Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Ali məktəblərə daxil olanların neçə faizi diplom ala bilir?

 

Dünyanın tanınmış universitetlərində tələbələrin 45-55 faizi, Azərbaycanda isə 97-98 faizi 4 ilə məzun olur 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"
[email protected]
 

Böyütmək üçün seçinÖlkənin ali təhsil müəssisələrində apardığımız araşdırmalar zamanı məlum oldu ki, universitetlərimizə hər il neçə tələbə qəbul olunursa, ilk buraxılışda təxminən elə həmin sayda da məzun olur. Dünyanın bir neçə inkişaf etmiş ölkələrinin universitetlərindən aldığımız məlumatlarda isə nəticələr bizdəkindən tamamilə fərqli oldu. Əksər  ölkələrdə universitetlərə daxil olanların  ən yaxşı halda yalnız 50-55 faizi müəyyən olunmuş 4 il müddətinə ali məktəbi bitirib, diplom ala bilirlər. Təxminən 30-35 faizi 5-10 il müddətinə diplom almağa müvəffəq olsalar da, 15-20 faizi isə ümumiyyətlə ali təhsillərini başa vura bilmirlər.  Ancaq maraqlıdır ki, Azərbaycan universitetlərinə qəbul olanların elə ilk buraxılışda 97-98 faizi diplom alır. Bəs görəsən, bunun səbəbləri nədir, tələbələrimizin yüksək istedadlı olmasımı? Necə olur ki, xarici universitetlərdən fərqli olaraq bizdə müəyyən edilmiş 4 il müddətinə bakalavr pilləsini bitirmək mümkün olur? Mövcud vəziyyətlə bağlı suallarımıza cavab tapmaq məqsədilə yerli mütəxəssislərlə və xaricdə təhsil alan həmyerlilərimizlə əlaqə saxladıq, məsələ ilə bağlı fikirlərini öyrəndik.

Ayrı-ayrı mütəxəssislərlə söhbət zamanı bildirildi ki, bizdə 4 il ərzində yalnız diplom almağı düşünən tələbələr bir mütəxəssis kimi yetişməyi ön planda tutmurlar.  Bununla da cəmiyyətdə belə bir fikir formalaşır ki, əsas məsələ ali məktəbə daxil olmaqdır. Daxil oldunsa, deməli diplom da alacaqsan. Tələbələrdə olan bu əminlik hissi nəticədə onların yüksək səviyyəli mütəxəssis kimi yetişməsinə də mane olur.

Etiraf edək ki, mövcud vəziyyətlə bağlı ali təhsil müəssisələrinin üzərinə çox böyük vəzifə düşür. Bəzi ali məktəblərdə hələ də sovet dövründən qalan mental problemlər hökm sürür ki, bu da tələbələrin arxayınlaşmasına, onlarda necə olursa-olsun diplom alacağam kimi əminlik hisslərinin formalaşmasına gətirib çıxarır.


Əjdər AĞAYEV,

pedaqoji elmlər doktoru, professor 

Bunun birinci səbəbi ondan ibarətdir ki, Azərbaycanda Sovet təhsil sistemi hələ də öz təsirini göstərir. Yəni ixtisas qazanacaq abituriyent konkret o ixtisas üçün ayrılmış müddətdə mütləq ali təhsilini tamamlamağı qarşısına məqsəd qoyur. Bu, ona görə belədir ki, həmin təhsil sistemində ali məktəbdə kurslararası müddətdə yetirməyən tələbələr ya institutdan xaric edilir, ya da müəyyən səbəblə onlara akademik məzuniyyət verilir.

Baxmayaraq ki, hazırda Azərbaycan ali məktəbləri Bolonya prosesinə qoşulmuşlar, lakin ötən ənənə hələ də baxışlarda mühafizə olunmaqdadır. Bolonya prosesinin tələbinə görə, konkret təhsil müddəti müəyyənləşdirilsə də, tələbə ali məktəbi o müddətdən tez və ya gec bitirə bilər. Burada əsas tələb proqramların tələbə tərəfindən yerinə yetirilməsidir. Yəni əsas müddət deyil, keyfiyyətdir. Bolonya prosesində kursdaqalma halları da yoxdur. Əgər tələbə ikinci və ya üçüncü kursda bir və ya iki fəndən proqramı ödəməkdə tələb olunan bala müvəffəq olmayıbsa, o, həmin fənnin proqramını tamam öyrəndikdən sonra yuxarı kurslarda imtahan verə bilər. Beləliklə, Bolonya prosesi təhsil müddətində tələbəyə sərbəstlik verir, proqramın ödənilməsinin vaxtını tələbənin hazırlığı ilə müəyyənləşdirir. Eləcə də səhhətində, sosial həyat tərzində problemi olan, yaxud ezamiyyələrə gedən hər hansı tələbə bütün fənlər üzrə proqramları ilindən asılı olmayaraq ödədikdən sonra almaq istədiyi ixtisasın diplomuna nail olur. Bu təcrübə Avropa, ABŞ ali məktəblərində, eləcə də Türkiyə yüksək təhsil ocaqlarında mövcuddur. Lakin bu o demək deyildir ki, hər hansı tələbə istəyinə uyğun olaraq belə bir müddəti seçsin. Bu, yalnız problemi sübut olunan tələbələrə aiddir. Yaxud tədris fəallığı ilə seçilən hər kəs (təbii ki, bu da azdır), məsələn, dörd illik müddəti üç il müddətinə də bitirə bilər.

Düşünürəm ki, Bolonya prosesinin şəffaflığı, tələbə demokratiyası, prosesə qayda-qanunlara uyğun olaraq müstəqil yanaşma prinsipi Azərbaycan ali məktəblərində xarici təcrübə əsasında tətbiq olunmalıdır. Bu hal tələbələri müəllim asılılığından, dekanlıqların inzibati tələblərindən, hansı yolla olursa-olsun qoyulan müddətdə təhsili tamamlamaq zərurətindən və digər neqativ hallardan xilas edə bilər.

Yekun olaraq qeyd etmək istərdim ki, Bolonya prosesinə qoşulan ali məktəblərimiz bu prosesin tələblərini düzgün yerinə yetirsələr, tələbə müstəqilliyi və demokratiyasına, təhsildə şəffaflığa, ədalət və obyektivliyə üstünlük versələr, onların təcrübəsi beynəlxalq təcrübə ilə üst-üstə düşə bilər. 


Buludxan XƏLİLOV,

ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor

 Düşünürəm ki, bu istiqamətdə ali məktəblərimizdə fundamental işlər görülməlidir. Təkcə diplomlu kadrlar hazırlamaq təhsilin son məqsədi ola bilməz. Ali məktəblər elə bir sistem qurmalıdır ki, tələbələrdə təhsilə böyük həvəs yaransın. Diplom xətrinə deyil, ixtisasa yiyələnmək üçün universitetə gəlsinlər. Bunun üçün müəyyən istiqamətlər, sahələr ciddi bir sistemə salınmalıdır. Həmin sistem və onun tələbkarlığı kadr hazırlığı məsələsinin ən ümdə vəzifəsinə çevirməlidir. Qeyd edim ki, tələbə təhsil almağın çətinliyini, gələcəkdə yaxşı mütəxəssis olmağın məsuliyyətini dərk edə bilmir. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Tələbələrin diplom almaq əminliyinə gəldikdə isə bunun arxasında mental prinsiplər durur. Lakin tələbələr dərk etməlidirlər ki, təkcə diplom hər şeyi həll etmir. Bundan başqa, ali təhsil müəssisələri bilməlidir ki, yüksək ixtisaslı peşəkarlar hazırlamasalar nüfuzdan düşə bilərlər. Bu mənada ali təhsil müəssisələrinə hazırladıqları kadrların peşəkarlığına görə status verilməlidir. Ən əsası ali təhsil müəssisələrində demokratikləşmə o səviyyəyə qədər getməlidir ki, tələbə hansı müəllimin mühazirəsini dinləməyin vacibliyini şüurlu və məqsədli bir işə çevirsin. Fəlsəfə doktoru, elmlər doktoru diplomlarını özləri üçün qalxan kimi istifadə edənlərdən - onların formal fəaliyyətindən əl çəkmək lazımdır. Onların elmi-pedaqoji xidmətləri praktik fəaliyyətləri ilə qiymətləndirilməlidir. Bundan başqa, ali təhsil müəssisələrində fənn proqramlarının və dərsliklərin, dərs vəsaitlərinin məzmunu yeniləşməlidir. Heç şübhəsiz ki, bəzi fənn proqramları, dərsliklər və dərs vəsaitləri zamanın tələbinə cavab vermir.


Şahnaz ŞAHBAZOVA,

Azərbaycan Texniki Universitetinin professoru 

Mənim vaxtilə işlədiyim ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetinə çox hazırlıqlı tələbələr seçilərək qəbul edilirlər.  Bəzi fakültələrə, məsələn, hüquq, kompüter elmləri, iqtisadiyyat və s.  fakültələrinə  qəbul olunan tələbələrin əksəriyyəti öncədən bakalavr dərəcəsini almış tələbələr olur. Buna görə də oradakı tələbələrin 80-85 %-i müəyyən edilmiş 4 il müddətinə universiteti bitirə bilirlər. Yalnız 10-15 % tələbələr hər hansı səbəbdən- məsələn, tədris prosesinin ağır şərtlərinə dözə bilmədikdə, fiziki olaraq gücü çatmadıqda, sağlamlıq ilə bağlı və s. universiteti bitirə bilmirlər. Amma sonradan onlar həmin vermədiyi  fənlər üzrə təkrar dərslər götürərək və imtahan verərək universiteti bitirməyə müvəffəq olurlar. Lakin bunu bütün universitetlərə şamil eləmək olmaz. Belə ki, bir çox universitetlərdə tələbələr müəyyən edilmiş müddətə, yəni 4 ilə ali məktəbi bitirə bilmirlər. Bu müddət bir çox hallarda 1-2, hətta 3-4 il müddətinə uzana bilir.

Avropada, xüsusən Almaniyada tələbənin 10 ilə qədər təhsil prosesini uzatmaq imkanı var. Lakin burda bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Məsələn, orada bir fəndən 3 dəfə qeyri-məqbul alan tələbə universitetdən tamam xaric olunur. Sonradan həmin tələbənin universitetə bərpa olunma imkanı olmur. Tələbələrin universiteti müəyyən olunmuş müddətdə bitirmə faizi təxminən 50-55 % təşkil edir. Ümumilikdə isə, yəni müddətsiz olaraq Almaniyanin Zigen Universiteti nümunəsində təqribən 85-87%-dir.

Azərbaycanda təhsil prosesində tətbiq edilən Bolonya sistemi tələbələrin dərsə davamiyyətinə və fənn seçiminə azadlıq vermir. Qəbul olunan tələbələrin təxminən 98 %-i universiteti müəyyən edilmiş 4 il müddətinə bitirirlər. Bunun ən başlıca səbəbi Bolonya sisteminin respublikamızda tam şəkildə tətbiq edilməməsidir.


Mahirə SƏFƏRƏLİZADƏ,

Kanadanın Toronto Universitetinin tələbəsi 

Mənim təhsil aldığım Toronto Universitetində bizim ali məktəblərdən fərqli olaraq universiteti müəyyən olunmuş müddətdə bitirmək elə də asan deyil. Çünki burada çox tələbkar bir sistem var. Ona görə də müəyyən edilmiş müddətdə, yəni 4 ilə ancaq 40-45% tələbələr universiteti bitirə bilirlər. Digərləri isə bu müddəti uzatmaq məcburiyyətində qalırlar. Bunun bir çox səbəbləri var. Burada tələbənin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanması çox vacib amildir. Əgər universitet yaxşı mütəxəssis hazırlaya bilməzsə, bu, onun reytinqinə mənfi təsir göstərə bilər. Dərslərin və proqramların çətinliyinə gəldikdə isə bu əsasən fakültələrdən asılıdır. Elə fakültələr var ki, oranı bitirmək daha asandır. Məsələn, mənim təhsil aldığım təbiət elmləri fakültəsində  ixtisas proqramları çoxdur. Fiziologiya, immunologiya, toksikologiya, patobiologiya, genetika, hüceyrə biologiyasi, sosiologiya, psixologiya və s. Proqram seçimi ikinci kursda olur və hər proqramın xüsusi tələbləri var. Ola bilər ki, tələbə təkamül biologiyası proqramına qəbul olmaq istəyir.  Amma proqramın tələbini ödəmədiyi üçün başqa bir proqram, məsələn, ekologiya proqramı seçmək məcburiyyətində qalır. Əgər 3-cü il ekologiya dərslərinə marağının olmadığını və ya məqbul qiymət almadığını gördükdə yenə də proqramı dəyişə bilər ki, bu da təhsilin uzanmasına səbəb olur. Mühəndislik fakültəsində isə vəziyyət fərqlidir. Belə ki, orada tələbənin proqram seçmək hüququ yoxdur. Dərslər universitet tərəfindən seçilir. Əgər tələbə mexanika mühəndisliyi fakültəsinə qəbul olubsa, artıq 4 illik proqram dərsləri hazır olur və  hər hansı bir imtahandan kəsilərkən başqa proqram seçmə imkanı olmur. Bu baxımdan, mühəndislik fakültəsində diplom almaq daha çətindir. Lakin onu da nəzərə çatdırım ki, burada universiteti yarımçıq qoymaq adi bir haldır. Tələbələr öz yollarını tapmağa çalışırlar. Əgər qəbul olduğu ixtisas tələbənin ürəyincə deyilsə, dərsləri, mövzuları dərindən dərk etmirsə, tələbə başqa yol seçir. Çünki tələbə fikirləşir ki, yaxşı mütəxəssis olmasa, yüksək əməkhaqqı olan iş tapa bilməz. Nəzərə çatdırım ki, bu kimi ölkələrdə mütəxəssislər bilik və bacarıqlarına görə işə düzəlir. Buna görə də tələbə diplom almağı yox, yüksək ixtisaslı mütəxəssis olmağı daha çox düşünür.


Fərid ABBASOV,

İtaliyanın La Sapienza Universitetinin tələbəsi 

Burada təhsil almaq, universiteti bitirmək çox çətindir. İtaliyada 4 ildir ki, təhsil alıram.  Bu müddət ərzində bir çox məsələlərlə bağlı müşahidələrim olub. Bunlardan biri də tələbələrin universiteti yarımçıq qoyub getmələridir. Universitetə qəbul olanların demək olar ki, ancaq 50-55 %-i buranı bitirə bilir. İlk illər bu mənə təəccüblü gəlsə də sonralar  səbəbini  başa düşdüm. Universitetimizdə çox ciddi bir mühit mövcuddur. Tələbələrə qaydalardan kənar heç bir güzəşt olunmur.  Tələbələr istər bakalavr, istərsə də magistr dərəcəsində müəyyən olunmuş krediti verdikdən sonra müstəqil diplom işi yazmalıdırlar. Bu öhdəlikləri yerinə yetirə bilməyənlər universitetdən ya xaric olunur və ya dərs yükü asan olan  fakültə dəyişdirmək məcburiyyətində qalırlar. Yetərli qədər bilik və bacarıqlarının olmaması, ixtisas fənlərinin çətinliyi səbəbindən hər il çoxlu sayda tələbə La Sapienza  Universitetini tərk edir.  Özü də bu, həmin tələbələr üçün adi haldır. Onlar universitetdən xaric olsalar belə, bacara biləcəkləri digər bir ixtisas seçir və həmin ixtisasa yiyələnməyə çalışırlar.

 

 


Turanə QASIMLI,

Böyük Britaniyanın Nyukasl Universitetinin tələbəsi  

Təhsil aldığım Nyukasl Universiteti dünyanın ən yaxşı universitetləri siyahısındadır.  Universitetimizə ümumi qəbul olanlardan 91% tələbə diplom sahibi olur. Lakin onların təxminən 40-45 %-i müəyyən olunmuş 4 il müddətinə universiteti bitirə bilir. Digərləri hüquqlarından istifadə edərək təhsil müddətini uzadırlar.  Universiteti müəyyən olunmuş müddətə bitirməyən tələbələrin çoxu yerli tələbələrdir.  Onların göstərdikləri səbəb sadəcə təhsildən bir müddət kənarlaşıb öz işləriylə məşğul olmaq istəmələridir. Universitetimizdə tədris materialları ağır olduğuna görə birinci kursu bitirə bilməyənlər də olur. Mən öz keçmiş qrup yoldaşlarım və dostlarımın bəzilərindən soruşanda ki, niyə Nyukasl Universitetini atdınız, verdikləri cavablarda 1-2 il səyahət etmək və ya başqa ölkədə təhsil almaq istədiklərini əsas gətirirlər.

Araşdırmalarımız göstərdi ki, bu tendensiya, yəni ali məktəblərə qəbul olanların demək olar ki, hamısının diplom ala bilməsi Azərbaycanda Sovet dönəmindən bəri davam etməkdədir. Əsas fəaliyyəti keyfiyyət deyil, kəmiyyət, yalançı plan üzərində qurulmuş Sovet rejimi dağılsa da, bunun bəzi təzahürləri alt-şüurumuzda hələ də qalmaqdadır. Ölkə Prezidenti və Təhsil Nazirliyinin ali təhsilin inkişafına göstərdikləri diqqət və qayğıya, bu sahədə problemlərin həlli istiqamətində görülən işlərə baxmayaraq universitetlərimizdə hələ də bir çox çatışmazlıqlar mövcuddur. Mütəxəssislərin və xaricdə təhsil alan həmyerlilərimizin fikirlərindən məlum olur ki, Bolonya sisteminin respublikamızda tam olaraq tətbiq olunmaması, universitetlərimizdə bəzi hallarda tələbkarlığın mövcud olmaması, hələ də sovet ideologiyasından uzaqlaşa bilməməyimiz və əsasən ixtisaslı kadr yox, diplomlu şəxs yetişdirmək təcrübəsi nəticəsində tələbələrimiz müəyyən olunmuş 4 il müddətinə ali məktəbi bitirir. Onlar dərs proqramlarını deyil, daha çox universiteti bitirməyi düşünürlər.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov