Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Kiçik yaşlı uşaqlar üçün pyesin təqdimatı olub

 

Böyütmək üçün seçinBakı şəhəri 129 nömrəli tam orta məktəbdə tanınmış pedaqoq-alim, respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin kiçik yaşlı uşaqlar üçün yazdığı "Pişik balasının səhvi" pyesinin təqdimatı oldu. Əsəri məktəbin üçüncü sinif şagirdləri səhnələşdirmişdilər.

Təqdimat mərasimində məktəbin müəllim və şagird kollektivlərinin üzvləri ilə yanaşı əsərin müəllifi və qonaqlar da iştirak edirdi.

 Mərasimi 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə açaraq qonaqları salamladı və tədbirin məqsədi barədə məlumat verdi. Direktor bildirdi ki, Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin  mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" 16 dekabr 2014-cü il tarixli əmrinin icrası ilə əlaqədar son vaxtlar məktəbdə bir sıra tədbirlər həyata keçirilib və bu iş davam edir.  Şagirdlərin dünyagörüşünün artırılmasında mütaliənin böyük əhəmiyyəti nəzərə alınaraq müxtəlif iş formaları ilə onlar bədii əsərlərin  mütaliəsinə həvəsləndirilir, təşviq edilir. Keçirilən təqdimatın da bu istiqamətdə aparılan işlərdən biri olduğunu deyən S.Mehdizadə pyesi üçüncü sinif şagirdlərinin öz müəllimləri Elmira Hüseynova və Seçmə Canmirzəyevanın köməkliyi ilə səhnələşdirdiklərini, tamaşanın hazırlanması üzərində iki ay iş getdiyini diqqətə çatdırdı.

Sonra meydan üçüncü sinif şagirdlərinə verildi. Onlar öncə bahara, Novruza aid ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.  Proqrama aparıcılıq edən  iki şagird professor Əjdər Ağayevin həyat və yaradıcılığı haqqında məlumat verdi. Qeyd etdilər ki, əsasən pedaqoq-alim, tədqiqatçı və müəllim kimi tanınan Ə.Ağayev balaca uşaqlar üçün çoxlu hekayələrin, müxtəlif məzmunlu şeirlərin də müəllifidir. İndiyədək onun 100-dən çox şeirinə mahnı bəstələnib ki, bunların da çoxu uşaq mahnılarıdır. Hazırlanmış ədəbi-bədii kompozisiya üçün seçdikləri şeir və mahnıların mətninin də Ə.Ağayevə məxsus olduğunu söyləyən şagirdlər daha sonra vətənə, bahara, Novruza aid şeirlər söylədilər, səhnəciklər göstərdilər, mahnılar ifa etdilər. Pedaqoq-alimin ayrı-ayrı məqalələrindən sitatlar diqqətə çatdırıldı.

Kompozisiya başa çatdıqdan sonra "Pişik balasının səhvi" pyesinin təqdimatı oldu. Şagirdlər hazırladıqları tamaşanı məharətlə nümayiş etdirdilər. Əsas ideyası hər işdə biliyin mühüm rol oynaması olan tamaşada  pişiyin öz balalarına ov tutmaq öyrətməsi, pişik balalarının isə öz ovları olan siçanı və quş balasını eyni üsulla tutmaq istəməsi, lakin bu işi bilməmələrindən uğursuzluğa düçar olmaları təsvir olunur.

Uşaqların təqdimatı zala toplaşanlar tərəfindən alqışlarla qarşılandı. Tədbirdə çıxış edən Təhsil Şurası İdarə Heyətinin üzvü Həqiqə Məmmədova uşaqların tamaşanı yüksək səviyyədə hazırladıqlarını və təqdim etdiklərini, çox gözəl nitq qabiliyyətinə malik olduqlarını söyləyib, şagirdləri və onların  müəllimlərini bu münasibətlə təbrik etdi. Çıxışında Ə.Ağayevin elmi-pedaqoji və bədii yaradıcılığına da toxunan H.Məmmədova onun təhsilin nəzəri və təcrübi problemləri  haqqında sanballı əsərləri ilə yanaşı  davamlı bədii yaradıcılıq məhsulu olan bir sıra kitablarının da çapdan çıxdığını, bu əsərlərin məktəblilərin bədii-estetik inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı.

Tədbirin sonunda söz alan Ə.Ağayev onunla görüş keçirdiklərinə və əsərini tamaşaya qoyduqlarına görə məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə təşəkkürünü bildirdi. Uşaqların çıxışından çox razı qaldığını ifadə edən professor onların  əsərin ideyasını məharətlə açıb tamaşaçılara çatdırdıqlarını vurğuladı, məktəbin kollektivinə uğurlar arzuladı. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov