Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Naxçıvan Dövlət  Universiteti

 

"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Naxçıvan Dövlət Universitetidir 

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
[email protected]
 

Böyütmək üçün seçinNaxçıvan Dövlət Universiteti (NDU) 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) Naxçıvan filialı kimi fəaliyyətə başlayıb. 1972-ci ildə ADPİ-nin Naxçıvan filialının bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılıb. Azərbaycan SSR Nazirlər Sovetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Dövlət Universitetinə çevrilib. Ümummilli lider Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli sərəncamı ilə NDU-ya yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilib. Hazırda universitetdə 12 fakültədə, bakalavr səviyyəsi üzrə 58 ixtisas və magistratura səviyyəsi üzrə 39 ixtisaslaşma üzrə 5349 nəfər tələbə təhsil alır. 12 ölkədən 350 nəfər xarici ölkə vətəndaşı bu universitetin tələbəsidir. 2014-2015-ci tədris ilində NDU-ya 1091 nəfər tələbə qəbul olub. Universitetin bakalvr məzunlarından 74 nəfəri NDU-ya, 12 nəfər isə Azərbaycanın digər ali məktəblərində magistraturaya qəbul olublar. 34 tələbə "Gələcəyin müəllimi" təqaüdü alır.  Universitetdə 9 nəfər AMEA-nın həqiqi üzvü, 5 nəfər AMEA-nın müxbir üzvü, 38 elmlər doktoru, 179 fəlsəfə doktoru, 28 professor, 111 dosent, 194 elmi dərəcəsi olmayan, 88 tədris-köməkçi heyət üzvü çalışır. 2014-2015-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında ölkə üzrə ali məktəbə qəbul olan ən yaşlı tələbə bu universitetdə təhsil alır. 2013-cü ildən universitetə biologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov rəhbərlik edir. 

Maddi-texniki baza 

Böyütmək üçün seçinNaxçıvan  Dövlət Universitetində 11 tədris  korpusu  və  1  xəstəxana, Elektron Kitabxana, Qonaq evi fəaliyyətdədir. NDU-da həmçinin konservatoriya, universitet klinikası, Olimpiya idman mərkəzi, 2 stadion, Botanika bağı və müasir tipli tələbə evi yerləşir. Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün üçmərtəbəli Tələbə Sosial Xidmət Mərkəzi, müasir tipli universitet qonaq evi tikilib.

Tələbələrin  sağlam həyat tərzi keçirmələri üçün 2  qapalı  və  2  açıq  idman meydançası  vardır. 42  ədəd  elektron  lövhəli  siniflə yanaşı 14  otaqda internet mərkəzi, 61  auditoriyada  proyektorlar  quraşdırılıb. Universitetdə iki  informasiya-texnologiya  laboratoriyası  var. İşlək  kompüterlərin  sayı  730  ədəddir, bunlardan  360-ı  internetə  qoşulub. 2015-ci ildə  universitetdə informasiya - texnologiya  mərkəzinin  açılışı  olub. Bununla  əlaqədar  350  ədəd  fərdi kompüter,  16  ədəd  elektron  kürsü  və  proyektor, 18  ədəd  kamera  və  18  ədəd geniş  ekranlı televizor quraşdırılıb ki, foyelərdə  qoyulan monitorlarla universitetin  bütün  informasiyalarının  ötürülməsini  təmin  etmək, siniflərdə  açıq və video dərslərin,  elektron  imtahan  siniflərində isə  dərslərin  və  imtahanların gedişinə,  həmçinin  korpuslarda  mühafizə  kameralarının  hamısına  nəzarət  edilir. Universitetdə 3 internet mərkəzi, nəşriyyat, media mərkəzi, televiziya studiyası və bir neçə muzey var. "Fikir" informasiya bülleteni, "Yeni fikir" qəzeti nəşr olunur. Naxçıvan Dövlət Universitetində Wi-Fi kampus simsiz internet şəbəkəsindən istifadə olunur.

Böyütmək üçün seçinBu ilin əvvəlində universitetdə "Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu" layihəsinin açılışı olub. Mərkəz kamera-müşahidə, server, texniki təminat, direktor  və mühəndis otaqlarından ibarətdir. Yeni quraşdırılan "CİSCO" markalı 202 İP telefondan ibarət  vahid telefon şəbəkəsi universitetin bütün qurumları arasında sürətli və asanlaşdırılmış kommunikasiyanın təmin olunmasına imkan yaradır. Layihə çərçivəsində tələbə və müəllimlərin kodlaşdırılması aparılmış, tələbələr üçün 14 min ədəd ID tələbə bileti, müəllimlər üçün 2000 ədəd ID kart hazırlanıb. 9 ədəd yeni kompüter internet şəbəkəsinin və universitet saytının idarə edilməsi üçün nəzərdə tutulub. Server otağındakı 8 ədəd "HP" markalı server universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatların, tədrisə aid bütün sənədləşmə işləri və müəllimlərin elektron imzalarının, elektron imtahanların, distant təhsilin və müəllimlərin mühazirə kontentləri video və slayd şəklində yerləşdirilib, bütün məlumatların elektron arxivlənməsi üçün 20 illik arxiv serveri nəzərdə tutulub.

"Universitet" televiziyasında yaradılan yeni infrastruktur videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə də imkan verəcək. Bu məqsədlə "Universitet" televiziyasına 2 televizor, 5 yaxa və 2 masaüstü mikrofon dəsti, 6 səsgücləndirici, 1 montaj kompüteri, 2 videokamera və 12 projektor verilib, virtual studiya quraşdırılıb. Yeni qurulmuş sistem idarəetmə, server otağından və studiya otaqlarından ibarətdir. Sistemin qurulmasında əsas məqsəd universitetdə distant təhsilə keçid və elektron universitetin yaradılması ilə bağlıdır. İdarəetmə otağında kontentlər - videodərslər xüsusi proqram vasitəsilə "HD" formatda çəkilib yaddaşa yazılır, universitetin internet portalındakı müəllim üçün ayrılmış elektron mühazirə bölməsinə yerləşdirilir. Hazırda "Universitet" televiziyasının və "Nuhçıxan" radiosunun Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatda yayımına başlanılıb.

Böyütmək üçün seçinUniversitetdə baytarlıq ixtisası üçün yeni üç mərtəbəli bina inşa edilib. Binanın xarici və daxili müasir dövrün tələblərinə və ixtisasın profilinə uyğun qurulub. Birinci mərtəbədə baytarlıq klinikası, diaqnostik laboratoriya, vivarium, süni mayalanma laboratoriyası, baytarlıq apteki yerləşir. İkinci mərtəbədə bakterioloji laboratoriya və əkmə otağı, parazitologiya, fiziologiya və biokimya, arıçılıq problemləri, ekspertiza, farmakologiya və toksikologiya laboratoriyası, sterilizasiya otağının fəaliyyət göstərməsi nəzərdə tutulub. Üçüncü mərtəbədə anatomiya muzeyi, sitologiya, histologiya və embriologiya kabineti, patologiya laboratoriyası, yemləmə, yetişdirmə və genetika kabineti, elektron sinif və imtahanların qəbulu və informatika dərslərinin tədrisi üçün kompüter sinfi yerləşir. Əlavə olaraq, burada 70 nəfərlik akt zalı var.

Digər sahələr kimi, idman sahəsində də universitetin maddi-texniki bazasının gücləndirilməsi diqqət mərkəzindədir. 2014 - cü ildə 1 ədəd professional boks  rinqi, 2 ədəd  tennis  stolu, dəmir yolu  ixtisası üçün 1 komplekt  vaqonlar alınıb. 

İmtahan sessiyası  

Böyütmək üçün seçin2014-2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının  şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə  2 istiqamətdə - ənənəvi qaydada  (5 test 3 sual olmaqla) və elektron test üsulu ilə (I, II və III kurslar üzrə) hazırlıq aparılıb.

I, II və III kursları əhatə edən bütün imtahanların, eləcə də fakültələrin müraciəti əsasında dördüncü kursların bəzi imtahanları elektron qaydada götürülüb.

"Elektron test" layihəsinə əsasən bu üsulla qəbul edilməsi müəyyən olunmuş semestr imtahanlarından hər biri üzrə test bankına daxil etmək üçün 150 sual hazırlanıb və sualların sayı 300-ə çatdırılıb, sual və hər suala biri düzgün olmaqla 5 cavab yazılı qaydada "Elektron təhsil" şöbəsinə təqdim edilib.

2014-2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında bütün imtahanlar ilk dəfə olaraq 6 sinifdə 130 kompüterin vasitəsi ilə aparılıb. Ümumilikdə 991 semestr imtahanı elektron qaydada keçirilib.  

Böyütmək üçün seçinApelyasiya komissiyası ilə yanaşı payız semestrinin imtahan sessiyasının normal şəkildə, təlimatlara uyğun qaydada keçirilməsini, yarana biləcək münaqişələrin obyektiv və operativ həllini təmin etmək məqsədi ilə universitetdə imtahan qərargahı və "Qaynar xətt" xidməti yaradılıb. Daxil olan şikayətlər vaxtında və obyektiv qiymətləndirilib.

 Elmi kitabxana 

Universitetin kitabxanası 1968-ci ildən fəaliyyət göstərir. Kitabxananın fondunda dünyanın 30-dan çox dilində 200 minə yaxın ədəbiyyat saxlanılır. Kitabxana 20 ölkənin 35 universiteti ilə beynəlxalq informasiya mübadiləsi aparır. Hazırda kitabxanada 6 şöbə, 11 fond və 11 oxu zalı fəaliyyət göstərir. Kitabxana 15 min oxucuya ümumi və ixtisaslaşdırılmış oxu zalları vasitəsi ilə xidmət göstərir. 2013-cü ildən isə kitabxana elektron kitabxana kimi fəaliyyətdədir. Kitabxananın fəaliyyətinin əsas istiqamətini, kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması sistemlərinin tətbiqi ilə oxuculara kitabxana xidmətinin müasir tələblərə uyğun qurulmasını təmin etmək, oxuculara və istifadəçilərə virtual rejimdə xidmət göstərmək üçün elektron kitabxananın və elektron kataloqun məlumat bazasının genişləndirilməsi təşkil edilir. "PROLİB" avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə sistemi yaradılaraq tətbiq olunur. Elektron kataloqun bazalarında işlər bu proqram vasitəsi ilə həyata keçirilir. Elmi Kitabxanada bu günədək 3500 adda 30.000 sayda kitabın elektron kataloqu yazılıb, 5000-dən artıq kitabın isə tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilib. Elmi Kitabxananın bir neçə korpusda filialları fəaliyyət göstərir.

Böyütmək üçün seçinAzərbaycanda ilk dəfə olaraq NDU-da Universitet Elmi Şurasının 6 mart 1997-ci il tarixli qərarı ilə "Heydər Əliyev Universiteti Kitabxanası" təşkil olunub. Bu, ümummilli liderin həyat və dövlətçilik fəaliyyətini özündə əks etdirən zəngin kitabxanadır. Burada 3000-dən artıq kitab, jurnal, albom və s. qorunub saxlanılır.

Tibb Kitabxanası 2000-ci ildən fəaliyyət göstərir. Burada tibb elminə dair müxtəlif dillərdə 7000-ə yaxın ədəbiyyat var.

Magistratura üzrə dekanlığın kitabxanası 2011-ci ildən fəaliyyət göstərir. Kitabxananın fondunda müxtəlif dillərdə 2000-dən çox ədəbiyyat toplanıb.

Elmi Kitabxananın geniş oxucu kütləsi üçün www.lib.ndu.edu.az ünvanında saytı yaradılıb. 

Elmi-tədqiqat işləri

 2014-cü ildə universitetin elmi-təşkilati strukturu 47 kafedradan və büdcədən maliyyələşən "Regionun inkişafı problemləri" elmi-tədqiqat laboratoriyasından ibarət olub. Universitet əməkdaşları 2011-2015-ci illər üçün Universitet Elmi Şurası tərəfindən təsdiq olunmuş layihəyə əsasən 21 elmi istiqamətdə elmi-tədqiqat işləri yerinə yetirib. Belə ki, 2014-cü ildə elmi istiqamətlər üzrə 35 kafedrada və "Regionun inkişafı problemləri" elmi-tədqiqat laboratoriyasında 262 əməkdaş 22 problem üzrə 257 mövzuda  elmi-tədqiqatlar aparıb. Bütün istiqamətlər, problemlər və mövzular AMEA Elmi İnnovasiyalar Mərkəzinin yeni nəşr olunan bilik sahələrinin universal iyerarxik təsnifatı olan rubrikatoruna uyğun olaraq sıralanıb və həmin mərkəzdə qeydiyyata alınıb. 2014-cü ildə NDU əməkdaşlarının 122 kitabı, o cümlədən 30 monoqrafiyası, 2 dərslik, 52 dərs vəsaiti, 38 metodik vəsait və proqramı, 818 elmi məqaləsi çap olunub, bunlardan 115-i xarici nəşrlərin payına düşür. Xaricdə dərc olunan məqalələrin 10-u Tomson Royter İnstitutu tərəfindən qəbul edilən Science Citation İndex seriyasına daxil olan jurnallarda dərc olunub. Həmçinin əməkdaşların 83 tezisi nəşr olunub və məruzə edilib ki, onlardan da 40-ı xarici ölkələrin payına düşür. Əməkdaşlardan 1 nəfəri elmlər doktoru proqramı üzrə, 7 nəfəri isə fəlsəfə doktoru proqramı üzrə müdafiə edib, 1 nəfər professor, 9 nəfər isə dosent elmi adı alıb. 2 nəfər əməkdaş AMEA-nın müxbir üzvü seçilib. 2013-cü ilin oktyabr- noyabr aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi plana əsasən Naxçıvan Dövlət Universitetində doktorantura və dissertantura proqramları üzrə qəbul aparılıb. Qəbulun nəticələrinə əsasən 7 nəfər fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 22 nəfər fəlsəfə doktoru, 5 nəfər elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunub. 2014-cü ildə Naxçıvan Dövlət Universitetində 3 beynəlxalq, 5 respublika, 23 Muxtar Respublika və ya universitet səviyyəli elmi konfrans və həmçinin 16 tələbə konfransı keçirilib.  

Laboratoriyalar 

 Təməl tibb fənləri kafedrasında fiziologiya, biokimya, mikrobiologiya laboratoriyaları, anatomiya, histologiya, fiziologiya kabinetləri fəaliyyət göstərir. Fakültənin tabeliyində olan klinik laboratoriyanın imkanlarından da kafedraya aid  praktik dərslərin keçirilməsində istifadə edilir.

Botanika kafedrasının laboratoriya və kabinetləri. Kafedranın nəzdində  biokimya laboratoriyası və 4 fənn kabineti fəaliyyət göstərir.

Bitki sistematikası kabineti 2 otaqdan təşkil olunub. Birinci tədris otağı proyektorla təchiz edilib, 2-ci tədris otağında əyani vəsaitlər olan yüzlərlə tablo və mulyaj saxlanılır.

Histologiya, embriologiya, sitologiya, genetika, kənd təsərrüfatı və bitki anatomiyası kabinetlərində müxtəlif tablolar, preparatlar və digər əyani vəsaitlər var. Kafedranın həmçinin 1 rəqəmsal, 20-dən artıq müasir işıq mikroskopu var.

Baytarlıq laboratoriyası. Ən müasir texniki avadanlıqlarla təchiz olunmuş, bu günlərdə istifadəyə veriləcək Baytarlıq klinikası, diaqnostik laboratoriya, vivarium, süni mayalanma laboratoriyasında baytarlıq ixtisasının tələbələri təcrübi biliklərini artıracaq, ev heyvanlarında xəstəliyin diaqnostikası, laboratoriya analizlərinin həyata keçirilməsi, saylarının çoxaldılması ilə məşğul olacaqlar.

Kimya kafedrasının laboratoriyası. Kafedra kimya müəllimliyi, biologiya və əczaçılıq  ixtisasında  təhsil  alan  bakalavrlara  xidmət edir.

Yusif Məmmədəliyev adına  elmi-tədqiqat  kimya laboratoriyası 1982-ci  ilin  yanvar ayında  yaradılıb. Laboratoriya müxtəlif cihazlar və reaktivlərlə  təchiz  edilib. Kimya kafedrasının laboratoriya və kabineti  nəzdində  6 tədris laboratoriyası və 1 fənn  kabineti fəaliyyət  göstərir.

Zoologiya   kafedrasının laboratoriyaları. Zoologiya kafedrası nəzdində "İnsan və heyvan fiziologiyası" laboratoriyası,"İnsan anotomiyası", "Fiziologiya və biofizika", "Biologiyanın tədrisi metodikası", "Biocoğrafiya və seçmə fənlər", "Arıçılıq"  kabineti, "Zoologiya muzeyi" açıq  hava təcrübə sahəsi mövcuddur.

"İnsan və heyvan fiziologiyası" laboratoriyasında fizioloji təcrübələrin aparılması üçün lazım olan avadanlıqlar və reaktivlər alınıb. Burada sinir-əzələ fiziologiyası,  mərkəzi sinir sistemi, qan, ürək-damar, tənəffüs, həzm, maddələr və enerji mübadiləsi və s. üzvlərin funksiyalarının fəaliyyəti araşdırılıb öyrənilir.

Fiziologiya laboratoriyası qanın fiziki-kimyəvi xassələrinin öyrənilməsinə, sinir-əzələ sisteminə aid laborator dərslərinin keçirilməsi üçün əyani vəsitələrlə təchiz olunub. Biokimya laboratoriyasında fiziki-kimyəvi, biokimyəvi analizlərə aid dərslərin keçirilməsi üçün hər cür şərait vardır. Mikrobiologiya laboratoriyasında mikroorqanizmlərin morfologiyasını öyrənmək üçün müvafiq analiz işləri aparılır.

Kabinetlərin təchizatı da müvafiq dərslərin əyani vasitələrlə təmin edilməsinə imkan verir. Anatomiya kabinetini təbii, süni skeletlə, daxili orqanların mulyajları, plakatları ilə  təmin edilməsi dərslərin normal səviyyədə keçilməsinə imkan verir. Histologiya kabinetində müxtəlif orqan, toxumalara məxsus histoloji kəsiklər, plakatlar dərslərin mikroskop və şəkillər üzərində mənimsənilməsinə şərait yaradır. Fiziologiya kabinetini orqanizmin bütün orqan - toxumalarının funksiyalarını əks etdirən şəkillərlə təmin edilib.

Universitetin daxili imkanlarından əlavə bəzi dərslər şəhər xəstəxanalarının laboratoriyalarında keçilir.

Regionun inkişaf problemləri elmi-tədqiqat laboratoriyası 1992-ci ildən fəaliyyət göstərir. Laboratoriya Naxçıvan regionunun zəngin maddi və mənəvi  sərvətlərini, tarixi keçmişini, sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı məsələləri hərtərəfli şəkildə öyrənməklə məşğuldur.

Fizika-riyaziyyat fakültəsi nəzdində informatika kafedrasının laboratoriyası. Müasir tipli 8 kompüterin, elektron lövhə və printerlərin olduğu bu laboratoriyada tələbələr dərsləri İKT vasitəsilə əyani şəkildə keçirlər, müasir kompüter proqramlarını, proqramlaşdırma dillərini öyrənirlər.

Fakültədə "Mexanika", "Molekulyar fizika", "Elektrik", "Optika", "Yarımkeçiricilər" kimi tədrisyönlü laboratoriyalar da fəaliyyət göstərir.

Memarlıq və mühəndislik fakültəsində NATO-nun "AzNET" layihəsi əsasında "CİSCO" akademiyasının laboratoriyası qurulub istifadəyə verilib ki, burada da tələbələr internet şəbəkələrinin quruluşu və iş prinsipini öyrənirlər. 

Beynəlxalq əlaqələr

 Naxçıvan Dövlət Universitetinin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya, Macarıstan, Misir Ərəb Respublikası, Pakistan İslam Respublikası, Cənubi Koreya Respublikası, Çin Xalq Respublikası,  Avstriya və digər ölkələrin universitetləri ilə əməkdaşlıq əlaqələri mövcuddur. 82-dən çox dünya universiteti ilə elm və təhsil sahəsində əməkdaşlıq müqavilələri var. Bundan əlavə, "Mövlana mübadiləsi" proqramı çərçivəsində Türkiyənin 40-dan çox universiteti ilə əməkdaşlıq müqavilələri imzalanıb.

Universitet 2011- ci ildə "Erasmus Mundus" və "Erasmus  Humeria" layihələrinə qoşulub. Tədris ocağı həmçinin 7 Tempus layihəsinin də iştirakçısıdır.  

2014-cü ildə Naxçıvan Dövlət Universiteti Mərakeş Krallığının II Həsən Kasablanka, Rusiya Federasiyasının Uxta Dövlət Texniki Universiteti, Azərbaycandakı Fransız Universiteti, Şimali Kiprin Şərqi Aralıq Universiteti, Polşanın Krakov İqtisad Universiteti ilə əməkdaşlıq müqavilələri imzalanıb.

Universitetlərarası müqavilələrə əsasən 2014-2015-ci tədris ilinin ilk semestrində 3 nəfər ingilis dili, 1 nəfər isə alman dili müəllimliyi ixtisası üzrə Şota Rustaveli adına Batumi Dövlət Universitetində, rus dili müəllimliyi ixtisası üzrə təhsil alan 3 nəfər tələbə isə Rusiya Federasiyasının Penza Dövlət Universitetində təhsillərini davam etdiriblər. Ötən semestri xaricdə uğurla başa vuran tələbələr ictimai işlərdə də fəallıq göstəriblər. "Erasmus-Mundus" proqramı beynəlxalq münasibətlər ixtisaının IV kurs tələbəsi Ağalar Məmmədov Çexiyada, ingilis dili müəllimliyi ixtisasının III kurs tələbəsi Güllü Rəhimova isə Rumıniyada bir illik təhsil almaq hüququ qazanıblar. 2012-2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin doktorantlarından Şəhanə Hüseynova kimya, Cəmilə Fərəcova German dilləri ixtisası üzrə doktorantura təhsillərini Santiago de Compostela (USC) Universitetində davam etdiriblər. 

Universitet və mərkəzlər 

Heydər Əliyev Universiteti. 1997-ci ildə yaradılan "Heydər Əliyev Universiteti" tələbə gəncliyə müstəqil dövlətçiliyimizin ideoloji aspektlərinin elmi əsaslarla aşılanması sahəsində siyasi-mənəvi tərbiyə qurumu kimi çox səmərəli fəaliyyət göstərir.

Burada ötən dövr ərzində 191 məşğələ keçirilib.

Heydər Əliyev Universitetində xarici ölkələrin Azərbaycandakı səfirlərinin ulu öndərin həyatının və siyasi fəaliyyətinin həmin ölkələrlə əlaqələrinə dair mühazirələri təşkil edilir. Yaponiya, Çin, Cənubi Koreya, Misir Ərəb Respublikası, Polşa, Macarıstan, Rusiya Federasiyası və başqa ölkələrin səfirlərinin Heydər Əliyev Universitetindəki mühazirələri maraqla qarşılanıb. Qeyd edək ki, Heydər Əliyev Universitetinin filmotekası və kitabxanası da var.

Atatürk mərkəzi. 1995-ci ildə Naxçıvan Dövlət Universitetində Atatürk Araşdırma Mərkəzi yaradılıb. Məqsəd Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat və fəaliyyətini dərindən araşdırıb öyrənməkdən, türk dünyasının böyük öndərinin keçdiyi şərəfli yolun timsalında Azərbaycanın yeni nəslində müstəqillik, dövlətçilik, dünyəvilik, vətənpərvərlik kimi yüksək mənəvi dəyərləri tərbiyə etməkdən ibarətdir.

NDU Atatürk Mərkəzi Türkiyə Cümhuriyyətindəki Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu ilə, bu quruma daxil olan elmi-tədqiqat mərkəzləri ilə, həmçinin Azərbaycandakı Atatürk Mərkəzi ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi vəzifələrini də yerinə yetirir. Naxçıvan Atatürk Araşdırma Mərkəzi 2004-cü ildən Naxçıvan Dövlət Universiteti Atatürk Mərkəzi adlandırılıb.

"Bilik" tədris-internet mərkəzi. Bu mərkəz 2011-ci ildə istifadəyə verilib. Mərkəzin fəaliyyətinin əsas istiqaməti ali məktəb daxilində müəllim və tələbə heyətinə keyfiyyətli, yüksək sürətli internet xidməti göstərməkdən ibarətdir. İnformasiya-kommunikasiya texnologiyaları avadanlıqları ilə təchiz olunmuş mərkəzdə asudə vaxtın səmərəli təşkili və İKT sahəsindəki biliklərin artırılması məqsədilə ofis proqramlarının tədrisi kursları da təşkil olunur. Mərkəz 6 ədəd stolüstü kompüterlə, 7 ədəd noutbukla və elektron lövhə ilə təchiz olunub. Mərkəzdə bütün kompüterlər vahid idarəolunma sisteminə qoşulub.

Ernest Heminquey Mərkəzi 2002-ci ilin may ayında təsis edilən bu mərkəzdə 2003 - cü ilin mayında Ernest Heminqueyin həyatı və yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Naxçıvan Dövlət Universitetinin Ernest Heminquey Mərkəzi həm də muzey kimi fəaliyyət göstərir. Burada dünya şöhrətli sənətkarın həyatı və yaradıcılığının ən səciyyəvi məqamlarını əks etdirən çoxsaylı maraqlı fotolar, nadir sənədlər, tərcümeyi-hal materialları nümayiş etdirilir. Mərkəzdə filologiya ixtisası üzrə təhsil alan tələbələr dünya ədəbiyyatına dair dərslər keçirlər.

İnnovasiyaların ötürülməsi mərkəzi. Bu mərkəz 2011-ci ildə universitetin tərəfdaş kimi çıxış etdiyi "İnnovasiyaların işgüzarlığa çevrilməsində  universitetlərin rolunun artırılması" TEMPUS layihəsi çərçivəsində istifadəyə verilib. Layihənin  konsorsiumunda Azərbaycan, Almaniya, Özbəkistan, İspaniya və Portuqaliyadan olan ali təhsil müəssisələri və biznes qurumları tərəfdaş kimi iştirak edir. Mərkəzin fəaliyyət planının əsas istiqaməti regionun biznes və sahibkarlıq qurumları ilə universitet arasında əlaqələri möhkəmləndirmək, sahibkarları dünya alimləri tərəfindən  əldə edilən innovativ texnologiyalarla tanış etməkdir. Mərkəzdə yerli və xarici mütəxəssislər tərəfindən müxtəlif istiqamətləri əhatə edən kurslar da təşkil olunur.

Koreya Mərkəzi. 2011-ci ildə istifadəyə verilən Cənubi Koreya Mərkəzində Koreyanın dövlət atributları, milli musiqi alətləri, eyni zamanda, ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasitələri toplanıb. Mərkəzin müasir informasiya texnologiyaları, Koreya dilində ensiklopediya, lüğət və digər məlumat nəşrləri ilə təmin olunması diqqət mərkəzində saxlanılır. Cənubi Koreyanın Rim Çenq Universiteti Koreya Mərkəzinə tədris ləvazimatları, milli geyimlər və musiqi alətləri bağışlayıb. 2012-2013-cü tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Koreya dilini öyrədən kurslar açılıb.

Media mərkəzi. 1991-ci ildə nəşrə başlayan "Fikir" adlı universitet qəzeti milli-tarixi proseslərin işığında meydana çıxan, Azərbaycan ali təhsil sistemində çap olunan ilk mətbuat orqanı kimi xüsusi əhəmiyyət kəsb edir. 1997-ci ildə universitet nəzdində "Qeyrət" nəşriyyatı yaradılıb. Naxçıvan Dövlət Universitetinin 2000-ci ildən fəaliyyət göstərən Mətbuat xidmətinin əsasında Mətbuat şöbəsi 2009-cu ildən etibarən uğurlu fəaliyyəti ilə universitetlə KİV arasında əlaqələndirici rol oynayır. 2006-cı ildən ayrıca kanalda yayımlanması nəzərdə tutulan Universitet televiziyası var.

2011-ci ilin aprelindən nəşrə başlayan "Yeni Fikir" qəzeti, yeni yaradılan "Nuhçıxan" adlandırılan universitet radiosu, yenidən qurulan universitet televiziyası (UTV), əyani vasitələr, multimedia və audio-vizual texniki imkanlarla zəngin televiziya və radio tədris kabinələri, Mətbuat şöbəsi və jurnalistika kitabxanasını özündə cəmləşdirən və ən nəhayət, bütün görülən işlərin yekunu olaraq Media Mərkəzi açılıb.

İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi. İnformasiya-kommunikasiya texnologiyaları şöbəsi (İKT) 2009-cu ildə universitetin mövcud və gələcəkdəki informasiya strukturunun etibarlı və müasir bir şəkildə fəaliyyətini təmin etmək üçün qurulub. 2009-cu ildə universitetdə "CİSCO texnologiyaları əsasında"  bütün universiteti əhatə edən lokal şəbəkə quraşdırılıb. Universitet internetlə təmin olunan gündən bir çox xarici universitetlərlə HD keyfiyyətli video bağlantılar, telekörpülər qurulub.

Ali təhsil ocağının rəsmi internet səhifəsi yaradılıb. Universitetin həyatında gündəlik baş verən bütün dəyişikliklər internet səhifəsində yerləşdirilir. Universitetin internet səhifəsi www.ndu.edu.az-dır. Mərkəzdə universitet kollektivinin kompüter biliklərini artırmaq üçün bir çox kurslar və seminarlar keçirilir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) universitetlə birgə həyata keçirdiyi "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi əsasında KOİCA tərəfindən ayrılan 3 500 000 ABŞ dolları həcmində vəsait hesabına Media Mərkəzi və İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulmuşdur.

Tələbə Hüquq Maarifləndirmə Mərkəzi sosial idarəetmə və hüquq fakultəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələrinin nəzəri biliklərinin daha da möhkəmləndirilməsi, onların praktikada tətbiqi və digər fakültələrin tələbələri arasında hüquqi maarifləndirmə işinin aparılması məqsədilə yaradılıb.

Mərkəz hər tədris ilinin əvvəlində müxtəlif ixtisasların tələbələri ilə söhbətlər aparır və fəal tələbələri öz üzvlüyünə qəbul edir. Üzvlüyə qəbul könüllülük prinsipi ilə aparılır. Təşkilat universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası ilə birlikdə məhkəmə təlimlərinin təşkilini həyata keçirir.

Tələbə Turizm Assosiasiyası. 2011-ci ildən magistratura fakültəsinin nəzdində fəaliyyət göstərən bu mərkəzdə turizmlə bağlı layihələr işlənib reallaşdırılır, konfrans, seminar və forumlar təşkil olunur. Burada digər turist qurumları ilə əlaqələrin qurulması, beynəlxalq turizm layihələrinə qoşulmaq istiqamətində də iş aparılır. Tələbə Turizm Assosiasiyası tələbələrin Azərbaycanın zəngin təbii sərvətləri, qədim tarixi, memarlıq abidələri, mentaliteti, əlverişli coğrafiyası ilə tanışlıq məqsədilə vaxtaşırı ekskursiyalar təşkil edir.

Azərbaycanşünaslıq mərkəzi. Mərkəz 2012-ci ildə Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının tarixini, mədəniyyətini, iqtisadi əlaqələrini öyrənmək məqsədilə yaradılıb. Mərkəzdə magistraturada tədris olunan "Azərbaycanşünaslıq" seçmə fənni ilə bağlı ədəbiyyatlar, əyani vasitələr toplanıb.  

Muzeylər 

Universitet dünyası muzeyi 1997-ci ildə yaradılıb. İlk fəaliyyətinə 200 eksponatla başlayan muzeydə hazırda minə yaxın eksponat qorunub saxlanır. Burada toplanan sənədlər, fotoşəkillər, elmi əsərlər, məqalələr, dəvətnamələr, elmi nailiyyətlərə görə verilmiş mükafatlar və başqa eksponatlar elmi və pedaqoji fikir tariximizin nadir yadigarları kimi qorunur. Muzeyin universitetdə  "Məktəb tarixi", "Botanika", "İdman", "Təbii sərvətlər" adlı 4 filialı fəaliyyət göstərir.

Botanika muzeyi 2003-cü ildə təşkil olunub. Muzey təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tərkibində fəaliyyət göstərir. Muzeydə Naxçıvan Muxtar Respublikası ərazisində bitən 200-dən çox bitkinin herbarisi və həmin bitkilər haqqında müvafiq elmi məlumatlar var. Burada dərman bitkilərinə, həmçinin "Qırmızı kitab"a düşmüş bitkilərə aid ayrıca bölmələr təşkil olunub.

Zoologiya muzeyi  2013-cü ildə tikinti işləri başa çatdıqdan sonra yenidən təşkil edilib. Muzeydə Naxçıvan Muxtar Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş və buraya  daxil edilməyən, lakin muxtar respublikanın faunasında mövcud olan növlərin plakatları yaradılıb. Muzeydə müxtəlif heyvan növlərinin müqəvvaları etiketlənərək  tələbələrin ixtiyarına verilib. Burada tələbələr texniki vasitə və metodların köməyi ilə müxtəlif heyvan növlərinin təyini, quruluşunu, yayılmasını araşdırır, bilik və bacarıqlarını möhkəmləndirirlər.

Geologiya və minerologiya muzeyində  Naxçıvan Muxtar Respublikasının  geoloji  keçmişini, onun  poleocoğrafi  şəraitini, təbii  sərvətlərini, geoloji inkişaf tarixini əks etdirən  400-dən artıq  mineral və suxur  nümunələri  əks etdirilir.  Burada  texniki vasitə  və metodların  köməyi ilə  tələbələr müxtəlif  mineralların  tərkibini, kimyəvi və fiziki xüsusiyyətlərini  araşdırır, bilik və bacarıqlarını möhkəmləndirirlər.

Məktəb tarixi muzeyi 1997-ci ildə məktəb tarixi kabineti adı ilə fəaliyyətə başlayıb. 2007-ci ildən Məktəb tarixi muzeyi adlandırılıb. Muzey əsas etibarı ilə məktəb və pedaqoji fikir tarixində layiqli yer tutan ictimai-siyasi xadimlər və pedaqoqların sənədləri əsasında yaradılıb. Muzey pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün əsas tədris mərkəzlərindəndir.

İdman muzeyi 2000-ci ildə yaradılıb. Muzey Pedaqoji fakültənin tərkibində fəaliyyət göstərir. Bu muzeydə universitetin idmançı tələbələrinin respublika, muxtar respublika və beynəlxalq yarışlarda qazandığı kubok, fəxri fərman və diplomlar nümayiş etdirilir.  

Tələbə Həmkarlar Təşkilatı 

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) öz nizamnaməsi və funksiyaları daxilində tələbələrin dərsə davamiyyəti, nizam-intizam qaydalarına əməl etməsi, onların sosial müdafiəsi, asudə vaxtının səmərəli təşkili, iaşə xidmətinin yüksəldilməsi, tələbələrlə tərbiyəvi söhbətlərin və mədəni-kütləvi tədbirlərin keçirilməsi, qabiliyyətli tələbələrin aşkar olunması və onlara köməklik göstərilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

THİK dövlət gənclər siyasətinin prinsiplərini reallaşdırmağa xidmət edir və fəaliyyətini əsasən bir istiqamətdə qurub. THİK muxtar respublikada gedən ictimai proseslərə fəal münasibət bildirməklə universitetin ictimai həyatında yaxından iştirak edir. Təşkilat həmçinin Tələbə evinə ehtiyacı olan tələbələrə yer ayrılması barədə universitet rəhbərliyinə müraciət edir, Tələbə evində yaşayanlar üçün orderlər tərtib edir və təsdiqləyir, Tələbə evində intizam qaydalarına əməl olunmasına nəzarət edir.

THİK universitetdə beynəlxalq tələbə həftəsinin rəngarəng tədbirlərlə qeyd olunmasında da aparıcı rol oynayır. THİK-in təşkilatçılığı ilə bir sıra viktorinalar, intellektual oyunlar da keçirilir.

THİK öz idarə heyəti ilə universitetin 480 nəfərlik Tələbə evinə nəzarəti həyata keçirir. Burada yaşayan tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaradılıb. THİK buradakı 20 nəfərlik oxu zalında mütaliə gecələri, kitab müzakirələri keçirir, tələbələri müasir informasiya-kommunikasiya texnologiyalarından, sürətli Wi-Fi internet şəbəkəsindən istifadəyə cəlb etməklə onların elmi biliklərinin, dünyagörüşlərinin artırılmasına xidmət edir.  THİK idarə heyətinin üzvləri muxtar respublika və ümummuniversitet tədbirlərinin əsas təşkilatçıları və fəal iştirakçılarıdırlar. THİK-in təşəbbüsü ilə Tələbə evində əlamətdar tarixi günlərə, milli bayramlara, Azərbaycan tarixində baş verən faciə və soyqırımlara həsr olunmuş müxtəlif səpgili tədbirlərin, disputların keçirilməsi və filmlərin göstərilməsi və müzakirələri, Naxçıvan Muxtar Respublikasının görməli yerlərinə, tarixi-mədəniyyət abidələrinə, muzeylərinə, istehsalat və sənaye müəssisələrinə ekskursiyaların keçirilməsi ənənə halını alıb. 

Müxtəlif idman tədbirləri də THİK-in təşəbbüsü ilə reallaşdırılır.  

Sağlam bədəndə sağlam ruh olar 

Hazırda universitetdə tələbələrin fiziki tərbiyəsi ilə məşğul olan Fiziki tərbiyə və idman oyunları, Bədən tərbiyəsi və idman kafedraları və Tələbə idman klubu fəaliyyət göstərir.

Hər il sentyabr-oktyabr aylarında I kurs tələbələri arasında idmanın müxtəlif növləri üzrə seçmə yarışlar keçirilir. Bu yarışların məqsədi universitet fakültələrinin rəhbərlərinin diqqətini tələbələrin fiziki tərbiyəsinə yönəltmək və istedadlı tələbələri universitetdə fəaliyyət göstərən idman məşğələlərinə cəlb etməkdən ibarətdir.

Eyni zamanda yığma komandaları bacarıqlı idmançılar hesabına komplektləşdirmək məqsədi ilə hər iki ildən bir NDU-da universiada və çempionat keçirilir. Bu tədris ilindən etibarən idman klubu yaradılıb və 13 idman növü üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında dərsdənkənar məşğələlər təşkil edilir.   2014-cü ildə Azərbaycan ali məktəblərinin Universiadasında universitetin sərbəst güləş və badminton (qızlar)  komandaları  III yerin sahibi olublar.

2015-ci ildə universitetin I kurs tələbəsi Tayfur Əliyev boks üzrə Azərbaycan çempionu olub, Toğrul Həsənzadə isə Azərbaycan Respublikası Ali Məktəblərinin XII Respublika Universiadasında şahmat üzrə 51 iştirakçı arasında V yeri tutub.

 Mədəni mühit 

Universitetdə Tələbə Teatr Studiyası fəaliyyət göstərir. Bu studiyaya cəlb edilən müxtəlif fakültələrin tələbələri tərəfindən 8 tamaşa, müxtəlif ədəbi-bədii kompozisiyalar hazırlanıb. Yaradıcı heyət Muxtar Respublikada, eləcə də Türkiyədə keçirilən müxtəlif tədbirlərdə mədəni-əyləncəli proqramlarla çıxış edib.

Universitetdə opera sənətinin inkişaf etdirilməsi, tələbələrin vokal musiqi formalarına daha dərindən yiyələnmələri məqsədilə Tələbə Opera Studiyası fəaliyyət göstərir. Opera Studiyasının hazırladığı Ü.Hacıbəyovun "Arşın mal alan" operettası Türkiyənin bir çox şəhərlərində, Rusiyada, Gürcüstanda uğurla nümayiş olunub.

Universitetdə son on ildə müxtəlif musiqi qruplarının da fəaliyyəti diqqət mərkəzində olub. Belə ki, "Firuzə", "Büllur" vokal qrupları, "Əcəmi", "Gənclik", "Tələbə" instrumental ansamblları müxtəlif  proqramlarla çıxışlar edirlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov