri təşkil ediləcək.

Daha sonra Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının binasında "Qardaşlaşma haqqında" sazişin müddəaları müzakirə olunub, əlavə və dəyişikliklərdən sonra sənəd imzalanıb.

Məktəblilər Yevlaxdakı Heydər Əliyev Mərkəzini ziyarət edib, tarix-diyarşünaslıq muzeyində, rayonun görməli yerlərində olublar.


Məktəblilər  "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Gəncədə olublar 

Böyütmək üçün seçin "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasında iştirak edən Naxçıvan şəhəri,  Ordubad, Culfa, Babək, Şahbuz, Kəngərli, Şərur və Sədərək rayonlarının 30 nəfər şagirdi Gəncədə  olub. Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə 3 gün davam edən  səfərdə məktəblilər Gəncənin qədim tarixi,  mədəniyyət abidələri ilə yaxından tanış olub,  muzeyləri gəziblər. Məktəblilər Gəncə şəhəri ilə tanışlığa Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi-Abidə Kompleksindən, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsindən başlayıblar. Şagirdlər  Nizami Gəncəvi Muzeyində görkəmli şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla,  qədim əlyazmaları,  nəfis tərtibatla yenidən nəşr olunmuş əsərləri ilə tanış olub, "Xəmsə"ni əks etdirən daş kitabələri maraqla seyr ediblər.  

Sonra məktəblilər  Heydər Əliyev parkına gələrək buradakı Heydər Əliyev Mərkəzində olub,  ulu öndərin mənalı həyatını, titanik fəaliyyətini,  misilsiz xidmətlərini əks etdirən eksponatlara baxıblar.

 

 


Yaponiyalı qonaqlar İsmayıllı məktəblilərinin təqdimatlarından razı qalıblar 

Böyütmək üçün seçinİsmayıllı  Rayon Təhsil Şöbəsinin metodisti  S.Mikayılovadan aldığımız  məlumata görə, Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq əlaqələri haqqında saziş imzalandıqdan sonra tərəflər arasında qarşılıqlı səfərlər daha da artıb.  Bu il İto şəhər meri Hiromi Tsukudanın tövsiyəsi ilə Azərbaycana səfər edən   İto Beynəlxalq Qonaqlama Klubunun 3 üzvü İşida Kazuko, Şuzuki Mitsue və Mori Ryako  İsmayıllıda olub.

Qonaqlar İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin Heydər Əliyev Mərkəzində açılan İto Minami JHS məktəbi ilə əlaqələrindən bəhs edən sərgisinə baxış keçirib, şagirdlərin yapon dilinə, mədəniyyətinə, incəsənətinə olan marağın və sərginin rəngarəngliyinə heyranlığını bildiriblər. Nümayəndə heyəti Mədəniyyət Evində, yapon bağında,  Heydər Əliyev Mərkəzində, Lahıc və Basqal qəsəbələrində olublar. Sonra vətəninə qayıdan xanım Mori Ryako dostlarına İsmayıllı şagirdlərinin Yaponiyaya olan sevgisindən, yapon və ingilis dillərində etdikləri təqdimatlardan danışıb. 

 

 


Sumqayıtda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb 

Böyütmək üçün seçinSumqayıt Şəhər Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki,  şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) 95 illik yubileyinə həsr olunmuş "Humanizm naminə" rəsm müsabiqəsi keçirilib. Sərgi QAC Sumqayıt şəhər bölməsi və  ŞTŞ-in təşkilatçılığı ilə reallaşıb.

Müsabiqədə  şagirdlər,  Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin, həmçinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin rəsm dərnəklərinin üzvləri iştirak ediblər. Ümumilikdə müsabiqəyə 87 rəsm işi təqdim olunub. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısından söhbət açılıb, Fond tərəfindən Sumqayıt şəhərində gənclərlə bağlı çoxsaylı işlər görüldüyü bildirilib. Həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 95 illik yubileyi münasibətilə keçirilən rəsm müsabiqəsinin uşaqlara humanizm, Vətənə sevgi duyğuları aşıladığı vurğulanıb.

Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.

 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov